Van Qoqun məşhur tablosunda gizli avtoportret.. - SƏNƏT KƏŞFLƏRİ

Dahi rəssam Vinsent Van Qoqun (1853 – 1890) 137 il öncə, 1885-ci ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” kətan portretinin arxa hissəsində müəllifin indiyədək məlum olmayan avtoportreti aşkarlanıb.

Anadil-in xarici KİV-ə istinadən məlumatına görə, bu kəşfə Şotlandiya Milli Qalereyasının mütəxəssisləri nail olublar.

Avtoportret təsadüfən - Edinburqda impressionistlərin sərgisinə hazırlıq zamanı sözügedən tablo rentgen şüaları (X-Ray sistemi) ilə skan edildikdən sonra üzə çıxıb.

Məlumata görə, dahi rəssam yeni kətan ala bilmək üçün pula qənaət etmək məqsədilə rəsm əsərlərinin digər üzünə mütəmadi şəkildə avtoportretlər çəkirmiş. Bu günlərdə aşkar olunan avtoportret də onlardan biridir və yapışqan təbəqələr ilə karton altında gizlədilib.

Van Qoqun məşhur tablosunda gizli avtoportret.. - SƏNƏT KƏŞFLƏRİ


Tapıntı Van Qoqun 1883 - 1885-ci illərdə çəkilmiş beş eksperimental avtoportretindən biri kimi qiymətləndirilir.

Aşkar edilmiş portretdə kənarları olan papaq taxaraq oturaq vəziyyətdə dayanmış saqqallı kişi görünür.

Restavratorlar* orijinal tablonu qoruyub saxlamaq şərtilə avtoportreti bərpa etmək fikrindədirlər. Onların buna nə qədər nail olub-olmayacaqlarını zaman göstərəcək.

Xatırladaq ki, Van Qoq sağlığında yalnız 1 tablosunu sata bilmiş və ümumiyyətlə heç bir şöhrət qazanmamışdı.

Onun əsərləri yalnız ölümündən sonra dəyər qazanmış və dünya təsviri-sənətinin parlaq nümunələri sırasına daxil olmuşdu.

Van Qoq əsasən "Ulduzlu gecə" və "Arlesdaki yataq otağı" rəsmləri ilə məşhurdur.

Dahi rəssamın vəfatından 132 il keçməsinə baxmayaraq bu gün də əsərləri ortaya çıxmaqda davam edir.

____________________________

*Restavrator - köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və s.-nin ilkin formasına uyğun olaraq yenilənməsi yaxud bərpa edilməsi (restavrasiyası) ilə məşğul olan şəxs


Anadil.az
Oxunub: 232
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR