Oblomovla Bazarovun dialoqu - Fəxri Uğurlunun YAZISI

Anadil yazıçı, publisist Fəxri Uğurlunun görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun “6 №-li palata” povesti haqqında məqaləsini təqdim edir:

XXX

1889-cu ildə 29 yaşlı Anton Çexov məşhur jurnalist, naşir, tənqidçi Aleksey Suvorinə məktubunda yazırdı: “…Yeri gəlmişkən, Qonçarovu oxuduqca təəccüblənirəm. Öz-özümə deyirəm: nəyə görə mən indiyəcən Qonçarovu birinci dərəcəli yazıçılardan saymışam? Onun “Oblomov”u heç də fərli bir şey deyil. İlya İliç özü şişirdilmiş fiqurdur, elə azman deyil ki, ona bütöv bir kitab həsr eləyəsən. Belə piyli tənbəldən bizlərdə çoxdur, mürəkkəb natura deyil, kütləvidir, xırdadır, ictimai tip səviyyəsinə qaldırılmağa layiq deyil. Özümdən soruşuram: əgər Oblomov tənbəl olmasaydı, nə olacaqdı? Cavab verirəm: heç nə. Belədirsə, getsin mürgüləməyində olsun… Qonçarovun adını bütlərimin siyahısından silirəm”.

Suvorinə yazdığı başqa bir məktubda Çexov “Atalar və oğullar” romanından, onun baş qəhrəmanı Bazarovdan, eləcə də əsərin bir-iki ayrı personajından heyranlıqla danışır, Turgenevin dahiliyindən riqqətə gəldiyini deyirdi: “Bazarovun xəstəliyi necə ustalıqla təsvir olunubsa, mən özüm də haldan düşdüm, elə bildim onun mərəzinə mən də yoluxmuşam”.

Bu fikirləri qələmə alanda Anton Pavloviç yaşına görə gənc olsa da, ədəbiyyatda gənc deyildi, artıq nəsr yaradıcılığının üçüncü – ən yetkin mərhələsinə qədəm qoymuşdu. Ədəbiyyatşünaslar onun iyirmi yaşlarında “Antoşa Çexonte” imzasıyla əsasən “kiçik” adamlar haqqında yazdığı əksəriyyəti həcmcə yığcam hekayələri Çexov nəsrinin birinci mərhələsi sayırlar. Bunun ardınca lirik-psixoloji hekayələr, povestlər dönəmi gəlir. Yazıçı otuz yaşına çatmamış bu dönəm də bitir, Çexov nəsr yaradıcılığının yekun mərhələsinə adlayır. Bu dövrdə o, dünya teatr tarixində inqilab eləmiş, bu yüz neçə ildə bir gün də səhnədən düşməmiş pyeslər də yazır ki, bu, başqa bir söhbətin mövzusudur…

***

Cəmi 44 il ömür sürmüş Çexov “6 №-li palata” povestini 1892-ci ildə – 32 yaşında qələmə alıb. Bu povesti onun nəsrinin zirvəsi saysaq, yəqin böyük yanlışa yol vermiş olmarıq. Çexovun bir sıra hekayəsi Lev Tolstoyla ideoloji polemika zəminində yazılıb. “Qadası”, “Hərdəmxəyal”, “Firəng üzümü”, “Mujiklər”, “Çılğınlıq”, “Ad günü”, “Rotşildin skripkası” kimi hekayələri, zənnimcə, o sıraya aid eləmək olar. Bəzi ədəbiyyat xiridarları “6 №-li palata”nı da bu cərgəyə qatırlar, ancaq mən bununla razı deyiləm. Məncə, bu əsər Çexovun Tolstoyla yox, Qonçarovla polemikasıdır. Başqa sözlə, “6 №-li palata”da yazıçı Oblomovla Bazarovun dialoqunu yaradıb, sonda birincini qəddarcasına “cəzalandırıb”. Bəli, Anton Pavloviç həkim kimi nə qədər şəfqətliydisə, yazıçı kimi bir o qədər amansız, zalım, qəddar idi. Onun qədər həyatın maskalarını yırtan, insan qəlbini dibinəcən göstərən yazıçı az-az tapılar.

Çexov Dostoyevski, ya Tolstoy kimi əxlaq vaizi, din-iman carçısı, ideoloq, peyğəmbər deyil. Onun tapındığı mütləq həqiqət, universal ideya yoxdur. Çexovun həqiqəti də, ideyası da bunların yoxluğundan, daha doğrusu, nisbiliyindən, şərtiliyindən ibarətdir. O, eynən ustadı Turgenev sayaq mətləbi dərin qatda saxlayır, məramını, əqidəsini büruzə verməməyə çalışır, bunları çözməyi oxucunun ixtiyarına buraxır. Çexova görə, dini-fəlsəfi hökmlər vermək, insanları hansısa ideyanın, ehkamın ardınca aparmaq, həqiqəti barmaqla göstərmək, müəllim ədasıyla danışmaq yazıçının, sənətkarın işi deyil; yazıçı personajlarıyla münasibətdə hakim yox, müstəntiq yox, şahid mövqeyi tutmalı, yaratdığı obrazları mühakimə hədəfinə çevirməməlidir.

O, sənətdə də əsl həkim kimi davranırdı, həyatın nəbzini dinşəyir, xəstəliklərə diaqnoz qoyur, ancaq resept vermirdi, nəticə çıxarmağı oxucunun boynuna atırdı. Buna görə də peşəkar ədəbiyyatçılar, yazıçılar, filosoflar onun əsərlərini fərqli səmtlərə yozur, bəzən hətta bir-birinə daban-dabana zidd nəticələr çıxarırdılar. Bu, o demək deyil ki, Çexov oxucuya mesaj ötürmür, sadəcə bu mesajlar, göndərmələr yetərincə yaxşı şifrələnib, gərək o şifrələri çözüb oxuya biləsən.

***

Həkimlik təcrübəsi sənətdə Çexovun karına çox gəlmişdi. “İonıç”, “Dövlət xidmətində”, “Qara rahib” kimi hekayələrdə bu təcrübənin bəhrələri aydın görünür. “6 №-li palata” povesti də belə əsərlərdən biridir.

Əsərin qəhrəmanı Andrey Yefimıç Ragin əyalət şəhərindəki xəstəxananın baş həkimidir. Gəncliyində ruhani olmaq istəyirmiş, ancaq atasının təkidiylə tibb təhsili alıb. Təbabətə heç bir meyli, inamı olmasa da, iyirmi ildən artıqdır xəstələri yola verir. Əvvəl-əvvəl xəstəxanada qayda-qanun, səliqə-sahman, təmizlik yaratmağa çalışsa da, sonradan öz cəhdlərinin faydasız olduğunu görüb həvəsdən düşüb. İndi artıq xəstələrə əvvəlkitək can yandırmır, vaxtının çoxunu kitab oxumaqla, həyatın faniliyi haqda düşüncələrə dalmaqla keçirir: “Axı niyə insan oğlu ölməz deyil, – o düşünürdü. – Əgər hər şey torpağa gömülməyə məhkumdursa, sonunda Yer kürəsinin qabığıyla birlikdə soyuyacaqsa, sonra da milyon illər boyunca mənasız, məqsədsiz bir halda Günəşin başına dolanacaqsa, əcəba, sinir mərkəzləri, beyin qırışları, görmə, danışma fitrəti, duyğular, düşüncələr, dahilik nədən ötrüymüş? Soyumaq, ardınca da Günəşin ətrafında avara-avara hərlənmək üçün ilahi ağlı olan ali varlığı yoxdan yaratmaq, sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə gərəkmiş?..”

Doktor Ragin mujik görkəmli, iri gövdəli, ağır yumruqlu, qalın saqqallı bir kişidir. Görkəmi zəhmli olsa da, xasiyyəti bunun tamam tərsidir – qız kimi utancaq, rahib kimi həyalıdır. Qadınlarla, qumarla, əyləncəylə arası yoxdur, evlənmək ağlının ucundan belə keçmir. Stoiklərin təlimiylə maraqlanır, Mark Avrelini oxuyur, içindəki dincliyi, tarazlığı qorumağa, zalım həyatın gözündən yayınmağa, fələyin əli yetməyən yerlərə sığınmağa çalışır. Gəncliyində ruhani olmağı arzulasa da, ruhun varlığına, əbədiyyətə inanmır, poçt müdiri Mixail Averyanıçın bununla bağlı sualına cavabında “inanmıram, inanmağa əsasım da yoxdur” deyir.

Qonağını yola salandan sonra yenidən düşüncələrə dalır: “Maddələr mübadiləsi! Bu ölməzlik iksiriylə özünə təsəlli vermək miskin bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər insan axmaqlığından də alçaqdır, çünki axmaqlıqda, nə qədər olmasa, şüur var, iradə var, təbii proseslərdə isə bunların heç biri yoxdur. Yalnız ölüm xofu qürurunu, ləyaqətini üstələyən bir qorxaq özünə təsəlli verə bilər ki, bir zaman onun cismi otda, daşda, qurbağada yaşayacaq… Ölməzliyi maddələr mübadiləsində axtarmaq – qiymətli bir skripkanı salıb sındırandan sonra onun qabının parlaq gələcəyi olduğuna inanmaq kimi mənasız şeydir”.

***

Doktor Raginin günləri sabit bir rejimlə keçir, bəlli saatda nahar eləyir, bəlli saatda pivə içir, çoxlu kitab oxuyur, öz içində bəs deyincə qurdalanır, özündən eşiyə mümkün qədər çıxmamağa çalışır. Onu çoxdandır xəstələrin əhvalı da maraqlandırmır: nə fərqi var, tezmi-gecmi, onsuz da əvvəl-axır hamı öləcək, ölümün yoluna çıxmaq, ölməkdə olan varlıqların əl-ayağına dolaşmaq faydasızdır. Taleyə, zərurət qanunlarına müticəsinə boyun əyən stoiklər kimi o da qismətiylə barışıb, bu dünyada nəyisə dəyişməyin, düzəltməyin mümkün olduğuna ümidi qalmayıb, ona görə də ağıl məşqlərinə dalmağı, təhəmmüllə ömrü yola verməyi yeganə doğru üsul sayır.

Günlərin birində ruhi xəstələrin yatdığı 6-cı palataya baş çəkən Ragin burada Qromov soyadlı bir gənclə rastlaşır. İvan Dmitriç, soyadından göründüyü kimi, əsəbləri üzdə olan impulsiv, enerjili, bir sözlə, xaraktercə doktoru tam tərs göstərən bir tipdir. Çoxlu kitab oxuyub, ağıllı mühakimələr yürüdür, elə buna görə də Andrey Yefimıçın rəğbətini qazanır. Otuz üç yaşlı (məncə, bu da təsadüfi seçim deyil) Qromov izlənmə maniyasına mübtəla olduğundan bir il qabaq bu gedər-gəlməz palataya yerləşdirilib. Həkimlə xəstənin ilk dialoqundan bir fraqmentə diqqət yetirək:

“– Məni niyə burada saxlayırsınız?

– Xəstə olduğunuza görə.

– Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli sərbəst gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayıra bilmirsiniz. Nəyə görə mən, bu yazıqlar hamının əvəzinə cəza çəkməliyik? Nə üçün siz, feldşer, nəzarətçi, sizin kimi başqa rəzillər əxlaqca bizdən qat-qat aşağı ola-ola özünüz burada yatmayıb bizi yatırdırsınız? Hanı məntiq?

– Əxlaqın, məntiqin bu işə dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. Kimi tutub buraya salıblarsa, burada qalır, kimi salmayıblarsa, sərbəst gəzib dolaşır, vəssalam. Mənim doktor, sizin xəstə olmağınızda nə əxlaq var, nə məntiq, bunlar hamısı puç təsadüfdür…”

Qromovun yaşamaq enerjisi aşıb-daşır, fəqət səbəbi anlaşılmayan qorxu, varlığını tez-tez qapsayan xof onun bu enerjidən barınmasına, zövq almasına imkan vermir. Ragin isə canındakı həyat işartılarını könüllü söndürüb, bununla bahəm əzabdan da yaxasını qurtarıb, ətrafında baş verən faciələrə laqeyd yanaşmaq vərdişi qazanıb. Bu təzada baxmayaraq həkim savadlı xəstəsiylə söhbətdən intellektual həzz alır, çünki şəhərdə fikirlərini bölüşməyə ağıllı, qanacaqlı adam tapmır.

***

Raginlə Qromov arasındakı dialoqun tarixi qədimdir. Antik dövrdə passiv, fatalist stoiklərlə insanı aktivliyə, qorxudan can qurtarıb həyatdan zövq almağa çağıran epikürçülər arasında belə fikir savaşları çox olmuşdu. Bu iki “düşmən” məktəbin ikisi də insanı sükunət məqamına, sakitliyə, ruhi, zehni dincliyə səsləyirdi, sadəcə, biri (epikürçülər) qorxunu, o biri (stoiklər) ehtirası hədəfə götürmüşdü; bir fəlsəfi məktəb problemlərin həllini mənfi emosiyaların əsarətindən, o biri məktəb müsbət emosiyaların köləliyindən qurtulmaqda görürdü. Klassik Şərq poeziyasında buna bənzər mübahisələr rindlərlə zahidlərin qarşıdurması timsalında yenidən söz meydanına yol tapmışdı. Təkrara yol versəm də, bir daha vurğulamaq istəyirəm: Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin məşhur deyişməsinə də bu kontekstdə baxılmalıdır.

Az qala üç min il çəkən bu dialoq bu gün də sona çatmayıb, mükəmməl həllini tapmayıb. Kimi düşüncə adamı bu, kimi o məktəbin tərəfini saxlayıb, kimisi də təfəkkür tarixinin bu mərhələsindən, bu mərtəbəsindən ya aşağıda, ya yuxarıda məskunlaşıb. Zənnimcə, Çexov fikir sarayının məhz bu mərtəbəsinin sakinidir, ancaq zehni genetikasına, ruhunun “kimyəvi” xassəsinə görə stoiklərə yox, epikürçülərə, zahidlərə yox, rindlərə qohumdur. Oblomov-Bazarov qarşıdurmasında isə o, heç şübhəsiz, Bazarovun tərəfindədir. “6 №-li palata”nın sakinləri arasında Andrey Yefimıç Ragin – Oblomovun, İvan Dmitriç Qromov – Bazarovun mənəvi varisidir.

***

Çexov doktor Raginə çox ağır işgəncə verir. Zənnimcə, nə zavallı həkim, nə də onun mənəvi atası Oblomov bu qədər ağır cəzaya layiq deyil. Dünyanın şərindən uzaq durmaq, insanlara pislik eləməmək özü də bir xeyirdir. Hərəkət heç də hər zaman fayda vermir, bəzən xeyir işlər üçün yola çıxan adam insanların gününü qara gətirir, cəmiyyətin dinc, asudə, xoşbəxt yaşaması yolunda ən böyük əngələ çevrilir. Doktor Ragin Qromova qədim müdrik Diogeni misal çəkir, deyir ki, o, çəlləkdə yaşasa da, taxt-tac yiyələrindən bəxtəvər idi. Qromov bu dəlilin cavabında Diogeni söyməklə kifayətlənir.

Fəqət dahi müəllifi belə cavab razı salmır, o, Raginin (eləcə də iradəni söndürməyə çağıran bütün buddaçıların, stoyaçıların, volyuntaristlərin, passivistlərin, qonçarovların…) dərsini vermək üçün dünyanın əzablarından öz içində gizlənmiş gözləri yumulu, qulaqları tıxalı həkimi ruhi xəstələrlə bir palataya, qəddar nəzarətçi Nikitanın yumruğunun altına itələyir. “İsti, rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı, firavanlığı ondan qıraqda deyil, onun içindədir… Adi adam yaxşılığı-pisliyi kənardan gözləyir, zəkalı adam isə bunu özündə tapır… Soyuğu, ağrını hiss eləməyə bilərsən, Mark Avreli deyirdi ki, ağrı – ağrı haqqında təsəvvürdür, bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara tulla, şikayət eləmə – ağrı öz-özünə yox olacaq… Filosof, ya sadəcə düşünən adam başqalarından məhz bununla fərqlənir ki, iztiraba üstdən-aşağı baxır, o, həmişə razıdır, heç nəyə heyrətlənmir…” kimi fəlsəfi mühakimələr yürüdən müdrik doktor həyatın amansız sınağına çəkilir.

Anton Çexov tənbəlliyin, apatiyanın, ictimai passivliyin, insan əzablarına biganə münasibətin düşməniydi. “6 №-li palata”nı yazana qədər o, neçə min kilometr yol qət eləyib Sibirdən keçməklə Saxalin adasına gedib çıxmışdı, adadakı sürgünlərin dəhşətli həyatından kitab yazıb cəmiyyəti sarsıtmışdı; Moskva quberniyasında 25 kəndin tək həkimi kimi öz hesabına tibb məntəqəsi açmışdı, bu məntəqədə gündə nə qədər xəstə qəbul eləyirdi; yenə öz hesabına üç kənddə mujik balaları üçün məktəb tikdirmişdi; tacir atasının iflasından sonra böyük bir ailənin çörəkverəni kimi valideynlərinin, bacı-qardaşlarının qayğısını çəkirdi. Ən maraqlısı budur ki, bütün bu işləri o, xəstə, ümidsiz canıyla, Tanrıya, əbədiyyətə, cənnətə, mükafata inanmaya-inanmaya görürdü. Onun yalnız bir inancı vardı – insanlığa, vicdana, insanlıq borcuna inam. Həm də heç bir əvəz gözləmədən, mükafat ummadan.

***

Nəhayət, bunca qayğılara qatlaşan gödək ömründə beş yüzə yaxın əsər də yazmışdı ki, bu əsərlərin mühüm qismi dünya nəsrinin, dramaturgiyasının qızıl fonduna düşüb. Belə bir aktiv, fədakar, yorulmaz insan stoikləri, zahidləri, oblomovları, raginləri bəyənərdimi? İnsan ağrılarına gendən baxmaqla razılaşardımı? Əsla!

“6 №-li palata”da əzab çəkən zavallıların əhvalını adamı havalandırmaq dərəcəsində amansızcasına təsvir eləyəndə yəqin Çexovun məqsədi oxucunu da öz həqiqətinə möhkəm inandırmaq olub. Oblomovu Bazarova, Ragini Qromova uduzduranda qəzəbli yazıçı bu həqiqəti dəmir barmaqla göstərir. Hərçənd mənə elə gəlir Bazarovun tapındığı həqiqət Oblomovun həqiqətini, Qromovun da həqiqəti Raginin həqiqətini (eləcə də epikürçülərlə stoiklər, rindlərlə zahidlər bir-birini) təkzib eləmir, əksinə, tamamlayır. Hər iki tərəf insanı sükunətə, dincliyə, zehni həzzə, qəlb rahatlığına (epikürçülər buna “ataraksiya”, stoiklər “apatiya” deyirlər) çağırır. Sadəcə, hər tərəf o sıfır nöqtəsinə öz yoluyla gəlib çıxır.

“6 №-li palata”ya XX əsrdə baş vermiş böyük fəlakətlərin anonsu kimi də baxmaq olar. Bu povesti ilk dəfə oxuyanda hövüllənib evdən küçəyə qaçan Vladimir Lenin sonradan bütöv bir imperiyanı nəhəng dəlixanaya, dövlət mexanizmini işgəncə maşınına çevirdi. Ölümündən bir az keçmiş Çexovun palatası Kafka yaradıcılığının timsalında genəlib amansız bir fələk administrasiyasına, insan qəssabxanasına, ümid səhrasına çevrildi.

“6 №-li palata”nın dözülməz üfunəti bəşər övladının üst-başından bu gün də çəkilməyib. Heyvan kimi ömür sürən vicdansız, savadsız, şüursuz Nikita da ölməyib, sağdır; özündən min qat üstün Allah bəndələrini yumruqlamaqdan hələ də vəhşi bir zövq alır…



/Qaynaq: “Yeni Azərbaycan” qəzeti/


Oxunub: 268
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR