Anadil Rəşad Səfərin "Yumurta içində konsert" yazısını təqdim edir:
XXX
1
2006-cı ilin payızında, Bakının kənar qəsəbələrinin birində, kiçik hüquq məsləhətxanasında çalışırdım. İlk işimdi. Çalışmaq deyəndə ki, hərdən qapımızı döyüb içəri girən, tükənməz problemlərlə ürəyi dolu, saatlarla susmayan insanları bir kənarda dayanıb dinləməkdən və xırda-para gündəlik işlərdən başqa xüsusi bir məşğuliyyətim yoxdu. Qapımızı döyənlərin də əksəriyyəti ya tanıdığımız qohum-qonşu, ya da düz yanımızdakı “kolxoz bazarı”nın kollektivi idi. Günün birinci yarısı ata gəlib övladından şikayət edir, ikinci yarısı isə övladı gəlib bizi atasının bir qəpiklik adam olmadığına təkidlə inandırmağa çalışırdı. Bu gün pendir satıcısı piştaxta qonşusunun nadürüst əməlləri haqqında məlumatı “rəhbər şəxslər”ə göndərməyimizi istəyirdisə, növbəti gün həmin piştaxta qonşusu artıq polisə verdiyi şikayətin surətini gətirib bizə də verirdi ki, "görün, başqa neyləmək olar".
Yağışlı-küləkli havalarda sığınmaq üçün gələnlər də az olmurdu. Məsləhətxanaya səbəbsiz girmədiyini göstərmək üçün rabitəsiz danışır, gəlin-qaynana dərdi qəfil qonşu probleminə çevrilir, oradan da peşəkarcasına ara məhəllələrə gedən yolların bərbadlığına keçirdi. Biz də səbirsizliklə bitirməyini gözləyirdik ki, giriş qapısının altından yağışın və küləyin sızdığı məsləhətxananı bağlayıb iş gününü yekunlaşdıraq.
Günün boş keçən digər saatlarında ölkənin problemlərlə dolu gündəmini müzakirə edir, həmin gün oxuduğumuz qəzetlərdən sitatlar gətirir, növbəti gün yazılacaqları səbirsizliklə gözləyirdik. Yanlış xatırlamıramsa, dekabr ayı idi, hər gün oxuduğumuz qəzetin fəaliyyətini dayandırmışdılar. Gərginlik içində otaqda var-gəl edib deyinlənməkdən əlimiz işə yatmırdı. Qısa müddət sonra qəzet yenidən açıldı, gündəlik müzakirələrimizə davam etdik.
2
On yeddi il öncənin payızını Rasim Qaracanın “Zülmətdə Alatoran” kitabının yenilənmiş nəşrini oxuduqca xatırladım.
“Zülmətdə Alatoran” mütləq oxunmalı kitablardandır. Dövrün mədəni-sosial üzünü görmək, zəif dırnaqları ilə daş divarları cırmaqlaya-cırmaqlaya özünü ədəbi prosesin göbəyinə gətirə bilmənin çətinliyini anlamaq üçün oxumaq lazımdır. Həm də o möhkəm divarlarla çarpışmaların yaradıcı insanı sənətin özəyindən zaman-zaman necə uzaqlaşdırdığını görmək üçün oxumaq lazımdır. Nə isə, qayıdaq on yeddi il əvvələ. Tez-tez xatırlayıram o dövrü, amma bu dəfə daha şəffaf idi görüntülər. Bir ildən də az çalışdığım o məsləhətxanada hər gün təkrarladığım ayinim vardı: səhərlər piyada gəldiyim yolumun üstündəki köşkdən “Gündəlik Azərbaycan”, həftəsonları “Alma” qəzetlərini, köşkdən əlli metr sonra da kiçik marketdən baton şokoladı alıb məsləhətxanaya gedirdim.
Qəzetləri aldıqdan sonra addımlarımın sürəti artırdı: açıb içindəkiləri oxumağa və baton şokoladını tezliklə ağzımda hiss etməyə səbirsizlənirdim. Oxuyandan sonra digərlərinə ötürür, onlar da oxuyandan sonra söhbətlərimiz başlayırdı.
Yenə də yanlış xatırlamıramsa, növbəti ilin may ayı idi, səhər köşkdə qəzeti soruşdum, dedilər, bu gün yoxdur. Növbəti gün də soruşdum, dedilər, daha olmayacaq, bağlandı. Bu dəfə birdəfəlik bağlanmışdı. Həmin gün məsləhətxanaya tam sükut çökmüşdü. Həmin gün gələn-gedən də olmadı. İş elə gətirdi ki, bir neçə həftə sonra mən də oranı birdəfəlik tərk etdim.
3
Sonralar pərən-pərən olan, özlərini və yazdıqlarını təkzib edən bir ovuc insanın mədəni fırtına yaratdığı zamanlardı. Ölümcül xəstələrin bəzən aqoniyadan əvvəl son dəfə gümrah və yaraşıqlı görünməsini xatırladan dövrlər. Baltalı yazılara, sərt tənqidlərə baxmayaraq, hər mətndə gizli ümid hiss olunurdu. Bəzən açıq-aşkar yanlış bilgiyə əsaslanırdılar, bəzən nifrət dolu, bəzən yersiz tənqidlər yazılırdı, çox vaxt estetikadan əsər-əlamət olmurdu. Amma heç biri ümid və parıltıdan məhrum deyildi. Onsuz da, nəticəyə və gələcəyə ümid olmayan yerdə tənqidlər, ziddiyyətlər, doğru və yanlışın, xeyir və şərin çarpışması da olmur. Ümidsizlik, təəccüb duyğusunu itirmək və reallıqla barışmaq: üçünün də kənardan görüntüsü oxşardır.
On yeddi il öncənin payız xatirələrinin ardınca düşüb Milli Kitabxananın elektron arxivində “Alma” qəzetinin və “Alatoran” jurnalının bəzi saylarını tapıb oxudum. Təəssüf ki, “Gündəlik Azərbaycan” qəzetini tapmadım. Kaş aldığım nüsxələrə ciddi yanaşıb hamısını yığardım. Amma elə “Alma”nın 2006-cı ildəki on iki sayını, “Alatoran”ın 2004-2006-cı illərdəki altı sayını oxumaq durğun bir mədəniyyətin qısa müddətdə necə hərəkətə gələ biləcəyini görməyə bəs edir. Lakin onu da unutmayaq ki, o hərəkat hələ tam sıradan çıxarılmamış mətbuat ənənəsinin sayəsində yarana bilmişdi.İndiki kimi hər şeyəsüpürgə çəkilməmişdi.
Məlum səbəblərdən o parlaq hərəkat əsrin ikinci onilliyinin başlanğıcında - vaxtından əvvəl öldü. Daha doğrusu, öldürüldü. Təxmin edirəm, məcburiyyətlər, qadağalar, fiziki və maddi təhlükələr olmasaydı belə, ikinci onilliyin sonlarında artıq öz missiyasını bitirmiş olacaqdı. Amma vaxtsız vəfat həmişə insanı daha çox kədərləndirir. Həm də, bəlkə, bayrağı daha yaxşılarına vermək üçün fürsət olacaqdı, deyə düşünürsən.
4
Digər kədərləndirən məsələ də, bir vaxtparlaq görünən o yaradıcı insanların əksəriyyətinin az sonra cəfəngiyyata, təkrarçılığa, müdafiə etdikləri dəyərlərin düşmənçiliyinə, populizmə, bir sözlə, keçmiş və mürtəce olan hər şeyə geri döndüklərini, çarəsizcə dibə yuvarlandıqlarını görmək oldu. Günahı da qoydular yenə xalqın və coğrafiyanın boynuna. Halbuki hər zaman qapalı rejimlərdə, ağır təzyiqlər qarşısında davam gətirə bilməyən yaradıcı insanların davranışlarını təkrarlamışdılar: “Yaradıcı insan güzgüyə baxır, işıldayan tanrı görür. Özünü güclü hiss edir. Sonra bu cəmiyyətdə tanrı olmağın böyüklüyünə və ağırlığına dözə bilməyəcəyini anlayır. Sonra bunun peşmanlığını yaşayır. Bu peşmanlığa da tab gətirə bilmir, günah keçisi axtarır və ən təhlükəsizlərini tapır – “dünya mənim istədiyim kimi deyilsə, deməli, mənə layiq deyil”, ya da “həqiqət başqa yerdə imiş, gec anlamışam””... Bəlkə də, bu qədər sürətlə və maneəsiz sıradan çıxarılmaqlarının bir səbəbi havadan yoluxduqları ideyaların sadəcə imitasiyası ilə məşğul olmaları idi. Bilmirəm. İnsan iddiaları ilə imtahan olunur. Böyük-böyük danışmaq təhlükəlidir.
Bir neçə gün öncə keçmiş “parlaq”lardan birinin növbəti sərsəmləməsindən sonra kimsə yazmışdı ki, nə yaxşı, o vaxt mən bunlara qulaq asmamışam, dediklərini etməmişəm. Sanki o vaxt buna deyirmişlər ki, "get insan öldür, oğurluq elə". Halbuki deyilənlərin icmalı “kitab oxuyaq, azad düşünək, bəşəri dəyərləri mənimsəyək”di. Bu cür düşünmənin səbəbi dəyərləri insanlara, ölkələrə bağlamaq kimi yanlış və təhlükəli yanaşmadır. Hansısa mütərrəqi dəyəri bir insana, bir ölkəyə bağlayırsansa, o insanın, o ölkənin yanlış davranışından sonra həmin dəyərin də yanlış olduğunu düşünürsən.
5
O illərin nikbin notları sonradan səssizliyə qovuşsa da, bədbin notları indi də addımbaşı qulağımızda cingildəyir. Səbəbi bəllidir: çünki mədəniyyət sahəsində nəinki problemlər aradan qalxdı, əksinə, üzərinə daha ağırları gəldi. İndi də üç-beş yazar bir yerə gələndə kitabların oxunmamasından, nəşriyyatların öz hesablarına kitab nəşr etməmələrindən, müəllifə qonorar verilməməsindən, kitab mağazalarının yerli müəlliflərə qarşı sadist mövqelərindən və sair bu cür mövzulardan danışır. Hələ də, "biz niyə xaricdə oxunmuruq", "niyə başqa dillərə tərcümə oluna bilmirik", "niyə ədəbi festivallarımız yoxdur", "niyə xalq və dövlət bu bədbəxt yazarlara dəstək vermir" kimi suallar dillərdən və qələmlərdən düşmür.
Qınanmalı deyil, bir problem ki, həll olunmayıb, haqqında danışmaq vacibdir. Amma bu mövzuları sənət söhbətlərinin özəyinə çevirmək də yanlışdır. Yazılmalı, danışılmalı, müzakirə edilməli nə qədər başqa və önəmli mövzular var. Sönük mühitimizdə bu mövzulara başlamağa ya həvəsimiz yoxdur, ya da gücümüz...
6
İnsanların qulağına daha yaxşı dünyanın var ola biləcəyini pıçıldayan sənət olmadıqca digər “sənət nümunələri”, gerçəkləri söyləyə bilmədikcə gündə biri açılan gərəksiz e-dərgilər yalnız qulaq qapamağa, göz yummağa və özümüzü aldatmağa yarayır. Görüntüdə, guya, çox şey var - əvvəlkindən dəfələrlə çox saytlar, mədəniyyət və xəbər dərgiləri. Hər gün nə qədər kitab nəşr olunur. Hər tərəfdə zəfər və uğur hekayələri... Bu qədər səs-küyün içərisində nəhəng bir səssizlik hökm sürür. Ümidsizliyin gətirdiyi səssizlik...
7
Vaxtilə İeronim Bosxa aid edilən, sonralar isə onun tələbələrindən birinin çəkdiyi ehtimal olunan bir rəsm əsəri var: “Yumurta içində konsert”. Böyük bir yumurtanın içində səfeh kütlə - kardinallar, rahiblər, sadə insanlar, dilənçilər yığılıb müxtəlif musiqi alətləri çalırlar, kitabdakı notlara baxıb dini musiqilər ifa edirlər. Lakin yumurtanın bir tərəfində yanğın var: bir yanda konsertdəkilərin pul kisələrini oğurlayırlar, o biri yanda ağacdan günahın rəmzi ilan sallanır.
Başları konsertə qarışanların isə dünyadan xəbəri yoxdur...