Yəhudilərin Fələstinə köçü NƏ VAXT və NECƏ BAŞLADI?

Anadil tarixçi Yadigar Sadıqlının "Sionizm və yəhudilərin Fələstinə köçü" məqaləsini təqdim edir:

XXX

1894-cü ildə Fransa ordusunun yəhudi əsilli zabiti Alfred Dreyfus Almaniyanın xeyrinə casusluqdan ittiham olunaraq həbs olundu. Bu zaman onun günahsızlığını sübut edən xeyli faktlar inkar edildi. Hadisə Fransada böyük əks-səda doğurdu. Cəmiyyət Dreyfus tərəfdarları və əleyhdarları olaraq iki hissəyə bölündü.

1895-ci ilin yanvarında məhkəmə Dreyfusu günahkar hesab etdi və o, Fransa Qvineyasındakı Şeytan adasına ömürlük sürgün cəzasına məhkum olundu (1906-cı ildə bəraət aldı). O, sürgünə göndərilməzdən əvvəl Hərbi məktəbin həyətində “mülki edam” deyilən təhqiramiz prosedura məruz qaldı. Onun poqonları, fərqlənmə nişanları, qızılı düymələri söküldü, qılıncı sındırıldı.

Həmin prosedura şahidlik edənlər arasında Vyanada çıxan “Neue Freie Presse” qəzetinin yəhudi əsilli Paris müxbiri Teodor Herzl də vardı. Yüz il əvvəl, Böyük Fransa inqilabı zamanı “İnsan və vətəndaş hüquqları bəyannaməsi”nin qəbul olunduğu ölkədə səslənən “Yəhudilərə ölüm!” şüarı Herzli dəhşətə gətirir.

Məhz bu hadisədən sonra Herzl başqa xalqların yəhudi düşmənçiliyinin azalacağına ümid bəsləməyin sadəlövhlük olması və vəziyyətdən çıxış yolunun yəhudi dövlətinin yaranması olduğu qənaətinə gələrək fəaliyyətə başlayır. 1896-cı ildə onun “Yəhudi dövləti” adlı kitabçası çapdan çıxır. Bu kitabda yazırdı ki, yəhudi məsələsinin yeganə həlli yəhudi dövlətinin yaranmasıdır, çünki “yəhudilərin yaşadıqları ölkələrdəki bütün xalqlar açıq və ya gizli antisemitdirlər”.

Collapse
Herzl bu illərdə Osmanlı rəsmiləri ilə görüşərək Fələstində yəhudi yurdunun yaradılması üçün icazə almağa çalışır, əvəzində dövlətin xarici borcunu ödəməyi, eləcə də yəhudilərin nəzarətində olan mətbuat vasitəsilə II Əbdülhəmidin Avropada imicini yaxşılaşdırmağı təklif edir. Osmanlı dövlətinin borc içində boğulmasına baxmayaraq, təklif qəbul olunmadı.

1897-ci ildə isə Bazeldə birinci Beynəlxalq yəhudi konqresi keçirilir, Ümumdünya sionist təşkilatı yaradılır və Herzl onun prezidenti seçilir. İndiyə qədər yeri dəqiq göstərilməyən yəhudi dövlətinin Fələstində, yəhudi xalqının tarixi vətənində yaradılması qərarı da məhz Bazeldə qəbul olunur və bunun uğrunda hərəkat “sionizm” adını alır.

***

Həmin illərdə isə yəhudilərin Fələstinə köçü artıq başlamışdı. Birinci aliya adını alan bu axın Rusiya çarı II Aleksandrın öldürülməsindən və bunda yəhudilərin günahlandırılmasından sonra imperiyanın cənubunda törədilən yəhudi talanları nəticəsində 1882-ci ildə başladı. Sonra da 1891-ci ildə Çerniqovda, 1895-ci ildə Kutaisidə, 1897-ci ildə Kiyev və Xerson quberniyalarında, 1899-cu ildə Nikolayevdə talanlar baş verdi. Bundan əlavə, XIX əsrin sonlarında Rumıniya və Macarıstanda da yəhudi talanları baş verir. 1882-1903-cü illərdə Fələstinə 20 min yəhudi köçür. 1901-ci ildə Osmanlı hökuməti Fələstinə gələn yəhudilərə torpaq almaq hüququ verir. Torpağı satanlar isə elə ərəblər idi.

Teodor Herzl 1904-cü ildə vəfat etdi. Amma onun verdiyi təkan sayəsində sionizm hərəkatı vüsət almaqda davam edirdi. Herzldən sonra Ümumdünya sionist təşkilatına David Volfson (1905-1911), Otto Varburq (1911-1920), Xaim Vaysman (1921-1931 və 1935-1946), Nahum Sokolov (1931-1935) rəhbərlik etdilər.

İkinci aliya adlanan dövr 1904-1914-cü illəri əhatə edir. Rusiyada (Kişinyov, Xerson, Rostov, Odessa, Yekaterinoslav və başqa şəhərlərdə) və Rumıniyada (1907-ci il kəndli üyanı zamanı) yəhudi talanları davam edir və bunun nəticəsində daha 35 min yəhudi Fəlsətinə köçür. Bununla belə, 1914-cü ildə yəhudilər Fələstin əhalisinin ancaq 14 faizini təşkil edirdilər.

Rusiya imperiyasından köçən yəhudilərin istər maddi vəziyyəti, istərsə də mədəni səviyyələri yüksək deyildi. Amma Herzlin 1899-cu ildə yaratdığı Yəhudi kolonizasiya cəmiyyəti yəhudi köçünü və məskənlərini himayə edir. Cəmiyyətin əsas donoru Edmon de Rotşild idi. O, bu quruma təkcə bir dəfəyə 15 milyon qızıl frank bağışlamış, ümumən isə 50 milyon dollar kimi o dövr üçün çox böyük məbləğ ianə etməsi təxmin edilir. Nəticədə 1924-cü ildə cəmiyyətin Fələstində malik olduğu ərazinin həcmi 500 kv km-ə çatırdı. Tel-Əviv şəhərinin də əsası bu illərdə, 1909-cu ildə, Yaffa şəhərinin bir hissəsi kimi qoyuldu.

1909-cu ildə həm də “Haşomer” adlı yəhudi özünümüdafiə təşkilatı yaradıldı. Bu azsaylı dəstələr ərəblərlə toqquşmalar məqsədilə deyil, qaçaq-quldurdan müdafiə üçün nəzərdə tutulurdu. Zatən ərəb-yəhudi konflikti hələ müşahidə olunmurdu.

***

Birinci dünya müharibəsi illərində ingilislər Məkkər şərifi Hüseyn bin Əlini Osmanlı dövləti əleyhinə üsyana təhrik etdilər. Bunun əvəzində müharibədən sonra böyük ərəb dövlətinin yaradılacağını və onun da kral olacağını vəd etdilər. Hüseyn də buna inanaraq 1916-cı il iyunun 10-da üsyan qaldırdı.

Amma bu üsyandan hələ iki ay əvvəl, mayın 16-da Britaniya və Fransa arasında Sayks-Piko razılaşması deyilən müqavilə imzalandı. Sənəd Osmanlı imperiyasının Yaxın Şərq vilayətlərini Britaniya və Fransanın maraq dairələrinə bölməyi nəzərdə tuturdu. Bu zaman Fələstin ingilislərə çatacaqdı. Göründüyü kimi, Sayks-Piko razılaşmasının müddəaları ilə Məkkə şərifinə verilən vədlər üst-üstə düşmürdü.

1917-ci ilin noyabrında Britaniyada Balfur deklarasiyası yayıldı. Söhbət xarici işlər naziri Artur Balfurun ölkədəki yəhudi icmasının rəhbəri Uolter Rotşildə Böyük Britaniya və İrlandiyanın sionist federasiyasına çatdırmaq üçün yazılan rəsmi məktubundan gedir. Həmin məktubda bildirilirdi: “Əlahəzrət kral hökuməti Fələstində yəhudi xalqı üçün milli bir evin qurulmasına tərəfdardır və bu məqsədə nail olmaq üçün əlindən gələni edir”.

Deklarasiyada bilərəkdən “milli ev” kimi hüquqi önəmi olmayan ifadə işlədilməsinə baxmayaraq, yəhudilər bu sənədi böyük sevinclə qarşıladılar və haqsız da sayılmazdılar. Böyük Britaniya o zaman dünyanın fövqəldövləti idi və ikibaşlı şəkildə də olsa sionizmə dəstək ifadə etmişdi. Sənəd o vaxta qədər sionizmə bədbin yanaşan yəhudilərə belə nikbinlik verdi.

Üçüncü aliya adını alan 1919-1923-cü illər köçü zamanı daha 35 min yəhudi artıq Britaniyanın nəzarətində olan Fələstinə köçdü. Bu dalğada Balfur deklarasiyasından əlavə Rusiyada baş verən inqilab və vətəndaş müharibəsi də rol oynadı. Mühacirlərin böyük əksəriyyəti keçmiş Rusiya imperiyasının payına düşürdü: 43% Rusiyadan və 31% Polşadan.

***

Yəhudilərinin sayının artması, milli ev və ya dövlət barədə söz-söhbətlərin çoxalması Fələstin ərəblərinin qıcığına səbəb olur. Buna bir səbəb də yəqin ki, yəhudilərin işgüzarlığı, kollektivçilik və yenilikçilik hesabına rifahlarının tezliklə ərəbləri üstələməsi idi. Nəticə özünü çox gözlətmədi.

Qüdsün nüfuzlu müsəlman ailələrindən birinin nümayəndəsi olan Əmin Hüseyninin təhrik etdiyi ərəblər 1920-ci ilin aprelində Qüdsdəki yəhudi məhəllələrinə hücum etdilər. Rusiya və Şərqi Avropadakı talanlarla müqayisədə burada qurbanların sayı az oldu: 5 yəhudi öldü, 200 nəfərə qədər yaralandı (asayişi bərpa etməyə çalışan ingilislərin açdığı atəş nəticəsində 4 ərəb də öldü). Amma bununla ərəb-yəhudi düşmənçiliyinin əsası qoyuldu.

Britaniya məhkəməsi Əmin Hüseynini qiyabi 10 il azadlıqdan məhrum etdi, amma elə avqustda əfv olundu. Bir il sonra isə Britaniya Ali komissarı onu Qüds müftisi təyin etdi. O, bu vəzifəni 1948-ci ilə kimi daşıdı və ərəb-yəhudi düşmənçiliyinin alovlanmasında xüsusi rol oynadı. İkinci dünya müharibəsi zamanı da nasist Almaniyasını və Holokostu dəstəklədi.

Aprel hadisələri Haşomer əsasında daha çoxsaylı yəhudi hərbi təşkilatının – Haqananın yaradılmasına rəvac verdi. Bu dəstələr artıq qaçaq-quldurdan deyil, konkret ərəb hücumlarından müdafiə üçün nəzərdə tutulurdu. Britaniya administrasiyasının qadağası üzündən Haqana qeyri-leqal fəaliyyət göstərirdi.

***

Növbəti talan 1921-ci ildə Yaffada baş verdi. Maraqlıdır ki, olay yəhudilərin öz arasındakı toqquşmalarla başladı. 1 May bayramını qeyd edən yəhudi kommunistlər və sosialistlər arasında toqquşma baş verdi. Ərəblər də (həm müsəlman, həm xristian) dalaşanları dağıtmağa çalışan Britaniya polisinə kömək bəhanəsilə yəhudilərin üzərinə hücum etdilər. Tezliklə yəhudi evləri basqına məruz qaldı. Talanlar yaxınlıqdakı bir sıra başqa yaşayış məntəqələrinə də yayıldı.

Mayın 7-ə kimi davam edən toqquşmalar zamanı yəhudilərdən 47 nəfər öldürüldü, 146 nəfər yaralandı. Ərəblərdən isə 48 nəfər öldürüldü, 73 nəfər yaralandı. Ərəb itkilərinin çox Britaniya polisinin açdığı atəş nəticəsində baş verdi. Yaffada yaşayan minlərlə yəhudi Tel-Əvivə qaçdı. Nəticədə bu məntəqənin ayrıca yəhudi şəhərinə çevrilməsi baş verdi.

***

Dördüncü aliya adını alan yəhudi köçü 1924-cü ildə başladı. Avropa tarixşünaslığında bu köçü 1929-cu illə, yəhudilər özləri isə 1932-ci illə yekunlaşdırırlar. Bu zaman Fələstinə 80 min yəhudi köçdü (20 minin də Fələstindən köçdüyü deyilir). Axına rəvac verən əsas amil yenə Şərqi Avropadakı antisemitizm idi. Məsələn, 1923-1925-c illərdə Polşanın baş naziri olmuş Vladislav Qrabskinin yəhudiləri diskriminasiya mahiyyətli bir sıra qanunları səbəbindən bu dövrdə köçənlərin yarısını Polşa yəhudilərdi təşkil edirdilər. Hətta dördüncü aliyanı bəzən “Qrabski aliyası” adlandırırlar.

Digər tərəfdən, 1924-cü ildə qəbul edilən immiqrasiya haqqında qanun (Conson-Rid qanunu) ABŞ-a mühacirəti xeyli çətinləşdirdi. Bu da Fələstinə gələnlərin sayının artmasına səbəb oldu. Qrabskinin diskriminasiya siyasəti həm də vergilərlə bağlı olduğundan Polşadan köçən yəhudilərin çoxu orta sinfə aid idi. Nəticədə Fələstindəki yəhudi şəhər əhalisinin sayı, qismən də iqtisadiyyatda sənayenin xüsusi çəkisi artdı.

Ərəblərin reaksiyası özünü çox gözlətmədi. 1929-cu il avqustun 16-da Əmin Hüseyninin cümə moizəsindən sonra müsəlmanlar Şərqi Qüdsdə, əl-Əqsa məscidinin yaxınlığında yerləşən Göz yaşı divarının yanına gələrək buradakı dua kitablarını, divarın boşluqlarına qoyulan niyyət yazılarını yandırdılar, yəhudi din xadimini yaraladılar. Bundan sonrakı həftə lokal toqquşmalarla keçdi.

Avqustun 23-də növbəti cümə namazından sonra “yəhudiər əl-Əqsa məscidini ələ keçirmək istəyirlər” fitnəsindən qeyzlənən müsəlmanlar Qüdsün yəhudi məhəllələrinə hücum etdilər. Hadisələr tezliklə başqa şəhərlərə yayıdı. Ən çoxsaylı qətllər və ən dəhşətli zorakılıqlar Hebronda (əl-Xəlil) baş verdi.

20 minə qədər əhalisi olan Hebronda təxminən 700 yəhudi yaşayırdı. Hadisələrdən əvvəl Haqana buradakı yəhudilərə müdafiə üçün kömək təklif etdi. Amma şəhərdə əvvəllər heç bir toqquşma baş vermədiyindən yəhud icmasının liderləri təklifi rədd etdilər və Hebronun ərəb əyanlarına inandıqlarını söylədilər. Nəticədə şəhərdə 69 yəhudi öldürüldü, xeyli qadın zorlandı. Bu zaman bəzi ərəblərin yəhudi qonşularını gizlədərək xilas etmələrini də demək lazımdır.

Avqustun 29-da kimi davam edən qırğın nəticəsində 17 yaşayış məntəqəsində yəhudi icmaları ləğv oldu, buradakı yəhudilər başqa yerlərə köçdülər. 133 yəhudi və 116 ərəb öldürüldü. Ərəblərin bir hissəsi Haqana və yəhudilər tərəfindən, çoxu isə Britaniya polisi tərəfindən öldürüldü. İngilislərin hakimlik etdiyi məhkəmələr 26 ərəbi və 2 yəhudini edam cəzasına məhkum etdi. Amma apelyasiyadan və Ali komissarın əfvindən sonra 25 nəfərin cəzası uzunmüddətli həbslə əvəz olundu, yalnız 3 ərəb edam edildi.

1929-cu ilin talanları Haqananın parçalanmasına səbəb oldu. Daha radikal üzvlər təşkilatın sırf müdafiə taktikası ilə razılaşmayaraq, ərəblərə “daha adekvat” cavab verilməsini istəyirdilər. Onlar ayrılaraq 1930-cu ildə “İrqun Tsvai Leumi” təşkilatını yaratdılar ki, o da qısaca İrqun və ya Etsel adı ilə daha çox tanınır.

Həmin il ərəblər tərəfindən İzəddin Kassamın rəhbərliyi altında “Qara əl” təşkilatı yaradıldı. Fələstində məhz bu iki təşkilat ilk dəfə terroru vasitə kimi seçdilər. Bu zaman “Qara əl” mövcud olduğu 5 il ərzində 8 yəhudini öldürdüsə, İrqunun fəaliyyəti daha uzunmüddətli və daha qanlı oldu. Məsələn, 1938-ci ilin avqustunda Hayfa bazarında bomba partladılması nəticəsində 53 ərəb öldü. 10 ay sonra elə həmin yerdə minalanmış eşşəyin partladılması 20 ərəbin həyatına son qoydu.

***

Beşinci aliya 1932-ci ildə başladı və İkinci dünya müharibəsinin əvvəlinə qədər davam etdiyi 7 il ərzində 250 min yəhudi Fələstinə köçdü. Nasistlərin hakimiyyətə gəlməsi üzündən köçənlərin təxminən ¼ hissəsi Almaniyadan idi. Bu yəhudilər həm maddi, həm də mədəni səviyyələrinə görə Şərqi Avropadakı soydaşlarından xeyli üstün idilər. Nəticədə Fələstindəki yəhudi yişuvunun (yişuv – “müqəddəs torpaqlar”da yaşayan yəhudilərin ümumi toplumu) mədəni səviyyəsi, o cümlədən təhsil və səhiyyənin səviyyəsi xeyli yüksəldi.

Ümumiyyətlə isə, beşinci aliyada da ilk yeri Polşa yəhudiləri tuturdular – təxminən 40%. Bundan əlavə, Rumıniyadan, Litvadan, Yunanıstandan, Yəməndən, hətta ABŞ-dan (2,4%) gələnlər vardı. Beşinci aliya sayəsində Fələstində yəhudilərin sayı 2 dəfədən çox artaraq 460 minə çatdı keçdi, bu da ölkədəki ümumi əhalinin 1/3 hissəsindən bir qədər çox idi. Bu böyük köç ərəblərin də böyük üsyanına səbəb oldu.

***

1935-ci ilin oktyabrın 16-da Yaffa limanında Belçikaya aid yük gəmisindən sement çəlləkləri boşaldılarkən çəlləklərdən biri sındı və içindən silah, patron töküldü. Araşdırma zamanı məlum oldu ki, 537 çəlləyin yalnız 178-də həqiqətən sementdir, qalan 359-da isə 25 Lyuis pulemyotu, 800 tüfəng, 400 000 patron var. Sənədlərdəki alıcı adı saxta olduğundan silahın kimə çatacağı aşkarlanmadı, amma gerçək alıcını yəhudilərin Haqana təşkilatı olması şübhə doğurmurdu.

Hadisə ərəblər arasında böyük rezonans doğurdu. Onlar Britaniya administrasiyasını yəhudilərin silahlanmasının qarşısını almaq üçün qəti tədbirlər görməməkdə günahlandırdılar. Üstəlik, noyabrın 20-də İzəddin Kassam polislə atışmada öldürüldü. Bu iki hadisə ərəblərin narazılığını artırdı, hərçənd, üsyan dərhal baş vermədi.

1936-cı il aprelin 15-də Kassamın tərəfdarları olduğu hesab edilən bir qrup Nablus-Tulkərim yolu üzərində blokpost qurdu. Onlar yoldan keçən ərəblərdən silah almaq üçün pul toplayırdılar. Bu zaman üç yəhudini də güllələndi. Onların ikisi öldü, biri sağ qaldı. Daha bir yəhudinin isə özünü xristian və alman kimi qələmə verməsi müqabilində ərəblərin “Hitlerə xatir gəl keç” dedikləri iddia olunur. İrqun buna cavab olaraq ertəsi gün iki günahsız ərəbi öldürdü. Bununla da qarşılıqlı hücumlar başladı.

Aprelin 19-da Yaffada baş verən iğtişaşlar zamanı 14 yəhudi və 2 ərəb öldürldü. Elə həmin gün ərəblər ümumi tətilə başladılar. Hərəkatı idarə etmək üçün ayın 25-də Əmin Hüseyninin rəhbərliyi altında Ali Ərəb Komitəsi (AƏK) yaradıldı. Komitə Britaniya administrasiyasından yəhudi miqrasiyasının dayandırılmasını, yəhudilərin topraq almasına qadağa qoyulmasını və ərəb hökumətinin yaradılmasını tələb etdi.

İngilislər buna sərt reaksiya verdilər. Kəndlərə gecə reydləri təşkil edilir, ordersiz axtarışlar və sanksiyasız həbslər həyata keçirilir, döyülmə və işgəncə tətbiq edilir. Yaffa limanında ərəblərin tətil etməsi Tel-Əvivdə yeni limanın tikintisinə səbəb oldu. Polisə kömək məqsədilə yəhudilərdən ibarət dəstələr yaradıldı.

Tətil oktyabra qədər davam etdi. Oktyabrın 9-da Səudiyyə Ərəbustanı, İraq və Transiordaniya rəhbərləri Londonun ədalətli davranacağına ümid etdiklərini bildirərək fələstinliləri tətili dayandırmağa çağırdılar. İki gün sonra tətil dayandı. Qeyd edim ki, etiraz təkcə tətil kimi dinc vasitə ilə aparılmırdı, yəhudi qətlləri davam edirdi.

Noyabrın 11-də Fələstinə Britaniya hökumətinin Uilyam Pili rəhbər təyin etdiyi komissiya gəldi. Onun vəzifəsi narazılıqların səbəbini araşdırmaq və vəziyyətdən çıxış yolunu göstərmək idi. 1937-cü ilin yanvarında geri qayıdan komissiyanın hesabatı iyulun 7-də dərc olundu.

Sənəddə Britaniya mandatının ləğv olunmasının gərəkliyi, ərəblərin və yəhudilərin bir yerdə yaşamalarının mümkünsüz olması qənaətinə gəlinir, Qüds və Aralıq dənizindən Yaffaya qədər dəhlizin, eləcə də Hayfa, Safed və Tiberiya kimi qarışıq əhalinin olduğu şəhərlər Britanya mandatı altında qalması, 5 min kv km-lik ərazidə yəhudi dövlətinin, qalan ərazidə isə ərəb dövlətinin yaradılması tövsiyə olunurdu. Bu zaman ərəb dövləti Transiordaniyaya da qatıla bilərdi. Komissiya bildirirdi ki, yəhudi köçü regionun iqtisadi səviyyəsini qaldırıb və bundan ərəblər də faydalanır, amma bu amil barışdırıcı hal ola bilmir: iqtisadi vəziyyətin yaxşılaşması siyasi vəziyyətin pisləşməsi ilə müşayiət olunur.

Sentyabrın 26-da Qalileyanın dairə kmissarı Lyuis Endryus ərəblər tərəfindən öldürüldü. Bununla ərəb üsyanının ikinci, daha qanlı mərhələsi başladı. AƏK bu qətli və üsyanı formal cəhətdən pisləsə də, ingilislər oktyabrın 1-də onun fəaliyyətini qadağan etdilər. Komitə üzvlərinin bir qismi həbs olunaraq Seyşel adalarına göndərildi, bir qismi, o cümlədən, Əmin Hüseyni, qonşu ərəb ölkələrinə qaçdı.

Çoxsaylı ərəb üsyançıları müəyyən uğurlar qazanmalarına baxmayaraq, sonda məğlub oldular. Bunun da əsas səbəbi vahid komandanlığın olmaması idi. Suriyada olan Hüseyni bir neçə dəfə üsyançılara baş komandan təyin etmək istədi, amma dəstə komandirləri qəbul etmədilər. Daha böyük dəstələrin komandirlərindən ibarət şura yaradılması cəhdi də nəticə vermədi. Nəticədə üsyan daha çox qaçaq-quldur hərəkatına döndü və bir çox hallarda nüfuz və ərazi mübarizəsi aparan ərəb dəstələri ingilis və yəhudilərdən çox bir-birləri ilə döyüşürdülər. 1939-cu ilin əvvəllərində ciddi zəifləyən üsyan sentyabr ayında tamamilə yatırıldı.

Üsyanın nəticələrindən biri 1939-cu ilin mayında Britaniya hökuməti tərəfindən “Ağ kitab” adlı sənəd qəbul edilməsi oldu. Sənəddə Pil komissiyasının ayrıca yəhudi dövlətinin yaradılması barədə təklifi rədd olunurdu. Sənədin əsas müddəaları bunlar idi:

1. Fələstində 10 ildən gec olmayan müddətədə yəhudi və ərəblərin birgə yaşadıqları, birgə idarə etdikləri və hər iki icmanın maraqlarını qoruyan müstəqil dövlət yaradılacaq.

2. Beş il müddətində Fələstinə yəhudilərin köçü 75 mindən çox olmayacaq. Sonrası isə ərəblərin rəyindən asılı olacaq.

3. Bundan sonra yəhudilər istədikləri yerdə torpaq ala bilməyəcəklər. Britaniya Ali komissarına verilən səlahiyyətlər çərçivəsində sonralar müəyyən edildi ki, yəhudlər Fələstin torpaqlarının yalnız 5 faizində torpaq ala bilərlər.

Bu müddəalar ərəbləri də çox qane etmədi, yəhudilərin isə kəskin etirazına səbəb oldu. İrqun ərəblərə qarşı bir sıra terror aktları həyata keçirdi və britaniyalılara qarşı da aksiyalar planlaşdırdı. Amma İkinci dünya müharibəsinin başqlaması ilə bu planlar həyata keçmədi. Yəhudi işuvunun liderlərindən biri Devid Ben-Qurion bildirdi: “Biz “Ağ kitab” yoxmuş kimi ingilislərə kömək etməliyik və müharibə yoxmuş kimi “Ağ kitab”a qarşı mübarizə aparmalıyıq”.

Amma yəhudilər arasında hamı bu fikirlə razı deyildi. İrqunun daha radikal, müharibə səbəbilə ingilislərə qarşı mübarizəni dayandırmağı düzgün heab etməyən üzvləri ayrılaraq “Lohamei Herut Israel” (İsrailin azadlığı uğrunda mübarizlər) və ya qısaca Lehi təşkilatını yaratdılar. Bu təşkilat ingilislərə qarşı hətta nasistlərlə əməkdaşlığı mümkün hesab edirdi.

***

Bu illər ərzində yəhudilərin Britaniya administrasiyasından asılı olmayan özünüidarəetmə orqanları formalaşır. Həmin orqanalr ictimai-siyasi əsaslarla fəaliyyət göstərir və bir gün müstəqillik qazanılacağı halda dövlət orqanları funksiyalarını yerinə yetirəcəkdilər.

1929-cu ildə yaranan Yəhudi agentliyinə (qısaca: Soxnut) 1935-ci ildən David Ben-Qurion rəhbərlik edir. Bundan sonra agentlik dövləti olmayan yəhudilərin hökuməti rolunu oynamağa başladı. Ordu funksiyasını yerinə yetirən Haqananın hətta kəşfiyyat və təhlükəsizlik strukturu vardı. Ben-Qurionun rəhbərlik etdiyi Mapay partiyası aparıcı siyasi təşkilat idi.

Bütün bunların nəticəsində 1948-ci ildə İsrail dövləti yarananda yəhudilər yalnız iki sahədə işlərini sıfırdan başladılar. Bunlardan biri maliyyə sahəsi idi. İkincisi isə ədliyyə-hüquq sistemi idi.

***

İkinci dünya müharibəsi illərində Fələstinin almanlar tərəfindən işğal təhlükəsi yarandı. Birinci təhlükə şimal tərəfdən, Vişi rejiminin nəzarətində olan Suriya ərazisindən gəlirdi. Ehtimal olunurdu ki, almanlar buradan Fələstinə soxula bilərlər. Bu dövrdə ingilislərin razılığı ilə Haqananın tərkibində Palmax deyilən zərbə dəstələri yaradılır. Həmin dəstələrin vəzifəsi Fələstinin müdafiəsində ingilislərə yardımçı olmaq idi. Palmax üzvlərinə ingilislər diversiya təlimləri keçirdilər. 1941-ci ilin yayında Suriya ingilislərin və “Döyüşən Fransa” qüvvələrinin nəzarətinə keçdi və şimal təhlükəsi sovuşdu.

Növbəti ildə isə cənubdan daha ciddi təhlükə yarandı. Rommelin başçılıq etdiyi alman-italyan qüvvələri bir sıra döyüşlərdə ingilisləri məğlub edərək Misir ərazisinə daxil oldular. Amma 1942-ci ilin iyulunda Birinci əl-Əlameyn döyüşündə Rommel dayandırıldı, oktyabr-noyabr aylarında baş tutan İkinci əl-Əlameyn döyüşündə də məğlub edilərək Misirdən qərbə qovuldu. Bundan sonra ingilislər Palmaxın buraxılmasını istədilər, təşkilat isə özünü buraxmayaraq qeyri-leqal vəziyyətə keçdi. Gələcəkdə İsrail ordusunun elit hissələri məhz Palmax əsasında yaradılacaq.

Ümumiyyətlə İkinci dünya müharibəsi illərində 30 minə qədər Fələstin yəhudisi könüllü olaraq Britaniya ordusuna qoşuldu. Ərəblər arasında münasibət birmənalı deyildi. Əksəriyyət yəhudiləri qıran almanların qələbəsini arzulayırdı. Əmin Hüseyni hətta Hitlerlə də görüşmüşdü. Bununla belə, 12 min ərəb Britaniya ordusuna qoşuldu və bəzən yəhudilərlə eyni hissələrdə xidmət edirdilər.

Müharibə illərində mühacirət xeyli zəiflədi. “Ağ kitab”ın qəbulundan sonrakı beş il ərzində 75 minlik kvotanın müqabilində 51 min yəhudi Fələstinə gəldi. Amma kvota ilə gələnlərdən savayı “Aliya Bet” adını alan gizli miqrasiya da vardı. Müharibə zamanı kommunikasiyalar təhlükə altında olduğundan o qədər də nəzərəçarpacaq olmayan gizli miqrasiya 1945-cildən sonra xeyli çoxaldı.

Britaniya administrasiyası əsasən dəniz vasitəsilə həyata keçirilən bu köçə qarşı ciddi mübarizə aparırdı. Yaxalanan yəhudilərin çoxu Kiprdəki qaçqın düşərgələrinə göndərilirdi. Bundan əlavə Fələstinin özündə və Mavrikidə analoji düşərgələr vardı. Beləcə, nasist düşərgələrindən qurtulan yəhudilər başqa düşərgələrə düşürdülər. İngilislərin bu davranışı İsrail dövləti yaranana qədər davam etdi.


Anadil.az
Oxunub: 253
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR