Məşhur italyan yazıçısınıın ƏN YAXŞI HEKAYƏLƏRİNDƏN BİRİ

Anadil yazıçı, tərcüməçi Mahir N.Qarayevin çevirməsində məşhur italyan yazıçısı Alberto Moravianın (1907–1990) "Xoş keçən məclis" hekayəsini təqdim edir:

XXX

Biz neçə nəfər idik? Altı. Aramızda iki qadın vardı – Amilkarenin arvadı Adele, bir də onların Terndən Romaya qonaq gəlmiş qohumu Cemma. Dörd kişi də biz idik – Amilkare, Remo, Sirio və mən. Birinci səhvimiz onda oldu ki, məclisə Sirionu da dəvət etmişdik, onda mədə xorası vardı və çox sinirliydi, hər xırda şeyin üstündə əsib-coşma­ğa hazır idi. İkinci səhvimiz onda idi ki, restoran seçməyi Amilkarenin öh­dəsinə buraxmışdıq. Üç nəfərin hesa­bını ödəməli olduğundan qabaqca­dan bilməliydik ki, Amilkare belə böyük xərcə düşmək istəməz. Biz hamımız “İndipendens” meydanında toplaşar­kən, iki ayağını bir başmağa dirədi ki, bəs yaxşı tanıdığı restorana gedək. Guya restoran lap yaxınlıqdaydı, əl uzatsan çatardıq, üstəlik, restoran sahibi də dostudur – həm yaxşı yemək verirlər, həm də orda bizimçün güzəşt ediləcək...

Gərək qabaqcadan ağlımıza vuray­dıq ki, vağzalın həndəvərindəki bu kasıb məhəllələrdə bizi yaxşı nə göz­ləyə bilər axı? Bu ərazidə yalnız Ro­madan yolüstü keçib gedənlər, bir də Makao kazarmasının əsgərləri olur­du, vəssalam. Və biz düz küçələrlə addımlaya-addımlaya tutqun, qaran­lıq binaların yanından ötüb keçdik –həmin axşam isə sərt şaxta vardı, ada­mın iliyinə işləyən əsl yanvar şaxtası. Yaxşı yeməyin ölüsü olan Amilkare dil-boğaza qoymadan təkrarlayırdı:

– Hə, dostlar, mən özümçün birinci dərəcəli yeməklər sifariş edəcəm. Ciyərlərimi, böyrək­lərimi, mədəmi və digər daxili or­qanlarımı vecimə almadan yaxşıca yeyib-içəcəm. Adele, səni qabaqca­dan xəbərdar edirəm ki, öz adətini yaddan çıxarıb bu axşam deyin­məyi ağlına da gətirmə.

– Mənim yanımda necə istəyirsən elə, amma sabah nəticəsinə baxarıq, – öz şişman və kefcil ərinin tam əksi olan cılız və məsum Adele cavab verdi.

Remo həmin vaxt qəşəng, qarasaç Cemma ilə zarafatlaşırdı, bizsə Sirio ilə axırıncı futbol matçını müzakirə edirdik. Beləcə, haçansa İtaliyada baş vermiş müxtəlif döyüşlərin adını daşıyan bir neçə kimsəsiz küçədən keçməli olduq: “Kastelfidardo”, “Palestro”, “Kalatafimi”, “Marsal”. Nəhayət, bir cüt elektrik fənərinin arasında «Trattoriya Afrika» lövhəsi asılmış restora­nın qapısına çatıb içəri girdik.

Restoran – biz bunu dərhal gördük – çox da fərli deyildi. Birinci otaqda bir neçə balaca mərmər stol vardı, görünürdü ki, üstündə təzəcə çaxır içilib. İkinci otaq isə arakəsmə ilə iki yerə bölünmüşdü: bir tərəfində mətbəx yerləşirdi, o birində isə üzə­rinə süfrə salınmış beş, ya altı masa­dan ibarət büsbütün restoran. Qalan yer­lərdə vağzalətrafı müəssisələr üçün adi hal sayılan eybəcərlik hökm sü­rürdü: döşəmə yonqarla örtülmüş, divarların malası qopub-tökülmüşdü, stol-stullar laxlayırdı, masa üzərinə salınmış çirkli süfrələr də cırıq-cırıq idi. Amma bizi təbdən çıxaran əsas məsə­lə soyuq idi – eynən mağaradakı kimi iliyimizəcən işləyən nəm soyuq. Sirio içə­ri girəndə hətta bərkdən çığırdı da:

– Oho! Deməli, Afrika belə olur­muş!.. Burda adam lap sətəlcəm olar ki!

Doğrudan da soyuq dəhşət idi: müştərilər masa arxasında şlyapada, yaxalıqlarını qaldırdıqları paltolarda oturmuşdular; nəfəs alanda ağızdan buğ çıxırdı, lap elə bil küçədəydin.

Biz masalardan birinin arxasına keçdik, o saat da dördkünc sifətin­dən narazılıq, bulanıq gözlərindən zəhrimar yağan restoran sahibi ba­şımızın üstünü kəsdirdi. Amilkare onu görəndə yamanca sevindi və tez-tələsik soruşdu:

– Sor* Covanni, siz məni xatırla­yırsınız?

Üzündə təbəssüm deyilən şey­dən əsər-əlamət olmayan restoran sahibi qaşqabaqla cavab verdi:

– Mənim adım Covanni yox, Serafimodur. Və düzünü desəm, sizi xatırlamıram, yadıma gəlmirsiniz.

Amilkare pərtlikdən çaşan kimi oldu, amma dərhal da suallarını yağdırmağa başladı. Restoran sahi­bi alnını qırışdırıb yada salmağa ça­lışdı, axırda nəsə fikirləşib qışqırdı:

– Hə! İndi yadıma düşdü. Xa­tırladım sizi! Yeni il qabağı siz bur­da olmuşdunuz, kolbasa ilə mərci yemişdiniz.

Amilkare cavab verdi ki, bəs Ye­ni ili evdə qarşılayıb.

Bir sözlə, bir-birlərini tanıya bilmədilər. Sonra restoran sahibi qolları çirkli ağ gödəkçəsinin ci­bindən sifariş dəftərçəsini çıxarıb soruşdu:

– Sinyorlar nə buyurmaq istəyir?

Xatirələrlə bağlı məsələ başa çat­dı. Biz menyuya baxanda dərhal gördük ki, burda ürəkaçan az şey var: olan yalnız pendirli maka­ron, abbakkio**, toyuq, pendir, bir də meyvədir. Öz nü­fuzunun xilasına çalışan Amilkare restoran sahibini təzədən israrla dilə tutmağa başladı:

– Axı sizin məxsusi yeməyiniz olur… həvəskar spagetti.

Restoran sahibi onlarda həqiqətən də həvəskar spagettinin olduğunu təsdiqlədi. Biz hamımız qəlyanaltı və spagetti, kimsə özünə abbakkio, qa­lanlar isə qızartma toyuq sifariş verdi. O ki qaldı desertə – belə qərara gəldik ki, bir az fikirləşək. Bu vaxt Sirio dedi ki, ürəyi şorba istəyir, restoran sahibi də toyuq bulyonu gətirə biləcəyini söylədi. Sonra hansı şərabdan içəcəyi­mizi soruşdu: ağ, ya qırmızı, şirin, ya kəmşirin? Biz Fraskati çaxırını seçdik, restoran sahibi də şüşələri, qədəh­ləri, çörəyi, salfetə bükülmüş süfrə lə­vazimatlarını gətirib masaya düzdü, sonra mətbəxə keçdi.

Bir qədər gümrahlaşmış Amilkarenin dili açıldı:

– Hə, bura necədir, xoşunuza gə­lir? Bura yaxşı yerdir, eləmi?

Biz kirimişcə baxışdıq, sonra Si­rio ümumi rəyi bildirdi:

– Yaxşı olub-olmadığını görə­cəyik... Hələliksə özümü elə hiss edirəm ki, elə bil ictimai ayaqyolundayam.

Bu cavab Amilkarenin könlünə yatmadı və həmin dəqiqə Sirio ilə aralarında mübahisə yarandı:

– Sən həmişə hamının kefinə so­ğan doğrayırsan...

– Sənsə təki pula qənaət edə­sən...

– Sənin bu mədə xorasıyla resto­randa nə itin azıb...

– Sənsə yeməyə pərgarsan, in­təhası canından pul çıxmır... – Və sairə, və ilaxır.

Bu arada vaxt da ötüb-ge­dirdi, süfrəyə isə hələ ki heç nə verilməmişdi və biz, adə­tən, pis restoranlarda olduğu kimi, nədən gəldi danışa-da­nışa çaxıra və yavan çörəyə girişmişdik.

Dəhşət soyuq vardı: hamımızın ayaqlarımız donmuş, belimiz quru­yub qaxaca dönmüşdü. Çaxırdan isə nə qədər çox içirdiksə, qızışmaq əvəzinə, əksinə, daha bərk üşüyürdük: çünki Sirionun təsdiqlədiyi kimi, deyəsən, ona bol­luca su qatılmışdı. Axırda Amilkarenin səbri tükəndi, özü durub mətbəxə yollandı və tezliklə razı görkəmlə qayıdıb bildirdi ki, indi­cə yeməklər veriləcək. Doğrudan da, Amilkarenin ardınca restoran sahibi bizimçün qəlyanaltı gətirib gəldi. Biz nimçələrə boylandıq: əsl biabırçılıq! Bir cüt ənginar, nazik vetçina dilimi, bir dənə də sardina. Sirio Amilkareyə üz tutdu:

– Deyəsən, sənin bugünkü qo­naqlığından fərli bir şey çıxmaya­caq.

Guya yeməyə əl uzatdıq, amma hamı dərhal üz-gözünü turşutdu ki, bəs vetçina qır duzdu, ağıza vurulası deyil.

– Yəqin Afrika vetçinasıdır – Sirio dedi, ­deyəsən o, bütün axşamı Amilkareni qıcıqlandırmağı qarşı­sına məqsəd qoymuşdu.

Bir sözlə, bütün qəlyanaltılar elə nimçədəcə qaldı. Yaxşı ki, bu vaxt toqqanı bərkitmək üçün masaya spa­getti verildi. Xörəkdən buğ çıxırdı, çünki içərinin havası dəhşət soyuq idi; amma ağıza vuran kimi mə­lum oldu ki, spagettinin istiliyi-fi­lanı yoxdur, bir tikə ilıqdır, vəssalam. Sirio isə öz bulyonunu qaşıqla cidd-cəhdlə qarışdıra-qa­rışdıra sanki içində inci tapacağı­na ümid edirdi. Sonra o, restoran sahibini çağırıb tamamilə ciddi şə­kildə xəbər aldı:

– Siz ovçusunuz?

O, sualı başa düşmədiyini dedi. Onda Sirio soruşdu:

– Doğrudurmu, siz bu bulyonu tüfənglə vurmusunuz?

– Siz bununla nə demək istəyir­siniz? – restoran sahibi tərs-tərs ona baxdı.

– Onu demək istəyirəm ki, sizin bulyonun canına tüstü hopub.

Sahib etiraz etdi, özü də xeyli kobud tərzdə:

– Nə tüstü?.. Mənim bulyonumda tüstü nə gəzir?.. Tüstü sizin başınızdadır!

Rəngi ağaran Sirio səsini bir az da qaldırdı:

– Deyirəmsə ki bulyondan tüstü iyi gəlir, deməli, siz mənə inanma­lısınız.

Restoran sahibi donquldana-donquldana mətbəxə getdi və qazançanı götürüb gəldi ki, bizə bulyonun hansı ətdən bişirildiyini göstərsin. Qazançanı növbə ilə hər birimizin burnunun altına tutduğu vaxt qəfil çığırtı eşidildi:

– Tarakan! Tarakan! Tarakana ba­xın!

Hamımız geri qanrıldıq. Çığıran Amilkarenin qohumu Cemma idi; o öz spagetti nimçəsindəki hansısa qara şeyi göstərirdi.

Restoran sahibi yenə höcətliyinə saldı:

– ­Nə tarakan!.. Burda tarakan nə gəzir!.. Yəqin soğandır, bir az ya­nıb... qaralıb.

Cemma da dediyindən dönmədi:

– Mənsə sizə deyirəm ki, bu ta­rakandır. Bir baxın, ayaqları da görünür.

Restoran sahibi Cemmaya yaxın­laşıb diqqətlə nimçənin içinə baxdı; bu, həqiqətən tarakan idi. Sonra o, tarakanı çəngəllə tutub çox sakit tərzdə, soyuqqanlı şəkildə dedi:

– Hə, aydın məsələdir, yəqin sorucu borudan düşüb. Belə şey­lər olur.

Və başqa heç nə əlavə eləmədən öz qazançası və tarakanı ilə birgə mətbəxə keçdi. Biz sarsıntı içində bir-birimizə baxdıq.

– Mən acam, yeyəcəm! – nəha­yət, Amilkare çəngəli əlinə götü­rüb dilləndi.

Biz də hiddətimizi boğub onun kimi elədik. Təkcə Cemma yeməyə toxunmadı dedi ki, iyrənir.

Soyuq daha da güclənmişdi; spagettini yeyən kimi gedib paltoları­mızı götürdük. İndi hamımız masa arxasın­da paltoda oturmuşduq. Restoran sahibi təzədən peyda oldu; bu dəfə toyuq və abbakkionu gə­tirib tələsik süfrəyə düzdü. Toyuq elə arıq, elə quruydu ki, yeyiləsi deyildi; beləsini dördüncü dərəcəli yeməkxanalarda verirlər. Abbakkio da təkcə qabırğadan, dəridən və piydən ibarət idi, üstəlik səhərdən qaldığı, indi isə sadəcə olaraq qızdı­rıldığı aydın görünürdü. Amilkare çəngəli batırıb bir tikəsini yuxarı qaldırdı və dəli kimi çığırdı:

– Axı bu yeyiləsi şey deyil! Sa­hib!.. Sahib!..

Və restoran sahibi yenə öz qaş­qabaqlı sifətiylə peyda oldu.

– Deyin görüm, siz niyə məhz restoran işlət­məyinizin səbəbini mənə izah edə bilərsinizmi?

– Bəs sizcə mən neyləməliyəm?

– Nə gəldi! Gedin küçə süpürün, qatar sürün, qəbirqazan olun, tək­cə restoran işlətməyin.

Bir sözlə, öcəşmə təzədən baş­landı, amma bu dəfə məsələ sakit şəkildə ötüşdü, çünki sahib öz tutqun düşüncələrinə elə bərk qa­pılmışdı ki, hətta daha incimirdi də. Aşpaz papaqlı başını mətbəxdən bayıra çıxarıb sahibi çağırana qədər beləcə davam elədi. Sahib aralanıb gedəndə Amilkare aşpazı səslədi:

– Ey, aşpaz... Siz bizi zəhərləmisiniz!

Aşpaz yoxa çıxdı, heç ona cavab da vermədi, biz isə təzədən qoyun qabırğaları və toyuq sümükləriylə mübarizəyə girişdik.

Hamımızın qanı it qanına dön­müşdü; bura küçədən də soyuq idi, mədəmiz də pis bişiril­miş, üstəlik pis həzm olunan han­sısa zir-zibillə dolmuşdu. Necə səhvə yol verdiyini nəhayət, başa düşmüş Amilkare vəziyyəti heç olmasa bir balaca düzəltmək istəyirdi, odur ki, iki şüşə qırmızı çaxırla biskvit sifariş verdi. Bü­tün axşam ərzində yeganə layiqli şey bunlar oldu: çaxırla biskvit. Ancaq bu işdə sahibin heç bir xidməti yox idi – şüşələr ağzıbağlıydı, biskvit isə Milandan gə­tirilmişdi. Biz Barbera çaxırından içib, üstündən biskvit yedik və bir az qızışdıq.

Bu arada restoran boşalmışdı; bizdən başqa içəridə yalnız qonşu masadakı cavanlar qal­mışdı. Hamısı kart oynayırdı; tez­liklə sahiblə aşpaz da gəlib onlara qoşuldu. Bütün axşamı Cemma ilə zarafatlaşmaqdan yorulmayan Remo indi də çaxırdan keflənib oxumaq istəyirdi. Desert süfrəsi arxasında oxumaq Remonun adətiydi. Mən heç də demək istə­mirəm ki, o, pis oxuyur, intəhası oxu­duğu həmişə eyni mahnılar olur və biz hamısını əzbər bilir­ik. Bu axşam Remo təbii ki, dəs­təmizə ilk dəfə qoşulmuş Cemma üçün oxumaq istəyirdi və onun bu niyyətini bildiyimizdən qulaq asmağa razılaşdıq. Lakin Remonun nə oxumağını bilməyiniz üçün mən bunu təsvir etməliyəm. Remo özü bəstəboy, sifəti qarayanızdır; buruq telləri ensiz alnını örtüb, qan çəkmiş gözləri qıyıqdır. Bununla belə, yəni zahiri görkəminin bu cür köntöylüyünə baxmayaraq, oxu­yanda heç də bayağı görsənmir, ək­sinə, sanki şirinləşir. O, mahnını ünvanladığı qızın əlindən tutub qarşısında təzim edir, gözlərini qı­yıb dodaqlarını bant kimi yığaraq öz həzin, ehtiraslı səsiylə pəsdən oxuyur. Üstəlik də, oxuduğu bütün mahnıların qafiyəsi eyni cürdür: ya «ət»lə bitir – həsrət, qismət, məhəb­bət; ya da «ək»lə – istək, dilək, çi­çək. Beləliklə, bu axşam Remo öz adəti üzrə Cemmanın əlindən tutub, üzünü ona yaxınlaşdıraraq oxumağa başladı. Biz də çaşqınlıq içində susub ona baxırdıq. Cemma gülümsünür və bu təbəssüm Remonu daha da ruhlandırırdı – mahnının birini bitirən kimi ikin­cisinə keçdi. Bu arada qonşu masadakılar da səslərini qısıb susdular və gözlərini bizə zillədilər; amma az sonra ordan gülüşmə səsləri eşidildi. Cavanlardan biri Remonu yamsılayaraq onun ağzıyla oxumağa, o biri isə başını masanın altına soxub pişik kimi miyoldamağa başladı. Remo deyəsən bunu görmürdü, ya da özünü belə göstərirdi. O, ar­tıq üçüncü mahnıya keçmişdi, am­ma qonşu masada gülüşmə səsləri və miyoldama davam etdiyindən mahnını yarımçıq kəsməli oldu, özü də ədəblə bildirdi:

– Daha bəsdir, yaxşısı budur, elə burada saxlayım.

Amma bu yerdə Sirio, ona dəx­li olmasa da, qəfildən işə qarışıb müdaxilə etdi:

– Cahil, nadan, tərbiyəsiz adamlara fikir vermə. Oxu.

Bunun ardınca, sanki siqnal ve­rilmiş kimi, qırmızı sviteri qulaq­larını örtmüş bəstəboy, buruqsaç, sarışın cavan masa arxasından qalxıb dərhal Sirioya yaxınlaşdı və təmkinlə soruşdu:

– O cahil, tərbiyəsiz dediyiniz adam kimdir görəsən?

Sirio çox sərt adamdır, heç kəsdən qorxan deyil.

– Elə siz hamınız! – sarışın ca­vanın birbaşa üzünə söylədi.

– Belə de! Niyə ki? Axı biz res­torandayıq. Bura ictimai yerdir, kefimiz nə istəyir, edə bilərik.

– Elə biz də kefimiz istəyəni edi­rik. Buna görə də bəyan edirik ki, o masanın arxasında oturanların hamısı nadandır, hamınız da çox pis tərbiyə görmüsünüz.

Bu arada restoran sahibiylə aş­paz və sarışın cavanın iki dostu da qalxıb bizə yaxınlaşmışdı. Biz­sə öz masamızın arxasında eləcə oturmuşduq.

Sarışın bağırdı:

– Sən kimsən? Sənə nə lazımdır? Bilmək olarmı sən nə istəyirsən?

Bu sözləri deyə-deyə əlini irəli uzadıb sanki Sirionun qalstu­kundan yapışmaq istədi.

– Çək əlini, çək deyirəm sənə! – Sirio hiddətlə qışqırdı və yerindən sıçrayıb ayağa qalxdı, rəqibiylə bu­run-buruna dayandı. Sonra bərk zərbə ilə sarışının əlini kənara itə­lədi. Onda sarışın oğlan Sirionun pencəyinin yaxalığından yapışıb geri dartdı. Hər iki xanımımız bərkdən civildədi. Remo qışqırdı:

– Dayanın! Baş qoşmayın!..

Bir neçə saniyə keçdi. Heç kəsin gözləmədiyi halda, birdən-birə Amilkare oturduğu yerdən sıçrayıb ayağa qalxdı və sarışının yaxasından yapışıb ona dəli kimi zərbələr ilişdirə-ilişdirə otağın dərinliyinə qısnadı. Soyudu­cuya qısılıb qalan sarışın müqavimət göstərir, Amilkare isə bütün bədəniylə onun üstünə yıxılıb sanki oğla­nı basıb əzmək istəyirdi. Birdən biz Amilkarenin enli kürəyinin zərblə geriyə atıldığını gördük; o, üzüstə gurultuyla yerə gəldi və düşdüyü yerdə kötük kimi hərəkətsiz qaldı. Boksçu olduğu aydın bilinən sarışın onun çənəsinin altından qısa zərbə endir­mişdi, nokauta düşən Amilkare də döşəməyə səpilmiş yonqarın üstündə sərələnib qalmışdı. Hər şey necə qurtarmalıydısa, o cür də qurtardı: polis bizim ad-soyadımızı qeydə aldı, qadınlar ağlaşmağa başladı, Amlkare isə əliylə çənəsindən yapışıb elə hey təkrarlayırdı ki, bir soldi də verən deyil. Axırda Sirio, Remo və mən hesabı ödədik; mətbəxdən resto­ran sahibinin səsi eşidildi:

– Siz axı niyə restorana gedirsi­niz? Yaxşı olardı, evdə oturasınız!

Restorandan təzəcə çıxmışdıq ki, hardasa yuxarıda pəncərə açıl­dı. Kimsə kağıza bükülü yemək artığını küçəyə vızıldatdı və tərslik­dən bağlama da düz Amilkarenin tə­pəsinə düşdü.

– Nə olar, bağışlayın, – yuxarıdan cingiltili bir səs gəldi. – Bu, pişik­lərin payıdır.

Həqiqətən də buralarda xeyli pişik vardı; hamısı da səbirsizliklə ke­çib getməyimizi göz­ləyirdilər ki, bükülüyə girişsinlər. Amma ağlını büsbütün itirmiş Amilkare, nəyə gö­rəsə bunun sahibin işi olduğunu düşünür və elə hey can atırdı ki, təzədən geri qayıtsın. Biz onu or­dan qol gücünə dartıb apardıq, o isə söyüşünü kəsmir və şlyapasına yapışmış balıq pulcuqlarını təmiz­ləyirdi. Bir sözlə, necə deyərlər, əcəb vaxt keçirdik.

____________________________________________

*Sor - «sinyor” müraciətinin qısaldılmış forması (tərc.)

**Abbakkio - quzu ətinin qı­zartması (tərc.)

____________________________________________

Alberto Moravio kimdir?


İlk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan «Biveclər» romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlə­rin geniş şöhrət qazanmış bu romana münasibəti neqativ olur. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etmək məcburiyyətində qalır. Ya­zıçının həmin “səyahəti” uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər.

O özü sonralar bu barədə yazırdı: «Bu, mənim həyatımın ən pis illəri idi və o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm».

Moravia dünya xalqlarının dillərinə çevrilən “Həyat oyundur”, “Çoçara”, «İntervü», «Diqqət» və digər məşhur əsərlərin müəllifi kimi tanınır.


Oxunub: 279
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR