Bu film deyil! - İlkin Yusifin YAZISI

Anadil İlkin Yusifin "Bu film deyil" yazısını təqdim edir:

XXX

İran film sənayesində mövcud olan qadağa və senzuraların təsiri ilə “anderqraund” və “gerilla” cərəyanına aid olan filmlərin istehsalı artmağa başladı. Senzuraları nəzərə almaqla, film çəkmək ehtiyacı yarandı. Bu ehtiyac isə inkişafa gətirib çıxardı. Beləliklə, müəlliflər yaradıcı həll yolları axtarışına çıxdılar. Bədii filmdə qadın və kişi aktyorların davranış və danışıqlarındakı senzuralar müəllifləri uşaqlara yönəltdi. Uşaqlar üçün sərt qadağaların olmaması uşaq rollarının artmasına səbəb oldu. Çəkilişlərin daha çox çöldə, şəxsi avtomobildə, taksidə, yolda olması “Yol" filmi ənənəsinə sadiqlikdən deyil, icazəli məkanlardan və senzuradan qaçmağın yollarından biri idi. Sənədli filmdə isə məsələ bir az daha qəliz idi. Gerçəkliyi olduğu kimi göstərməklə reallıqdan nə qədər qaça bilərsən? Bu səbəbdən, İran rejissorları sənədli filmdə bədii film texnikasından və əksinə istifadə formasına tez-tez müraciət etdilər. Nəticədə “İran Yeni Dalğası” yarandı. Bu dalğanın nümayəndələrindən biri də, əslən iran azərbaycanlısı olan rejissor Cəfər Pənahidir. Bu yazı onun 2011-ci il istehsalı olan “Bu film deyil” (“In film nist”) sənədli filminin təhlili üzərində qurulub. Film qanunsuz (illegal) çəkilib və ad günü tortunun içərisində gizlədilmiş fləş diskdə, qaçaq yolla İrandan Kanna göndərilib. Bu, özlüyündə partizan (gerilla) hərəkətidir. Film xüsusi olaraq, Kann Film Festivalında və Nyu-York Film Festivalında nümayiş etdirilib. Həmçinin Varşava Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqəsində iştirak edib.

“Reflexive” sənədli film janrında olan filmdə apellyasiya məhkəməsinin hökmünü gözləyən rejissor Cəfər Pənahinin bir günü təsvir olunub. Həmkarı rejissor Mojtaba Mirtahmasbın köməyi ilə çəkilən film çağdaş İran kinosunda baş verən məhrumiyyətləri əks etdirir. Pənahiyə 6 il həbs qərarı verilməklə yanaşı, 20 il müddətində film çəkmək, ssenari yazmaq, mediaya danışmaq və ölkədən çıxışına qadağa qoyulub. Filmin əvvəlində evə həbs olunan müəllifin vəkili ilə telefon söhbətində bu cəzaların yüngülləşməsini təxmin edirlər. Gələcəyi qeyri-müəyyən olan Pənahi rejissor kolleqasına senzuradan keçməyən ssenarisini danışaraq filmə çevirmək planı olduğunu bildirir. Hekayə, dindar valideynləri tərəfindən sənət məktəbinə getməsinə mane olmaq üçün evə kilidlənmiş bir qızdan bəhs edirdi. Biz sonralar Cəfər Pənahinin “Üç üz” filmində bu qızı görəcəyik. O, hekayəni öz evində səhnə quraraq izah etməyə başlayır. Lakin çəkiliş məkanından kənarda və aktyorlarsız film çəkməyin mümkünsüz olduğu qənaətinə gəlir. Bu məqam filmdə ssenari qədər aktyor və məkanların rolunun vacibliyini göstərir. Rejissor “filmi danışa biliriksə, bəs onda niyə çəkirik?” sualını səsləndirir. Bu sual müəllifin düşdüyü vəziyyəti daha da dramatikləşdirir. Lakin, sözügedən film tamaşaçıda çaşqınlıq yaradır. Əgər mümkün deyilsə, bəs bu film nədir? Filmin adını “Bu film deyil” qoymaqla, həm irəli sürdüyü fikri, həm də özünü həbsdən sığortalasa da, filmin sənədli film kimi etiketlənməsi paradoks yaradır. Bu film deyil, film çəkməsi qadağan olunan rejissorun düşdüyü absurd vəziyyətə üsyanıdır.

Cəfər Pənahi otaqda xalçanın üstünə lent yapışdıraraq xəyali otaq qurmaqla sanki “Doqvill” filminə salam göndərir. Təsadüfi deyil ki, Pənahinin bu filmi “Doqma-95” tərzi ilə çəkilən film təsiri bağışlayır. Bəlkə də, Lars fon Trier filmi irreal məkanda çəkdiyi kimi, Cəfər Pənahi öz evində film çəkə bilər mesajını verir. Yaxud özünün Doqvill versiyasını çəkir. Belə olan halda filmdə əsas qəhrəman “Qreys” qanqsterlərdən (atasından) qaçıb Doqvillə sığındığı və evə həbs olunduğu kimi, Pənahi də mövcud rejimin əlindən evə sığınır. Qreys Doqvil üçün təhlükəli olsa da, kənd əhalisi onu gizlətməyi bacarır. Cəfər Pənahi isə onu dəstəkləyən həmkarları üçün indidən narahatdır. Ona dəstək olanların başlarına gələcək təhlükə haqqında düşünür. Qapı döyüləndə gözlükdən baxması onun nəzarətdə olduğuna və izləndiyinə işarə edir. Filmdə otaqda gəzən böyük iquana (kərtənkələ) evə həbs olunan rejissorun özünü simvolizə edir. Baxmayaraq ki, onun meydanı çöldür, amma o, pişik kimi evdə dolaşır. İquana Pənahinin özünü simvolizə edirsə, bəs o zaman qonşunun hürən iti nəyə işarədir? Yoxsa Doqvildəki hürən itdir? Şəhərə getmək istəyən it sahibi iti qonşulara etibar etmək istəyir, lakin heç kim hürən itə sahib çıxmaq istəmir. İranda it saxlamaq qanunla (şəriətlə) qadağandır. Pənahi də iquananın itdən qorxduğunu bəhanə edib itə sahib çıxmaq istəmir. (Sonrakı filmi olan “Bağlı Pərdələr” filmində də iti yaddan çıxarmayıb).

Film tamaşaçıda “heç nə baş vermir” təəssüratı yaratsa da, müəllif üstüörtülü şəkildə hekayəni danışır, düşdüyü vəziyyətin nə qədər absurd olduğunu tamaşaçıya çatdırır. Filmin əvvəlində o, üzünü kameraya tutaraq müəllifi olduğu “Ayna” filmindən nümunə gətirir. Burada Mina adlı məktəbli qız bir müddət sonra artıq rol oynamaq istəmədiyini deyib, uzaqlaşır. Filmin içində olan bu imtina real hadisə kimi görünsə də, səhnələşdirilib. Müəllifin hazırda bu obraz kimi davranmaqdan başqa çıxış yolu olmadığını deməsi tamaşaçıya ipucu verir. Rejissor oyundan kənarlaşdırılsa da, davam edəcəyinə işarə edir. Mina obrazı kimi, müəllif özü də dördüncü divarı yıxır. Beləliklə, film çəkmək qadağası olan rejissora öz evində, özünün çəkildiyi filmin film olduğunu heç kim sübut edə bilməz. Necə ki, filmdə müəllif özü bunun film olduğunu danır. Kamera onu çəkərkən “CUT!” (kəs) deməsi isə onu ələ verir. Kolleqası çəkməyə davam edir və qeyd edir ki, indi o, “KƏS” komandası verə bilməz! Bu bir tərəfdən bizi qadağanın olduğu reallığa qaytarsa da, digər tərəfdən Pənahinin hal-hazırda film çəkdiyi mesajını verir. Bu, gerçəkliklə səhnələşmənin birləşdiyi nöqtədir. Beləliklə, Cəfər Pənahi bu filmin qəhrəmanıdır. Qəhrəmanın qarşısındakı ən böyük əngəl isə ona qoyulan qadağadır. Düşməni mövcud sistem, dostu isə onu kameraya çəkən kolleqasıdır. Sonda nə baş verir? Qəhrəman taleyini sona saxlamır, çünki elə hal-hazırda film çəkir. Baxmayaraq ki, evdən çölə çıxa bilməz, filmin sonunda zibil yığan oğlanı çəkərkən liftən çölə çıxması, müəllifin daxilən azad və üsyankar ruhlu olduğu mesajını verir. Müəllifin ona qoyulan məhdudiyyətlərə asanlıqla təslim olmayacağı görünür. Çölə çıxması Doqvili tərk edən Qreysi yada salır. Çöldə bayrama görə yandırılan böyük alovla Doqvilin sonunda Qreysin kəndi yandırıb intiqam alması arasında oxşarlıq yaranır. Bu film deyil, bu mesajdır! Bu meydan oxumaqdır! Bu intiqamdır! Bu özünü ifadə azadlığıdır!

“Bu film deyil” filmi “avanqard” subjanrında və büdcəsiz çəkilən sənədli film nümunəsidir. Baxmayaraq ki, film planlaşdırılmış səhnələrdən ibarətdir, o sadəcə sənədli film kimi təqdim edilib. Mövcud sistemə qarşı olan üsyanın davamını müəllif “Taksi” filmində daha sərt şəkildə ortaya qoyur. Taksi filmində sərnişinlərdən birinin Pənahinin film çəkdiyinə açıq-aşkar eyham vurması müəllifin istənilən şəraitdə film çəkəcəyinə bir daha işarə edir. Müəllif bədii və sənədli film texnikalarını qarışdıraraq hekayəsini danışır. Beləliklə, janr sadəcə etiket xarakteri daşıyır. Hekayənin özünün tələb etdiyi yeni formaların tapılması, janrları və subjanrları qarışdırmaq həm çağdaş film sənayesinin tələbinə çevrilib, həm də müəlliflərin senzuradan qaçmasına şərait yaradır. Bu qarışıq hekayə tərzi Pənahini düşdüyü çətin vəziyyətdən nisbətən çıxardır. Sənədli film (video) pərdəsi arxasına sığınan rejissor “Bağlı Pərdələr” filmi ilə pərdəni bağlayıb sonradan “docufiction” janrına yumşaq keçid edir. “Taksi”, “Üç üz” və s. qanunsuz filmlər çəkməklə yaradıcılığına davam edir. Cəfər Pənahinin filmlərinin İranda nümayişi qadağan olunub.

Qeyd: Cəfər Pənahi 2010-cu il martın 1-də Məhəmməd Rəsulofla birlikdə film çəkərkən saxlanıldı və İran hökumətinə qarşı təbliğat aparmaqda ittiham olundu. Cəfər Pənahinin 6 il müddətinə həbsə alınması qərarı beynəlxalq basqıların nəticəsində ev dustaqlığı ilə əvəzləndi və 20 il müddətinə film çəkməsi qadağan olundu. 2022-ci ilin iyulunda həbsdə olan dissident rejissor Məhəmməd Rəsulofun vəziyyətini öyrənmək üçün Tehran prokurorluğuna gedən zaman yerindəcə həbs edilərək “Evin” həbsxanasına salındı. İran Ali Məhkəməsinin hökmü etibarsız elan etməsinə baxmayaraq, həbsdə saxlanılmasına etiraz olaraq C. Pənahi aclıq aksiyası elan etdikdən 48 saat sonra 3 fevral 2023-cü ildə həbsdən azad olundu.


/Qaynar: Kinoyazar/
Oxunub: 168
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR