İki rejissor, iki xəbər: biri beynəlxalq festivalın münsifi oldu, digərinin isə filmi...

Azərbaycanlı kinorejissor və prodüser Fariz Əhmədov avqustun 15-də Moskvada başlayan keçiriləcək “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib.

Anadil xəbər verir ki, avqustun 28-dək davam edəcək festivalda 25 ölkədən ümumilikdə 65 film təqdim olunacaq. Festivalın mətbuat xidmətindən bildirilib ki, əsas müsabiqə proqramına Avstriya, Böyük Britaniya, İtaliya, Çin, Meksika, Hollandiya, Peru, Portuqaliya, Rusiya və Fransa istehsalı olan filmlər daxildir.

Azərbaycanlı kinorejissor Fariz Əhmədov qısametrajlı filmlər müsabiqəsinin münsiflər heyətində yer alıb. Onunla yanaşı, filmləri rejissor və ssenarist Vladimir Qolovnev (Rusiya), kinematoqrafçı və rəssam Kamilla Rodrigez Triana (Kolumbiya) qiymətləndirəcəklər.

Bu il “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalı səkkizinci dəfə keçirilir.

İki rejissor, iki xəbər: biri beynəlxalq festivalın münsifi oldu, digərinin isə filmi...


XXX

3-13 avqust tarixlərində keçirilən 75-ci Lokarno Film Festivalının (İtaliya) əsas müsabiqə proqramında azərbaycanlı rejissor Hilal Baydarovun "Balıqlara xütbə" ("Sermon to the Fish”) filmi də nümayiş olunub.

Anadil-in məlumatına görə, avqustun 10-da nümayiş olunan ekran əsəri münsiflər və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

“Balıqlara xütbə” filmi festivalda jürinin “xüsusi diqqət” (“Special Mention Pardo Verde WWF”) və gənc münsiflər heyətinin mükafatlarına layiq görülüb.

“Balıqlara xütbə” filmi Azərbaycan, Meksika, İsveçrə və Türkiyə kinematoqrafçılarının birgə işidir. Filmin ssenari müəllifləri Hilal Baydarov və Aisu Akcandır. Ekran əsəri müharibələrdə, savaşın ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.



Festivala rejissor Hilal Baydarovla yanaşı, prodüserlər Elşən Abbasov, Den Veksler, aktyorlar Orxan İsgəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov da qatılıblar. Filmin nümayişindən əvvəl keçirilən mətbuat konfransında rejissor filmin süjeti və yaradıcı heyətin işindən danışıb.

Xatırladaq ki, Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi 2020-ci ildə İtaliyada, 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Ekran əsəri 2021-ci ildə Tokioda beynəlxalq kinofestivalın, həmçinin İstanbulda “Dədə Qorqud” Türk Dünyası Beynəlxalq Film Festivalının mükafatlarına layiq görülüb.


Anadil.az
Oxunub: 232
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR