Firəngiz Rəhimbəyova niyə ABŞ-a köçmüşdü? - BU DA ÖZ DİLİNDƏN CAVABI...

Xəbər verildiyi kimi, müğənni və Firəngiz Rəhimbəyova avqustun 16-da vəfat edib.

O, ürəktutmasından dünyasını dəyişib.

Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.

1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyova daha çox "Bəxt üzüyü" filmindəki Sevda (Seda) rolu ilə məşhurluq qazanıb.

1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

Anadil-in məlumatına görə, hələ 2010-cu ildə mətbuata müsahibəsində Firəngiz xanım ABŞ-a köçməsinin səbəbini belə açıqlayıb: "Mən təsadüfən Amerikada deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Böyük bacım və dayım öz ailələri ilə uzun müddətdir Amerikada yaşayırlar. Amerikaya köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət, çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır. Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır. Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Həyat yoldaşımla bərabər kino və şou-biznes ulduzlarının da olduğu çox geniş çevrəmiz var və yüzlərlə təklif alırdım. Lakin mən başqa bir yol seçdim və öz seçimimdən məmnunam. Amerika üfüqlərində ulduz kimi parlamaq üçün hələ gec deyil, ancaq məni öz Vətənim, onun mədəniyyəti, həyatı, motivləri özünə çəkir..."

Firəngiz xanım "ABŞ-a şəxsi həyatınızla bağlı getdiyinizi söylədiniz. Bundan heç təəssüf hissi keçirdinizmi" sualını isə belə cavablandırmışdı: "Yox. Taleyim belə gətirdi. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var..."

"Los-Anceles erməni diasporunun ən aktiv olduğu yerdir. Bundan qaynaqlanan hər hansı problemlə üzləşmisinizmi" sualının cavabında isə F.Rəhimbəyova demişdi: "Bilirsiniz, Amerikada insanlar başqa prinsiplərlə yaşayır. Bura millətlərarası münasibətləri ayırd etmək yeri deyil. Mənim anlayışıma görə, incəsənət adamları xüsusi insanlardır və öz sənətləri ilə insanlara sevinc, xoşbəxtlik bəxş edərək dünyada sülhə töhfə verirlər".


Anadil.az
Oxunub: 309
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR