Anadil "Tarix dərsi" rubrikasında Qarabağ xanlığının qurucusu vəı ilk xanı Pənaəhli xan haqqında maraqlı faktları təqdim edir:
***
Pənahəli xan 1693-cü ildə Qarabağda, Alaqarğu kəndində anadan olub. Atası İbrahimxəlil ağa, anası Qızdarbəyim xanımdır. Əsli Sarıcalı tayfasındandır.
***
Əfşarlar dövlətinin I şahı Nadir şah Cavanşir elindən qoşun toplayarkən Pənahəli bəyin böyük oğlu Fəzləli bəyi öz yanına aparıb öncə naib, sonra eşikağası təyin edir. Lakin sonradan Fəzləli bəylə Nadir şah arasında ixtilaf yaranır. Bunun səbəbi Əfşar hökmdarının öz hakimiyyətini rəsmiləşdirdiyi Muğan qurultayından (1736) sonra ona qarşı çıxan Qarabağ tayfalarını Xorasan vilayətinə və Əfqanıstana sürgün etdirməsi idi. Nadir şahın bu qərarı ilə razılaşmadığı üçün Fəzləli bəy edam olunur.
***
Qarabağ salnaməçilərindən Mirzə Camalın yazdığına görə, Pənahəli bəy "hər işdə fərqlənib ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gəlmişdir".
Bunu nəzərə alan Nadir şah onu yanına çağırıb qardaşının – Fəzləli bəyin yerinə təyin edir.
Ancaq bu, Pənahəli bəyin ürəyincə olmur. Nadir şahın Xorasanda olmasından istifadə edib bir neçə qohumu və yaxın adamı ilə 1738-ci ildə Qarabağa qaçır. Mirzə Camal yazır ki, şah Pənahəli bəyin qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çapar göndərir. Lakin Pənahəli bəyi tutmaq mümkün olmur. Belədə Nadir şah Gəncə, Şirvan, Tiflis hakimlərinə fərmanlar göndərir ki, Pənahəli bəyi harada tapsalar tutub hüzuruna gətirsinlər.
Lakin həmin fərmanlar da nəticəsiz qalır.
Pənahəli bəy təxminən 10 il Nadir şahın təqiblərindən yayına bilir.
***

Göründüyü kimi, Pənahəli bəy hələ Nadir şahın sağlığında açıq şəkildə onun iradəsinə qarşı çıxıb. O, Qarabağı müstəqil şəkildə idarə etməyə çalışırdı.
Nəhayət, 1747-ci ilin iyununda Əfşar hökmdarı sui-qəsd nəticəsində qətlə yetirildi. Bundan sonra onun qardaşı oğlu Əliqulu xan "Adil şah" adı ilə hakimiyyətə gətirildi. Pənahəli xanın şöhrətini eşidən o vaxtkı Azərbaycan hakimi Əmiraslan xan Qarabağa gəldi və Pənahəli xanla görüşdü. Əmiraslan xan Pənahəli xana Adil şaha tabe olmağı təklif etdi. Pənahəli xan müdrik davranaraq təkliflə razılaşdı. Adil şah öz növbəsində rəsmi surətdə Pənahəli xana xanlıq rütbəsi fərmanı, eləcə də cəvahiratla bəzədilmiş qılınc və müxtəlif qiymətli hədiyyələr göndərdi.
Cəmi bir il sonra – 1748-ci ildə Adil şah öldürüldü. Beləcə, Pənahəli xan da arzusuna çatdı – o, Qarabağı tam müstəqil idarə etməyə başladı.
***
Qarabağ xanlığını elan etdikdən sonra Pənahəli xan onu möhkəmləndirmək üçün Nadir şahın sürgün etdiyi yerli əhalini geri qaytarır. Sürgündən qayıdanların arasında Qarabağın gələcək xanı, həmin vaxt 15 yaşı olan İbrahimxəlil də var idi.
***
Qısa vaxtda Qarabağ xanlığı xeyli güclənir, iqtisadi və sosial, eləcə də mədəni baxımdan yüksəlir, Pənahəli xanın ədaləti, camaatla mehriban rəftarı, ədaləti və mərhəməti dillər əzbərinə çevrilir. İş o yerə çatır ki, bu barədə eşidən yaxın-uzaq ellərdən, hətta Təbriz və Ərdəbildən belə Qarabağa axın başlayır. Gələnlərin arasında sadə kəndlilərdən tutmuş sənətkarlaracan müxtəlif təbəqələrə məxsus insanlar vardı.
***
Pənahəli xan Qarabağ xanlığına inzibati mərkəz kimi 1748-ci ildə Bayat qalsını inşa etdirir. Lakin sonradan qalanın mövqeyi xüsusilə müdafiə baxımından əlverişli olmadığı üçün inzibati mərkəz Şahbulaq qalasına köçürülür.
***
Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, Qarabağ məliklərinin Pənahəli xanı gözü götürmürdü. Odur ki, Şəki xanı Hacı Çələbiyə belə bir məktub yazırlar: " “Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər bir xəta edilərsə, sonra onun qarşısında durmaq mümkün olmayacaq”.
Bu məktubdan sonra məliklərə inanan Hacı Çələbi Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Qarabağa hücum çəkir, xanlığın o vaxtkı mərkəzi olan Bayat qalasını mühasirəyə alır. Lakin bir aylıq mühasirə nəticəsiz qalır.
Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: “...Bu qalibiyyətdən sonra Pənahəli xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi... Bayat savaşı eyni zamanda, bu qalanın gələcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxarır. Buna görə də Pənahəli xan 1751-ci ildə Şahbulağ adlanan yerdə yeni paytaxt-qala saldırır. Daş və əhəngdən məscidlər, evlər, bazar meydanı və hamamlar tikdirir. Pənahəli xan oranı qurduğu dövlətə mərkəz edir”.
***
Əhməd bəy Cavanşirin haqqında danışdığı qala Şuşa idi. Bu gün yalnız Azərbaycanın deyil Qafqazın incisi, mədəniyyət beşiyi olan Şuşanın inşası ilə bağlı qərarı verərkən Pənahəli bəy demişdi: "...Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi, sarsılmaz qala tikək ki, ən güclü düşmən belə onu mühasirəyə ala bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə açıq olmalı və mahallarla əlaqəmiz kəsilməməlidir”.
***
Sonralar "Kiçik Paris"dən tutmuş "Qafqazın konservatoriyası"nacan müxtəlif adlarla çağrılan Şuşanın təməli 1752-ci ildə atılır.
İlk dövrlərdə qalanı "Şuşa" ilə yanaşı "Pənahabad" da adlandırırdılar.
Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf, təmiz olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.
Bəzi ehtimallara görə isə qala şiş qayalarla əhatə olunduğuna görə bu adı (Şişə – Şuşa) almışdı.
***
Şuşa qalasının inşasından sonra hakimiyyəti daha da güclənən Pənahəli xan düşmənlərini bir-bir zərərsizləşdirməyə başlayıb. Söhbət ilk növbədə Xəmsə məliklərindən gedir. Onlar beş məliklik olduğu üçün belə adlandırılırlar (ərəbcədən tərcümədə "xəms" beş demməkdir). Qarabağ salnaməçilərinin də yazdığı kimi, Xəmsə məliklərindən yalnız Xaçın əhalisi yerli idi. Digər məliklər və onların mənsub olduqları nəsillər başqa yerlərdən köçüb gəlmişdilər.
***
Xəmsə məliklərindən Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məliyi Şahnəzər tanıyıb. Hətta Qarabağ xanı ilə yaxınlığını möhkəmləndirmək üçün qızını onun oğlu İbrahimxəlil ağaya ərə verib.
Xaçın məliyi Məlik Mirzə Pənahəli xana qarşı müqavimət göstərsə də, Ballıqaya adlı yerdə baş verən döyüşdə məğlubiyyətə uğrayıb və beləcə, onun hakimiyyətini tanımalı olub.
Dizaq, Çiləbörd, Gülüstan məliklərinin də müəyyən müddətdən Qarabağ xanına tabe olmaqdan başqa əlacı qalmayıb.
***
Pənahəli xanın qələbələri bir-birinin əvəz edirdi. Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil kimi şəhərləri belə ələ keçirmiş və onların idarəçiliyini öz adamlarına tapşırmışdı.
***
Qarabağ xanlığının getdikcə böyüməsi, güclənməsi və genişlənməsi digər xanları, hakimləri narahat etməyə başlayıb. Nəticədə bir-birlərinin ardınca Pənahəli xana qarşı hərəkətə keçiblər. 1757-ci ildə Astrabad hakimi Məhəmmədhəsən Qacar nəhəng qoşunla Qarabağ xanlığı üzərinə hücum çəkib. Lakin “Xatın arxı” deyilən yerdə baş verən həlledici döyüşdən Pənahəli xan qalib çıxıb.
İki il sonra, 1759-cu ildə Urmiyalı Fətəli xan Qarabağ xanlığına hücum edib. Əhməd bəy Cavanşir yazır ki, Fətəli xan 30 min nəfərlik qoşunla qəflətən Şuşa yaxınlığında göründü: "Fətəli xan qalanı qəflətən tutmaq üçün öz seçmə qoşunları ilə Qarqar çayı tərəfdən hücuma keçib. Fəqət qala divarlarının yaxınlığında mühasirəyə alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmayan “qonaqların” üzərinə cumdular və onlarla əlbəyaxa vuruşmağa başladılar...”
***
Fətəli xan Şuşanın mühasirəsini səkkiz ay davam etdirib. Lakin sonda qala düşmənə təslim olub. Pənahəli xan Urmiya xanındana asılı vəziyyətə düşüb. Hətta oğlu İbrahimxəlil ağanı ona girov verib.
Lakin sonradan İran şahı Kərim xan Zəndlə müttəfiqlik quran Pənahəli xan bu asılılığa son qoydu. Urmiya üzərinə hücumdan sonra İbrahimxəlil ağa girovluqdan azad edildi, Fətəli xan isə İsfahan yaxınlığında əsir götürüldü və öldürüldü.
***
Girovluqdan azad edilən İbrahimxəlil ağa Qarabağa yola salınır, Pənahəli xan isə Kərim xan tərəfindən Şiraza aparılır.
Bu hadisə tarixə "Şiraz qonaqlığı" kimi düşüb.
1763-cü ildə baş verən həmin olay əslində Kərim xan Zəndin öncədən planlaşdırdığı xəyanətdən başqa bir şey deyildi.
Belə ki, İran şahı Fətəli xan üzərində qələbəni birgə qeyd etmək üçün Şirazda böyük ziyafət təşkil edəcəyini bildirir. Başda Pənahəli xan olmaqla Xoy xanı Şahbaz xan, Naxçıvan xanı Hacı xan Kəngərli, Qaradağ xanı Məhəmmədkazım xan və Sərablı Əli xanı ziyafətə dəvət edir.
Lakin sonradan məlum olur ki, Kərim xanın məqsədi bu yolla xanları vətənlərindən uzaqlaşdırıb, faktiki olaraq öz girovuna çevirmək, nəticədə onların xanlıqlarının müstəqilliyinə son qoymaq idi. Ancaq bu fayda vermədi. Həm Qarabağ, həm də dfigər xanlıqlar müstəqilliklərini qoruyub saxladılar.
Qısası, "Şiraz qonaqlığı" Kərim xan Zəndin gözlədiyi nəticəni vermədi.
***
Pənahəli xan bu xəyanətdən qısa müddət sonra, elə hadisənin baş verdiyi 1763-cü ildə vəfat edir.
Onun ölümünün dəqiq səbəbi məlum deyil. Bircə o məlumdur ki, Kərim xanın göstərişi ilə Pənahəli xanın nəşi Qarabağa göndərilib və Ağdamda dəfn edilib.
Pənahəli xandan sonra hakimiyyət bir müddət de-fakto oğlu Mehrəli xanın əlində olsa da, İbrahimxəlil ağa Qarabağa qayıtdıqdan sonra apardığı gərgin mübarizə nəticəsində taxt-tacı qardaşından almağə bacarıb.
***
Maraq üçün deyək ki, Pənahəli xanın vəfatı ilə bağlı dəqiq tarixi məlumatlar olmasa da, kifayət qədər mülahizələr var.
Bu mülahizələrdən biri belədir ki, Kərim xan Zənd Urmiya qalasını ələ keçirərkən Pənahəli xan onun yanında deyildi. Pənahəli xan Kərim xanın İbrahimxəlil ağanı özü ilə apardığını eşidib zəngin hədiyyələrlə oğlunu Qarabağa qaytarmaq üçün İran şahının yanına gedir. Lakin Kərim xan İbrahimxəlil ağanı buraxmır, üstəlik, Pənahəli xanı da özü ilə Şiraza aparır. Pənahəli xan Şirazdan çıxmaq üçün fəndə əl atır – özünü vəfat etmiş kimi göstərir. Onu tabuta qoyurlar. Pənahəli xanın yanındakılar Kərim xandan onun cənazəsini Qarabağa aparmaq üçün icazə istəyirlər. Kərim xan məsələni başa düşür, uzun yolda xarab olmaması üçün "meyit"in yarılmasını və içərisinin ədviyyatla doldurulmasını əmr edir. Beləliklə, Pənahəli xan həlak olur və bundan sonra Kərim xan atasının nəşini vətənə aparması üçün İbrahimxəlil ağanı da azadlığa buraxır.
Salnaməçilərdən Mirzə Yusif Qarabaği də Pənahəli xanın Şiraz əsirliyindən xilas olmaq üçün özünü ölü kimi göstərdiyini yazır. Qeyd edir ki, Kərim xan Pənahəli xanın hiyləsini anlayaraq deyib: "Pənahəli xan mənim xeyirxah dostumdur. Buna görə də mən gərək onun cənazəsini tam hörmətlə Qarabağa göndərim". Bundan sonra Kərim xanın göstərişi ilə, Pənahəli xanın qarnı yarılmış, ədviyyat ilə doldurulmuş, ardınca isə cənazə Qarabağa göndərilmişdi.
***
Pənahəli xan Ağdamın İmarət qəbiristanlığında dəfn edilib, qəbri üzərində türbə inşa olunub. Pənahəli xanın türbəsi haqqında ilk elmi məlumatlar 1940-cı illərdə verilsə də, yalnız 1970-ci illərdə onların əsaslı şəkildə tədqiqi həyata keçirilib. Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilib, Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
2022-ci ilin iyununda Pənahəli xanın başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim edilib.

Pənahəli xanın başdaşı bərpa edildikdən sonra
Elçin ŞAHMURAD,
Anadil.az