Konstantin Simonovun məşhur şeirinin dilimizə 5 TƏRCÜMƏSİ

Anadil görkəmli yazıçı və şair Konstantin Simonovun (1915 -1979) II Dünya müharibəsi zamanı hərbi müxbir kimi fəaliyyət göstərdiyi ön cəbhədən həyat yoldaşı, aktrisa Valentina Serovaya yazdığı məşhur "Gözlə məni" şeirinin Azərbaycan dilinə 5 tərcüməsini təqdim edir:

XXX

Konstantin Simonovun məşhur şeirinin dilimizə 5 TƏRCÜMƏSİ


Şeirin orijinalı:


Жди меня


Жди меня, и я вернусь,
Только очень жди.
Жди, когда наводят грусть
Желтые дожди.
Жди, когда снега метут,
Жди, когда жара.
Жди, когда других не ждут,
Позабыв вчера.
Жди, когда из дальних мест
Писем не придет,
Жди, когда уж надоест
Всем, кто вместе ждет.

Жди меня, и я вернусь,
Не желай добра
Всем, кто знает наизусть,
Что забыть пора.
Пусть поверять сын и мать
В то, что нет меня,
Пусть друзья устанут ждать,
Сядут у огня,
Выпьют горькое вино.
На помин души...
Жди. И с ними заодно
Выпить не спиши.

Жди меня, и я вернусь,
Всем смертям назло.
Кто не ждал меня, тот пусть
Скажет: - Повезло,-
Не понять не ждавшим им,
Как среди огня
Ожиданием своим
Ты спасла меня.
Как я выжил будем знать
Только мы с тобой-
Просто ты умела ждать,
Как никто другой.

***

Azərbaycan dilinə tərcümələri


İsa İsmayılzadənin tərcüməsi:



Gözlə, qayıdacağam,

Gözlə sən məni.

Solğun, qəmli yağışlar

Döyəndə pəncərəni-

Gözlə sən məni.

Qışda qarı kürüyüb

Yağanda gözlə,

Yayda göydən od-alov

Yağanda gözlə.

Heç kəs gözləməyəndə-

Gözlə sən məni.

Məktublar gecikəndə

Gözlə sən məni.

Yollara boylanmaqdan

Adamlar bezikəndə-

Gözlə sən məni.

Gözlə qayıdacam,

Gözlə sən məni.

Gözlə, vecinə alma

Unutmağın məqamı

Çatdı deyəni.

Qoy oğlum da, anam da

Yoxluğuma inanıb,

Mənsizliyə alışsın-

Gözlə sən məni.

Qoy dostlarım yorulub

Yoxluğumla barışsın-

Gözlə sən məni.

Ocağın qırağında

Sağlığıma içsinlər-

Xatırlasınlar.

Yoxluğuma içsinlər-

Xatırlasınlar.

Sən onlara qoşulma.

Atamın ocağına

Gözlə, gələrəm.

Ölümün acığına

Gözlə, gələrəm.

Kim məni gözləmirdi-

Desin - Bəxti gətirdi...

Təkcə gözləməyinlə

Neçə dəfə ölümdən

Qurtardın məni,

Yenidən bu dünyaya

Qaytardın məni.

Gözlə, gözlə yenə də,

Gözlə sən bir az

Sənin tək gözləməyi

Heç kəs bacarmaz.



Əliağa Kürçaylının tərcüməsi:


Gözlə məni, gələcəyəm,

Ancaq gözlə sən.

Gözlə, kədər yağan zaman

Qəmli üzündən.

Qar yağanda gözlə məni,

Gözlə, istidə.

Bəziləri unudaraq

Gözləməsə də...

Gözlə, uzaq yerdən məktub

Gəlməsə sənə,

Bəziləri yorulsa da

Sən gözlə yenə...

Gözlə, sən məni, gələcəyəm,

Gözlə ürəkdən.

Desələr ki, yetər, unut.

Baxma, gözlə sən.

Amma, oğlum qoy inansın-

Artıq ölmüşəm,

Dostlar məni gözləməsin,

Gözlərində nəm.

Qoy içsinlər acı şərab,

Yad edib məni,

Tək sən gözlə.

Onlarla bir

İçmə badəni...

Gözlə məni, gələcəyəm

Bir aydın səhər.

Bəxti varmış- söyləsin qoy

Gözləməyənlər.

Gözləməyən nə bilir ki,

Odlardan belə

Xilas etdin həyatımı

Gözləməyinlə.

Mən sağ qaldım, səbəbisə,

Bax, budur, gerçək:

Sən bacardın gözləməyi,

Yalnız özün tək.



Xəlil Rza Ulutürkün tərcüməsi:


Gözlə məni qayıdacağam.

Gözlə, ey nigar.

Gözlə, kədər gətirəndə

Soyuq yağışlar.

Gözlə məni, qar yağanda,

İsti düşəndə.

Gözlə, bezib özgələri

Gözləməyəndə.

Gözlə, məktub kəsiləndə

Səhra poçtundan.

Gözlə, təngə gətirəndə

Hamını hicran.

Gözlə məni, qayıdacağam.

Baxma onlara-

Səbr etməyib, tab etməyib

Unudanlara.

Mən ölümün acığına

Dönəcəm, gülüm.

Dözməyənlər qoy dözməsin,

Döz, ömrüm-günüm.

Onlar bilməz: neçin odda

Dönmədim külə.

Məni xilas eylədin sən

Gözləməyinlə.

Nə cür döndüm.

Tək ikimiz

Bilərik bunu.

İnamla yol gözləməyin

Nə olduğunu.

Heç kəs, heç kəs sənin kimi,

Qolum-qanadım,

Gözləməyi bacarmadı;

Sənsə bacardın.



Ayaz Vəfalının tərcüməsi:


Gözlə məni, gələcəyəm,

Gözlə məni yar;

Gözlə məni səpəndə qəm

Narın yağışlar.

Gözlə məni qışın qarı

Evlər yıxanda;

Gözlə məni başqaları

Dönük çıxanda.

Məktubumdan əlini sən

Üzəndə gözlə;

Hamı... hamı gözləməkdən

Bezəndə gözlə.

Gözlə məni, nahaq yerə,

Gülüm, qəm yemə;

"Unudular..." deyənlərə

Xeyir diləmə.

Qoy inansın anam, oğlum

Dostlarım... amma

Ölümümə,

Qurban olum,

Tək sən inanma.

Görsən hamı şərab içir

Ruhum xoş olsun-

Gözlə, demə onlarla

bir "İçək nuş olsun!"

Gələcəyəm, gözlə təki;

Həyat var imiş!

Gözləməyən qoy desin ki,

"Bəxti var imiş!"

Gözləməyən bilməz ki sən

Odlardan belə

Məni necə hifz etmisən

Gözləməyinlə!..

Necə olub sağ qalmışam-

Bilməz ki onlar:

Sənin kimi səhər-axşam

Gözləyənim var!..



Səyavuş Məmmədzadənin tərcüməsi:


Gözlə məni, gələcəyəm,

Gözlə, qış, bahar.

Gətirsə də qəm üstə qəm

Həzin yağışlar,

Gözlə isti havalarda,

Boranda, qarda;

Kimsə kimdən əl üzəndə,

Gözlə yenə də;

Uzaqlardan xəbər-ətər

Gəlməsə belə,

Cana gəlsə gözləyənlər,

Hər nəsə, gözlə.

Gözlə məni, gələcəyəm,

Uyma bir para

İnamı kəm, yaddaşı kəm

Unutqanlara.

Oğul, ana bəd gümana

Düçar olsa da,

Dost-tanışım yana-yana

Qahmar olsa da;

Badələri qaldıraraq

Rəhmət deyəndə,

Gözlə məni lal duraraq,

Tələsmə sən də.

Gözlə məni, qoy əcəlin

Əli qurusun,

Od-alovda gözləməyin

Məni qorusun.

Gözləməyən deyər: yəqin

Bəxti gətirdi.

Gözləməyən hardan bilsin,

Bu necə sirdi.

Özümüz bilərik nədən

Sağ qalmışam mən:

Gözləməkdə sənə heç kəs

Tay ola bilməz.

____________________________

"Gözlə məni" haqqında

Konstantin Simonovun bu şeiri 1941-ci ildə yazılıb və ilk dəfə 1942-ci il yanvarın 14-də "Pravda" qəzetində dərc olunub. Şeirin çapının bir neçə ay yubanmasını da hərə bir cür yozub.

Əvvəldə də qeyd etdiyimiz kimi, müəllif onu ilk həyat yoldaşı, aktrisa Valentina Serovaya ünvanlayıb.



Gözəlliyi ilə hər kəsi heyran qoyan Valentina Serovanın kədərli taleyi olub: Simonovla evləndikdəın sonra marşal Rokassovski ilə eşq yaşadığı xəbəri yayılıb. Xəbər Kremlədək gedib çıxıb. Belə ki, tez-tez cəbhəni qoyub Serova ilə görüşə gələn Rokassovski ilə bağlı general Mexlesin "İndi onunla bağlı nə etməliyik, yoldaş Stalin?" sualına ovaxtkı Sovet rəhbərinin cavabı dillər əzbərinə çevrilmişdi: "Heç nə, paxıllıq edəcəyik!"

Ona dünyanın ən məşhur şeirlərindən birini ithaf etməsinə baxmayaraq Simonova xəyanət edən və boşanan Valentina içkiyə qurşanıb, məhkəmə qərarı ilə qızı əlindən alınıb, tənha yaşamağa məcbur olub. 56 yaşında, 1975-ci ilin bir dekabr günü evində meyiti tapılıb.

Və sonda: Simonov "Gözlə məni" kimi bənzərsiz bir sevgi məktubu ünvanladığı qadının dəfnində iştirak etməyib...


Anadil.az
Oxunub: 487
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR