Ölür qadınlığımız... - Günel Mövludun ŞEİRİ

Anadil 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Günel Mövludun qəpik-quruşa işləmək məcburiyyətində qalan, istismar edilən, istədiyini geyinə, istədiyini yeyə, istədiyi yerə gedə bilməyən bütün qadınlara ithaf olunmuş şeirini təqdim edir:

XXX

Günorta yeməyində
kükürd qoxulu çörək...
Bizə əlçatan deyil
ətir, paltar, bər-bəzək.

"Qadın qul bazarı"nda
tapdanır mənliyimiz.
Küçə süpürgəsidir
dostumuz, şənliyimiz.

Pambıq tarlalarında
qanayır dırnağımız.
Göydən yağan alovdan
alışır yanağımız.

Əməkdən azad etmir
bizi xərçəng, ya şəkər.
Saçımıza bərbər yox,
köhnə şal sığal çəkər.

Ölüncə işləməkdi
bizim azadlığımız.
Yoxsulluq girdabında
ölür qadınlığımız...

Oxunub: 143
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR