Tarantino son ssenarisini yazıb bitirdi, çəkilişlərə isə BU TARİXDƏ başlayacaq

Anadil: Bu il martın 27-də 60 yaşını qeyd edən dünyaca məşhur kinorejissor, aktyor və ssenarist Kventin Tarantino (Quentin Jerome Tarantino) son filmini çəkməyə hazırlaşır.

“The Hollywood Reporter”in məlumatına görə, Tarantino sayca 10-cu və özünün dediyinə inansaq, axırıncı filminin ssenarisini tamamlayıb.

Məlumatda bildirilir ki, “Kinotənqidçi” (“The Movie Critic”) adlı ssenaridə hadisələr 1970-ci illərin sonlarında Los-Ancelesdə cərəyan edir. Filmin baş qəhrəmanı qadın olacaq. Ekran əsərinin amerikalı jurnalist və dövrünün ən nüfuzlu kinotənqidçilərindən olmuş Polin Keylə (1919-2001) həsr olunacağı deyilir.

Çəkilişlərin bu ilin payızında başlayacağı bildirilir, hərçənd Tarantino hələlik heç bir studiya ilə müqavilə bağlamayıb.

Tarantino bir neçə dəfə bildirib ki, rejissor karyerası boyunca 10-dan artıq film çəkmək istəmir. Hazırda rejissorun filmoqrafiyasında doqquz ekran əsəri (o cümlədən iki hissədən ibarət “Billi öldürmək” filmi) var.

Kventin 2018-ci ildə isə kino sahəsini tərk edəcəyini açıqlamışdı.

O, rejissor kimi ilk dəfə 1994-cü ildə, “Kriminal qiraət” filmi ekranlara çıxandan sonra şöhrət qazanıb. Filmləri “Oskar”, “Qızıl palma budağı” (Kann kinofestivalı) və s. mükafatlara layiq görülüb.

Tarantinonun ekran əsərləri dolaşıq və parçalanmış xronologiya axını, qanlı səhnələrin tam açıq, dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənir.


Oxunub: 253
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR