İranda həyat yoldaşı ilə birgə başı kəsilərək öldürülən rejissorun qətli ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Anadil: İranlı kinorejissor Dariyuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifərin qətlini törədənin kimliyinin bəlli olduğu deyilir.

Məlumata görə, Əlborz vilayətinin baş hakimi Hüseyn Fazeli həmin şəxsin daha öncə Dariyuş Mehrcuyinin evində bağban işlədiyini deyib.

Meydan TV-nin məlumatına görə, hakim iddia edib ki, qətlə səbəb maliyyə mübahisəsi ola bilər.

İranın hüquq-mühafizə orqanları istintaqın davam etdirildiyini və bu işdə bir neçə şübhəlinin həbs olunduğunu bildirib.

Xarici mətbuatın yazdığına görə, saxlanılan 10 nəfərdən 4-ü qətl hadisəsində birbaşa iştirak edib.

Oktyabrın 15-də kinorejissor Dariyuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifər Kərəc şəhərinin yaxınlığında yerləşən Meşkinabad qəsəbəsindəki evlərində çoxsaylı bıçaq zərbələri ilə öldürülüblər.

Hadisədən bir gün əvvəl, oktyabrın 13-ü gecə rejissorun həyat yoldaşının pəncərələrinin altında əlibıcaqlı naməlum şəxsin olduğu barədə sosial media hesabında paylaşım etdiyi deyilir.

O, naməlum şəxsin onları ölümlə hədələdiyini, polisə zəng edəcəkləri barədə xəbərdarlığa əhəmiyyət vermədiyini yazıb.

Daryuş Mehrcuyi bir müddət əvvəl hökumətə açıq məktub yazaraq, kino sahəsinə qoyulan senzuraya etirazını ifadə etmişdi.

O, hökumətə və İranın Mədəniyyət və İslami İrşad Nazirliyinə ünvanladığı açıq məktubunda senzuraya etiraz məqsədilə nazirliyin qarşısında oturaq aksiya keçirəcəyini bildirib.

“İrşad Nazirliyi, hörmətli nazir. Məni dinləyin, artıq bacarmıram. Savaşmaq istəyirəm. Gəlin, məni vurub öldürün. Bu, mənim sinəm, öldürün, ancaq haqqı alacağam”, – Mehrcuyi açıq məktubunda yazmışdı.

Dariyuş Mehrcuyi kinorejissor, ssenarist, kinoprodüser, redaktor, İran İncəsənət Akademiyasının akademiki olub.

Kaliforniya Universitetinin teatr fakültəsində təhsil alıb.

Tehran Universitetində jurnalist, xarici dillər və kino müəllimi işləyib.

Mehrcuyi Berlin Film Festivalında “Poçttal” filminə görə Beynəlxalq Yevangelist Münsiflər Heyəti Mükafatını və “İnək” filminə görə Beynəlxalq Katolik Film Mükafatını qazanıb.

Onu da deyək ki, rejissor və həyat yoldaşınin Tehrandakı dəfn mərasimi hakimiyyətə qarşı etiraz aksiyasına çevrilib.

Bu barədə yerli sosial media fəalları məlumat və videolar paylaşıblar.

İranda həyat yoldaşı ilə birgə başı kəsilərək öldürülən rejissorun qətli ilə bağlı YENİ TƏFƏRRÜATLAR


Oktyabrın 18-də keçirilən ərasimə toplaşan çox sayda sənətçi və vətəndaş "ölüm olsun Xaməneiyə", "ölüm olsun diktatora" şüarları səsləndiriblər.

Rejissorun qızı Mona Mehrcuyi isə hicabsız çıxış edib və qatillərin mərasimdə iştirak etdiklərini deyib.

Mərasimdə sənətçi və vətəndaşlarla yanaşı bir neçə hökumət məmuru, çox sayda təhlükəsizlik və polis qüvvələri olub.



Anadil.az



Oxunub: 143
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR