Başçı oğru olur, oğru baş gedir... - Ehtiram İlhamın ŞEİRİ

Anadil Ehtiram İlhamın şeirini təqdim edir:

XXX

Çörəklə sınağa çəkirlər... burda
Yaşamaq uğrunda bir savaş gedir.
Əli yer tutanlar dartır ayaqdan,
Hamı bir-biriylə başabaş gedir.

Yazı qış kimidir, qışdır yazı da,
Ötür kamanı da, dinir sazı da,
Gedir dəlisi də, ağıllısı da,
Kimisi bərk gedir, kim yavaş gedir.

Haqdan el çəkilir, eldən bərəkət,
Candan can ayrılır, candan hərarət,
Dildən söz tükənir, sözdən həqiqət,
Başçı oğru olur, oğru baş gedir.

Yenə qaynamada örtülü qazan,
Yenə qurulmada bir taxtı-divan.
...Bu fani ömürdən, bu boş dünyadan
Deyərsiz, Ehtiram əliboş gedir.


Anadil.az
Oxunub: 374
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR