Amerika yolunu kəsməsəydi, kim bilir, Kolumb nələr kəşf edəcəkdi! - Polşa yazıçısının AFORİZMLƏRİ

Anadil şair, yazıçı, tərcüməçi Mahir N.Qarayevin çevirməsində Polşa yazıçısı Stanislav Yeji Letsin seçmə afiorizmlərini təqdim edir:

XXX

* Dahiyanə fikirdən bütün sözləri çıxarmaq mümkündür.

* Meymunun insana çevrilməsi prosesi nə qədər çox çəksəydi, insan qanı bir o qədər az axardı.

* Cənnətdə hər şey olmalıdır, hətta cəhənnəm də.

* Ən sərrast atəş – atıb insana dəyməməkdir.

* Möhtərəm yazıçılar! Mürəkkəblə yox, qanla yazmaq lazımdır – bir şərtlə ki, özgə qanı olmasın.

* Ölümsüzlüyün birinci şərti – ölməkdir.

* Fakt son dəblə geyinsə belə, yenə həmişə çılpaqdır.

* Onun hətta susmağında da qrammatik səhvlər vardı.

* Şeytan – cəhənnəmdə müsbət surətdir.

* Qeybət çeynənib köhnələndən sonra əsatirə çevrilir.

* Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü söyləyə bilməməyim ucbatından yazıçı oldum.

* Hər şeyə göz yummaq üçün adamın gərək yüz gözü olsun.

* Amerikanın kəşfi amerikalılara məxsus deyil. Xalis rüsvayçılıq!

* Desələr, müqəddəs adam yoxdur, hətta ateistlər də inciyər.

* Hər şey adamın öz əlindədir. Ona görə əlləri tez-tez yumaq lazımdır.

* Bağlı zərf boş olduqda belə, sirli görünür.

* Sözlərinin qədrini bil, unutma ki, onların hər biri sonuncu ola bilər.

* Hərdən susmaq da lazımdır ki, sənə qulaq assınlar.

* Bir-birlərinə elə sarılmışdılar ki, arada hisslər üçün yer qalmamışdı.

* Qorxaqlığından öz fikirlərini də özgələrin başında gizlədib saxlayırdı.

* Realist ol – həqiqəti söyləmə!

* Yadda saxlamaq lazımdır ki, insanın insan olmaqdan başqa seçimi yoxdur.

* Yüksək sürət götürüb bir ömrü bir günə də yaşamaq olar. Amma bəs qalan vaxtda neyləyəcəksən?

* Yaşamaq zərərli şeydir – yaşayanlar ölürlər.

* Zamanla ayaqlaşmağa çalış, yoxsa arxadan gələnləri basıb əzərsən.

* Yalnız ölülər dirilə bilərlər. Dirilər üçün bu, çətin işdir.

* Əsl təlxək əsl təlxəyi ələ salırsa, deməli, onlardan hansısa əsl təlxək deyil.

* Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha hiss etmirdi.

* Nə qədər ki elm bizim nəsə ayrı bir şey olduğumuzu sübut etməyib – bəlkə, o vaxta qədər adam olaq?

* Elə zəif pyeslər var ki, səhnədən düşməyə də taqətləri qalmayıb.

* Sözsüz rolda da aktyorun deməyə sözü olmalıdır.

* Müsibətə bax ki, adamın qəddi yalnız çarmıxda düzəlir.

* Amerika yolunu kəsməsəydi, kim bilir, Kolumb nələr kəşf edəcəkdi!

* Azadlığı seçən bumeranqlar geri qayıtmırlar.

_____________________________________________

Stanislav Yeji Lets kimdir?

1909–cu ildə doğulub. Ağır həyat yaşayıb. Dörd yaşında atasını itirib. Öncə gimnaziyada, sonra hüquq fakültəsində təhsil alıb. 1933-cü ildə futurist şeirlərdən ibarət ilk kitabı nəşr edilib. İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanıb və bir neçə dəfə həbs edilib. Ternopol düşərgəsində olmazın əzablara qatlaşıb, iki dəfə möcüzə nəticəsində ölümdən xilas olub.

Müharibədən sonrakı iyirmi ildə on kitabı çapdan çıxıb. Bununla belə, onu bütün dünyaya tanıdan şeir və nəsr kitabları yox, üzərində otuz il çalışdığı "Cilalanmamış fikirlər"dir.

1966-cı ildə vəfat edib.

Oxunub: 314
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR