Anadil Şəbnəm Bəxtiyarın orijinaldan tərcüməsində İvan Klimanın "Miriyam" hekayəsini təqdim edir:
XXX
Atamın xalası qızının nişanı idi. Balacaboy, yekəburun, qaraşın, dilli-dilavər Silva xala müharibədən öncə bankda mühasib işləmişdi, ancaq indi bağbanlıq edirdi. Gələcək həyat yoldaşı isə ixtisasca hüquqşünas olsa da, ərzaq anbarında çalışırdı. Onun işinin nədən ibarət olduğunu bilmirdim. Atamız nişanda bizə sürpriz vəd etdiyindən, qardaşımla birlikdə ora gedəcəyimiz günü səbirsizliklə gözləyirdik.
Xalam bizim qaldığımız kazarmada yaşayırdı. Kamerasının pəncərəsi dəhlizə baxırdı. Kamera o qədər darısqal idi ki, bundan əvvəl onun hansı işə yaradığını təsəvvürümə belə gətirə bilmirdim. Hər halda, müxtəlif xırdavatların, məsələn, at nallarının, qamçıların (əvvəllər bura süvari kazarması olub) və yaxud mahmızların saxlanılmasına yaraya bilərdi. Öz dar sığınacağında xalamın yatağı və üst-üstə qoyub dolabça kimi istifadə etdiyi iki çamadanı vardı. Yuxarıdakı çamadana süfrə əvəzi kağız sərib, çörək dilimləri düzmüşdü. Onların üstünə isə kolbasa, sardina balığı, ciyər paşteti, turp, xiyar və pendir dilimləri qoymuşdu. Qardaşımın ağzının suyunu necə axıdıb, dodaqlarını marçıldatmasına fikir verməyə bilməzdim. Heç cür özünü cilovlaya bilmirdi. O, heç vaxt məktəbə getməmişdi; mən isə getmişdim. Artıq müdrik Odissey və unutqan Paqanel haqqında oxuyurdum, həmçinin, bir az tanrılar və kişilərin mənəviyyatı barədə də bilirdim.
Bəyi yaxından gördüyüm birinci dəfə idi. O, qıvrımsaç və üzündə müharibənin, kasıblığın izləri olmayan yumrusifət, cavan bir oğlan idi.
Doqquz nəfərin zorla sığışdığı kameranın pəncərəsi tərləmiş, boğanaq hava ağırlaşıb tər qoxusu verirdi. Buna baxmayaraq, bəyin ərzaq anbarından gətirdiyi, bu vaxtacan görmədiyimiz təamları acgözlüklə yeyirdik, süd ətri verən tikələrin üstündən şipşirin qəhvə əvəzləyicisi içirdik. Atam bıçaqla fincanı tıqqıldadıb, boğazını arıtladı.
– Hətta pis zamanlarda da mütləq yaxşı şeylər baş verir, – dedi. – Almanların Sevastopol ətrafında məğlubiyyəti və ingilislərin İtaliyaya hücumu kimi bir çox diqqətəlayiq hadisələr sırasına bu təntənəni də qatmalıyıq.
Atam sülhün tezliklə bərqərar olmasını arzuladı, yeni ailə quran cütlüyə ürək rahatlığıyla bal ayı gəzintisinə çıxmaq, sevgi və xoşbəxtlik dilədi.
– Sevərək əzab çəkmək saxta xoşbəxtlikdən üstündür, – deyə Hötedən sitat gətirən atamın bu sözləri hamımızı heyran etdi.
Şam yeməyinin vaxtı çatdığından, bir neçə mahnı da oxuyub şənliyimizi yekunlaşdırmalı olduq.
Əlimdəki sıyıq dolu kasamla geri dönəndə, ustad Speeronu taxçanın yanında oturan gördüm. Onun qarşısında boş kasa vardı. Taxtaya yapışdırılmış kağız parçasını dizinin üstünə qoyub şəkil çəkirdi. Ümumiyyətlə, bizim dəhlizimizdə bir neçə rəssam yaşayırdı və ustad Speero onlardan ən tanınmışı idi. Doğulduğu Hollandiyada medal eskizlərini, əsginas və markaları o hazırlayırmış, hətta deyilənə görə, kraliça belə öz rəsmini ona çəkdirirmiş. Qadağalara baxmayaraq, burada da kiçik kağız parçalarına bizim gettodan rəsmlər çəkirdi. Çəkdikləri şəkillər o qədər xırda idi ki, bu incə xətləri həmin qoca əllərin yaratması mənə inandırıcı görünmürdü.
Bir gün özümü toparlayaraq, alman dilində bildiklərimə güvənib cənab Speerodan niyə axı bu cür kiçik rəsmlər çəkdiyini soruşdum.
“Um sie besser zu verschlucken”*– cavab verdi. Bəlkə də sonuncu sözünü səhv anladım – dəqiq bilmədim, ya verschike**, ya da verschenken*** dedi.
Mən növbədə sıxlaşıb dayanan qoca kişilərlə qadınların kağız üzərində necə peyda olmasını təəccüblə seyr edirdim. Onların hər biri düyü dənəsindən böyük deyildi, lakin hamısının gözü, burnu, ağzı vardı, sinələrində isə yəhudi ulduzu görünürdü. Kağıza diqqətlə baxanda mənə elə gəlirdi ki, fiqurlar qaçışır, kağızda qarışqa kimi qaynaşırlar. Bu mənzərədən təsirlənmişdim və başım hərləndiyi üçün gözlərimi yummalı oldum.
–Necədir? – ağsaçlı ustad üzümə baxmadan soruşdu.
–Gözəldir, – deyib dərindən nəfəs aldım. Cənab Speeronun çəkdiklərindən təsirlənib bir neçə dəfə kağızın üzərini kiçik fiqurlarla doldurmağımı boynuma almağa heç vaxt cürətim çatmaz. Amma içimin işıqlı anlarında, bəzən uzaq gələcəyi xəyalımdan keçirərək, hansısa bir peşənin sahibi olduğumu təsəvvür edirdim: şair, aktyor, yaxud rəssam.
Qəfil soruşdum:
–Sizə bir az şorba təklif edə bilərəmmi?
Qoca ustad üzünü mən tərəfə ancaq indi döndərdi.
–Nədi, olmaya əlavə yemək payı veriblər? – sonra da təəccüb içində: – Yoxsa xəstəsən? – dedi.
– Xalam ərə gedirdi, –səbəbini izah etdim.
Cənab Speero payını yeyib içini təmizlədiyi kasasını qaldırdı, mənsə öz sıyığımın yarıdan çoxunu onun qabına tökdüm. Cənab Speero bir az əyilərək:
– Elədiyiniz xeyirxahlığınıza görə sizə minnətdaram. Tanrı əvəzini versin, – dedi.
Axşamlar bitlərin, birələrin sevimli məskəninə çevrilmiş yatağımda uzanıb: “Tanrı haradadır və yaxşılığın əvəzini nə ilə verir?” – deyə düşünürdüm. Onu təsəvvür edə bilmirdim. Yaşadığım bu aləmdə heç nəyə ümidim yox idi. “Bəs bu dünya özü nədir?” – suallar, tərəddüdlər içində boğulurdum.
Hər gecə dərin kədər içində qaranlığa qulaq asırdım. Görəsən, ayaq səsləri gəlməz ki? Ümidsiz çığırtı sükutu pozmaz ki? Qəflətən qapılar açılsa və göylərin elçisi görünsə, əlindəki kağızda, görəsən, adımı oxumaz ki? Məni taqətsiz halda yaxalamasınlar deyə, yuxulamaqdan qorxurdum. Çünki ondan sonra SS-in əlindən daha gizlənə bilməyəcəkdim.
Mən kartof saxlanılan anbarda gizlənməyi düşünürdüm. Axşam sürünüb dar pəncərədən keçərək, elə dərinə girərdim ki, məni heç bir SS görə, heç bir it iyləyib çıxara bilməsin. Orada olduğum müddətdə kartofla qarnımı doyurardım.
Görəsən, insan çiy kartofla nə qədər dolana bilər? Cavabı bilmirdim. Maraqlıdır, müharibə daha nə qədər davam edəcəkdi? Bəli, hər şey məhz bundan asılı idi.
Bilirdim ki, bir azdan küncdən qorxu kabusu çıxacaq. O, bütün günü boruda və yaxud haradasa büzüşüb gizlənir, hamı yatanda isə nəfəsimin qoxusunu alacaq və dalımca gələcək. Qanı qaçmış dodaqları isə: “bə-lan... sənin bə-lan gə-lib...” deyəcək.
Dərin düşüncələrdən ayrılıb, yatağımın ayaq tərəfindəki pəncərəyə yaxınlaşdım. Buradan görünənlərə yaxşı bələd idim. Pəncərə önündə cökə ağacları vardı. Yaxınlıqda yaşlı cökə ağacının tac kimi budaqları, qara boşluq və kərpic divar olmalıydı. Pəncərədən pərdə əvəzinə asılmış qara kağızı yavaşca kənara çəkib, yerimdəcə donub qaldım: cökələrdən birinin başı göy rəngdə işıq saçırdı. Ondan gələn işıq çox vahiməli idi. Bir az ona baxdım. Bu ağacın hər yarpağını, hər alışan budağını tanıyırdım. Mənə elə gəlirdi ki, o budaqlar, o yarpaqlar əyilmiş nəhəng bir sifət formasında büzüşüb alov saçan gözlərlə mənə baxır.
Boğazım elə qurumuşdu ki, qışqırmağa cürət etsəydim belə, yenə səsim çıxmayacaqdı. Qara kağızı əlimdən buraxan kimi, otağa yenə qaranlıq çökdü. Pəncərənin yanında tərpənmədən dayanıb, o kağızı bir də qaldırdım və bir daha o sifətə baxmaq istədim. Amma ikinci dəfə ürək eləmədim. Niyə də etməliydim ki? Onsuz da onu düz gözümün önündə görürdüm. Hətta gözlərimi qapasam da, o, qəribə işıq şölələrinə bürünmüş halda, qaranlıq tavanda hoppana-hoppana gözlərimin önündə rəqs edirdi.
Bütün gördüklərimin mənası nə idi? Nə demək idi? Kimə aid idi? Bəlkə, mənə bir ismarıc idi? Bunun mənim üçün pis və ya yaxşı nəticələnəcəyini axı haradan biləydim?
Səhər oyananda dünənki sevincdən, kədərdən əsər-əlamət qalmamışdı. Həmişəki kimi, öz qaynar qəhvə payım üçün gedirdim. Üstünə marqarin çəkilmiş iki tikə çörək yedim, müharibədən bir gecə də ötdü deyə rahatlıqla nəfəs aldım. Bu, həm də səbirsizliklə gözlədiyimiz sülhün bizə daha bir gecə yaxınlaşması demək idi.
Səhər yeməyindən sonra dəmirçixananın arxasına voleybol oynamağa getdim. Nahardan bir saat öncə artıq əlimdəki kasayla, özüm və qardaşım üçün süd payımızı almaqdan ötrü növbədə dayanmışdım. Növbə yavaş-yavaş tağlı bir yerə uzanırdı, ancaq ora heç də Silva xalanın yaşadığı yerə bənzəmirdi. İçəridə, süd qazanının arxasında ağ döşlüklü bir qız dayanmışdı. Müticəsinə gözləyənlərdən talonları yığıb, ona uzadılmış kasalara azacıq süd tökürdü.
Qızın önündə dayandım. O, bir anlıq diqqətlə üzümə baxıb, gülümsündü. Təbii ki, onu tanıyırdım. Amma əslində, bir dəfə də ona düz-əməlli fikir verməmişdim. Qara saçları və çil sifəti vardı. O, iri qazana sarı əyildi, böyük çömçəsini doldurub kasama süd tökdü, sonra tələsik iki çömçə də əlavə edib, yenə üzümə gülümsündü. Sanki o gülüşü ilə mənə aid olan nəsə vacib bir şeyi demək istəyirdi. Ağzına kimi dolan kasamı özümə qaytardı, mən isə həyəcandan güclə “sağ ol...” deyə bildim. Heç nə başa düşmürdüm. Mən yad insanların üzümə gülümsəmələrinə, xoş rəftarına alışmamışdım. Oradan çıxandan sonra, dəhlizdə divara söykənib, südü içməyə başladım. Sanki qız indicə gəlib mənə aid olmayan artıq südü əlimdən alacaqdı. Ən azı, kasamın üçdə ikisini içmişdim, içim rahat idi, çünki hələ qardaşım üçün də xeyli süd qalmışdı.
Axşam yenə küncdən qorxu kabusu baş qaldırmamış, onun qarşısını necə almağı düşünürdüm. Bu gün baş verən o maraqlı hadisəni yadıma saldım. Özüm üçün aydınlaşdırmağa çalışdım. Qızın nəzakətini, yaşlı rəssamın xoş münasibətini Uca Haqqın lütfü kimi düşünə bilərdim, ancaq özümə bu qədər önəm verməyə cürət etmədim. Bəs görəsən, dünənki o alovlu işarətin mənası nə idi? Həmin mənzərə bir andaca yenə gözümün qabağına gəlib, soyuq şüası ilə içimi dondurdu. Görəsən, bu, yaxşı nəyəsə bir işarə ola bilərdimi?
Özümü məcbur edib, yatağımdan sürüşüb çıxdım və qaranlığa girdim.
Bayırda zülmət gecəydi. Yaşlı cökənin qara tacınə külək yırğalayırdı, səmada qara buludlar qəfil çaxan səssiz şimşəklərin işığında sanki alışıb-yanırdı.
İkinci gün öz növbəmi səbirsizliklə gözlədim. Tərtəmiz yuyulmuş kasa əlimdə idi. Qızın üzünə baxmaq məndən böyük güc tələb etsə də, ona diqqət yetirə bildim. İri, badamı və az qala, qəhvə əvəzedicisi kimi qara gözləri vardı. O da üzümə gülümsündü, hətta səhv etmirəmsə, sirr dolu bir baxışla məni süzdü, bəlkə də, kim bilir, mənə elə göründü... Kasama üç dolu çömçə süd töküb, heç nə olmamış kimi, geri uzatdı. Yeməkxananın girişində südün dörddə üçünü içəndə, o birilərin də kasalarına baxdım. Gördüm ki, məndən fərqli olaraq onların süd payı qablarının dibini güclə örtür. Hələ də heç nə başa düşmürdüm. Əlimlə kasamın ağzını örtərək uzun dəhlizlə ayaqlarımı sürüyürdüm. Hətta içəndən sonra da kasamda qalan süd kifayət qədər idi. Dəhliz boyunca gedərkən, deyəsən, qızın üzümə baxıb iki dəfə gülümsədiyi yadıma düşdü. Bunun təsirindən qəlbim kövrək hisslərlə doldu.
Axşam gözlərimi təzəcə yummuşdum ki, yenə o alovlu fiquru – o işıqlı simanı gördüm. Lakin bu dəfə o, artıq öz vahiməliyini itirib mülayim, doğma bir görkəm almışdı...
Getdikcə o qızın üzündəki xırda-xırda çilləri, gülümsəyən, yarıaçıq dodaqları sezməyə başlayırdım. Məhəbbət dolu badamı gözlər mənə elə qəribə baxırdı ki, yerimdəcə donub qaldım.
Qəflətən alovlu fiqurun mənasını və ümumiyyətlə, nələrin baş verdiyini anladım.
Mən vurulmuşdum.
Küncdə siçan nəyisə xışıldadır, haradasa aşağı mərtəbədə qapı çırpılır, işıq isə geri çəkilirdi; sevimli simanı seyr etdikcə içim rahatlanır, dodaqlarımda gülüş peyda olurdu.
Görəsən, səni görmək üçün nə etməliyəm: aramızda taxta stol və nəhəng qazan olmadan, elə indi, bu dəqiqə, canlı-canlı görməyim üçün nə etməliyəm?
Bəs görəsən, səni, həqiqətən də, yanımda görsəydim, nə edərdim?
Ertəsi gün yenə süd payımı ikiqat alıb, qızın gülümsəyən üzünü görəndən sonra mənə aydın oldu ki, heç də yanılmıram. Daha hisslərimdə yanılmadığımı bilirdim. Onun barəsində, heç olmasa, başqalarına danışmalıydım. Artıq onu hər xatırlayanda, ürəyimdəki hisslərim coşub-daşırdı. Dostlarımdan onun Miriyam Doyçova olduğunu, mənimlə eyni mərtəbədə, lakin dəhlizin əks tərəfində yaşadığını, otağının nömrəsinin iki yüz üç olduğunu öyrəndim. Birlikdə qızın yaşını da təxmin etməyə çalışdıq. Bəziləri onun on altı, bir başqaları isə artıq on səkkiz yaşda olduğunu deyirdi. Bəziləri, ümumiyyətlə, Miriyamı hansısa Fred adlı bir oğlanla gördüklərini deyirdilər. Məndən ötrü isə bunların heç bir mənası yox idi.
Təbii ki, bu, heç nə demək deyildi. O, heç bir Fredə gündə bir dolu kasa süd vermirdi. Mənim əziz Miriyamım o qədər südü haradan tapa bilər?
Artıq onun barəsində, demək olar, hər şeyi bilirdim, nəhayət, istədiyim vaxt yanına gedib, ürəyimdəkiləri ona aça bilərdim... Ümumiyyətlə, mən ona nə deməliydim? Onun otağına niyə gəldiyimi necə izah etməliydim? Mənə bir səbəb lazım idi! Misal üçün, özümlə Troya müharibəsi haqqında əzik-üzük bir kitabı götürə bilərdim. “Sənə südün əvəzinə bu kitabı gətirmişəm!”
Lakin belə bir sözü başqalarının yanında dilimə gətirməyi bacarmazdım. Ondan mənimlə dəhlizə çıxmasını rica edə bilərdim. Bəs birdən vaxtının olmadığını desə, onda necə? Birdən südün əvəzini verdiyimi düşünüb məndən incisə, onda nə edim? Məncə sevgini bürüzə vermək və bu barədə danışmaq ayıb olardı.
Bəlkə, mən büsbütün yanılırdım? O cür gözəl qız niyə axı mənim kimi arıq, pərişan, əyni-başı tökülən birini sevməli idi? Mənim, hətta bığım da çıxmamışdı.
Çamadanımın dibində yalnız bayramlarda geyindiyim sarıya çalan bir köynəyim vardı, o birilərdən fərqli olaraq, hələ nə manjeti, nə də boğazı didilmişdi. Bir az boğazımı dalayırdı, ancaq buna dözməyə hazır idim. Kostyumum, heyif ki, əynimə balacaydı. Anam şalvarımı uzatmaq istəsə də, topuğuma zorla çatırdı. Pencəyimi isə uzatmağa parça tapılmırdı. Bir az tərəddüd edirdim, amma bundan yaxşı variant yox idi. Qərara aldım ki, köynəyimi çıxarım və yaxşıca yuyunum. Bayram libasımı geyinəndən sonra, saçlarımı da isladıb səliqə ilə daradım. Pəncərəni açıb, o biri tərəfdən işıq düşməsin deyə, kölgə saldım ki, aynada özümə yaxşıca baxa bilim. Özünəvurğunluq hissinin lap zirvəsindəydim. Mənə elə gəlirdi, əla görünürəm.
Otağımdan çıxıb, uzun dəhlizlə addımladım. Qapıların önündən keçdikcə, nömrələr bir-bir azalmağa başlayırdı. İki yüz on səkkiz, iki yüz on yeddi, iki yüz on beş... Nəbzim tez-tez vururdu.
Miriyam – mənə elə gəlirdi, heç vaxt belə gözəl ad eşitməmişəm. Onun adı özünə çox yaraşırdı. İki yüz yeddi. Ancaq hələ də nə edəcəyimi bilmirdim. Əgər məni sevirsə – iki yüz altı... – aman Tanrım, artıq qapını görürəm. Bu, onun qapısıdı, əgər onu sevdiyim kimi o da məni sevirsə, otağından çıxacaq və biz görüşəcəyik. İki yüz beş... Ayaq saxladım və özlüyümdə ona vaxt verdim. Qapı açılandan sonra Miriyam çıxıb üzümə gülümsəyərək deyəcək:
– Sən hara, bura hara?
– Heç, elə belə, təsadüfən burdan keçirdim. Gəlmişəm uşaqların dalınca. Həyətin arxasına gedirik.
Bir anlıq dayandım. Bu nə axmaq cümlədi? Necə oldu ki, ağıllı bir cümlə fikirləşib tapa bilmədim?
– Salam, Miriyam!
– Sən mənim adımı bilirsən?
– Sənin haqqında daha yaxşı düşünmək üçün bilməli idim.
– Sən məni düşünürsən?
– Səhərdən axşama qədər. Hətta gecələr də. Az qala bütün gecəni səni düşünürəm!
– Mən də səni düşünürəm. Burada nə işin var?
– Heç özüm də bilmirəm.
Birdən ağlıma gəldi ki, “həyətdən keçirdim” deyim.
Bu cümlə daha çox xoşuma gəlirdi. İki yüz dörd...
– Mən də bu mərtəbədə qalıram.
– Yaxınıq ki. Həmişə burdan keçib gedə bilərsən.
– Gedərəm, gedərəm.
İki yüz üç... Nəfəsim kəsilirdi. Qapıya məzlum nəzərlərlə baxırdım. Sanki qapı da öz taxta ruhunun dərinliyində halıma acıyırdı. Miriyam əgər məni sevirsə, gərək qapını mənim üzümə aça.
Görünür, içəridə yox idi. Günortanın belə gözəl bir çağında niyə evdə oturmalıdı ki? Yəqin, indi haradansa qayıdır, gərək bir az gözləyəm. İki kazarmanı birləşdirən dəhlizə yaxınlaşdım. O tərəfdən ayaq səsləri eşidilirdi.
İlahi, sən özün kömək ol! Nəfəsimi dərmədən dayanıb gözləyirdim.
Dalanda taxta başmaqlı yaşlı bir qadın göründü. Əlindəki qabın içində bir neçə qaralmış kartof vardı. Görünür, artıq axşam yeməyini verirdilər.
Səhəri gün Miriyamı masanın arxasında, südlə dolu dəmir qazanın yanında gördüm. Kasamı alıb, üzümə güldü. Bir, iki, üç... çömçə süd töküb yenə gülümsədi və qabımı verdi. Miriyam, səni necə sevirəm, bir bilsən! Yəqin, heç kim heç vaxt bu cür hisslər keçirməyib... Divara söykənib, sevgi şərbətinin üçdə ikisini içəndən sonra geri, öz xülyalar məkanıma qayıtdım.
Yalnız axşam, qadınlar işdən dönəndə kazarmadan çıxdım. Üzümü yuyub, saçımı daradım, bayram paltarımı geyinəndən sonra başa düşdüm ki, bu, hələ hamısı deyil. Bayram görünüşüm, görüşümüz və ən əsası, özüm haqqında nəsə danışa bilməyim üçün mənə səbəb, bəhanə lazım idi.
Bu an bacardığım, qürur duyduğum bir şey yadıma düşdü. Taxtın altındakı balaca çamadanımda yaxşıca gizlədilmiş kukla teatrım vardı. Kulisləri – boyadığım rəsm kağızlarından, rekvizitləri – taxta qırıntılarından, daşdan və yığdığım budaqlardan düzəltmişdim. Kuklaları düzəldəndə isə anamdan və digər otaq yoldaşlarımdan aldığım şabalıddan, dəsmallardan, çarxdan istifadə etmişdim.
İplə bağlanmış qutunu çamadandan çıxardım. Çərçivə, dirəklər və digər kulislər, rekvizitlər, kuklalar... hamısı içindəydi.
– Salam Miriyam!
– Salam, sən burda neynirsən?
– Bir oğlanın dalınca gedirəm. Orada teatrda oynayacağıq.
– Sən teatrda oynayırsan?
– Hələlik yalnız kuklalarla.
– Necə yəni hələlik?
– Mən bir gün aktyor olacağam. Ya da yazıçı. Mən özümdən ssenarilər quraşdırıram.
– Doğurdan bacarırsan?
– Əlbəttə. Kuklanı götürüb oynayacam. Heç özüm də bilmirəm axırı necə olacaq.
– Sən adamların qarşısında oynayacaqsan?
– Nə qədər adam olsa, qarşılarında çıxış edərəm. Mən qəti həyəcanlanmıram.
– Bəs teatrı haradan götürmüsən?
– Özüm düzəltmişəm.
– Kulisləri də?
– Kulisləri də. Özüm çəkirəm. Kaş çoxlu rəsm kağızım olaydı. Düşərgəmizə yeni insan axını başlayanda, kazarmamızı, dəmirçixananı, darvazanı çəkib düzəltmişəm...
Qutunun içində nə desən ola bilərdi, lap çirkli paltar da. İpin düyününü açandan sonra, qutunun qapağını qaldırdım. İçindən iki kukla çıxardım: biri taxta başmaqlı, o biri taclı kral idi. Daha sonra onları yenidən qutuya qoyub, tanış dəhlizlə yoluma davam etdim.
Mən bir neçə şeirin də müəllifi olduğumu bildirdim.
– Sən şeir də yazırsan? Nə haqda?
– Belə, müxtəlif şeylərdən – sevgidən, intihardan.
– Məgər sən özünü öldürmək istəyirdin?
– Yox, mən yox... – İki yüz on... Nəfəsim təngiyirdi. – İnsan öz-özünü öldürə bilməz.
– Niyə ki?
– Bu, günahdır!
– Sən belə şeylərə inanırsan?
– Necə şeylərə?
– Tanrıya!
İki yüz yeddi... İlahi, əgər ordadırsa, qoy çıxsın. Təki onu görüm. Söhbət etməsə də olar, barı bircə dəfə üzümə gülümsəsin.
– Ona inanırsan?
– Bilmirəm. Amma hamı deyir ki, əgər O olsaydı, bu qədər müsibətlər
başımıza gəlməzdi.
– Bəs sən belə düşünmürsən?
– Miriyam, bəlkə, bu, bir cəzadır?
– Nəyin cəzası?
– Bunu yalnız O bilir.
İki yüz dörd... Birdən dayandım, qutunu sol əlimdən sağ əlimə ötürdüm. Beynimdə qorxunc fikirlər dolaşırdı – görəsən, onu əldən buraxsam, neylərəm?
Bu, məni çox incidərdi. Həm də özümü elə göstərərdim ki, guya yerə tökülmüş nələrisə yığıram. Beləcə düz yarım saat dizi üstə dura bilərdim. Miriyam, xahiş edirəm, üzə çıx, görün! Kaş, səni görə biləydim. Başqa heç nə. And içirəm, bundan artıq heç nə istəmirəm.
Sabahısı gün məndən kasanı alanda, deyəsən, üzümə dünənki kimi gülümsəmədi. Dəhşətə gəlmişdim. Bəlkə, məni daha sevmir? Əgər cürətsizəmsə, niyə məni sevməlidi axı? O, qız ola-ola öz sevgisini bildirdi, əvəzində mən nə etdim?
Yenə bir, iki, üç çömçə süd... Yenə üzümə baxan gözlərdəki xoş təbəssüm... Kasamı geri verəndə, içimdən: “Səni necə də sevirəm”, – demək istəyi keçdi. İstədim söyləyəm ki, “mənim ilahi Afroditam, sadəcə, deməyə utanıram, heç kim, heç vaxt səni mənim qədər sevə bilməz. Əziz Miriyamım, səni lap dəli kimi sevirəm...”
Axşam həbs düşərgəsində yəhudi lentləri paylayırdılar. Sonra hər gün eyni şey. Bizim getto hələ heç vaxt belə bəlaya düşməmişdi. Minlərlə insan sinələrində lövhə vağzala tərəf gedirdi.
Bu arada mən hər gün üç böyük çömçə süd – necə deyərlər, hər gün üç böyük çömçə sevgi və ümid payımı alırdım. Öz otağıma qayıdıb, bir-bir yaxın-uzaq tanışlarım üçün dua edirdim, lakin Miriyamla bağlı dualarım xüsusi idi. Tanrıya dua edirdim ki, ona mərhəmət etsin, canını almasın, həmçinin bütün tutulan dostlarım azadlığa buraxılsın. Mətbəxdəki aşpazı, çörəkpaylayan kişini və bir çox başqalarını gözümü açandan tanıyırdım.
Dəhliz, həyət sakitliyə qərq olmuşdu, küçələr boşalmış, şəhər tamamilə ölmüşdü. Axırda aparılanların içində atamın xalası qızı – bapbalaca Silva xala və onun ərzaq anbarında işləyən yoldaşı da vardı. Toylarının üç həftəsi də tamam olmamışdı, bu gediş isə, yəqin ki, çox arzuladıqları toy gəzintisi idi. Atamın “sevib əzab çəkmək saxta xoşbəxtlikdən üstündür” sözünü xatırlayırdım. Bu sözlərin mənası mənə hələ indi-indi çatırdı. Daha heç kəsi aparmağa gəlmirdilər, ikimiz də qalmışdıq düşərgədə!.. Bu, bir işarə idi. Artıq tərəddüd etməyəcəm, axır ki, qərara gəlmişdim. O çətin günlərdə sevgidən danışa bilməzdim, yaraşmazdı. Amma indi danışa bilərdim, danışmalıydım. Daha boş-boşuna qapılarının önündən keçə bilməzdim, özü ilə kasamı qaytaranda danışacam.
– Miriyam, nə olar, gəl, bu gün axşam altıda, arxa qapı tərəfdə, keçiddə
səni gözləyəcəm.
– Yox!
– Xahiş edirəm, gəl, nə olar?!
– Yox!
– Miriyam, səni nə vaxtsa görə bilərəm? Məsələn, bu gün axşam altıda, arxa darvazanın yanında. Gələcəksən?
Növbə qısalmışdı, bir qurtumluq süd payı gözləyən bir-iki nəfər qalmışdı.
Həyəcandan güclə ayaq üstə durmuşdum, dəhlizdə çətinliklə gedirdim, öz cəsarətsizliyimlə hər şeyi korlamaqdan qorxurdum. Miriyam mənim kasamı alıb gülümsəmədən azacıq süd tokdü, artıq üzümə gülən və süd payımın üç qatını verən həmişəki Miriyam deyildi. Bəlkə, məni tanımadı? Ümid edirdim ki, bəlkə, üzr istəyirmiş kimi nəvazişlə üzümə baxıb gülümsəyər. Bu axı mən idim, Miriyam, axı sən...
Qızdan kasamı alıb, əlində rəsm kağızı olan məşhur holland rəssamın yanına gedirdim.
İndi neyləyəcəm?
Birdən hiss elədim ki, ayaqlarımı sürüməyimə baxmayaraq, yerimdən tərpənmirəm, qoca rəssamın yanına yaxınlaşmıram, əksinə, mənim ətrafımda hər şey fırlanmağa başlayır. Yaşlı rəssam oturduğu stulun üstündə, dalğaların qoynundaymış kimi, yırğalanırdı.
Başıma nə gəldiyini qətiyyən anlaya bilmirdim. Bircə şeyi bilirdim ki, o, artıq məni sevmir. Ağzımda xoşagəlməz şirin bir dad vardı və bundan halım daha da pisləşmişdi. Gözüm alacalanır, əllərim əsirdi. Halsızlıqdan əlimdəki quş kimi yüngül kasamı belə tuta bilməyəcəyimi hiss elədim və birdən qabın yerə – dəhlizin daş döşəməsinə necə düşüb səs saldığını eşitdim.
Özümə gələndə başımın üstə ustad Speeronu gördüm. Bir əli ilə belimdən yapışıb, o biri əli ilə yaş parçanı alnıma qoymuşdu.
– Oğlum, nə oldu sənə birdən? – soruşdu.
Mənim bu amansız dünyaya tam qayıtmağım bir iki-dəqiqə çəkdi. Ancaq dərdimin əsl səbəbini dilimə gətirə bilərdimmi?
– Xalamı apardılar, – pıçıltı ilə qocaya cavab verdim, – o ərə gedəni deyirəm. Onu da apardılar.
Cənab Speero ağsaçlı başını yelləyib, sakitcə:
– Tanrı xalana kömək olsun, – dedi, – elə hamımıza da...
_______________________________
*Daha rahat udmaqdan ötrü” (alman.)
**göndərməkdən(alman.)
***bağışlamaqdan (alman.)
_______________________________
İvan Klima kimdir?
1931-ci ildə Praqada anadan olub. İkinci Dünya müharibəsinə təsadüf edən uşaqlıq dövrünün üç il yarımı Terezindəki faşist həbs düşərgəsində keçib. Müharibədən sonra Karlova Universitetinin İncəsənət fakültəsini bitirib. 1968-ci ildə rus qoşunlarının Çexoslovagiyaya yeridilməsi ilə əlaqədar, “Praqa baharı”nın aktiv iştirakçısı kimi, basqılara məruz qalıb və mühacirət edib. 1989-cu ildə baş vermiş “Məxməri inqilab”a qədər çapına maneələr törədilən əsərləri vətənində əlyazma şəklində yayılıb. Daha çox ölkəsindən kənarlarda tanınıb. Çex ədəbiyyatında psixoloji nəsrin nümayəndələrindən sayılır.
“Gözəl gün”, “Üç sərhəd arasında”, “Sükut saatı”, “Bir gecəlik məşuqlar” kimi, kitabların müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.
2002-ci ildə Frans Kafka mükafatına layiq görülüb.
Anadil.az