Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə ekspertiza təyin edilməsi... - Ənnağı Hacıbəylinin YAZISI

Anadil tanınmış hüquqşüns və publisist Ənnağı Hacıbəylinin "Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə ekspertiza təyin edilməsinə dair" adlı yazısını təqdim edir:

XXX

“Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə ekspertiza təyin edilməsinə ehtiyac varmı” sualına cavab verməzdən öncə məsələnin maddi hüquq aspektlərinə qısa ekskurs edək.

“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixli 7 saylı Qərarında göstərilir:

3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:

- məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;

- həmin məlumatların doğru olmaması;

- bu məlumatların yayılması.

Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə bağlı cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz.

11. Kütləvi informasiya vasitəsində istifadə edilən materialda (?) vətəndaşın şərəf və ləyaqətinin ləkələnməsini təsdiq edən əlamətin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi biliyə ehtiyac olarsa, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 73-cü maddəsinə uyğun bu barədə işə mütəxəssis cəlb edə bilər.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı:

11. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.

Beləliklə, qanunvericilik, bəzi qüsurlarına baxmayaraq, hakimə imkan verir ki, yayılmış məlumatın konkret şəxsin şərəf və ləyaqətini ləkələyib-ləkələmədiyini müəyyən edə bilsin. Qanunvericilik “ləkələyici məlumat”, “mənəvi zərər” nədir, o hansı hallarda məsuliyyət yaradır, iddia hansı şərtlərlə təmin və ya rədd edilə bilər və s. başlıca suallara cavab verir.

Yuxarıda deyildiyi kimi, Ali Məhkəmənin Plenum Qərarı hakimlərə tövsiyə edir ki, “xüsusi biliyə ehtiyac olarsa, məhkəmə MPM-in 73-cü maddəsinə uyğun olaraq işə mütəxəssis cəlb edə bilər”.

Yarana biləcək mübahisəni önləmək üçün bildirim ki, “bu işlərdə ekspertiza təyin edilə bilməz” hökmünü iddia etmirəm. Ən azı “Qanunla qadağan edilməyən hər şeyə icazə verilir” prinsipi burada da keçərlidir. Üstəlik, MPM-in normaları, yuxarıda göstərilən AM-in Plenum qərarının 11-ci bəndi də buna yol açır. Lakin hüquqçular yaxşı bilirlər ki, ekspertiza təyin edilməsi ilə işə mütəxəssis cəlb edilməsi tamamilə fərqli anlayışlardır, onların hüquq statusu, proseduru və nəticələri də fərqlidir. MPM-in bu məsələlərlə bağlı normalarında olan boşluqları kənara qoyub qanunun bu hadisələri nizamlayan normalarına baxaq.

Maddə 63. Ekspert

63.1. Xüsusi biliyi olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmənin təyin etdiyi və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər.

Maddə 64. Mütəxəssis

64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, başqa bilik və düşüncəsi olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
Bu kontekstdə təbii ki, ekspertlə mütəxəssis arasında fərqi görmək asan deyil.

Mütəxəssis rəyi ekspert rəyini əvəz etmir, hüquq məsələləri üzrə mütəxəssis cəlb edilə bilməz, belə məsələlərin həlli hakimin səlahiyyətindədir (“Hakim hüququ bilir” prezumpsiyası). Ekspert rəyi ilə bağlı hansısa məsələnin aydınlaşdırılmasına ehtiyac varsa, onları mütəxəssis deyil, ekspert özü aydınlaşdırmalıdır. Mütəxəssis daha çox texniki məsələlərin (şəkil çəkmək, plan və sxemlər tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) həlli üçün məhkəməyə kömək məqsədi ilə dəvət edilir.

Mülki işlərdə adətən xətşünaslıq, linqvistik, tibb, psixiatrik, mühasibatlıq, inşaat ekspertizası təyin olunur.

Ekspert və mütəxəssis rəyləri məhkəmə üçün məcburi deyil və onları məhkəmə başqa iş materialları ilə birlikdə qiymətləndirir.

Daha bir irad “xüsusi bilik” və “bu Məcəllədə nəzərdə tutulmuş hallarda” şərti ilə bağlıdır.

“Xüsusi bilik” ifadəsi həddən artıq geniş anlayışdır. Bu anlayış prosessual qanunvericilikdə dar təfsir edilməlidir. Bura sübutların aşkara çıxarılması, fiksasiyası və və tədqiqini təmin edən dərin nəzəri və praktik biliklər aiddir. Ümumi bəlli məsələlər, o sıradan hüquq bilikləri bu kateqoriyaya daxil deyil. Aşağıda məhkəmə praktikasından gətirilən örnəklər də göstərəcək ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə ekspertiza təyin edilməsi əksər hallarda “xüsusi bilik” ifadəsinin ölçüsüz təfsirindən doğur və ədalət mühakiməsinin mənafeyi ilə birbaşa əlaqəsi yoxdur. Üstəlik, ekspertiza təyin edilməsi “bu Məcəllədə nəzərdə tutulmuş hallarda” şərtinə də uyğun deyil. Məsələn, MPM-in 319-cu maddəsinə əsasən, hakim şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertiza təyin edir. Çünki psixiatriya xüsusi bilik tələb edən sahədir və hakim bu halda psixiatrı əvəz edə bilməz. Səs və videoyazılarla (m. 203), sübutun saxtalığını yoxlamaqla (m. 204) və s. bağlı eksprtin işdə iştiraka cəlb edilməsi də məhz xüsusi bilik zərurətindən irəli gəlir.

Məhkəmə-linqvistik ekspertiza ilə bağlı situasiya fərqlidir. Hansısa ifadənin təhqiramiz olub-olmaması daha çox ümumi bilik sahəsinə aiddir və hakimin bu ifadələrə qiymət verməsi üçün hansısa xüsusi biliyə ehtiyacı yoxdur. Şahid ifadələrində, başqa iş materiallarında olan söz və ifadələri də hakim məhz bu ümumi bilik sahəsindəki hazırlığı ilə və hüquq normalarına uyğun qiymətləndirir. Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə qiymətləndirmə əlavə olaraq subyekt, fakt, mülahizə, ictimai önəmli informasiya və s. şərtlərlə aparılır.

“Hakimin xüsusi biliyi olsa da o, eksperti əvəz edə bilməz” hökmü də ümumi və xüsisi bilik fərqləndirməsi şərti ilə qəbul edilə bilər.

Keçək mətləbə.

Məhkəmə praktikasından misallar.

Bir işdə cavabdeh iddiaçıları “bostan oğrusu”, “ərəb dəvəsi”, “malabaxan”, “qarınpoxu”, “götatan quşu”, “rüşvətxor”, “eşşək” və s. söz və ifadələrlə təhqir edib.

İşdə ekspertiza təyin edilməyib, iddialar təmin olunub və qüvvədə saxlanıb.

KİV-ə qarşı iddiada “dələduz”, “fırıldaqçılıqla məşğuldur”, “mafiya”, “sən Siciliya mafiyasındansan”, “sən çevriliş etmək istəyirsən”, “milyonların başına dəysin”, “sən anaları burda ağlar qoyub, 20 manatlıq yardımın başına dəysin”, “insanların etibarından sui-istifadə edib” məzmunlu ifadələr təhqiramiz ifadələr sayılıb.

İşdə mütəxəssis rəyi təqdim edilib. Məhkəmə ekspertiza təyin edib. Ekspert rəyində deyilir: “dələduz”, “fırıldaqçı”, “insanların etibarından sui istifadə edib”, ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə, “mafiya”, “Siciliya mafiyasındansan”, “sən çevriliş etmək istəyirsən” , “milyonların başına dəysin”, “sən anaları burda ağlar qoyub, 20 manatlıq yardımın başına dəysin” ifadələri isə birbaşa olaraq ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaldan, işguzar nüfuzuna xələl yetirən ifadələrdir.

İddia qismən təmin edilib.

Ekspert “ifadələr həqiqəti əks etdirmədiyi təqdirdə” qeyd-şərti ilə hakimə işarə vurur ki, bu məsələlər hüquq, yəni sübutetmə məsələləridir, anlamıram ki, bunu nədən məndən soruşursan.

Başqa bir işdə iddiaçı cavabdehin onu söyüb təhqir etdiyini göstərib. Məhkəmə qərarlarında təhqiramiz ifadələrin nədən ibarət olduğu göstərilməyib. Cavabdeh iddiaçının bakirə olmadığı barədə məlumat yayıb.

İş üzrə ekspertiza təyin edilib, ekspert bakirəliklə bağlı yayılan məlumatların ləkələyici olmasına dair müsbət rəy verib. İddia qismən təmin edilib və qüvvədə saxlanıb.

Daha bir işdə cavabdeh iddiaçının narkoman olduğunu və övladlarını qadından almaq üçün böhtana baş vurduğunu bildirib. İşdə ekspertiza təyin edilib. Hakim ekspert qarşısında sual qoyub ki, müsahibədəki ifadələr iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağı salan məlumatlar sayıla bilərmi.

Eyni mənzərəni cinayət işlərində də görmək olar.

Ekspert rəyinə baxın:

Saytda “paylaşım edilmiş məqalələrdə hakimiyyətin zorla ələ keçirilməsinə və AR Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə dövləti və dövlət hakimiyyəti orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn hərəkətlərin əlamətləri aşkar edilmişdir”.

Tam eyni cümlə başqa bir cinayət işindəki ekspert rəyində təkrar olunur.

Başqa bir ekspert rəyində deyilir:

“...MMC-nin məhsulları həyat üçün təhlükəlidir” MMC-nin işgüzar nüfuzunu mənfi qiymətləndirən, nüfuzdan salan məlumatlar hesab olunur. Həmin məlumatlar “MMC-də istehsal olunan məhsulların insan sağlamlığına ziyanlı olması”, “insan həyatı üçün yaradılan təhlükənin fərqinə varmayan MMC”, “zavod rəhbərliyi insanların həyatı üçün ciddi təhlükələr yaradır”, “dövlətə külli miqdarda ziyan vurur”, “qanunlara hörmətsizliyi ilə diqqət çəkir” və bu xarakterli bir sıra söz, söz birləşmələri və ifadələrdə əks olunmuşdur”.

Bütün bu hallarda ekspert rəyləri xüsusi bilik tələb edən məsələlər barədə deyil, məhz hakimin səlahiyyətində olan hüquq məsələləri – sübutetmə, sübutlar və onların qiymətləndirilməsinə dair məsələlər haqqındadır. Adətən siyasi sifarişlər, vəzifəli və pullu şəxslərin göstərişlərinin icrasından ibarət olan belə hökm və qətnamələrin məqsədi mətbuata basqı, onun susdurulması, özləri üçün “tənqiddən sığortalanmış zonalar” yaradılmasıdır. Hətta “reket jurnalistikası” bəhanəsi də belə ekspert rəylərinin qüsursuz hüquqi rəy olduğunu sübut edə bilməz.

Elmi tədqiqatlar, elmi məqalələr, elmi-populyar və s. yazılarla bağlı mübahisələrin məhkəmə çəkişməsinə çevrilməsi əksər hallarda absurddur. Belə hallarda dartışmalar elmi mübahisələr, diskussiyalar, cavab nəşrləri müstəvisində çözülməlidir. Belə yazılarda şəxsiyyətə yönəlik təhqiramiz ifadələrin elmə, publisistikaya, ziyalı sözünə dəxli yoxdur və iddia predmeti ola bilər.

“Hakim hüququ bilir” prezumpsiyası təkcə qanunvericiliyi bilməklə qapanmır. Hakimdə qanunlara şərh vermək, qanunun hərfi mənasını və ruhunu duymaq bacarığı, hüquq təfəkkürü olmalıdır. Bütün bunlar şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə bəlkə də daha qabarıq görünür. İnternet əsrində, “Vikipediya” dövründə, çeşidli izahlı dil lüğətləri olan zəmanədə sözə qiymət vermək, onun məna çalarlarını bilmək və duymaq, konteksti tutmaq üçün “hüququ bilən” hakimin ekspertə və mütəxəssisə nadir hallarda ehtiyacı yarana bilər.

Deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar: şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə ekspertiza təyin edilməsinə və ya mütəxəssis cəlb edilməsinə əksər hallarda ehtiyac yoxdur. Məhkəmə praktikasının analizi göstərir ki, bu işlərdə ekspertiza təyin edilməsi əksər hallarda ədalət mühakiməsinin ehtiyaclarından irəli gəlmir və onun mənafeyinə xidmət etmir. Bir halda o, “ilanı seyidəhməd əli ilə tutmağa”, başqa halda hakimin savadsızlığını və tənbəlliyini ört-basdır etməyə, işi yubatmağa və başqa qeyri-prosessual məqsədlərə xidmət edir.

Qeyd: Yazıda məsələnin əsasən prosessual aspektlərindən bəhs olunub.


Anadil.az
Oxunub: 378
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR