"Arxadan vurulan zərbə"nin Qurd Cəbrayılı əslində kim olub? - İNANILMAZ FAKTLAR və NADİR FOTOLAR

Anadil Azərbaycan kinosunun yaddaqalan obrazlarından biri – görkəmli aktyorumuz Yusif Vəliyevin canlandırdığı Qurd Cəbrayılın real həyatdakı kimliyi ilə bağlı araşdırmanı təqdim edir:

XXX

Qurd Cəbrayıl 1900-cü ildə Bakı şəhərində anadan olub. Atasının adı Əlibaxış, soyadı Baxşıyevdir.

6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur.

***
Kəblə Sonqulu dovğa bişirər, Cəbrayıl isə həmin dovğanı bazarda satarmış. Bir müddət sonra o, dovğanın həcmini artırmaq üçün ona su qatmağa başlayır. İşi belə görən alıcılar Kəblə Sonquluya şikayət edirlər. Babasının məsələni öyrəndiyini bilincə Cəbrayıl onun qəzəbindən qurtulmaq qərarına gəlir. O vaxt Hacı Zeynalabdin Tağıyevin kombinatının yerləşdiyi əraziyə barkaslarla (kiçik gəmilərlə) gedərmişlər. Orada Cəbrayılın əmisi uşaqları yaşayırmış. 9 yaşlı Cəbrayıl istəyir ki, ora qaçıb əmisi uşaqlarına qoşulsun. Lakin çaşıb səhvən Həştərxan gəmisinə minir.

***
Sərnişinlərdən gəminin uzaq diyara – Həştərxana gedəcəyini eşidincə isə ağlamağa başlayır. Yalnız böyüklərin sözləri onu ovudur. Elə həmin gəmi ilə də geriyə – Bakıya qayıtmağı düşünürmüş. Taleyin qismətindəndir ki, hava həddindən artıq küləkli olur və gəminin Bakıya dönməyi təxirə düşür.

Limanın yaxınlığında gəzən Cəbrayıl bir nəfərin faytonunun təkərinin çıxdığını görüncə ona yaxınlaşır. 9 yaşlı bu oğlan faytonun təkərini yerinə bərkidir. Bu isə faytonçunun – milliyyətcə tatar olan Ravilin xoşuna gəlir. Cəbrayılın nə üçün tək gəzməsi ilə maraqlanan Ravil ata-anasının olmadığını bilib, ona elə oradaca övladlıq təklif edir: "Mənim böyük bir qənnadı sexim var, yəni yaşayışım yaxşıdır. Amma övladım olmur. Gəl sən mənə oğul ol".

Evin xanımı ona doğma övlad gözü ilə baxmasa da, o, Ravil kişinin sevgisini qazanır. Beləliklə, Cəbrayıl təxminən 10 il Ravilin evində qalır.

***
Deyilənə görə, bir gün Ravil pul kisəsini Cəbrayıla verib, bir nəfərə çatdırmağı tapşırır. Üstəlik 1 manat da faytonpulu verir. Yolda yaşıdlarının dəmir pullarla qumar oynadığını görən Cəbrayıl onlara qoşulur. Xırda pulları qurtarandan sonra faytonpulunu da uduzur. Ravilin verdiyi pul kisəsindən bir manat faytonpulu götürsə də, onu xərcləməyə ürək eləmir, fikirləşir ki, birdən bilərlər, özünə olan etimad itər. Yoluna kəsə yolla davam edən Cəbrayıl qəbiristanlıqdan keçəndə iki nəfər atlını görüb, qəbirlərdən birinin arxasında gizlənir. Həmin adamlar qəbiristanlıqda yer qazaraq özləri ilə gətirdikləri böyük bükülünü orada basdırıb, çıxıb gedirlər. Cəbrayıl adamların xəzinə basdırdığını düşünüb həmin yeri qazmağa başlayır. Qazıb qurtarandan sonra çıxardığı kisənin ağzını açır və dəhşətə gəlir: orada boynuna bıçaq saplanmış bir qız vardı. Bıçağı dartıb çıxarınca üzünə qan fışqırır. Yeniyetmə Cəbrayıl özündən gedir. Gözlərini xəstəxanada açır. Ətrafdakılar qızı Cəbrayılın vurduğunu zənn edirmiş. Lakin sağ qalan qız onu Cəbrayılın vurmadığını deyib, xilaskarını həbsdən qurtarır...

***
Yasəmən başına gələnləri Cəbrayıla danışır. Deyir ki, "atam çox varlı idi. Onun iki qızı vardı – mən və bacım. Atam ölməzdən əvvəl var-dövlətini iki bacı arasında bölmüşdü. Məni bıçaqlayıb qəbiristanlıqda basdıranlar isə bacımın əri ilə qaynı olub".

Sağaldıqdan sonra Yasəmən Cəbrayıla öz evinə köçməyi təklif edir. Cəbrayıl Ravil kişiylə sağollaşıb, qızın evinə köçür. Üstündən çox keçməmiş Yasəmən qisas almaq məqsədilə bacısının həyat yoldaşı və qaynını öldürüb doğrayır. Doğranmış meyitləri isə Cəbrayılın köməkliyi ilə basdırır. O, ev də daxil olmaqla hər şeyi satıb, bütün pulları Cəbrayıla verir. Birlikdə Bakıya yollanırlar. Cəbrayıl Həştərxan yaxınlığındakı stansiyaların birində düşərkən Yasəmən qatarda qalır. O, Yasəmənin olduğu vaqona minməyərək Bakıya başqa qatarla qayıdır...

O, Bakıda heç kiminin, evinin olmadığını, babasının isə vəfat etdiyini düşünürdü. Fikirləşirdi ki, qızı Bakıda kimin evinə aparacam?

***
Yasəmən onu nə qədər axtarsa da, tapa bilmir. Naəlac qalıb tanınmamaq üçün əyninə oğlan paltarı geyinir, Həştərxandan kənardakı bir yerdə restoran tikdirir və oranı idarə etməyə başlayır.

Cəbrayıl bir müddət sonra dostu Rüstəmlə Həştərxana qayıdır. Gəlib görür ki, Yasəmənin evi yoxdur, o, başqa yerdə yaşayır. Qızı tapa bilmədiklərindən geri qayıtmağa qərar verirlər. Yolda təsadüfən gəlib, Yasəmənin sahibi olduğu restoranda nahar etməli olur. Cəbrayıl kişi paltarı geymiş Yasəmənlə qarşılaşır. O, naharın pulun vermək istədikdə, ofisiant pulu almır, bildirir ki, sizin pulunuz çatıb. Cəbrayıl ayağa qalxıb getmək istədikdə, ofisiant deyir ki, müdirimiz sizi çağırır. Yasəmən qız paltarı geyinərək, Cəbrayılın qarşısına çıxır. Onu təhqir etməyə başlayır. Deyir ki, axı bu var-dövləti sənin üçün satmışdım, bu qızılların mahiyyəti nə idi ki, brilyantlara görə məni qoyub qaçdın? Cəbrayıl yaxasını açıb, qoynunda gizlətdiyi torbadakı brilyantları çıxarıb ona verir. Deyir ki, mən səni qoyub qaçmamışam, qaçsaydım, qızılları satardım, Həştərxana geri qayıtmazdım. Səni tapa bilmədim. Yasəmən bütün qızıllarının yerində olduğunu görərək, Cəbrayıla inanır. Onlar birlikdə Bakıya qayıdırlar və evlənirlər.

Yasəmənin övladı olmadığından Cəbrayıl ikinci dəfə ailə qurub. Onun həm də xalasıqızı olan Minəxanım 7 övlad dünyaya gətirib (bunlardan 2-si uşaq vaxtı dünyasını dəyişib).

***
18 yaşında Bakıya qayıdan Cəbrayıl kriminal aləmə düşür. Bu, Rostovdan gələn oğrularla tanışlıqdan sonra baş verir. Həmin oğrular o zaman yerli kriminal aləmin kralı sayılan "Rəşid oğlu Məhərrəm"lə görüşmək istəyirmişlər. Cəbrayıl rus dilində səlis danışdığından ondan tərcüməçi kimi istifadə edirlər. Beləcə, Cəbrayıl oğru dünyasına addım atır.

Kriminal aləmdə daha çox "Qurd Cəbrayıl" kimi tanınan qəhrəmanımızın başqa ləqəbləri də olub: "Əlibaxış oğlu", "Çyornı", "Qurd Cəbrayıl" və "Paxan"...

***
Rəşid oğlu Məhərrəmlə birgə oğurluğa gedən Cəbrayıl çox az müddətdə məşhurlaşır. Onun sorağı hətta həmin vaxt Bakıda olan İosif Stalinə də çatır. Deyilənə görə, Cəbrayılı Stalinin yanına aparırlar. O, Cəbrayıla Bakıdakı banklardan birindən külli miqdarda pul oğurlamağı tapşırır. Tapşırığı layiqincə yerinə yetirən Qurd Cəbrayıl sonradan həmin vəsaitin inqilaba xərcləndiyini öyrənir. Yeri gəlmişkən, müharibə dövründə həbsxanada olarkən Cəbrayıl Stalinə xahiş məktubu yazır. Məktubda xahiş edir ki, onu həbsxanadan buraxsın, əvəzində cəbhə bölgəsinə göndərsinlər. Lakin Stalin onu həbsxanadan buraxdırmaq barədə heç bir göstəriş vermir.

***
Qurd Cəbrayılın prototip seçildiyi "Arxadan vurulan zərbə" filmi onun ölümündən bir il sonra ekranlara çıxıb.

Oğlu Xoşqədəm Cəbrayıloğlunun danışdıqlarından: " Həmin film çəkilən vaxt bizim bundan xəbərimiz yox idi. Allah rəhmət etsin, Qurd Cəbrayıl rolunu canlandıran aktyor Yusif Vəliyev bizim qonşumuz idi. Bir gün mənə dedi ki, Xoşqədəm müəllim, mənə belə bir filmdə baş rolda çəkilməyi təklif ediblər. Atanın uzun müddət həbsxanada yatması barədə eşitmişəm. Deməli, nə aktyor Yusif Vəliyevin atamdan, nə də atamın ondan xəbəri vardı... Yusif Vəliyev dedi ki, istəyirəm atanın – Qurd Cəbrayılın yanında olum, onun hərəkətlərini, davranışlarını öyrənim ki, rolda bunu uğurla canlandırım. Yusif Vəliyev xahiş etdi ki, atan elə bilsin, mən onun yanında yoxam. Dostları ilə necə danışır, rəftar edirsə, elə də etsin. Qeyd edim ki, Yusif Vəliyev canlandırdığı Cəbrayıl obrazının məhz atam olduğunu bilmirdi. Mən bunu atama dedim. Atam incəsənətə, mədəniyyətə hörmət edən adam idi. Film çəkilənədək Yusif Vəliyev atamın yanına gəlir, onun hərəkətlərini, davranışlarını öyrənirdi. Aktyor beləcə hər şeyi qavradı, öyrəndi..."

"Arxadan vurulan zərbə"nin Qurd Cəbrayılı əslində kim olub? - İNANILMAZ FAKTLAR və NADİR FOTOLAR


"Arxadan vurulan zərbə" filmindən kadr
(1977-ci il istehsalı, rejissor Arif Babayev)

***
Onu da deyək ki, "Arxadan vurulan zərbə" filmində yalnız bir epizod Qurd Cəbrayılınm həyatında həqiqətən baş verib. Yenə oğlunun danışdıqlarından: "İndiki "Nizami" metrostansiyasının arxasında 1948-ci ildə 4 saylı milis şöbəsi yerləşirdi. Həmin vaxt küçələrdə tez-tez "oblava" keçirilirdi, insanları saxlayıb, yoxlayıb buraxırdılar. Bir gün atam da "oblava"ya düşür, onu şübhəli şəxs kimi saxlayıb, milis şöbəsinə aparırlar. Milis rəisinin milliyyətcə rus olan müavini atamı yoxlayanda onun boynunda qızıl zəncirlə balaca “Quran” kitabının asıldığını görüb, soruşur ki, bu nədir? Atam cavab verir: “Quran”. Rus heç nəyə əl vurmadan çıxıb gedir. Amma milliyyətcə azərbaycanlı olan milis rəisi “Quran”ı dartıb boyunbağını qırır, kitabı yerə atıb "nə Quranbazlıqdır" – deyə tapdalayır. Cəbrayıl deyir: "Mən deyəndə ki, bu “Quran” kitabıdır, rus rusluğu ilə ona əl vurmadı. Amma sən müsəlmansan". Onlar arasında ciddi mübahisə yaranır. Cəbrayıl ona deyir: "Səni harda tutsam, öldürməsəm kişi deyiləm". Milis rəisi bunu əlində əsas tutub atamı həbs etdirir. Cəbrayıla iş kəsirlər. Lakin bir ay həbsdə qaldıqdan sonra "türmə"dən qaçır. Atam gecə evə gələndə yolda təsadüfən milis rəisi ilə qarşılaşır. Rəis deyir ki, axı səni tutmuşdular. Cəbrayıl cavab verir: "Sizdən tutmaq, bizdən qaçmaq". Rəis istəyib ki, atamı söhbətə tuta-tuta onu tapança ilə vursun. O, əlini xidməti silahına atanda, Cəbrayıl rəisdən cəld tərpənərək, onu öz tapançası ilə öldürür..."

***
1950-ci ildə Cəbrayıl növbəti dəfə həbsxanadan çıxandan sonra ona Bakıda yaşamağa icazə vermirlər. Həmin vaxt zindana bir neçə dəfə düşüb azadlığa çıxanlar ictimaiyyət üçün təhlükəli şəxs sayılırdı. Bu səbəbdən onların nə özünə, nə də ailəsinə Bakıda yaşamağa icazə verilirdi. Belə adamlar yalnız Bakı şəhərindən ən azı 130-150 kilometr aralıda yaşaya bilərdi.

Odur ki, Cəbrayıldan seçim etməsi istənilir. O, Salyanı seçir, çünki burada dostları çox imiş.

Salyanda Cəbrayılı yaxşı qarşılayırlar.

Oğlu Xoşqədəm Cəbrayıloğlunun dediklərindən: "Atamın əslən Masallıdan olan Dövlət adlı bir dostu vardı. Qayınanası Salyanda yaşayırdı. Adı Minayə idi, bir gözü görmədiyi üçün ona “kor Minayə” deyirdilər. Üç otaqlı evin bir otağında tək qalırdı. Evin iki otağını bizə verdilər. Böyük həyəti vardı. Yadıma gəlir ki, bizim evin qabağında diş həkimi Əlirzanın evi yerləşirdi. Arxa tərəfdə Kəblə Səttarın qızı Şirinxanımgil yaşayırdı".
Qurd Cəbrayılın Salyanda yaşadığı həmin ev indiki Xəlil Rza Ulutürk prospektindədir. Hazırda həmin ünvanda “kor Minayə”nin oğulluğu Ramiz Bağırov ailəsi ilə birlikdə yaşayır.

R.Bağırov bildirib ki, o vaxt ünvan Oktyabr küçəsi, 44 adlanırmış. Qurd Cəbrayılın yaşadığı ev isə alçaq komadan ibarət imiş.

***
Qurd Cəbrayıl Salyanda rayonlararası təchizat bazasının direktoru ilə yaxın dost idi. Onun sayəsində bazada gözətçi işləməyə başlayır.
"Arxadan vurulan zərbə" filmindəki milis müstəntiqinin vurulmasına bənzər hadisə də həmin vaxt yaşanır.

Günlərin birində Cəbrayılın işlədiyi bazada işçilərin kimliyi ilə bağlı yoxlamalar aparılır. Milis müstəntiqi burada işləyənlərin sənədlərini araşdırarkən Baxşıyev Cəbrayıl Əlibaxış oğlunun, yəni Qurd Cəbrayılın sənədləri də əlinə keçir. Görür ki, bu işçinin adı, soyadı onun babasını, yəni Bakıdakı keçmiş milis rəisini öldürən şəxsin adı və soyadı ilə eynidir. Bu zaman bazanın direktoru atamın yanına gəlir və deyir ki, “Cəbrayıl, sənə görə yox, bizə görə gəliblər, lakin sənin sənədlərin bir nəfəri yaman maraqlandırır”.

Qurd Cəbrayıl şübhələnir, bilir ki, bu türmədən qaçdıqdan sonra öldürdüyü köhnə milis rəisinin qohumlarından olacaq. Ona görə də direktordan məsələni dəqiqləşdirməsini xahiş edir. Direktor öyrəndiklərini danışanda şübhələrinin düz çıxdığını görən Cəbrayıl düşünür ki, bu, məni ya öldürəcək, ya da tutduracaq, ondansa qoy mən vurum. Belə də olur. Müstəntiq gecə bazanın qarşısından keçəndə gözətçi işləyən atam bıçağı ataraq onu vurur. Lakin müstəntiq ölmür, yaralanır. Beləcə, 1956-cı ildə Cəbrayıl yenidən həbs olunur.

***
Cəbrayıla "Qurd" ləqəbi çox vaxt təkbaşına gəzdiyi, heç kimə qoşulmadığı üçün verilib.

***
Üst-üstə 70 ildən çox həbs cəzası alan Cəbrayıl Əlibaxış oğlu – Qurd Cəbrayıl ömrünün 36 ilini həbsdə keçirib. O, 4 dəfə həbsxanadan, 1 dəfə isə məhkəmə zalından qaçıb. İki dəfə ölüm cəzasına məhkum edilsə də, sonradan bu cəza ləğv olunub. Qurd Cəbrayıl 1963-cü ildə sonuncu dəfə həbsxanadan çıxdıqdan sonra kriminal aləmdən uzaqlaşıb.

***
Qurd Cəbrayıl 1976-cı ilin mayın 9-da vəfat edib. Məzarı Maştağadakı Pir şəhid qəbristanlığındadır.

Aşağıda Qurd Cəbrayılın nadir fotolarını təqdim edirik:









Elçin Şahmurad,

Anadil.az
Oxunub: 722
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR