Anadil Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin sədri və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri olmuş ictimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanovla bağlı son vaxtlar Azərbaycan cəmiyyətində gedən müzakirələrə tarixçi alimlərin münasibətini təqdim edir.
Xatırladaq ki, bu müzakirələr 2023-cü il martın sonlarında Nərimanovun Naxçıvan şəhərindəki “Böyük bağ” adlanan ərazidə yerləşən heykəlinin götürülməsindən sonra başlayıb. Heykəl daha sonra yerinə qaytarılıb.
Lakin Nərimanovu şəxsiyyəti ətrafında mübahisələr səngiməyib.
Polemikanın əsas xətlərindən birini isə "Nəriman, yoxsa Rəsulzadə?" sualı təşkil edir.

/Redaktorun qeydi: Bu gün Nəriman Nərimanovun doğum günüdür. Onun anadan olmasından 153 il ötür.
N.Nərimanov 1925–ci il martın 19-da vəfat edib. O, Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub.
XXX
Ziddiyyətli şəxsiyyət

Müəllif: Cəmil Həsənli, tarix elmləri doktoru, professor
Bu gün Naxçıvandan xəbər gəldi ki, “Böyük bağ” ərazisində olan Nəriman Nərimanovun abidəsini altdığını möhkəmləndirmək üçün götürüblər və möhkəmləndirmə işləri başa çatandan sonra abidəni yerinə qaytaracaqlar. Bizdə hərdən belə şeylər olur. Bir neçə il əvvəl Türk şəhidliyindən də bayraqları “yumağa” çıxarmışdılar.
Naxçıvanın “Böyük bağ”ından məlumat yayılandan sonra sosial şəbəkədə Nərimanovun Bakıdakı abidəsi ilə bağlı da müzakirələr qızışmağa başladı. Nərimanova qarşı bir sıra ittihamlar irəli sürüldü və heykəlin demontaj edilməsi ilə bağlı fikirlər səsləndirildi. Şübhəsiz ki, Nərimanova qarşı irəli sürülən ittihamlarda haqlı məqamlar da var, haqsız məqamlar da. Sağlığında Nərimanovun əleyhinə çox yazıblar. 1925-ci ildə vəfat etdikdən sonra 30 ildən çox kölgəsini təqib ediblər, “Nərimanovşina” adı altında xeyli həbslər keçiriblər. Yalnız 1957-ci ildə Azərbaycan rəhbərliyi ona siyasi bəraət ala bildi. Amma az sonra Nərimanovun adının Azərbaycanda populyarlaşması Moskvada qıcıq yaratdı, komissiya göndərdilər, kitabları, məqalələri yoxladılar və bildirdilər ki, bir kitabın bir səhifəsində Nərimanovun adı 11 dəfə, ayrı məqalənin bir səhifəsində 13 dəfə çəkilir, bu, millətçilikdir. Xruşşova məruzə edəndə dedi ki, “Kommunist” jurnalına göstəriş verin bunların külünü göyə sovursun. Bunlar Şaumyanı ona görə arxa plana keçirirlər, çünki Şaumyan ermənidir, istəyirlər qəhrəmanları özlərindən olsun.
Hər bir tarixi şəxsiyyətə öz zamanının şərtləri daxilində yanaşmaq vacibdir. Nərimanov ziddiyyətli şəxsiyyətdir. Onun lehinə də, əleyhinə də istənilən qədər dəlil gətirmək olar. Amma Nərimanov bir siyasətçi olmazdan əvvəl Azərbaycanın mədəniyyət və ədəbiyyat fədaisi olan bir maarifçisidir, ölkənin siyasi tarixinin bir hissəsidir axı... Müzakirə ona yeni heykəl qoyulması ətrafında getsəydi, əlbəttə, bəlkə də, bunun əleyhinə çıxmaq olardı. Lakin söhbət 50 il bundan öncə qoyulmuş bir abidənin demontajından gedirsə, bunu etmək doğru olmazdı. Mən başa düşürəm bu fikrə görə tənqid olunacağam, üzərimə hücumlar da olacaq. Ancaq hesab edirəm bu tənqid (təhqir də mümkündür) və hücumların qarşısında susub oturmaq, həqiqətdən yayınmaq daha ağırdır.
Biz heykəllərdən niyə qorxuruq? Yüz il bundan qabaq Nərimanovun rəhbərlik etdiyi rejimdən yüz qat murdar olan bir rejimin şərtləri altında yaşayıb (əlbəttə, hamıya aid deyil!), ona boyun əyib Nərimanovun abidəsinin sökülməsini tələb etmək yüngülcə desək nə qədər “ədalətlidir”? Nərimanovun səhvləri olubmu? Olub! Nəsib bəy Usubbəyova, Əlimərdan bəy Toçibaşiyə də məktubları səhv idi, “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır” fikri də, Naxçıvan və Zəngəzurla bağlı bəyanatı da yanlış idi. Lakin məsələni belə qoymaq doğru deyil ki, Nərimanov olmasaydı, sovetləşmə də olmayacaqdı. Sovetləşmə şəxslərə bağlı deyildi. Rusiyanın dağılması kimi, bərpası da ümumdünya prosesi idi.
Mənə görə, tarixi ədəbiyyatda Nərimanovun ən obyektiv və maraqlı obrazını alman tarixçisi Yorq Baberovski “Düşmən hər yerdədir” kitabında yaradıb. Moskva arxivlərində, xüsusilə Nərimanovun sənədlərinin saxlandığı Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin 588-ci fondunda geniş araşdırma aparıb professor Baberovski və Nərimanovun yaddaqalan tarixi obrazını yarada bilib, onun zəfər və faciəsini verə bilib. Baberovski yazır ki, Nəriman Nərimanov 1920-ci ilin sentyabrında Anastas Mikoyanı Bakıdan yola saldığı kimi, Sarkisi də zor gücünə qapalı vaqona oturdub, Bakıdan qovmuşdu. (Bax: Йорг Баберовски. Враг есть везде. Сталинизм на Кавказе. Москва, 2010, с.273).
Nəriman Nərimanov Moskvaya xüsusi nümayəndə kimi göndərdiyi Behbud Şaxtaxtinskiyə tapşırıq verirdi ki, “bir ayağı Ermənistanda, bir ayağı \
Azərbaycanda olan” erməni kommunistlərinin ayağını Bakıdan kəsmək üçün orada iş aparmaq lazımdır və həm də tapşırırdı Leninə çatdırsın ki, 5-6 daşnaka görə Türkiyə ilə münasibətləri pozmaq olmaz.
Yeri gəlmişkən, Moskvanın oyunları və intriqaları Nərimanova baha başa gəldi. Kiçik istisnalarla onun silahdaşlarının hamısı onu satdı. Bu işin başında Orconikidze dayanırdı. Baberovski yazır: “mərkəzin emissarları... Nərimanovun silahdaşlarını siyasi cəhətdən neytrallaşdıra bildi. Gizli təhdidlər və siyasi vədlər onun dostlarını düşmənlərinə çevirməyə imkan verdi”.
1923-cü ildə Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” MK-ya məktubu Yemelyan Yaroslavski başda olmaqla Partiya Nəzarəti Komitəsində müzakirə olanunanda Nərimanov müsavatçılıqda ittiham edildi. Hətta iclasda Nərimanov Ruhulla Axundovun eser keçmişin yada salanda Axundov dedi ki, “kommunist və keçmiş eser olmaq daha yaxşıdır, nəinki, Nərimanov kimi müsavatçı olmaq”.
Mirzə Davud Hüseynov isə komissiyanın iclasında qeyd edirdi ki, “bizim əks-inqilabçıları başına toplayıb, əleyhimizə kitab çap etdirən Rəsulzadənin bizim əleyhimizə quduz kampaniya apardığı bir vaxtda, Nərimanov da bizə qarşı öz quduz kampaniyasını genişləndirir. Mən, əlbəttə, fikirləşmirəm ki, Nərimanovun Rəsulzadə ilə əlaqəsi var. O, Rəsulzadənin dəlillərini sözbəsöz təkrar edir”. Yeri gəlmişkən, bu məktub MK-ya göndərilməzdən əvvəl Mirsəid Sultan-Qaliyevi həbs edəndə axtarış zamanı onun evindən çıxmışdı. Və Nərimanovun da həbs edilməsi üçün təqdimat hazırlanmışdı. Maraqlıdır ki, təqdimatı Stalindən başqa bütün Siyasi Büro üzvləri imzalamışdı.
Yaroslavski komissiyasının onun əleyhinə Bakıda və Moskvada topladığı materiallar partiya araşdırmasından daha çox, istintaq materalına bənzəyirdi. Fəhlə kollektivlərində komissiyanın onun əleyhinə təşkil etdiyi iclaslarda müsəlman kommunistlərindən bəziləri onun əleyhinə çıxış edərək deyirdilər: “Nərimanov bizə dedi ki, nə düşmüsünüz ermənilərin ardına, 1918-ci il yadınızdan çıxıb”. Belə nümunələr çoxdur. Mən yalnız epizodları yada saldım.
Məşhur azərbaycanşünas Amerika tarixçisi Odri Altştadt da Sovet Azərbaycanında mədəniyyət siyasəti, 1920-1940” (Audrey L. Altstadt. The Politics of Culture in Soviet Azerbaijan, 1920-40) kitabında Nərimanovun maraqlı obrazını yaradıb. Odri xanım bir dəfə dedi ki, bilirəm Nərimanova belə münasibətimə görə Azərbaycandakı dostlarımın bəziləri məndən inciyəcək, amma bu incikliyə görə mən Nərimanova xəyanət edə bilmərəm.
Nərimanov Bakıya qayıtmaq üçün 1 yaşlı oğlu üçün saxta tibbi arayış aldı ki, guya Moskvanın havası ona düşmür. Onun Bakıya dönüşünü müdafiə etmək üçün Stalinə yazırdı: ”Çox hörmətli yoldaş Stalin! Sizdən çox rica edirəm mənim Siyasi Büro qarşısında ərizəmi müdafiə edəsiniz, belə ki, övladımın səhhəti məni belə bir addım atmağa məcbur edir. Fikirləşirəm ki, mənim 30 illik ədəbi-ictimai fəaliyyətim və partiyanın göstərişi ilə 8 il ərzində tutduğum məsul vəzifələr mənə bizim partiyanın Siyasi Bürosuna belə bir xahişlə müraciət etməyə hüquq verir. Tibbi arayış təqdim etməklə xahiş edirəm Siyasi Büro mənim Bakıda yaşamağıma icazə versin. Əgər mənim SSRİ MİK-in sədri kimi tutduğum vəzifə buna mane olursa, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsiniz”.
Mənim “Azərbaycanın Sovetləşməsi: Cənibi Qafqaz Rusiya, Türkiyə və İran üçgənində, 1920-1922” kitabım Utah Universitet nəşriyyatında çapa hazırlananda nəşriyyatın redaksiya şurasının rəhbəri Dr. Con Alley (John Alley) və editor Kathy Liuis (Kathy Lewis) sözün tam mənasında Nərimanovun cazibəsinə düşmüşdü. O, mənə təklif etdi ki, kitab xronoloji baxımdan 1920-1922-ci illəri əhatə etsə də, Nərimanovun fəaliyyətini 1925-ci ilə - vəfatına qədər gətirmək lazımdır. Dr. Alley yazırdı, mən onun taleyinə acıyıram “Nərimanovun hakimiyyəti və nüfuzu sizin ölkənin tarixinin dönüş məqamıdır, xronologiyadan kənara çıxsa da onu 1925-ci ilə qədər gətirmək lazımdır”. Əlbəttə mən bunu etdim. Bu faktları düşünmək üçün yazdım.
Öz səhvləri, zəfər və faciəsi ilə Nərimanov bu ölkənin tarixinin, mədəniyyətinin, ədəbiyyatının bir hissəsidir...
/Redaktorun qeydi: Yazı Cəmil Həsənlinin "feysbuk" səhifəsindən göütürülüb./
***
Azərbayycan cəmiyyətində Rəsulzadə "təəssübü" və Nərimanov "nifrəti

Müəllif: Solmaz Tohidi-Rüstəmova, tarix elmləri doktoru, professor
Nəriman Nərimanovun Naxçıvandakı parkda büstü yerinə qaytarıldı. Amma büstün hansı məqsədlə götürülməsi və yenidən qoyulmasından asılı olmayaraq bu hadisənin Azərbaycan cəmiyyətində qopardığı ehtiraslar tufanı görünür ki, hələ uzun müddət sakitləşməyəcək. Sosial şəbəkələrin ictimai fəal kəsimini az qala iki cəbhəyə parçalayan bu hadisəyə münasibətin böyüyərək tarixi-siyasi müstəvidə kəskin fikir ayrılıqları doğurması və bəzən şiddətin sağlam diskussiya həddini belə keçərək siyasi damğalar və hətta təhqirlər şəkli alması, bu qarşıdurmanın kökündə daha dərin və daha ciddi səbəblər durduğu təəssüratı yaradır.
Müasir Azərbaycan dövlətçiliyi tarixinin sözsüz ki, görkəmli nümayəndəsi olan Nəriman Nərimanovun bir siyasi fiqur kimi nə öz sağlığında, nə ölümündən keçən az qala 100 illik bir dövrdə birmənalı qiymətləndirilməməsi sanki artıq alışmalı olunan bir məsələdir. Bu baxımdan Nərimanovun büstünün götürülməsindən narahatlıq reaksiyanın ilk olaraq məhz tanınmış ziyalılardan və alimlərdən (Vilayət Quliyev, Firdovsiyə Əhmədova, Cəmil Həsənli və d.) gəlməsi, vətəndaşların da buna dərhal münasibət bildirməsi Azərbaycan cəmiyyətinin Nərimanov şəxsiyyətinə heç də biganə qalmadığı, öz dövlət xadiminə dəyər verdiyinin yaxşı nümunəsi idi. Və görünür ki, sosial şəbəkələrdəki məhz bu aktivlik Naxçıvan Şəhər İcra hakimiyyətini bu barədə gecikmiş olsa da açıqlama verməyə, daha sonra büstü mümkün qədər tez yerinə qaytarmağa vadar etdi
Azərbaycan Cəmiyyətinin oxumuş, savadlı, öz yaxın keçmişinə, dövlətçilik tarixinə və bu tarixi yaradan şəxsiyyətlərinə dair maraq, bilik, sevgi, ciddi yanaşma nümayiş etdirən hissəsinin, o cümlədən gənclərin bu faktın doğurduğu fikir savaşında çılğınlıq həddində iştirakı və fəallığı da bu baxımdan müsbət qiymətləndirilməlidir.
Bu savaşı alovlandıran daha bir qığılcım, əlbəttə ki, hazırki diskussiyaya Nərimanova əks siyasi fiqur kimi Rəsulzadə faktorunun qatılması idi ki, bu da əslində ilk növbədə tarixçiləri sevindirən bir hal olmalı idi.
Lakin mübahisələr bir qədər səngiyəndən sonra yaranan ümumi təəssürat nədənsə heç də razılıq və məmnunluq ovqatı doğurmur. Bu tarixi şəxsiyyətlərin yaşadığı dövrü araşdıran bir tədqiqatçı kimi gəldiyim ilkin nəticələrdən bəzilərini yazımın sonunda yox, əvvəldən bildirmək istəyirəm, çünki öz müddəalarımı bu dediyim səbəblər üzərində quracağam.
Beləliklə, çox təbii və lazımlı bir tarixi diskussiyanın arzuolunmaz istiqamət və kəskin ton almasının səbəbi bu mübahisələrə qatılan və istər Nərimanova, istərsə də Rəsulzadəyə qarşı barışmaz mövqedə duran iştirakçıların əsasən həmin dövrə və adı çəkilən şəxsiyyətlərə ilk növbədə TARİXİLİK mövqeyindən yanaşmaq baxışının və bacarığının olmamasıdır. Diskussiya iştirakçılarının Nərimanov və Rəsulzadənin siyasi fəaliyyətlərinə, söylədikləri şüarlar, verdikləri bəyanatlar, məqalə və əsərlərindən fikirlərə dair gətirdikləri ayrı-ayrı arqumentlər onların əksəriyyətinin bütün bu nümunələrin hansı şəraitdə yarandığı kimi mühüm bir məqamı nəzərə almadığını, yaxud ümumən bilmədiyini göstərir. Burada Nərimanova qarşı münasibət xüsusi qeyd olunmalıdır, belə ki, onun 1920-ci ildə Azərbaycan SSR hökumətinin başında durduğu vaxt ilk növbədə Qarabağ və Zəngəzur məsələlərinə dair verdiyi ziddiyyətli bəyanatlar və bundan sonra həmin tarixi Azərbaycan ərazilərinin taleyi son dərəcə kəskin tənqidi münasibət doğuran hallardır və həmin tarixi dövrün təfərrüatlarını məhz bilməmək səbəbindən irəli gəlir. Həmin təfərrüatlara varmadan, lakin 1920-1923-cü illər Dağlıq Qarabağ və Zəngəzur məsələsində Azərbaycan kommunist rəhbərliyinin üzləşdiyi vəziyyətin öz ordusuna malik müstəqil Cümhuriyyət hökumətindən də qat-qat ağır olduğunu vurğulamaqla, oxucuları bir daha və dönə-dönə yüzlərlə sənədlər əsasında həmin hadisələri aybaay, günbəgün tədqiq etmiş və çox ciddi nəticələr ortaya qoymuş tarixçi alimlərimiz – İsmayıl Musayev, İlqar Niftəliyev, Kamran İsmayılovun əsərlərini oxumağa çağırıram. Bu əsərlər yalnız tarix elmi üçün yox, geniş mənada bu tarixi bilməli olan sizlər üçün yazılır, niyə oxumursunuz? Bu tədqiqatların heç olmasa bir qismi ilə tanışlıq bolşevik Rusiyasının hələ Aprel işğalından çox əvvəl Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan ərazilərinin taleyini həll edərək onları müəyyən məqsədlər müqabilində daşnak Ermənistanına (daha sonra Sovet Ermənistanına) verdiyini, sonradan məhz Azərbaycan kommunistlərinin Nərimanov başda olmaqla, ciddi və israrlı etirazları qarşısında, yenə də müəyyən şərtlər daxilində onlarla hesablaşmaq məcburiyyətində qalaraq Dağlıq Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan tərkibində saxladıqları kimi bir çox həqiqətləri sizlərə açıqlayar.
Eynilə dövrün hadisələrinə Tarixilik prizmasından yanaşmaq və bu tarixi bilmək tələbi Rəsulzadə başda olmaqla Cümhuriyyət xadimlərini İrəvanın ermənilərə güzəştə gedilməsində qınayanlara da şamil olunur.
Nərimanov - Rəsulzadə qarşıdurması sözü gedən diskussiyanın daha mürəkkəb, sərt və kəskin hissəsi idi ki, burada müzakirələrin artıq yalnız siyasi deyil, İdeoloji müstəvidə getməsi və məhz bu səbəbdən barışmaz xarakter alması amili vurğulanmalı və ilk növbədə təbii sayılmalıdır. Bu amilə də Tarixilik, Dövrü bilmək və Anlaşıqlı Yanaşma prinsiplərini tətbiq etmək mümkündürmü? Mümkündür! Elə isə ilk olaraq Nərimanov və Rəsulzadə şəxsiyyətlərinı siyasi fiqurlar kimi yetişdirən şərtləri və meyarları nəzərdən keçirək.
Rəsulzadədən əvvəlki nəslə mənsub olan (14 il yaş fərqi) Nərimanov ictimai fəaliyyətə öz həmnəsilləri kimi XIX əsrin son onilliklərində maarifçi olaraq başlamış, savadsızlıq, cəhalət və nadanlıq içində boğulan xalqını ayıltmaq məqsədilə qiraət evləri açmış, ədəbi əsərlər, pyeslər, məqalələr yazmış, bu xalqın ən böyük ehtiyacını – sağlamlığını – ödəmək üçün tibb sahəsində Universitet bitirmiş, həkim kimi ilk növbədə kasıb təbəqələrə xidmət etmiş, bütün bu fəaliyyəti, sadəliyi, fədakarlığı ilə müsəlman cəmiyyətində böyük nüfuz qazanmışdır. Lakin uzun və ardıcıl əmək tələb edən maarifçilik prosesinin tez bir zamanda nəzərə çarpan əməli nəticələrə gətirmədiyi qənaəti Nərimanovu bu məqsəd yolunda digər vasitələr aramağa vadar edir. Beləliklə, yaşının artıq yetkin çağında, tanınmış ictimai xadim statusunda siyasət səhnəsinə gələn Nərimanov dövrün ən populyar sosial-demokrat ideya cərəyanına üstünlük verir, onun inqilabi yönümünü seçir, bütün ədəbi-publisistik istedadını və bacarığını bu ideyaların müsəlmanlar arasında təbliğinə və ilk müsəlman inqilabi sosial-demokrat təşkilatların yaradılmasına (o cümlədən Cənubi azərbaycanlılar arasında) yönəldir, 1905-ci ildə bütün Rusiya ərazisini bürümüş və qonşu İrana da təsir etmiş inqilabi hərəkatlarda fəal iştirak edir, həbs olunur, adı çar Rusiyası siyasi idarəsinin və jandarmeriyasının təhlükəli şəxslər siyahısına salınır.
İnqilabi-təbliğatı fəaliyyətinin müəyyən mərhələsində beynəlxalq sosial-demokratiya hərəkatında gedən prosesləri və nəzəri diskussiyaları diqqətlə izləyən Nərimanov müstəmləkəçilik siyasətinin müstəmləkə xalqlara gətirdiyi üstünlüklər (maarifçilik, mədəniyyət, yerli kadrların yetişməsi və s.) məsələsində öz xalqının, xüsusilə daha çox ünsiyyətdə olduğu kasıb və zəhmətkeş təbəqələrin maraqları baxımından II Sosialist İnternasionalının irəli sürdüyü bu tezisləri qəbul etmir. Özünün məhz müstəmləkə xalqının nümayəndəsi kimi çarizm rejimi daxilində mövcud imkanlardan faydalanaraq milli xadim kimi yetişməsi faktına rəğmən Nərimanov beynəlxalq sosial-demokratiyanın müstəmləkə xalqların inkişafı üçün təklif etdiyi təkamül yoluna deyil, “baltanı çarizmin kökünə vuran” bolşevizm ideyalarına üstünlük verir, onun sinfilik nəzəriyyəsini tam mənası ilə qəbul edir, dərd və ehtiyaclarına istər həkim, istər ictimai xadim kimi bu qədər yaxından bələd olduğu hüquqsuz, zəhmətkeş, məzlum kütlələrin əsarətdən inqilabi yolla birdəfəlik azad olmasını öz həyat amalı seçir. Məhz bu amal Nərimanovu sosialist inqilabının sənaye baxımından yüksək inkişaf etmiş ölkələrdə eyni vaxtda qalib gələ biləcəyi kimi marksist təliminə zidd, ayrıca götürülmüş, özü də geri qalmış aqrar bir ölkədə (Rusiyada) qələbəsini mümkün sayan Lenin partiyasına gətirir. Lakin bu ideologiya və onun uğrunda siyasi mübarizəni heç də inanclı leninçi bolşevik-kommunist kimi deyil, bir Şərq - müstəmləkə xalqının inqilabçı nümayəndəsi kimi qəbul edən Nərimanov onu mənsub olduğu xalqın siyasi şüur və düşüncəsinə, daha sonra həyatına yeritmək üçün yollar arayır, “Şərqə hansı inqilabi şüarlarla getməli” mövzularında siyasi publisistika nümunələri yaradır, mətbuatda, o cümlədən 1915-ci ildə nəşrə başlayan Rəsulzadənin “Açıq söz” qəzetində dövrün digər intellektualları ilə birlikdə Azərbaycan xalqının gələcək azadlığı və müxtəlif inkişaf perspektivlərini müzakirə edir.
Və... 1917-ci ilin fevralında nə Nərimanovun daşıyıcısı olduğu bolşevizm, nə də Rəsulzadənin bölüşdüyü milli ideologiya platformalarının hər hansı təsiri olmadan, I dünya müharibəsinin hərbi-siyasi gedişatı və rus liberal-demokratiyasının mövqe üstünlüyü şəraitində Rusiyada çar monarxiyası devrilir. Rusiyanın müstəmləkə xalqları, o cümlədən Azərbaycan xalqının öz müqəddəratını həll etmək məsələsində müxtəlif ideoloji konsepsiyalardan çıxış edən siyasi liderlər qarşısında eyni dərəcədə böyük imkanlar açılır.
Belə bir şəraitdə - siyasi mübarizənin yeni mərhələyə qalxdığı bir dövrdə N.Nərimanovun illərini həsr etdiyi, az qala özünün “Şərqdə kommunizm” ideya cərəyanını yaratdığı bir siyasi platformadan birdən-birə Rəsulzadənin “Azərbaycan muxtariyyəti” şüarı altında sırf milli dövlətçilik (Nərimanov üçün sinfi baxımdan “xan- bəy dövləti”) platformasına keçməsi perspektivi mümkün idimi?
Təbii ki, Yox! Eləsə isə ölümündən 100 il sonra belə, Nərimanovu hər hansı səviyyədə tanıyıb-tanımadığından asılı olmayaraq ona bu “təklifi” verən və bu səbəbdən qınayan bu günki diskussiya iştirakçıları hansı məntiqdən çıxış edirlər?
Əqidə adamı olmaqla Nərimanovun hətta 1918-ci ilin faciəvi mart qırğınlarından sonra da belə bir addım atacağı heç bir cəhətdən mümkün deyildi. Əksinə, Rusiyada artıq hakimiyyətə gəlmiş bolşevik hökumətinin Bakıda, daha sonra bütün Azərbaycanda Sovet hakimiyyəti qurmaq tədbirlərində hələ Nərimanova hər hansı bir rol ayrılmasa da artıq Qafqaz mətbuatında güc toplayan Şaumyan-Rəsulzadə qarşıdurmasının dərinləşərək müsəlman əhaliyə qarşı milli qırğına apardığını görən Nərimanov bu proseslərə müdaxilə etmək qərarını verir. Beləliklə, Mart qırğınları ərəfəsində Nərimanov bütün imkanları daxilində gözlənilən faciənin qarşısını almaq üçün özünün partiya nüfuzundan sona qədər istifadə etməyə, Şaumyanа və d. məsləkdaşlarına təsir göstərib onları hərbi qarşıdurmadan çəkindirməyə çalışmış, son nəticədə buna nail ola bilməmiş, özü erməni silahlılarının təcavüzü təhlükəsi ilə üzləşmiş, elə həmin günlərdə mart hadisələrinə – “vətəndaş müharibəsinin milli qırğına çevrilməsi” şəklində düzgün qiymət vermiş, bu yolla müsəlman Şərqində Sovet hakimiyyəti qurmağı yanlış bir addım saymışdır. “Sovet quruculuğu” şüarı altında ilk növbədə zəhmətkeş müsəlman kütlələrinə qarşı milli zəmində aparılan qırğınları bilavasitə Sovet Rusiyası faktoru ilə deyil, erməni bolşeviklərin məqsədyönlü əməlləri ilə izah edən Nərimanov bu qənaətində yanılmırdı. Mart hadisələrinə son qoyulmasında məhz gürcü əsilli bolşevik Caparidzenin və qırğınların əsil mahiyyətini anlamış rus hərbi birləşmələrinin (36-cı Türküstan alayı) və əsasən eserlərdən ibarət (sosialist-inqilabçılar) Xəzər Donanması dənizçilərinin həlledici rolundan Nərimanov sözsüz ki, xəbərdar idi. Bununla belə, baş verən faciələr, özünün bu hadisələrdə gücsüzlüyü, yeni yaranan Bakı Kommunasında müsəlman bolşeviklərin hər hansı fəal iştirakdan uzaqlaşdırılması və s. səbəblərdən keçirdiyi dərin ruhi və əsəb sarsıntıları onun səhhətində ciddi fəsadlar yaradır. 1918-ci ilin iyun ayında ağır vəziyyətdə xərək üstündə müalicə üçün Həştərxana aparılan Nərimanov Azərbaycana bir də iki ildən sonra, 1920-ci il mayın 16-da qayıdacaq.
Onun Vətəndə olmadığı bu iki il isə Azərbaycan tarixində Cümhuriyyət – Müsavat – Rəsulzadə dövrü adlanacaq...
/Ardı var/
/Redaktorun qeydi: Yazı Solmaz Rüstəmova-Tohidinin "feysbuk" səhifəsindən götürülüb./
***
Nərimanov xəstə idi - mövqe, kreslo xəstəsi...

Müəllif: Nəsib Nəsibli, tarix elmləri doktoru
1
Nərimanovun tarixi roluna münasibət dostlarımızın nə qədər istiqlalçı, nə qədər demokrat, nə qədər sorğulama qabiliyyətinə malik və həqqaniyət tərəfdarı olduğunun – ən önəmlisi, tarix şüurunun hansı səviyyədə olmasının göstəricisidir. M. Əmin Rəsulzadənin Nərimanov şəxsiyyətini xarakterizə edən fikrini mübahisə tərəflərinin diqqətinə çatdırıram:
Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. On minlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə elədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı. Və bunları edərkən “əzab çəkdiyini” söylədi. Fəqət istefa vermədi.
Çünki xəstə idi. Mövqe, "sandalya" (kreslo - red.) xəstəsi idi.”
(32 il əvvəl yazdığım “Nərimanov: Sönməyən ulduz, yoxsa bütün sonu?” başlıqlı məqalədən, Azadlıq, 26.07.1991)
2
Hakimiyyətin Nərimanovun büstünü qaldırıb, təmir adıyla nəbz yoxlaması aparmasını, bu büstü yenidən yerinə dikməsini anlayırıq. Kökləri Sovet dönəmində olduğu üçün əski yoldan çıxa bilmir. Fəqət özünə “tarixçi alim” deyənlərin Nərimanov haqqında gerçəkləri “hikkə” adlandırması düşündürücüdür. Nərimanov sağ olsaydı, amandı, bu yolla getməyin, bu yol xöşbəxtliyə deyil, köləliyə aparır, deyərdi.
Nərimanov yoluna haqq qazandırmaq cəhdi; Sovet/Rus tarix fikrinin hələ də meydan suladığının, bağımsızlığımızın, hətta istiqlal düşüncəsinin hələ də oturuşmadığının göstəricisidir. Bilinən gerçəkdir: sağlam millət olmanın şərtlərindən biri sağlam tarix şüuruna malik olmaqdır.
Borçalıların bəlli kəsimi yenə qəzəblənib. Təkrarda yarar vardır: Mənimçün Borçalı çox qiymətlidir, doğmadır. Çünki orada doğulmuşam. Amma Nərimanovu Borçalının simvolu saymıram və bu cəhdlərə də etiraz edirəm. Nərimanovun şəxsi kimliyi onun yazıçılığı, ziyalılığı deyil, bolşevik olmasıdır. İkinci dəfə Azərbaycanın və bölgənin Rusiya tərəfindən işğalındakı canfəşanlığıdır. Borçalı o qədər dəyərli insanlar yetişdirib ki!? Deyək ki, Azərbaycan deyil, bütün Rusiya Türklərinin ağsaqqalı olan Əli Mərdan Bəy Topçubaşıya niyə sahib çıxmırıq!? Odur Borçalı Türklərinin simvolu, qürur qaynağı!
Stalinizm qonşu Gürcüstanda çoxdan ölüb, bizdə Stalinin fikirləri və silahdaşları hələ də yaşayır. Bir zamanlar Gəncəyə “Gəncə” deyərkən, əski Kirovabad əhlinin çoxluğu yan-yörəsinə baxıb, bunu yersiz inqilabçılıq sayır, rahatsız olurdu. Gün gələcək, bu yanlış tutum keçəcək, Nərimanov da 103 il əvvəlki milli faciəmizin - 27 Aprel işğalının simvolu sayılacaq...
/Redaktorun qeydi: Hər iki mətn Nəsib Nəsiblinin "feysbuk" səhifəsindən götürülüb./
***
Abidəsinə toxunmağa Elçibəyin icazə vermədiyi,
ermənilərin qatı düşmən saydıqları Nərimanovun büstünü götürmək “məharətinin” əks sədası

Müəllif: Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent
Yazıçı, həkim, maarifçi, ictimai xadim kimi qəbul olunan, siyasət və dövlət xadimi kimi birmənalı qiymətləndirilməyən Nəriman Nərimanov əqidəsinin gerçəkləşməsinə gedən yolu sosializmdə tapmışdı. Amalı insanın insanı istismar etməyəcəyi, köləliyin olmayacağı bir cəmiyyətdə xalqının xoşbəxtliyini görmək idi; Millətini tərəqqi etmiş millətlər cərgəsində görmək idi; Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq idi; Azərbaycanın nümunəsində Şərq üçün ideal respublika modeli yaratmaq idi...
Bütün ictimai-siyasi fəaliyyətini amalına xidmətə həsr etmiş Nərimanov həm sağlığında, həm də vəfatından sonra dəfələrlə yasaqlandı, yamanlandı. Həm sovet dövründə, həm müstəqillik zamanı. Sovet dövründə hakim bolşevik elitası onu millətçi, türkçü, burjua millətçisi, müsavatçı adlandıraraq təqib etdi. Əvvəlcə siyasi təcridi başladı, sonra da fiziki həyatı hələ də müəmmalı sayılan tərzdə sona yetdi.
Özündən sonra adı belə yasaq edildi, siyasi bəraətdən sonra 100 illiyini qeyd edib, abidə ucaltmaq istəyəndə erməni millətçi-kommunistləri haray qaldırıb qarşısını almağa səfərbər olundular. Niyə ermənilər Nərimanovu düşmən bilirdilər? Nərimanov yeganə müsəlman-türk kommunist idi ki, 1918-ci ildən rəsmi çıxışlarında, yazılarında erməni kommunistlərini riyakarlıqda ittiham edir, kommunist cildinə girmiş daşnaklar adlandırırdı. Onlara vəzifə verilməsinin əleyhinə idi. Onun iradəsi ilə Mikoyan daxil olmaqla vəzifədə olan 30 erməni kommunisti sovet hakimiyyətinin ilk illərində Azərbaycandan kənarlaşdırıldı. Ermənilərin iddia etdikləri ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu davamlı şəkildə Mərkəz qarşısında müdafiə etdi, təkbaşına mübarizədə Zəngəzurun dağlıq hissəsinin erməni dövlətinə verilməsinin qarşısını ala bilmədi. Qarabağın dağlıq hissəsinin erməni dövlətinə keçməsinə imkan vermədi, təzyiq qarşısında Azərbaycan tərkibində muxtariyyət verilməsinə razılıq bildirsə də özünün Azərbaycanda olduğu müddətdə buna imkan vermədi. Azərbaycan respublikasının quberniya kimi Rusiya SFSR-in tərkibinə qatılması niyyətini neytrallaşdırdı. Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını aldı. Azərbaycan türkcəsinə dekretlə dövlət dili statusu verdi. Ana dili-Türk dilinin dövlət dili statusunun qorunması üçün mübarizə apardı. Türkiyə milli-azadlıq savaşına hərtərəfli dəstək verdi. Rusiyanın türk-müsəlman xalqlarının tərəqqisi yolunda hələ də həmin xalqlar tərəfindən minnətdarlıqla anılan xidmətlər göstərdi.
Milli mətbuatın, milli ədəbiyyatın, milli teatrın, təhsilin tərəqqisinə önəmli töhfələr verdi.
Azərbaycanın maarifçilik tarixində əvəzsiz xidmət göstərdi. Bütün ictimai-siyasi fəaliyyətini insanlığa xidmət meyarı ilə yönəltdiyi halda arzuladığı cəmiyyətin mövcud bolşevik modeli ilə ziddiyyətini görüb məqbul bilmədiyi üçün mənəvi iztirabları ilə ömrünü başa vurdu.
Xalq yolunda sadalandığından da artıq xidmətlərindən sonra niyə düşmənlərimizin millətçi deyə nifrət etdikləri Nərimanovu özünü milli hesab edənlərimiz qəbul etmək istəmir? Əsilzadə zümrəsinə mənsub olsa da maddi cəhətdən sıxıntılı həyat sürmüş Nərimanov bütün qayəsi ilə Xalq adamı idi. Onu bolşeviklərin proqramı öz cazibəsinə salmışdısa, Nərimanovu da hakimiyyətə onun Xalq arasında nüfuzuna görə gətirmişdilər. İllərlə qazandığı nüfuzunu başda Stalin olmaqla bolşevik elitası öz maraqları yönündə sərf etməyə səy göstərdi. Onlara müsəlmanların etibar etdiyi şəxs lazım idi. Bu nə Qarayev idi, nə Axundov, nə də başqaları. Bu amili Nərimanov da anlamışdı və etiraf etmişdi. Artıq müsəlmanlar arasındakı nüfuzu onun mərkəzi bolşevik hakimiyyətinə qarşı mübarizədə əsas təzyiq silahı idi. Bu silahdan da axıra qədər istifadə etdi. Amma yalnız mərkəzlə deyil, Azərbaycanın quberniya kimi Rusiyanın tərkibinə daxil olmağına tərəfdar olan, formal müstəqilliyini belə itirməyə razı olan yerli türk-müsəlman kommunistlərlə mübarizə aparmalı oldu. Bu təkbaşına mübarizəsində hər zaman istəyinə nail ola bilmirdi. O cümlədən, özünün etiraf etdiyi kimi, Zəngəzurun bir hissəsinin ermənilərə keçməsi ilə bağlı.
Bütün bunların baş verməyəcəyini Nərimanovun adı ilə bağlamaq isə dövrün reallığını nəzərə almamaqdır. Nərimanov kommunist olmasaydı, Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt etməyəcəkdimi? Mübarizə ağ və qırmızı Rusiya arasında getdiyi halda hər ikisi üçün Qafqaz itirilməyəcək ərazi, Xəzər hövzəsi, Bakı həyati vacib məkan idi. Qafqaz respublikalarını bolşevik təcavüzündən qurtara biləcək dəstəyi Avropa dövlətləri vermədi. 1920-ci ilin yazındakı regional və beynəlxalq geosiyasi durum Azərbaycan Cümhuriyyətinin süqutunu labüd etdi. Belə miqyaslı mənzərədə Nərimanovu prosesi önləyə biləcək amil kimi qiymətləndirmək qeyri ciddidir. Əksinə onun qeyri-azərbaycanlı hakim bolşevik çoxluğu arasında mövcudluğunun nəticələrini diqqətə alıb vəziyyəti düzgün dəyərləndirmək olar. Əks təqdirdə 1920-ci ilin yazındakı vəziyyətdən gərgin olan indiki situasiyada daxili qüvvələrimizi lüzumsuz qütbləşdirməkdən yalnız zərər görərik.
/Redaktorun qeydi: Yazı Firdovsiyə Əhmədovanın feysbuk səhifəsindən götürülüb./
***
Nərimanovun heykəli, “sovet alimlərinin” revanşı

Müəllif: Nəsiman Yaqublu, tarix elmləri üzrə fəlsəfə doktoru, professor
Məsələ aydındır. N.Nərimanovun heykəlinin dağıdılması məlumatı Azərbaycan cəmiyyətində bir ideoloji boşluğun olduğunu ortaya qoydu. Və bir həqiqət çıxdı ortalığa: yəni bizim müstəqil Azərbaycanımız hansı ideyalardan qaynaqlanır? Maraqlıdır ki, milli ideyalar, istiqlalçılıq, M.Ə.Rəsulzadənin əsasını qoyduğu və bu ideyaların son uğuru olan müsavatçılıq demək olar ki, bir kənarda qaldı.Bizim ideoloji sistemi yaradanlar və onun nəticəsi kimi milli istiqlalımızın qazancı olan Azərbaycan Xalq Cümhuriyyəti sanki onun əleyhinə olan bir zərərli ideologiyaya qurban verilmək həddinə çatdırıldı.
Və bu yerdə böyük mütəfəkkir Ziya Göyalpın “Türkçülüyün əsasları” kitabındakı fikirləri xatırladım:”Milli kültür mərhələsini yaşamayan xalqlar ümumbəşəri mədəniyyət sisteminə daxil ola bilməzlər”.
Təəsüf ki, bu müzakirələr həmin acı reallığın ictimai-siyasi həyatımızdakı mövcudluğunu təsdiqlədi.
Bundan isə baxın kimlər bəhrələnməyə və ziyanlı fikirlərini cəmiyyətə təqdim etməyə çalışdı: M.Ə.Rəsulzadənin lənətlədiyi bolşevizm tarixindən və kommunist internasionalizmindən, Leninin səhiyyədə rolundan, proletariatın 1 May Həmrəyliyindən namizədlik və doktorluq dissertasiyaları yazanlar, kommunizm quruculuğunun “təntənəsini” təbliğ edənlər, bir sözlə müstəqil Azərbaycanın “Sovet alimləri”... Bu “sovet alimləri” bilərəkdən və qəsdən az qala N.Nərimanovu M.Ə.Rəsulzadə ilə eyniləşdirir, “hər ikisi”nin xalqa lazımlılığı “tendensiyası”nı irəli sürməkdən çəkinmirdilər.
Bu ondan irəli gəlir ki, bu insanlar Azərbaycan İstiqlal tarixini yaxşı bilmir, istiqlal məfkurəsinin yaradıcıları olan şəxsiyyətlərimizi dəyərləndirməkdə bəsit düşüncəyə sahibdirlər. M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, Ə.M.Topçubaşovun, F.Xoyskinin, H.Ağayev və digər Cümhuriyyət Qurucularımızın dövlətçilik təfəkkürünü dərk edə bilmirlər və özlərinin bu gün heç kimə lazım olmayan araşdırma, dissertsiya düşüncəsindən qopub ayrılmağı da bacarmırlar. Yəni? bir əlini Rəsulzadə düşüncə sisteminə uzadır, o biri əlini də Nərimanov düşüncə sitemində saxlamaq cəhdindədirlər. Bunun isə faydasız olduğunu qəbul etmək istəmirlər.
Hələ onu qeyd edirəm ki, bu alimlərdən bəziləri 2013-cü ildə 22 apreldə Elmlər Akademiyasının Fəlsəfə institutunun təşkilatçılığı ilə erməni soyqırımı ilə bağlı konfransda “biz də erməni öldürmüşük” deyə az qala göz yaşı tökmüşdü. Tanınmış ziyalı Yadigar Türkel isə “Azadlıq” qəzetinin 2013-cü ilin 13 oktyabr sayında onları tənqid etmişdi (Bax: Y.Türkelin yazısı, “Azadlıq” qəzeti). Son illərdə isə həmin o “göz yaşı axıdan”lardan biri o zərərli konfransın təşkilatçılarından olan Ramiz Mehdiyevi tərifləyən məqalələr də yazmışdı.
Təəssüflər ki, bu yanaşmalarda istər M.Ə.Rəsulzadənin çoxlu sayda yazılarında, istərsə də M.B.Məmmədzadənin “Milli Azərbaycan hərəkatı” əsərindəki fikirlər qəsdən, bilərəkdən arxa plana çəkilir. Və yenə də sanki Azərbaycan xalqının milli istiqlalımız uğrundakı qanlı mücadilələri unudulur, Cümhuriyyət yaratmağımızın önəmliliyi dəyərləndirilmir. Sovet Azərbaycanı ilə Azərbaycan Xalq Cümhuriyyətini az qala eyniləşdirən bu insanlar əsassız fikir formulasını təqdim edirlər: ”O da lazımdır, bu da”, necə deyərlər, ”bir əli Cümhuriyyətdə, bir əli Sovet Azərbaycanında..”. Yaxud, digər bir əsassız təqdimat: ”Filankəs olmasaydı Azərbaycan SSRİ-nin tərkibində müstəqil yox, Muxtar respublika olaraq təmsil ediləcəkdik...”
Maraqlıdır, məgər Ukrayna, Belarusiya, Gürcüstan və digərləri müstəqil respublikalar formal da olsa SSRİ-yə daxil edilmədimi? Və yaxud Azərbaycanı sovet dövründə, xüsusən “Nərimanovlu” dövrdə (əsasən 1920-1922-ci illərdə) həmin o muxtariyyətdən də pis günə salmadılarmı? (Məsələn, sərvətini, əsasən, neftini əlindən aldılar, bütün respublikanı ruslaşdırdılar, bir qədər sonra isə Dağlıq Qarabağ Muxtar Vilayəti (1923-cü ildə), Naxçıvan Muxtar Respublikası (1924-cü ildə) elan etmədilərmi? Mehri bölgəsini ermənilərə verib Zəngəzur dəhlizi problemini o dövrdə yaratmadılarmı? Naxçıvanla, qardaş Türkiyə ilə əlaqələrimizi (sərhəd olaraq) kəsmədilərmi? Və biz indi də onun əziyyətini çəkmirikmi? Zəngəzurun 7 min kvadrat kilometrə qədər ərazisinin yarıdan çoxunun ermənilərə verilməsini həmin o müstəqil Sovet Azərbaycanı yaradan N.Nərimanov imzaladımı?
Yenə məntiqə sığmayan və xalqımızın istiqlal mücadiləsini az qala ləkələyən fikirlər eşidirik: ”Onsuz da bolşeviklər Azərbaycanı işğal edəcəkdi..bizim onlara gücümüz çatmazdı"... Bu fikirdən belə anlaşılır ki, deməli, biz o Cümhuriyyət və müstəqilliyimiz uğrunda mücadilə etməməli idik?
Yenə alim dostlarımızın az qala “çiçəklənən Nərimanov dövrü" - sovet Azərbaycanı dövrü kimi təqdim etdikləri illərdə ölkəni idarə edən, Komunist Partiyasının Mərkəzi Komitəsinə başçılıq edənlər qeyri-azərbaycanlılar deyildimi: Kirov, Polonski, Çikalo, Mirzoyan və s. Faktları çox sadalamaq olar. Lakin biz bu yazıda günahkar axtarmırıq. Məqsədimiz insanlarımızın ideoloji yanlışığa yuvarlanıb düşməməsidir, hansı düşüncə sisteminin xalqımız üçün əhəmiyyətliliyi faktorunu unutmamasıdır.
Bəs ortalıqda hansı tarixi həqiqətlər var? M.Ə.Rəsulzadə bu xüsusda yazırdı: “Davamız, Azərbaycan davasıdır: bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir sahibləri və onları qanlarıyla və canlarıyla tədqis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar, sadəcə Milli Şura, Parlamento və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz” (Bax: M.Ə.Rəsulzadə.Azərbaycan davası. ”Azərbaycan” jurnalı, Ankara,N2-3,1954, s.5).
M.Ə.Rəsulzadə yazırdı: “İdeoloji mənşəyi etibarı ilə Milli Azərbaycan hərəkatı, Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və demokratiya cərəyanlarını özündə birləşdirmiş bir hərəkatdır” (Bax: M.Ə.Rəsulzadə.Milli Azərbaycan Hərəkatının xarakteri. ”Azərbaycan Yurd bilgisi”, N29, 1934, s.163).
Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1920-ci ildə“Azərbaycan təşəkkülündə Müsavat” əsərində yazırdı: “Mən Sizə sizin də yaşadığınız, bərabər içində olduğunuz və özümüz yaşadığımız Tarixdən söhbət edəcəyəm. Bu da Türk Tarixidir. Türk Tarixinin bir parçasıdır” (Bax: M.Ə.Rəsulzadə. ”Azərbaycan təşəkkülündə Müsavat”, 1920).
1911-ci ilin oktyabrında yaradılan Müsavat Partiyası milli maraqların və az sonra Azərbaycan istiqlalının ideoloji təbliğatçısına çevrildi. Partiyanın ilk proqramında (8 maddədən ibarət) islam dininə mənsub insanlara yardımın vacibliyi vurğulansa da, Balkan savaşında, Birinci Dünya savaşında Milli mövqedən çıxış edən Müsavatı qardaş Türkiyəyə dəstək olan təşkilat olaraq görürük.
Müsavat Azərbaycan tarixindən təcrid öyrənilə bilməz. Bu, tarixin bütün mürəkkəblik və ziddiyyətləri Müsavatın fəaliyyətində öz əksini tapmışdır. M.B.Məmmədzadə yazırdı: “Müsavatın ilk proqramı və bəyannaməsi islami mahiyyətdədir. Burada “ümmət” ilə “millət”, “türklük” ilə “müsəlmanlıq” bir-birindən ayırd edilməmişdir. Qayəsi bütün müsəlman dövlətlərinin istiqlallarını qorumaq və bütün məhkum müsəlman millətlərinin istiqlala qovuşmalarına kömək etməkdir. Balkanlardan, Qafqazdan və Türkstandan Türkiyə, İran və Əfqanıstan üzərinə yürüyən rus imperializminə qarşı bir əks təsir kimi doğan bu təşəkkül taktika etibarı ilə inqilabçı olmuş, rus çarizmini devirmək istəmiş və bu məqsədlə inqilabçı, o zamankı təbirlə “bəşəri” siyasi fikirlərlə və islam millətlərinin istiqlalına xidmət edən başqa müsəlman firqələri ilə ortaq fəaliyyətdə olmuşdur” (Bax: M.B.Məmmədzadə, ”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 5-6).
“Milli Azərbaycan Hərəkatı” kitabında M. B. Məmmədzadə Müsavatın inkişafını cəmiyyətdə baş verən hadisələrlə sıx əlaqəli şəkildə göstərə bilmişdir. Müsavat partiyasının ilkin dövrdəki fəaliyyətini öyrənmək baxımından kitabda zəngin faktlar vardır. Balkan müharibəsində Müsavat Türkiyənin mövqeyini müdafiə edən bəyannamələr yayır, çar Rusiyasının məğlubiyyətinə çalışır.
M.B.Məmmədzadənin “Milli Azərbaycan Hərəkatı” kitabında diqqətli məqamlardan biri də Azərbaycan ictimai fikrində müxtəlif ideya cərəyanlarının mövcudluğunun təhlilidir.
Millətçilər arasından iki cərəyanın – liberallar və inqilabçıların mövcudluğunu yazan müəllif, inqilabçı gəncliyin hadisələrdən düzgün istiqamət almağını da qeyd edir. Əslində Müsavatın yaradıcıları olan bu inqilabçı gənclik milli inkişafa mane olan, milli şüurun oyanışını saxlayan çarizmi devirmək istəyində idi. Çarizm qaldıqca millət əsarətdən yaxa qurtarmayacaqdır. Digər fikir cərəyanlarında isə tərəddüdlü meyllərlə rastlaşırıq. M.B.Məmmədzadə yazırdı: “Bu yeni cərəyan rus inqilabçıları ilə əməkdaşlıq taktikasına üstünlük verir və rus kadetləri ilə həmfikir olan ittifaqçıları, xüsusilə bu təşəkkülün lideri və ideoloqu İsmayıl bəyi tənqid edirdi” (Bax: M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 27).
Mürtəce mühafizəkarlar, millətçi liberallar və inqilabçı millətçilərin fikir toqquşması sonrakı proseslərdə üçüncünün – inqilabçı millətçilərin haqlı olduğunu göstərdi. Müəllif istər liberalların, istərsə də inqilabçı gəncliyin mövqelərini izah edərkən tarixi həqiqətə sadiq qalır, tədqiqatçı mövqeyinin düzgün prinsiplərini əldə əsas tutaraq göstərir: “Ancaq hadisələr inkişaf etdikcə, aşağıda da görəcəyimiz başqa amillərin təsiri altında milli liberallar rus liberallarından ayrılacaq, milli inqilabçılar isə qəti və büllurlaşmış siyasi bir millətçilik şəklini alacaq və bu iki zümrə biləşərək “Müsavat” firqəsinin istinad etdiyi əsas qüvvələri təşkil etməyə başlayacaqdır” (Bax: M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 36).
Bu dövrdə Müsavatın ideoloqu M.Ə.Rəsulzadənin bir başlıca xidməti də xüsusi qeyd olunmalıdır: Türkçülüyün Müsavata gətirilməsi.
1913-cü ildə çarın rəsmi bağışlamasından sonra vətənə qayıdan M.Ə.Rəsulzadə türkçülük istiqamətində böyük işlər aparır. “Dirilik”, “Şəlalə” jurnallarında çap etdirdiyi məqalələrdə milləti ulu kökünə-soyuna çağırışa səsləyir. 1915-ci ildən çap olunan “Açıq söz”ü Rəsulzadə böyük cəsarətlə “türk ədəbi qəzeti” kimi nəşr edirdi (Bax: M.B.Məmmədzadə, ”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 52).
M.Ə.Rəsulzadəyə görə, “dirilik hər şeydən əvvəl bəşəriyyətə fayda verməkdir, ictimai inkişafa təkan vermək, dünya mədəniyyətini zənginləşdirməkdir”.
Sonrakı məqalələrində M.Ə.Rəsulzadə millət anlayışına belə tərif verir: “Milli mədəniyyət və millət dil birliyi, adət və əxlaq birliyi, ənanaşi-tarixiyyə və nəhayət etiqadi-diniyyə birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur”. Millətin dörd başlıca əlaməti sadalanır: dil birliyi, adət və əxlaq birliyi, tarixi birlik, din və mədəniyyət birliyi; sonralar M.Ə.Rəsulzadə bu konsepsiyasına iki anlayışı da gətirir: milli vicdan və milli iman (milli ideal). M.Ə.Rəsulzadə yazırdı: “Milli vicdan və yaxud milli iman milli dirilikdən əməl arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil olur”.
Milli ideala, milli vicdan və milli məfkurəyə bağlılığın əsil nümunəsini M.Ə.Rəsulzadə başda olmaqla, əksər müsavatçılar sonradan öz fəaliyyətləri ilə sübuta yetirdilər.
Önəmli məsələlərdən biri Müsavatın Azərbaycan istiqlalı uğrunda 1915-1918-ci illərdə apardığı mübarizədir. Bu dövrdə Müsavat kütləni yalnız siyasi cəhətdən maarifləndirməklə, türkçülük fikrini yaymaqla deyil, eyni zamanda “Azərbaycana muxtariyyat” şüarından uzaqlaşıb “müstəqil Azərbaycan” ideyasına inandırmaqla da təbliğat aparırı. Bu dövrdə Müsavatın əsas xidmətlərindən biri də Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi “Türk Ədəmi Mərkəziyyət” partiyası ilə birləşməyə imkan yaratmasıdır. Gəncədə fəaliyyət göstərən “Türk Ədəmi Mərkəziyyət”də 1917-ci ildə birləşən Müsavat daha qətiyyət və inamla istiqlal mübarizəsini davam etdirir. 1917-ci ilin iyun ayının 17-də M. Ə. Rəsulzadənin lideri olduğu Müsavatla, N. Yusifbəylinin başçılıq etdiyi Türk ədəmi-Mərkəziyyət Partiyasının Birləşmə qurultayı keçirilmişdi.
İstiqlalımızın 1918-ci ildə qazanılması baxımından bu çox mühüm hadisə idi. Müsavatın Bakı və Bakı ətrafında, Türk Ədəmi-Mərkəziyyətin isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Hər iki təşkilatın birləşməsi sayəsində istiqlal uğrunda yeni güclə mübarizəyə atılan ümumazərbaycan partiyası yaranırdı.
1918-ci ilin mayın 28-də Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra “İstiqlal bəyannaməsi” qəbul edildi.
Milli Şuranın ilk iclasında Azərbaycan İstiqlalının elanı ilə bağlı qərar qəbul edildi. İstiqlal bəyannaməsi (həm “Əqdnamə”, həm də “Misaqi-milli” adlandırılır) altı maddədən ibarət idi.
28 May İstiqlalı millətin varlığını, istiqlal istəyini dünyaya sübut etdi. Bu hadisə bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verirdi. Rus məhkumu türk elləri içində Azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan oldu və 28 May “Azadlığa qovuşan bir insan kütləsinin hürriyyəti simvoluna çevrildi (Bax:K.Arran, “1918 –ci il 28 Mayıs. İstanbul, 1936, s. 4).
1918-1920-ci illərdə Müsavatın fəaliyyətinə aid çoxlu mənbələr, arxiv materialları mövcuddur. “Milli Azərbaycan Hərəkatı” kitabında bu dövrdə Müsavatın fəaliyyəti daha geniş açıqlanır. Azərbaycan istiqlalı naminə bütün vasitələrdən istifadəsi göstərilir. Müsavat birinci Azərbaycan İstiqlal firqəsidir. İctimai nəzəriyyəsinə görə xalqçılıq məsləkinə sadiq, radikal-demokrat bir proqrama malikdir” (Bax: M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 53).
Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu, Müsavat Partiyasının yaradıcısı M.Ə.Rəsulzadə 1920-ci ilin işğalından sonra yaşamağa məcbur olduğu xarici ölkələrdə yazdığı kitablarda, nəşr etdiyi dərgilərdə 28 May istiqlalını mühüm hadisə adlandırırdı. Bu münasibətlə yazılarının birində qeyd edirdi: “O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır” .
Azərbaycan vətəndaşlarına 28 May İstiqlalı ilə bağlı N. Yusifbəylinin hökumət müraciətində deyilirdi: “Mayın 28-i böyük və ümumi bir bayram hesab edilməlidir. Bu gündə bilafərq millət hər kəs özünü müsavi hüquqla Azərbaycan vətəndaşı hiss etməlidir. Bu gün ümumcahan millətlərinin ədalət üzrə olan və ixtiyaratının təmin edilən günlərindən biridir”.
Gəncəyə Azərbaycan hökumətinin dəvətilə gələn Nuru Paşanın komandanlığı altındakı qoşun Bakıya hücuma hazırlaşırdı. 1918-ci ilin iyunun 4-də Azərbaycan hökuməti ilə Türkiyə arasında imzalanan anlaşmanın 4-cü maddəsinə görə (yəni Azərbaycanın Türkiyədən kömək istəmək haqqı) bu qoşunlar artıq Gəncədə yerləşirdi (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 71).
Bakıdakı xəyanətkar qüvvələr mühüm mərkəzi əldən verməmək üçün ciddi müqavimət göstərirdilər. Şaumyanın Leninə göndərdiyi teleqramların məzmunundan aydın olur ki, Bakını əldən verməmək üçün hər xəyanətə əl atılırdı.
1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinə başçılıq edən, əslində bolşeviklərin yox, ermənilərin məkrli siyasətini həyata keçirən S. Şaumyan bir müddət Bakıda olmuş, 1911-ci ildə tutulub beş illiyə sürgünə göndərilsə də, 1913-cü ildən yenidən Bakıda fəaliyyətə başlamışdır. 1917-ci ilin dekabrın 16 (29)-da V. İ. Lenin S. Şaumyanı Qafqaz İşləri üzrə Müvəqqəti Fövqəladə Komissar təyin etmişdir (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 72).
Leninə göndərdiyi teleqramlarda S. Şaumyan həyəcanla bildirirdi: “”Tiflisdən alınan bütün xəbərlər göstərir ki, türklər Bakı üzərinə hücuma hazırlaşırlar. Bizə təcili yardım lazımdır” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 72).
Nəhayət, 1918-ci ilin sentyabrın 15-də türk qoşunlarının kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.
Azərbaycanda ciddi dövlət quruculuğu prosesi başladı.1920-ci ilin yanvarında isə Azərbaycanı 23-ə kimi dövlət de-fakto tanıyırdı.
M.Ə.Rəsulzadə yazırdı: “Cümhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda xalq günlərlə şadlıq nümayişləri keçirdi” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 87).
Azərbaycan uğrunda gedən bu savaşlarda isə biz sosial-demokratların (oxu: bolşeviklərin) fəaliyyətində i bu istiqamətlərlə rastlaşmırıq. Çünki onları Azərbaycan istiqlalı qətiyyən maraqlandırmırdı.
1919-cu ilin yayından başlayaraq Azərbaycanda bolşeviklər arasında iş daha da gücləndirilmiş, Bakı və Azərbaycan bolşevikləri RK(b)P MK-nın qərarı əsasında 1919-cu ilin dekabrında vahid internasional Azərbaycan Kommunist Partiyası yaradaraq 1920-ci ilin 11 fevralında qurultay keçirmişdilər (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 100).
Azərbaycanlı bolşeviklər 27 Aprel işğalı ərəfəsində yenə fəallıq göstərirlər. 1920-c i ilin fevralında Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının birinci qurultayı keçirildi və qurultay “RK(b)P Bakı Komitəsi, bolşevik “Hümmət” və iranlı fəhlələrin Kommunist Təşkilatı “Ədalət”in vahid təşkilat şəklində birləşməsi haqqında qərar qəbul etdi. Qurultayın qərarında “Kommunizm uğrunda” mübarizənin birliyi xatirinə” birləşmənin zərurəti bildirilirdi (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 100).
“Qurultay Bakıda dövlət çevrilişinə hazırlıq xətti götürdü. Bu xəttə uyğun olaraq fevralın 17-də yenicə yaranmış AK(b)P MK Çiçerinin təkrar sorğusunu müzakirə edərək, Azərbaycanın müstəqilliyinin tanınmasına heç bir ehtiyac olmadığı qərarını verdi” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 101).
1920-ci ilin yanvarında Nəriman Nərimanov Müsavat liderlərindən Nazirlər Şurasının sədri N.Yusifbəyliyə öz qətiyyətsizliyini və Rusiya bolşeviklərinin əmrə tabeçiliyini əks etdirən məktub göndərmişdi: “Möhtərəm Nəsib bəy Yusifbəyov cənabları!.. Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynayırsınız...”(Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 101).
Azərbaycan İnqilab Komitəsi adından Moskvaya radioqramma göndərildi. Radioqramma belə məzmunda idi: “Hamıya, hamıya. Moskvaya, Leninə. Müstəqil Azərbaycan Sovet Respublikasının müvəqqəti Hərbi – İnqilab Komitəsi Bakı şəhəri inqilabçı proletariatının və Respublika əməkçi kəndlilərinin iradəsi ilə köhnə Müsavat hökumətini xalqın satqını və ölkənin müstəqilliyinin düşməni elan edib. Antanta ilə və Sovet Rusiyasının digər düşmənləri ilə əlaqəni kəsdiyini bildirir” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s.107).
Bu “şad xəbər”in altından imza edənlər isə aşağıdakılardır: N. Nərimanov, M. D. Hüseynov, Q. Musabəyov, Ə. Qarayev.
Azərbaycanda Sovet hakimiyyətinin elan olunmasının ertəsi günü – aprelin 29-da V. İ. Lenin şüşə-çini istehsalı fəhlələrinin Ümumrusiya qurultayında bildirirdi: “Dünən Bakıdan aldığımız bir xəbər göstərir ki, Sovet Rusiyasının vəziyyəti yaxşılaşmaqdadır. İndi bizim bütün sənayemizi canlandıra biləcək bir iqtisadi bazamız vardır”.
(Diqqət edirsinzsə Lenin müstəqil Sovet Azərbaycanından danışmır, ”müstəqil iqtisadi bazanın” ələ keçirilməsindən danışır.)
Müsavatçılar sonrakı fəaliyyəti dövrlərində 27 apreli – Azərbaycanın qara və matəm bir günü kimi qeyd edəcəkdilər. Azərbaycanın istiqlalına və azadlığına son qoyulan həmin gün haqqında müsavatçıların çoxlu sayda yazıları çap olunacaqdı. M.Ə.Rəsulzadə sonralar yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altında əyildi” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 108).
Azərbaycan işğalına qarşı xalqımızın ciddi müqaviməti oldu. Azərbaycanda baş verən çoxlu sayda silahlı üsyanlar bunu təsdiq etdi.1920-ci illərdə 150-dən çox silahlı qiyam oldu və amnsız bolşevik rejimi bunu qəddarlığla yatırdı.
1920-1923-cü illərdəki Azərbaycan mühitinə bir qədər də geniş diqqət yetirək. Çünki Azərbaycan istiqlalçıları bolşeviklərə asanlıqla təslim olmamış, bu yolda minlərlə yurddaşımız Vətən azadlığı yolunda özünü şəhid etmişdir. Bu illər Azərbaycanda qanlı icraat rejiminin ən təhlükəli dövrüdür. Yalnız: “...1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişlər. 1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı oldu” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 121).
M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 122). Pankratov XI ordunun Siyasi şöbəsinin rəisi idi. Ümumiyyətlə isə Azərbaycanda üç qanlı təşkilat fəaliyyət göstərirdi: 1. Qızıl Ordunun xüsusi şöbəsi (başçılıq edən Pankratov idi) – Osobı otdel”. 2. “Azərbaycan ÇK-sı”. 3. XI ordunun inqilabi tribunası.
Bu təşkilatların içərisində ən qorxulusu “Osobı otdel” idi. Çünki “Osobı otdel” sorğusuz-sualsız istədiyi adamı güllələmək, öldürmək hüququna malik idi. Yalnız 1920-ci ilin avqustunda AK(b)P MK Siyasi Bürosunun iclasında XI ordunun Xüsusi şöbəsinin AK(b) MK Siyasi Bürosunun xəbəri olmadan heç bir ölüm hökmü çıxarmamaq təklifi verilmişdi.
Qızıl Ordu qərargahının həmin ildə əsgərlərə göndərdiyi şifrəli (N 6) teleqramdakı “təlimat”ına baxaq: “Döyüşdə inadkar və cəsarətli ol!.. Bil ki, sən Sovet hökumətini qurursan”.
Azərbaycanda Pankratovun başçılığı altında olan “Osobı otdel”də çoxlu ermənilər fəaliyyət göstərir və imkandan istifadə edib Azərbaycan türklərindən qisas alırdılar. A.Mikoyan Bakıdakı yüksək işlərdə onların mənəvi dayağına çevrilmişdi.
Azərbaycan işğalına qarşı xalqımızın ciddi müqaviməti oldu. Azərbaycanda baş verən çoxlu sayda silahlı üsyanlar bunu təsdiq etdi.1920-ci illərdə 150-dən çox silahlı oldu və amnsız bolşevik rejimi bunu qəddarlığla yatırdı.
Sovet rejiminə qarşı ən böyük üsyanlardan biri Gəncədə oldu.Bu üsyanda on minə qədər gəncəli həlak oldu.Lakin səkkiz minə qədər də rus əsgəri məhv edildi. üsyanlardan biri
Gəncədə günahsız xalqın qanı axıdılanda Nəriman Nərimanov Moskvaya aşağıdakı məzmunda məktub göndərmişdi: “Əziz Vladimir İliç! Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdı. Müsavatçıları görməyə gözləri yoxdur... Sovet Rusiyası olmadan Azərbaycan yaşaya bilməz... Onlar Rusiyanı sevirlər... Kommunist salamı ilə N. Nərimanov” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 130).
Hələ 1919-cu ildə böyük öndər, müstəqil və demokratik Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Azərbaycanın özündə də Müsavatın rolu bitməmişdir. Azərbaycanın böyük bir vəzifeyi-tarixiyyəsi vardır. Bu vəzifə müasir bir Türk və İslam Cümhuriyyəti olacaq məmləkətimizə mədəniyyətən və idarətən digər türk ölkələrinə örnək olacaq bir nümunəni ortaya qoyur. Bunun üçün nə bolşevik ocağında yanmaq, nə ittihadi islam qazanında qaynamaq lazım, bu vəzifənin hüsnü ifasına bais olacaq qüvvət ancaq Azərbaycan türkçülüyünün ruhundan doğacaq. Bu ruhu da yalnız Türk məfkurəsi və demokratik bir ideal üzərinə müəssis olan xalqçı firqə bacara bilər. Belə bir firqə isə yalnız milli-demokratik məsləki üzərində daimi olar. Öylə bir firqə Azərbaycan mühitində yalnız Müsavatdır. Müsavatdan başqa belə bir firqə hələ doğulmamışdır” (Bax: N.Yaqublu. ”Müsavat Partiyasının tarixi”, Bakı, 2012, s. 309).
1936-cı ildə M.Ə.Rəsulzadənin başçılığı ilə Polşada, Varşavada keçirilən konfransda “Yeni Proqram Əsasları” qəbul edildi və Müsavatçılığın daxili məzmunu qısa və yığcam şəkildə belə izah olunub: “Müsavatçılıq böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir.
Böyük türklüyə mənsub bir məmləkət olması səbəbi ilə Azərbaycan digər türk elləri ilə kültürəl surətdə bağlıdır. Bu bağlılığın bundan əvvəl olduğu kimi bundan sonra dəxi qorunmasını müsavatçılıq ciddiyyətlə müdafiə edir” (Milli Azərbaycan Müsavat Xalq Firqəsinin Yeni Proqram əsasları. Varşava, 1936, s. 4).
/Redaktorun qeydi: Nəsiiman Yaqublunun yazısı modern.az saytından götürülüb./