203 min manata qəzəblənənlərin QAFİLLİYİ

Anadil Elnur Astanbəylinin "Qəflətzədələrə son söz və ya 203 min manata "nervilənənlərin" qafilliyi" yazısını təqdim edir:

XXX

Hökumətin Azərbaycan Yazıçılar Birliyinə qurultay keçirmək üçün 203 min manat ayırması sosial şəbəkələrdə xeyli adamı təəccübləndirib.

Hətta qəzəbləndirib!

Bu təəccüb və qəzəbin isə bircə səbəbi var – məbləğin böyüklüyü.

Vəssalam!

Açıq söyləmək lazımdırsa, mənasız səbəbdir.

"Bəlkə oyandılar" ümidi ilə qəflətzədələr üçün son dəfə yazaq:

Azərbaycanın ədəbi, ümumilikdə mədəni mühiti üçün heç bir faydası olmayan, sovetdənqalma bir təşkilatın elə sovetdənqalma atmosferdə keçən, bayağı və boyat "ədəbi" məruzələrlə bəzədilən, "yuxarı"dan gələn siyasi-ideoloji tələb və tapşırıqların rəsmiləşdirilməsi ilə yadda qalan, alternativ heç bir fikrin səsləndirilmədiyi, sədr seçkisinin yalnız farsı xatırlatdığı AYB qurultayı dövlət büdcəsindən nəinki 203 min manat, hətta 2-3 manat ayırmaq belə mənasız xərcdir, əlbəttə.

Hə, əlbəttə, o ayrı məsələdir ki, guya ölkədə büdcə nə qədər effektiv xərclənir. Elə isə yüz minlərlə manat da niyə yazıçı-şairlərin "partiya iclası" xarakterli boz, cansıxıcı yığıncağına ayrılmasın ki?!

Lakin oxuduğunuz yazının məğzi başqadır – ayrı vaxt AYB ilə bağlı tənqidləri, müzakirələri yersiz, sonuncu dərəcəli sayan "uca millət, sevgili xalq", o cümlədən, müxalifətçi fəalların çoxu 203 min manat məsələsində hansı məntiqlə birdən-birə belə rəncidə olublar, təəccübləniblər və "nerviləniblər"?

Onların ayrılan məbləğlə bağlı nümayiş etdirdikləri "təəccüb və qəzəb" göstərir ki, Yazıçılar Birliyi mövzusundakı həssaslıqdan bixəbərdirlər. Bu heç də yersiz, sonuncu dərəcəli mövzu-zad deyil. Əgər elə olsaydı, hakimiyyət AYB-yə bir belə səxavət göstərməzdi, "qa" deyəndə suyunu, "qu" deyəndə çörəyini əsirgəməzdi.

Yazıçılar Birliyinin ta repressiya, mənəvi və fiziki terror qoxulu 1930-cu illərdə yaradılma səbəbi ədəbiyyatı, Leninin təbirincə desək, partiya və hökumət işinin vintciyinə və təkərciyinə çevirmək idi.

Zaman çox dəyişib, ancaq AYB-nin mövcudluq səbəbi dəyişməyib.

Bu qurum ölkənin ədəbi, ümumilikdə mədəni mühitinin başı üzərindən "Domokl qılıncı" kimi asılmağa davam edir.

Onun vəzifəsi Azərbaycanda ədəbi, deməli, həm də mədəni prosesi tormozlamaqdır. Bu prosesin müəyyənləşdirilmiş siyasi-ideoloji qəliblərdən kənara çıxmasına imkan verməməkdir. Məhz həmin qəlibləri qorumaq adına alternativ ədəbi birliklərin varlığına dözümsüz yanaşılır, məsələn, Azad Yazarlar Ocağının rəsmi qeydiyyatına belə icazə verilmir.

Uzağa getməyək, son 20 ildə Azərbaycanda ədəbi canlanma adına bir vaxtlar "Alatoran" dərgisinin, "Alma" yaxud "Proloq" qəzetlərinin, eləcə də ayrı-ayrı qəzetlərdəki ("Yeni Azərbaycan", "Ədalət" və s.) ədəbi əlavələrin etdiklərinin mində birini dövlətdən aldığı milyonlarla manatlıq dəstəyə baxmayaraq AYB bacarmayıb. Niyə? Çünki bu təşkilatın vəzifəsi o deyil. Bu təşkilatın fəlsəfəsinə və funksiyasına canlanma yox, durğunluq daxildir, o, ədəbi prosesdə ancaq və ancaq tormozlayıcı rol oynamalıdır. Elə ona görə də partiya və hökumət tərəfindən "yağ içində böyrək" kimi bəslənilir.

Və kimsə inciməsin, tormozlanmış, ölüvay ədəbi-mədəni mühitə malik bir ölkədə istənilən dəyişiklik yalnız kosmetik mahiyyət daşıya bilər.

İllərdir bir ovuc adamın, başda AYB olmaqla, sovetdənqalma "yaradıcılıq" təşkilatları ilə qovğasının kökündə dayanan da budur.

Ədəbiyyatsız, mədəniyyətsiz, fikirsiz bir dəyişikliyin Azərbaycana yaxşı nələrsə vəd etdiyinə inmasızlıqdan doğan bu qovğada nə yazıq ki, kütlə bir yana, hətta siyasi müxalifətin əksər kəsimi belə məhz həmin təşkilatların səfində mövqe tutdu, xalqsız xalq yazıçılarının, xalqsız xalq şairlərinin, xalqsız xalq rəssamlarının, xalqsız xalq nə bilim nələrinin tərəfini saxladı, ölkənin ədəbi-mədəni mühitinin tormozlanmasına, buxovlanmasına göz yumdu. Partiya və hökumətin hansı səbəbdən sovetdənqalma "yaradıcı" ittifaqları bu qədər can-başla qoruduğunun, böyük səxavətlə yemlədiyinin fərqinə varmaq belə istəmədi. Ən yaxşı halda həmin geriçi, mürtəce təşkilatlarla qovğanı mənasız saydı, sonuncu dərəcəli saydı!

Axırı da belə...

Hələ də qəflət içində başlayıblar ki, 203 min manat-zad!

Bəsdirin siz allah, adamı özünüzə daha artıq güldürməyin.


Anadil.az
Oxunub: 546
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR