Mario Varqas Lyosanın hekayəsi - "MÜŞTƏRİ"

Anadil tanınmış yazıçı, şair və tərcüməçi Mahir N.Qarayevin çevirməsində müasir dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Peru nasiri və dramaturqu, publisist, ictimai-siyasi xadimi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2010) Mario Varqas Lyosanın (1936) "Müştəri" hekayəsini təqdim edir:

XXX

Qumluq dükanın qapısınacan uzanıb kandarda başa çatır; girişdəki qapını əvəz edən gen dəlikdən, qamışdan hörülən örtüyün arasından baxanda nəzərlər səmaya dirənənəcən solğun ağ səthin üzərində sürünür. Dükanın arxasındakı torpaq sahəsi bərk və nahamardı, təxminən bir kilometrdən sonra isə dağlıq ərazi başlayır. Bir-birinə sıxılıb duran dağlar elə hamardı, elə bil, hamısını yonub cilalayıblar, özü də hər sonrakı dağ əvvəlkindən hündürdü; hamısının da şiş ucu iynətək buludların yaxasına sancılıb, əlçatmaz zirvələr isə balta kimi göyləri çapır. Sol tərəfdə, dükandan xeyli aralıda, ensiz qum zolağının genəldiyi yerdəno yana qalın meşəlik başlayır. Orda yolu-rizi olmayan bütün ətrafı kol-kos, ot-ələf, quru bitkilər basıb; üfunət qoxuyan xırda, çürümüş bataqlıqlar hər yeri başına götürüb. Amma bu meşəlik selvanın özü deyil, yalnız müjdəçisi, miskin oxşarıdır. O, aşağıda, arxasında həqiqi selva zolağının uzandığı nəhəng dağın ətəyində bitir. Vəbunu donya Merseditas yaxşı bilir: bir dəfə lap çoxdan dağa dırmaşmış, ayaqlarının altında sürünən duman ləkəsinin arasından xeyli müddət aşağıya – bircə qüsuru olmayan geniş, yamyaşıl düzəngaha heyrət içində tamaşa eləmişdi.

İndi donya Merseditas torpaq döşəmədəki iki dən çuvalının arasında mürgüləyir, keçisi də bir az aralıda qumluğu eşir, tapdığı talaşanı çeynəyə-şeynəyə axşamın ilıq havasında arabir yavaşdan mələyir. Birdən heyvan nədənsə narahat olub qulaqlarını şəkləyir. Qadın yuxulu gözlərini bir qədər aralayıb soruşur:

- Nə gördün, Kuera, nə var orda?

Keçi dartınmağa başlayır, boğazındakı kəndiri qırmağa çalışır: kəndir quma basdırılmış payaya bağlanıb. Qadın güclə ayağa qalxır. Onlardan əlli metr aralıda, səmanın fonunda hansısa zəncinin silueti aydınca sezilir; qumluqdakı kölgəsi kişinin özündən qabaqda gəlir. Qadın əlini qaşının üstünə qoyub tələsik göz yetirir və yerindəcə quruyub qalır. Kişi artıq lap yaxındadır. Onun boyu hündür, özü arıq və qaradır. Buruq saçları, məzəli gözləri var. Dizəcən qatlanmış pamazı şalvarının üstündən rəngi bozarmış köynəyi sallanır. Dırnaqları bir cüt qara mismar kimidir.

- Axşamınız xeyir, senyora Merseditas, - kişinin yumşaq səsində kinayə duyulur.

Qadının rəngi ağarır.

- Burda nə işin var, nə lazımdır sənə?

- Məni tanıyırsınız, eləmi? Çox gözəl, çox şadam. Belə iltifat göstərirsinizsə, onda nəsə yeyərdim. Həm də içərdim. Yaman içmək istəyirəm.

- Orda, dükanda pivə də var, meyvə də.

- Sağ olun, senyora Merseditas! Siz çox xeyirxahsınız. Bəlkə gəlib mənimlə oturasınız?

- Nəyə görə? -ayaqyalın gəzən qadın ona şübhəli nəzərlə baxır; axı kökdür, yaşı da ötüb, amma dərisi hələ ki, cavan və hamardır. -Özün hər şeyin yerini məndən yaxşı bilirsən.

- Tək oturub yemək istəmirəm. Nəsə kədərlidir.

Qadın əzilib-büzülür. Sonra ayaqlarını qumda sürüyə-sürüyə dükana yönəlir. İçəri girib pivə şüşəsini açır.

- Sağ olun, çox sağ olun, senyora Merseditas! Amma yaxşısı budur, mənə süd verəsiniz. Bir halda ki, şüşənin ağzını açmısınız, onda pivəni niyə axı özünüz içməyəsiniz?

- Ürəyim istəmir.

- Di yaxşı, senyora Merseditas, fikir verməyin! Mənim sağlığıma için.

- İstəmirəm.

Zəncinin mehriban sifəti qəfildən sərtləşir.

- Nədi, karsınız? Mən axı dedim: için. Sizin sağlığınıza!

Qadın şüşədən ikiəlli yapışıb ağzına aparır, tələsmədən, xirda qurtumlarla içməyə başlayır. Cızıq-cızıq olmuş çirkli piştaxtanın üstündə südlə dolu banka var. Kişi milçəkləri əli ilə qovub bankanı götürür, bir qurtum içib dodağındakı ağ köpüyü dili ilə tələsik yalayıb, ləzzətlə ah çəkir.

- Əcəb dadlıdır, senyora Merseditas! Keçi südüdür, eləmi? Çox xoşuma gəldi. Siz artıq şüşəni boşaltmısınız? Nə yaxşı! Niyə də başqasını açmayasınız? Sizin sağlığınıza!

Qadın ona dinməzcə tabe olur. Qonaq iki bananı və bir portağalı acgözlüklə yeyir.

- Qulaq asın, senyora Merseditas, belə tələsməyin. Pivə çənənizə tökülür. Donunuz islanar, paltarı korlayarsınız. Bir şüşə də açın, Numanın sağlığına için. Sizin sağlığınıza!

Kişi “Sizin sağlığınıza!” sözünü piştaxtanın üzərinə boşalmış dörd pivə şüşəsi düzülənəcən təkrar edir. Gözləri axan qadın gəyirir, tüpürür, sonra ağır-ağır yerə çökür, meyvə çuvalının üstündə oturur.

- Aman Allah! - qonaq təəccüblənir. - Siz necə qadınsınız? Üzr istəyirəm, senyora Merseditas, siz sərxoşsunuz!

- Qoca arvadı ələ salırsan? - Qadının dili topuq vurur. - Bunun cəzasını cəkəcəksən, Xamaykino, görərsən.

- Doğrudan? - kişi onunla laqeyd, saymazyana davranır. - Yaxşı yadıma düşdü, deyin görüm, Numa haçan gələcək?

- Numa?

- Bəsdi, senyora Merseditas, sizə dözmək mümkün deyil! Bəsdi özünüzü yalandan gicliyə qoydunuz! Guya heç nə başa düşmürsünüz? Nə vaxt gələcək o?

- Sən murdar, qarasifət Xamaykinosan! Numa səni öldürəcək.

- Məni qorxutmayın, senyora Merseditas! - kişi əsnəyir. - Di yaxşı, görürəm hələ vaxtımız var. Ən azından, gecə düşənəcən. Yatmağa necə baxırsınız?

Zənci qalxıb dükandan çıxır, tələsmədən keçiyə tərəf gedir; keçi tanımadığı adama təlaşla baxır. Kişi əyilib keçinin kəndiriniaçır, fit çala-çala kəndiri əlində dəstələyib təzədən dükana qayıdır. Qadın gözə dəymir. Kişinin hövsələdən çıxdığı dərhal hiss olunur. O, donquldana-donquldana iri addımlarla bütün həyəti gəzib-dolaşır, sonra meşəyə cumur, keçi də arxasınca qaçır. Elə kolluqda gizlənmiş qadını da keçi tapır, gəlib sahibinin üzünü yalamağa başlayır. Xamaykino qadının keçiyə nifrətlə baxdığını görüb gülür. Yuxarı qalxan əlinin bircə hərəkəti bəs edir ki, donya Merseditas yenə dükana qayıtsın.

- Yox, necə olsa, siz dəhşətli qadınsınız. Ağlınıza nə yerləşmişdi?!

Sonra kəndiri götürüb donya Merseditasın əl-ayağını bağlayır, qadını qaldırıb piştaxtanın üstünə qoyur. Bir müddət rişxəndlə süzür, sonra enli ayaqlarının altını qıdıqlayır. Gözlərindən çarəsizlik oxunan qadın gülməkdən uğunub gedir. Piştaxta çox ensizdir: gülməkdən boğulan donya Merseditas axırda guppultuyla döşəməyə yıxılır. Qonaq ona baxıb gülür.

- Aman Allah, bu nə dəhşətli qadındır! Düz sözümdür. Yalandan özünü gicliyə, huşsuzluğa qoyur, amma altdan-altdan hər şeyə göz yetirir. Yox, siz düzələn deyilsiniz, senyora Merseditas!

Keçi başını qapıdan içəri salıb diqqətlə sahibinə baxır.

* * *
Hava qaralır. Axşamın düşdüyünü at kişnərtisi xəbər verir. Donya Merseditas başını qaldırır, gözlərini bərəldib gərgin intizarla qulaq kəsilir.

- Bu onlardı, - Xamaykino yerindən sıçrayır.

Atlar kişnəyə-kişnəyə nallı ayaqlarını yerə vururlar.

Xamaykino dükanın kandarından boylanıb çılğın halda qışqırır:

- Bu nədi, leytenant, dəli olmusunuz?

Leytenant qayanın arxasından çıxıb ətrafa göz gəzdirir. O, bəstəboy, enlikürəkdir, ayağında süvari şəkməsi var. Üz-gözü tər içindədir.

- Dəli olmusunuz? - Xamaykino dil-boğaza qoymur. - Nolub sizə?

- Nə çığırırsan, qarasifət?! - leytenant ona deyir. - Üstümə bağırma! Biz indicə gəlmişik. Nə məsələdir?

- Necə yəni, “nə məsələdir”? Adamlarınıza tapşırın atları aparsınlar. Birinci gündü xidmətdəsiniz?

Leytenant qızarır.

- Səni hələ həbsdən buraxmayıblar, qarasifət, odur ki, özünü yığışdır, bir az ədəbli danış!

- Atları gizlədin, ya da dillərini qoparın, necə istəyirsiniz! Elə edin ki, sakitlik olsun. Özüm işarə verərəm. - Xamaykino idbarcasına gülümsəyir. - İndi siz mənə qulaq asmalısınız.

Leytenant bir anlığa fikrə gedib nəsə düşünür.

- Əgər o gəlməsə, özündən küs, - nəhayət, başını döndərib dillənir, dərhal da əmr edir: - Serjant Lituma, atları gizlədin!

- Baş üstə, leytenant! - daşın arxasından kimsə ona cavab verir.

At nallarının səsi eşidilir, sonra dərin sakitlik çökür.

- Bax bu başqa məsələ, - Xamaykino sevinir. -Bəli, qulaq asmaq lazımdır. Mərhəba, general! Əhsən, komandir! Təbrik edirəm, kapitan! Sakitcə oturub gözləyin. Özüm sizə işarə verərəm.

Leytenant onu aralıdan yumruğuyla hədələyib, qayanın arxasına çəkilir. Xamaykino dükana qayıdır. Qadının gözlərində dəhşət var.

- Xain! Satqın! Deməli, bura polis gətirmisən?Görüm səni lənətə gələsən!

- Aman Allah, siz necə tərbiyəsiz böyümüsünüz, senyora Merseditas! Polisi mən gətirməmişəm. Yox, mən tək gəlmişəm, leytenantla da burda rastlaşmışam. Bunu bilməyə nə var ki?

- Numa gəlməyəcək, səni isə polislər təzədən həbsxanaya basacaqlar. Ordan çıxanda da Numa səni gəbərdəcək!

- Məndən xoşunuz gəlmir, senyora Merseditas, bu açıq-aşkar görünür. Bəsdi burda mənə fal açdınız!

- Satqın! Elə bilirsən Numa axmaqdır?

- Axmaq? Qətiyyən. Sənin tutuquşun çox hiyləgərdir. Amma heç ümidinizi üzməyin, senyora Merseditas. O hökmən gələcək!

- Gəlməyəcək! Numa sənin tayın deyil, onun yaxşı dostları var. Burda polisin olduğunu dostları ona xəbər verərlər.

- Siz belə düşünürsünüz? Mənimsə şübhəm var: dostları xəbər verməyə vaxt tapmazlar. Polislər başqa tərəfdən, dağların arxasından gəliblər. Mən qumluqdan təkbaşına keçib gəlmişəm. Keçdiyim hər yerdə də adamları sorğu-suala tutub məlumat yığırdım: “Senyora Merseditas hələ dükan işlədirmi?” Bir də belə deyirdim: “Məni həbsxanadan indicə buraxıblar, gedib onun boynunu sındııracam”. Azından iyirmi adam qaçıb Numaya xəbər verməliydi. Sizsə hələ də elə düşünürsünüz ki, o bura gəlməyəcək? Aman Allah, sifətiniz niyə əyildi, senyora Merseditas!

- Numanın başına bir iş gəlsə, - qadın xırıltılı səslə mızıldadı, - sən buna görə bütün ömrün boyu peşmanlıq çəkəcəksən, Xamaykino.

Xamaykino yalnız çiyinlərini dartır, siqaret çəkir, ya da fit çalır. Az sonra piştaxtaya yaxınlaşır, kerosin fənərini yandırıb, qamış pərdənin böyrünə qoyur.

- Hava qaralır. Yaxına gəlin, senyora Merseditas. İstəyirəm Numa görsün ki, siz qapının ağzında oturub onun yolunu necə gözləyirsiniz. Ay səni! Yadımdan çıxmışdı, siz axı tərpənə bilmirsiniz. Bağışlayın, yaman unutqanam.
Əyilib qadını qucağına götürür. Sonra aparıb dükanın girişindəki qumun üstündə oturdur. Fənərin işığında qadının üzü mülayim və daha cavan görsənir.

- Bunu niyə eləyirsən, Xamaykino? - donya Merseditas zəif səslə soruşur.

- Niyə eləyirəm? -Xamaykino uzada-uzada soruşur. - Siz heç vaxt həbsxana görməmisiniz, elədirmi, senyora Merseditas? Günlər ötüb gedir, sənsə bilmirsən başını nə işlə qatasan. İnandırım sizi ki, ora çox darıxdırıcı yerdir. Həm də adam bərk acır, həmişə yemək istəyir. Yeri gəlmişkən, bir məsələni demək yadımdan çıxıb. Numa gələndə qışqırmağı ağlınıza da gətirməyin. Nəbada səsiniz çıxsın. Ağzınızı yumulu saxlayın, yoxsa milçək girər.

Gülə-gülə otağı gəzib gözdən keçirir, əski tapıb donya Merseditasın ağzını bağlayır. Bir müddət durub tamaşa eləyir; bu onu açıq-aşkar əyləndirir.

- İcazənizlə deyim ki, senyora Merseditas, məzəli görkəminiz var. Heç özüm də bilmirəm nəyə oxşayırsınız!

* * *
Xamaykino qaranlıq dükanın küncündə sıçrayışa hazırlaşan çevik, səssiz ilan kimi donub-qalıb. Bir az qabağa əyilib və piştaxtaya söykənərək ayaq üstə hazır dayanıb. Onun iki addımlığında, fənərin işıq saldığı yerdə hərəkətsiz oturan qadın boynunu irəli uzadaraq sanki havadan iy çəkir: o da nəsə eşidib. Hardansa sol tərəfdən gələn və sisəylərin xorunda aşkarca seçilən səs zəif olsa da, çox aydın eşidilir. Bax, yenə eşidildi, özü də bu dəfə bir az uzun çəkdi. Meşə tərəfdən sınan quru budaq səsləri gəldi – kimsə dükana yaxınlaşır. “O tək deyil! - Xamaykino pıçıldayır. - Lənətə gələsən!” Tez əlini cibinə soxur, fiti çıxarıb dodaqlarına yaxınlaşdırır. Nəfəsini qısıb gözləyir. Qadın yırğalanmağa başlayanda dodaqaltı kimisə söyür. Senyora Merseditas oturduğu yerdə qurcalanır, eşələnir, başını kəfkir kimi yelləyib sarğıdan xilas olmaq istəyir. Səs yoxa çıxır,daha heç nə eşidilmir. Deməli, onlar artıq qumluqdadır: qum addım səslərini udur.

Qadın birtəhər dönüb sola baxır: az qala, boynu burxulacaqdı. Başı əzilmiş ilan kimi ağrıdan gözləri hədəqəsindən çıxır.

“Deyəsən, arvad onları görür” – Xamaykino mızıldanır. O, dilinin ucunu fitə toxundurur, soyuq metal dilini yüngülcə yaralayır. Donya Merseditas zarıya-zarıya başını fırlatmağa, boynunun döndərməkdədavam edir. Keçi astadan mələyəndə Xamaykino diksinib büzüşür; həmin andaca qadının üzərinə düşən kölgəni və üzündəki sarğıya uzanan əli görür. Var gücüylə fiti üfürüb gəlmə adamın üstünə atılır. Fitin səsi,kibrit dənəsinin qəfil parlayan atəşi kimi, lal gecənin bağrını yarır, qaranlıq gah sağdan, gah soldan eşidilən söyüş-qarğışdan, tələsik addımlardan titrəyir. Hər iki kişi senyora Merseditasın üstünə yıxılır. Leytenant çevik tərpənir: Xamaykino ayağa qalxanda polis bir əliylə artıq Numanın saçından bərk-bərk yapışıb, o biri əli isə tapançanı onun gicgahına dirəyib. Onları dörd tüfəngli əsgər dövrəyə alıb.

- Qaçın! - Xamaykino əsgərlərə qışqırır. - O birilər meşədədir. Tez olun! Yoxsa aradan çıxacaqlar. Cəld tərpənin!

- Durun! - polis leytenantı gicgahına dirənmiş tapançanı görməyə çalışan Numadan gözlərini çəkmədən əmr edir.

Numa sakit görünür, əllərini yanına salıb kirimişcə baxır.

- Serjant Lituma, onun qollarını bağlayın!

Lituma tüfəngi yerə qoyur, qurşağından çıxardığı kəndirlə dustağın ayaqlarını sarıyıb, qollarına qandal taxır. Keçi üzünü Numanın qıçlarına sürtüb qoxlamağa, ayaqlarını ehmalca yalamağa başlayır. Donya Merseditas yerindən qalxır, keçini kənara itələyib Numaya yaxınlaşır, əlini dinməzcə onun alnına çəkir.

- O sənə neylədi? - Numa soruşur.

- Heç nə, - qadın deyir. - Siqaret çəkmək istəyirsən?

- Leytenant, - Xamaykino israr edir, - başa düşürsünüz ki, meşədəonun əlbir olduğu adamlar var? Eşitmirsiniz? Ən azı, üç, ya dörd nəfərdilər. Nəyi gözləyirsiniz? Niyə əmr etmirsiniz ki, onları tutsunlar?

- Yum ağzını, qarasifət!- Leytenant heç onun tərəfinə baxmır da. O, kibriti yandırıb qadının Numanın ağzına qoyduğu siqaretə yaxınlaşdırır. Numa dərindən bir neçə qullab alır, siqareti damağında saxlayıb tüstünü burnundan buraxır. - Mən bunun dalınca gəlmişəm. Başqa heç kəsin.

- Hə, neynək. Qoy belə olsun. Xidməti borcunuzu bilmirsinizsə, sizinçün lap pis. Mən öz işimi gördüm. İndi mən azadam.

- Hə, sən azadsan, - leytenant təsdiqləyir.

- Bu da atlar,- beş atın cilovundan yapışmış Lituma leytenanta bildirir.

- Dustağı öz atınıza mindirin, Lituma, - leytenant deyir. - O, sizinlə gedəcək.

Serjant və əsgərlərdən biri Numanın ayağını açıb onu ata mindirirlər. Lituma yəhərə qalxıb Numanın arxasında oturur. Leytenant atının cilovundan yapışır.

- Qulaq asın, leytenant, bəs mən kiminlə gedəcəm? - Xamaykino soruşur.

- Sən? - artıq ayağını üzəngiyə qoymuş leytenant soruşur. - Sən?

- Hə, mən! Başqa kim olacaq ki?

- Sən azadsan. Bizimlə getməyin elə də vacib deyil. Buyur, hara istəsən gedə bilərsən.

Lituma və atlarına minmiş polislər gülüşürlər.

- Bu nə zarafatdır? - Xamaykino titrək səslə qışqırır. - Siz məni burda qoyub getməzsiniz, elə deyil, leytenant? Meşədəki səs-küyü eşidirsiniz?! Axı mən özümü yaxşı apardım. Əlimdən gələn hər şeyi elədim. Siz mənimlə belə rəftar edə bilməzsiniz.

- Serjant Lituma, tez getsək, səhər açılanda Piuraya çatarıq, - leytenant deyir. - Qumluqda getmək üçün gecə münasibdir. Atlar az yorular.

- Leytenant! - Xamaykino qışqırır; o, zabitin atının yəhərindən yapışıb dəli kimi silkələyir. - Məni burda qoymayın! Belə qəddar olmayın!

Leytenant ayağını üzəngidən çıxarır və Xamaykinonu təpiklə kənara itələyir.

- Hərdənbir dördnala çapmalıyıq. Serjant Lituma, necə düşünürsünüz, yağış yağacaq?

- Çətin ki yağsın. Göyün üzü tərtəmizdir.

- Siz mənsiz getməyəcəksiniz! - Xamaykino bağırır.

Donya Merseditas qarnını qucaqlayıb gülməkdən uğunur.

- Getdik, - leytenant deyir.

- Leytenant! - Xamaykino qışqırır. - Leytenant, yalvarıram!

Atlar yavaş-yavaş aralanır, yerində daş kimi donub qalan Xamaykino onların arxasınca baxır. Donya Merseditasgülməkdən uğunur. Amma gülməyini qəfildən kəsir, əllərini boru kimi ağzına tutub qışqırır:

- Numa! Mən bazar günləri sənə meyvə gətirəcəm!

Sonra yenə gülməyə başlayır. Yaxınlıqdakı meşədə isə kiminsə toxunduğu budaqların səsi, quru yarpaqların xışıltısı eşidilir.

____________________________________

*Selva – ekvatorial meşə








Oxunub: 341
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR