Həyatı ürəyincə yaşamağın 7 YOLU... - Ölümdən dönən iki qadın yazıçının MƏSLƏHƏTLƏRİ

Həyatınız bütövlükdə bir film lenti kimi gözlərinizin önündən keçərsə, gördükləriniz sizi xoşbəxt edərmi? Peşmanlıq yaşayarıq?

Anadil-in məlumatına görə, BBC-nin müxbiri Emma Barnett ölümə yaxın təcrübəsi olan iki qadın yazıçı ilə danışıb, onlardan həyata baxışlarının necə dəyişdiyini soruşub.

Corcinanın hekayəsi
Corcina Skull 37 yaşında ektopik hamiləlik səbəbilə uşaqlıq borularının (yumurtalıq kanalı) partlaması nəticəsində az qala öləcəkdi.

Sağaldıqdan sonra həyatı doyunca yaşamağın nə demək olduğunu anlamaq üçün oxşar təcrübələri olan digər qadınlarla danışmağa qərar verdiyini deyən Gorcina yaşadıqlarını belə izah edir: "Sağaldıqdan sonra özümü keçmişlə gələcək arasında sıxılmış vəziyyətdə hiss etməyə başladım. Həyatımda bəzi dəyişikliklər etməli olduğumun fərqində idim, amma bu çox ləng baş verdi, illər çəkdi.

Həyat yoldaşımdan dərhal ayrılmaq istəmədim, amma bir nöqtədə ayrılmalı olduğumu hiss etdim. İşimi də dəyişdirmək istəyirdim. Amma ilk mərhələdə qorxdum, həyatıma eyni şəkildə davam etdim.

Peşmanlıqlar çox vaxt başqa insanların gözləntilərinə əsasən yaşamaqdan gəlir. Mən də bir nöqtədə məni bədbəxt edən şeyləri oturub tək-tək dəyərləndirdim. Amma özümü keçmişdəm ayırmağım çox çətin idi.

Tanya Şadrikin hekayəsi
Tanya isə 33 yaşında doğuş sonrası arterial qanama keçirib. Komadan çıxdıqdan sonra Tanya "ikinci həyatını" fərqli bir şəkildə yaşamaq istədiyinə qərar verib.

"Çox ani bir şəkildə oldu. Bir anda qanaxma başladı. Öləcəyimin fərqində idim, çox qorxuducu idi" deyə təcrübəsini danışan Tanya sözlərinə belə davam edir: ""İlk həyatımdakı" qorxaqlığım üzündən çox peşman oldum. Kağız üzərində kifayət qədər uğurlu görünürdüm, amma əslində həyatdan qaçırdım.

Həyatda oyanış çağırışları çox ani olur, əsasən bu cür ağır vəziyyətlərdə yaşanır. Bu çağırışları ən yaxşı şəkildə dəyərləndirmək də vaxt alır.

Həyatı ürəyincə yaşamağın 7 YOLU... - Ölümdən dönən iki qadın yazıçının MƏSLƏHƏTLƏRİ

Tanya Şadrik (solda) və Corcina Skull (sağda)

Ürəyincə yaşamağın 7 yolu
Corcina ilə Tanya həyatı doyunca yaşamağın 7 yolunu paylaşırlar.

1. İstədiyin mövzuda dürüst ol
Corcina həyatımızın dostlarımız, ailəmiz və işimiz kimi müxtəlif hissələrdən ibarət olduğunu, odur ki həyatda istəklərimizin zaman-zaman dəyişdiyini deyir.

Həyatımızın fərqli bölümlərini vaxtaşırı gözdən keçirib, bizi xoşbəxt etməyən şeyləri həyatımızdan çıxarmağı, xoşbəxt edənlərə isə daha çox sarılmağı məsləhət görür.

Tanya isə deyir ki, həyatda müxtəlif səbəblərdən özümüzü azad hiss etmədiyimiz zamanlar peşmanlıq hiss etmək və ya yeni macəralara başlamaq istəmək çox normaldır.

Tanya bu mövzuda iç səsimizi dinləməyin, özümüzə güvənməyin və səbrli olmağın önəmini vurğulayır.

2. Etmək istədiklərini təxirə salma
Corcina izah edir ki, həyatda hər kəs gələcək üçün planlar qurur, lakin bəzən gələcəyə həddən artıq diqqət yetirildikdə, edilənlər və ya edilə biləcəklər gözdən qaçır.

O deyir: "Getmək istədiyiniz o gəzintiyə gedin, görüşmək istədiyiniz dostlarınızla görüşün, yeni hobbilərə başlayın. Bunları etmək üçün mükəmməl bir zaman yoxdur. Anın dadını çıxarın".

Tanya isə deyir: "Həyatda həmişə konkret məqsədlərə sahib olmaq məcburiyyətində deyilsiniz, lakin hər səyahət yaşamağa dəyər. Yeni təcrübələrə açıq olun".

3. Keçmişi dəyişdirməyə çalışmayın
Corcina həyatda verdiyimiz bəzi qərarların keçmişimizi dəyişdirmək üçün bir cəhd olduğunu deyir: "Maddi imkanları məhdud bir ailədə böyümüsünüzsə, həyatınızda öncəliyiniz pul qazanmaq ola bilər. Sevgi dolu bir ailədə böyüməmisinizsə, hər zaman sevgi axtarışında ola bilərsiniz. Amma keçmişi dəyişdirməyin mümkünsüz olduğunu unutmayın. Edə biləcəyimiz tək şey indini doyunca və istədiyimiz şəkildə yaşamaqdır".

4. Özünüzə zaman məhdudiyyəti qoymayın
Tanya deyir: "Cəmiyyətimiz hər problemə sürətli həll yolları axtarır. Bir ayda necə 10 kiloqram arıqlaya bilərəm və ya 6 həftədə necə 5 kilometr qaça bilərəm kimi hədəflərimiz var. Əslində, özümüzə daha uzun müddətlər verdiyimiz zaman daha maraqlı şeylər baş verə bilər".

O sözlərinə davam edir: "İngiltərədə şagirdliyin müddəti əsasən 7 ildir. Ən çox etmək istədiyimiz şeylərə niyə bu qədər vaxt ayırmayaq? Özünüzə bu sualı verə bilərsiniz, 10 və ya 20 il içərisində bir mövzuda peşəkar olmaq qarantiyanız olsa, hansı mövzunu seçərdiniz?"

5. Yeni şeylər yoxlamağa davam edin
Corcina deyir: "Bir rutinin içində həbs olmaq çox asandır. Arada getdiyiniz yerləri və məşğuliyyətlərinizi dəyişdirməyi yoxlayın. Yeni insanlarla tanış olun. Əgər bunları etməsəniz, dünyanız get-gedə kiçiləcək".

Tanya isə bunları məsləhət görür: "Yaşamaq üçün necə həyəcanlana bilərsiniz? Sevdiyiniz 100 şeyin siyahısını tutmağı yoxlaya bilərsiniz, məsələn. Günlər və ya həftələr boyu bununla məşğul olun. Bu müddətin sonunda sizi xoşbəxt edən və həyəcanlandıran şeylərin fərqinə varacaqsınız".

"Sevdiyiniz 100 şeyin siyahısını tutmağı yoxlaya bilərsiniz", Tanya deyir

6. "Sevgini tanıyın"
"Mən sadəcə romantikadan bəhs etmirəm. Dostlarınıza, ailənizə, özünüzə və ya işinizə olan sevgini də tanıyın" deyən Corcina sözlərinə belə davam edir: "Bəzən sevgi düz qarşımızda ikən dəyərini bilmirik. Ancaq xoşbəxtliyimizə və həyat sevincimizə töhfə vermək üçün edə biləcəyimiz ən təsirli şeylərdən biri həyatımızda olan sevgini tanımaq və onun dəyərini bilməkdir".

7. İnsanların nə düşündüklərini unudun
Tanya deyir: "Neçə nəfərin sosial şəbəkələrdəki paylaşımlarınızı bəyəndiyini və ya insanların seçimləriniz haqqındakı şərhlərini diqqətə almamağa çalışın".

Tanya belə davam edir: "Həyatda edə biləcəyiniz ən böyük dəyişiklik daha çox təcrübəyə "hə" demək, yığıncaqlara getmək, həyatdan gizlənməməkdir. Ən çətin gördüyümüz və etməməyi seçdiyimiz şeylər sonradan bizə peşmanlıq kimi qayıdır".

O, fikirlərini belə tamamlayır: "Dəyər verdiyiniz şeylər üçün bir az cəsarət göstərməyi yoxlayın!"


/Qeyd: Yazı BBC-nin materialı əsasında hazırlanıb/


Anadil.az
Oxunub: 263
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR