Tərcümə ədəbiyyatının dili - Ənnağı Hacıbəylinin YAZISI

Anadil tanınmış hüquqçu, publisist Ənnağı Hacıbəylinin "Tərcümə ədəbiyyatının dili" məqaləsini təqdim edir:

XXX

Son illər nəşriyyatlarımız dünya ədəbiyyatından çoxlu əsərlər tərcümə elətdirib çap edirlər. Təbii ki, bu, alqışa layiq işdir. Çeşidli ölkələrin yazıçılarının əsərləri ilə tanışlıq oxucuları zənginləşdirir, Azərbaycan ədəbiyyatına müsbət təsir göstərir.

Bəs tərcümə ədəbiyyatının dili qaneedicidirmi?

Öncə onu deyim ki, tərcümə yaradıcı işdir. Tərcümə mətnin orijinallığının, stilinin, ifadə tərzinin saxlanması qaydası (şərti) ilə çevrildiyi dildə ifadəsinin kompromisidir.

Tərcüməçi başqa dildə yaranmış əsəri çevirdiyi dildə səsləndirir (ifadə edir). Oxucunu daha çox oxuduğu dilin rahatlığı, sadəliyi, axıcılığı maraqlandırır.

Tərcüməçi isə daha çox orijinal mətnin qayğısına qalır, çalışır ki, əsər çevrildiyi dildə mümkün qədər olduğu kimi səslənsin, mahiyyətini, dəyərini itirməsin.

Tərcümə işi ilə məşğul olanlar arasında peşəkarlarla yanaşı həvəskarlar, sadəcə pul qazanmaq istəyənlər də var.

Nəşriyyatlar az qonorar vermək üçün bu kontingentin hamısından yararlanmağa çalışır. Bəzən bu, tərcümə ədəbiyyatının keyfiyyətinə mənfi təsir edir, hətta oxunması mümkün olmayan keyfiyyətsiz məhsulların bazarı doldurması ilə sonuclanır.

Mən bilərəkdən misal çəkəcəyim əsərlərin, nəşriyyatların adlarını göpstərməyəcəm. Birinci, bu nöqsanlar, aşağı-yuxarı, hamıya aiddir. İkinci, ad çəkib kiməsə reklam və ya antireklam xidməti göstərmək istəmirəm.

Dilimizdə "tərəfindən”, "habelə”, "hərgah”, "belə ki”, "hərçənd”, "malikdir”, "bahəm” və s. sözlərə ehtiyac yoxdur. Ərəb-fars sözlərinin çox işlənməsi dili ağırlaşdırır, dilin gözəlliyini, zərifliyini pozur. Türkcəmizdə qarşılığı olan yad sözlərin işlənməsi dilin gözəlliyinə xələl gətirir.

"Digər tərəfdən” yerinə "başqa yandan”, "müvəffəq olmuşdu” əvəzinə "nail olmuşdu”, "bacarmışdı”, "ağıl verməklə bahəm”dənsə "ağıl verməklə yanaşı” desək necə olar?

Çox geniş yayılmış bəlalardan biri "əgər” sözü ilə bağlıdır. "Əgər” də, "sa”, "sə” şəkilçisi də şərt bildirirsə cümlədə bunların hər ikisinin işlənməsinə nə ehtiyac var?

Misallar:

"Əgər daha münasib sığınacaq tapa bilsəydi, əgər istilər düşüb onun halını pisləşdirməsəydi bəlkə də sağalardı”, "Əgər mümkün olsaydı...”, "Əgər hamısını yadda saxlasaydım...”, "Əgər belə getsə, pis günə qalacaqsız”, "Səndə də belə olacaq. Amma əgər uşaqlar sayaq ağlamağı bacarsan” və s.

Bu cümlələrdə "əgər” sözü artıqdır və heç bir məna yükü yoxdur. Sonuncu sitatda "əgər” də, "amma” da artıq, tüfeyli sözlərdir. Sözə qənaət çox vaxt cümləni gözəlləşdirir, oxunu asanlaşdırır: ""Səndə də belə olacaq - uşaqlar sayaq ağlamağı bacarsan”.

İnkar bildirən söz və şəkilçilərdən aşırı yararlanma da geniş yayılmış qüsurlardandır: "Qaşları artıq nə soyuq, nə də qəzəbli bir təəccüb ifadə etmirdilər”.

Əslində belə yazılmalıdır: "Qaşları artıq nə soyuq, nə də qəzəbli təəccüb ifadə edirdi”.

"Xatirə onu təzə ərinə isinməyə qoymurdu”.

Söhbət təbii ki, qızınmaqdan getmir, burada "isinişmək” sözü işlənməlidir.

"Lakin fikirləri bir yerdə qərar tutmayırdı”. Hansı rayonda belə danışırlar bilmirəm, ədəbi dildə "tutmurdu” yazılır. "Artıq bir iliydi tanışıydılar”.

Ədəbi dildə "Bir ildi tanış idilər” deyilir.

"Yalnız mən azadıydım” da onun kimi. Personajın dilindən fərqli olaraq müəllif dili dialekt yox ədəbi dil qaydalarına uyğun olmalıdır.

"Baxmayaraq, döyüşçülərin, daşyonanların yığıncaqlarında izah olunmuşdu ki...” Dilimizdə "baxmayaraq ki” sözləri ilə cümlə başlanmır, bu, daha çox rus dilindən hərfi tərcümədir.

"Döyüşçülərin, daşyonanların yığıncaqlarında izah olunsa da” yazsaq daha yaxşı səslənmirmi?

"Cavan qadın nəinki ötən gecə habelə, ümumiyyətlə, həyat haqqındakı təsəvvürünü itirərək...” cümləsində bu "habelə”, "ümumiyyətlə” nəyi ifadə edir?

"Çünki bu, onların tərəfindən qəbahət olardı” yox "Çünki bu, onların qəbahəti olardı” yazılmalıdır.

"Dünyanın müxtəlif ölkələrində və müxtəlif dillərdə” əvəzinə "çeşidli ölkələrdə və dillərdə” yazsaq daha gözəl olmazmı? Yaxud "hadisələrin özü tərəfindən nəql olunduğunu görərik” yerinə "hadisələri özünün danışdığını görərik” desək daha qısa və anlaşıqlı olmazmı?

"Dələlər mifologiyada ikili rəmzə malikdir” deməkdənsə "dələlər mifologiyada ikili rəmz daşıyır”, "dələnin mifologiyada ikili rəmzi var” demək daha yaxşı olmazmı?

"Borcun ümumi miqdarının həcmi”. Burada "ümumi miqdar” və "həcm” eyni mənanı ifadə edir. "Borcun miqdarı”, "borcun cəmi”, "borcun həcmi”, "borcun məbləği” deyirik axı.

"Qoy çəpərini çıxarsın”. Çəpəri çıxarmırlar, onu sökürlər.

"Cəhdlərimlə bərabər həmçinin...” Burada "bərabər” və "həmçinin” sözləri eyni anlamda olduğundan biri işlənməlidir.

Bildiyimə görə "yaşımtıl” yox "yaşılımtıl”, "miyovuldayır” yox "miyoldayır” yazılmalıdır.

"...Tərəfimdən kobud şəkildə qovulsa da...” cümləsində "tərəfimdən” sözünün hansısa məna yükü varmı? Belə tüfeyli sözlər dilin canına daraşmış parazitlərdir.

"Öz valideyinlərimdən” nə deməkdir? Burada "öz” sözününə nə ehtiyac var. Adamın neçə cüt valideyni ola bilər?

"Bizimçünsə bəşəriyyət ona doğru getdiyimiz uzaq gələcəkdi, hansının ki, siması heç kəsə bəlli deyil, hansının ki, qanunları heç yerdə yazılmayıb”.

Bu cümləni düz anladımsa, onu belə də çevirmək olardı: "Bizim üçün bəşəriyyət ona doğru getdiyimiz, üzü heç kəsə bəlli olmayan, qanunları heç yerdə yazılmayan uzaq gələcəkdi”.

Dilçi deyiləm, yazdıqlarımın mütləq həqiqət olduğunu da iddia etmirəm. Bunlar bir oxucu kimi gördüklərim və mənə xoş gəlməyən, oxunu çətinləşdirən məqamlardır. Yəqin ki, dilçilər tərcümə ədəbiyyatında daha çox nöqsan görürlər.

Təcüməçi xanımlar və bəylər, cənab naşirlər və redaktorlar, tərcümə həm də dili gəlişdirir, dolğunlaşdırır. Elə edək ki, dilimiz tərcümə ədəbiyyatından ən azı korlanmasın.


/Qaynaq: Arqument.az/



Oxunub: 229
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR