Bu dünyada ən gəzməli yer damların qırağıdı... - Zamin Hacının ŞEİRLƏRİ

Anadil: Bu gün Azərbaycanın tanınmış yazarı Zamin Hacının doğum günüdür.

Onun 50 yaşı tamam olur.

Zamin Hacını bu münasibətlə təbrik edir və bir neçə şeirini oxucularla bölüşürük.

XXX

Anti-şeir

(Yediyim bütün dönərlərə ithaf edilir)

1.

Siqaret söndürməyək armud cecəklərində,
Onların sızıltısı qoymaz yağış dayansın.
Zəfər çələngi hörək əklil çiçəklərindən,
Dirilər də oyansın, ölülər də oyansın.

2.

Bu dünyada ən gəzməli yer
damların qırağıdı,
ən qiymətli kağız
məktəbli uşağın “beş”i yazılmış
dəftər varağıdı,
ən yaşamalı yer
dezodorant balonudu.

Özü də,
bütün günah səndədi,
köpəyin qızı,
sən telefonu söndürməsəydin,
mən şer yazmazdım.

3.

Gəlin şer yazmayaq, anamıza baş çəkək,
Bizə layla desinlər, yuxumuz şirin olsun.
Görək gözəl olmuşuq, yataq, yuxuda görək;
Sonra nə olar-olar, Allah da kərim olsun.

4.

Əslində
mən heç Allaha da inanmıram,
sadəcə,
televizorda bütün kinolar
qurtaranda
saatın, yağışın,
qardaşını aeroporta aparan maşının
səsini dinləmək
adamın ürəyini sıxır.

5.

Sən Allah, yağma, yağış, yenə qrip olacam,
Yenə dəli olacam, yenə qərib olacam.
Çox ümid eləyirəm – səhər açılan kimi
Minəcəm avtobusa, yenə diri olacam…


Cəhənnəmə gəl

Gözlədim yenə gəlmədin,

Gəlmirsən, cəhənnəmə gəl!

Ölümümü istəyirdin?!

Ölmüşəm, cəhənnəmə gəl.


Orda soyuyurdum səndən –

Soyuq vurdu qanımı.

Gəlib nə istəyəcəkdin –

Soyuq aldı canımı.


Soyuq apardı canımı,

Indi isti yerdəyəm.

Canim-gözüm, elə bilmə

Buz kimi qəbirdəyəm.


Burnumun ucu göynəyir

Sənin soyuq sözünçün.

Salıblar qır qazanına

Buğlanıram özümçün.


O dünyada olammadıq,

Kaş ki, burda bir olaq.

Ikimiz bir cəhənnəmdə,

Qazanımız dar ola.


O dünyada qalsın hər şey,

Bura dərd-sərnən gəlmə.

Bura əqrəbnən doludu,

Gələndə yernən gəlmə.


…Amma çox qarışıq yerdi –

Işin çətin olacaq.

Məni belə axtararsan:

“Cəhənnəm, İsti Bucaq” .


Xatirə

("Qaranlıq" silsiləsindən)

...Nəyi istəyirdim, istəyib bildim,
Bəs niyə gözümə göründü axşam?
Günəş qaranlıqda gizlənə bildi,
Hörümçək toruna büründü axşam.

Payız səhərinin sərinliyində
Xəfifcə yellənən yaylıqlar vardı.
Duzlu dənizlərin dərinliyində
Yuxulu, xırdaca balıqlar vardı.

Yağışlar yağardı - çiçək bitirən,
Dəcəllik edərdi sərçə buludlar.
Nə tapan var idi, nə də itirən,
Nə arzular vardı, nə də umudlar.

Mışıl-mışıl yatan düzənliklərin
Yuxusu yamyaşıl otlar olardı.
Ağalar açardı yarpaq əllərin,
Göylərdə qanadlı atlar olardı.

...Mən də dayanmışdım yol ayrıcında,
Səni gözləyirdim... gəlib çıxmadın.
Acından ölürdüm, sən gətirəsi
Dəni gözləyirdim... gəlib çıxmadın.

Niyə xatırladım, niyə, bilmərəm,
Bunlar nə vaxt olub - deyə bilmərəm.

_________________________________________

Zamin Hacı kimdir?

Zamin Hacı 1973-cü il aprelin 1-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində doğulub, orada orta təhsil alıb.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Tələbəlik illərində mətbuatla əməkdaşlıq edib, ilk şeirləri 1991-ci ildə “Gənclik” jurnalında işıq üzü görüb.

“Azadlıq”, “Yeni Müsavat”, “Ekonomiks”, “Avropa” qəzetlərində və başqa nəşrlərdə reportyor, mədəniyyət yazarı, redaktor müavini, şöbə müdiri, köşə yazarı kimi məşhurlaşıb.

Hazırda “Yeni Müsavat” qəzetinin köşə yazarıdır.

Zamin Hacı 2000-ci ildə Azərbaycanda “İlin ən yaxşı jurnalisti” üçün “Media açarı” mükafatını, 2011-ci ildə Almaniya və Norveç fondlarının “Şərqi Avropada söz azadlığı” mükafatını alıb.

1999-cu ildə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib.

2022-ci ildə “Anti-şeirlər” poeziya, “Göz dağı” publisistika kitabları nəşr edilib.

Jurnalist Sevinc Telmanqızı ilə evli olan Zamin Hacının iki övladı var: Selcan və Oğuz.




Oxunub: 307
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR