Dünyanın rəsmləri ən baha satılan rəssamı... - AĞLASIĞMAZ MƏBLƏĞLƏR

Anadil: Bu gün məşhur ispan rəssamı, heykəltaraş Pablo Pikassonun (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) doğum günüdür.

O, kubizmin banisi sayılır, həmçinin heykəltəraş, qrafik, dizayner, keramikaçı-rəssam və teatr tərtibatçısı kimi şöhrət qazanıb.

Pikasso dünyanın rəsmləri ən çox, eyni zamanda ən baha satılan rəssamlarından biri, bəlkə də, birincisidir.

Bununla bağlı bir neçə faktı təqdim edirik.

XXX

Bir neçə ay öncə “Frans-Press” agentliyinin hesablamalarından aydınlaşmışdı ki, ispan rəssamın 5 əsəri hər biri 100 milyon dollardan yuxarı olmaqla satılıb. Rəssamın hərraclarda 50 milyon dollardan çox qiymət qoyulan əsərinin sayı 16,3 milyon dollardan yuxarı satılan əsərinin sayı isə 39-dur.

Pikassonun ən iri hərrac nailiyyəti 1955-ci ildə çəkilmiş “Əlcəzairli qadınlar” (“O” seriyası) adlı rəsm olub. Son 20 il ərzində Pikassonun digər iki əsəri – “Qəlyanlı oğlan” və “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” rəsmləri bir rəssamın hərracda satılan incəsənət əsərlərinin sayına görə rekord qazanıb.

***

Ötən il Pikassonun vaxtilə oğurlanmış tablosu İraqın Diyala əyalətində tapılıb. Bu barədə rəsmi INA agentliyi məlumat yayıb. Əsərin iraqlı narkotacirlərin sığınacağı olan evdən tapıldığı bildirilir.

İraq polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı departamentinin rəisi, polkovnik Bilal Subhi bildirib ki, üç narkotik qaçaqmalçısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı təfərrüat açıqlanmır. Pablo Pikasso Fondu da məsələyə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, 2009-cu ildə İraqda, Babil vilayətində şəxsi evlərin birində Pikassonun “Çılpaq” adlı tablosu tapılmışdı. Əsərin 10 milyon dəyərində olduğu bildirilirdi. Tablo 1990-cı ildə İraqın Küveytə müdaxiləsi zamanı oğurlanaraq ölkəyə gətirilibmiş. Lakin sonradan onun aqibəti naməlum qalmışdı.

İndi ələ keçmiş tablonun həmin əsər olub-olmadığı da sual doğurur. “The National” qəzetinin yazdığına görə, narkotacirlərdən ələ keçirilən tablo 10 milyon dollar dəyərindədir...

***

Pikassonun məşhur “Çömbəlmiş qadın” əsəri 2021-ci ildə “Sotheby’s”in Honkonq hərracında 24.6 milyon dollara satılmışdı. Bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb.

Əsərdə rəssam öz həyat yoldaşı Jaklin Roku təsvir edib.

Maraq üçün deyək ki, eyni hərracda hollandiyalı rəssam Vinsent Van Qoqun natürmortu 9.1 milyon dollara, çin mənşəli fransız abstraksionisti Sanyunun “Yatmış gözəl”i isə 10.3 milyon dollara alıcı tapmışdı.

***

2021-ci ildə Pablo Pikassonun qızı Maya Pikasso atasının 9 əsərini Fransa hökumətinə bağışlamışdı. Bu barədə həmin vaxt Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken açıqlama vermişdi.

Söhbət altı rəsm əsərindən, şəkilli albomdan, heykəl və etnoqrafik sənət əsərindən gedirdi. Mətbuat konfransında isə jurnalistlərə yalnız bir əsər – kubizm üslubunda hazırlanmış “Oturacaqda şirniquş yeyən uşaq” (1938) göstərilmişdi.

Məlum olmuşdu ki, bağışlanan ssərlərdən biri Pikassonun 14 yaşında (1895) çəkdiyi əl işidir. Bu, rəssamın atası Don Xose Ruisonun portretidir.

Ümumiyyətlə isə 9 əsərdən ibarət ianə-bəxşişin motivləri maraq doğurur. Fransanın nüfuzlu “Le Figaro” qəzeti yazırdı ki, Pikassonun qızı öz atasının əsərlərindən bir qismini Parisdəki muzeyə verməklə, ona qalmış mirasla bağlı vergi yükünü azaltmaq istəyir.

***

“Forbes” jurnalının 2010-2019-cu illər ərzində hərraclarda ən yüksək qiymətə satılan rəsm əsərlərinin reytinqində Pikassonun da tablosu tutmuşdu.

Belə ki, həmin siyahıda yer almış 10 ən bahalı rəsm əsəri aşağıdakılar idi:

2010-cu il: – “Çılpaq, yaşıl yarpaqlar və büst” (Pablo Pikasso) – 106,5 milyon dollar;
2011 – “Kart oyunçuları” (Pol Sezann) – 250 milyon dollar;
2012 – “Su ilanları II” (Qustav Klimt) – 183,8 milyon dollar;
2013 – “Yuxu” (Pablo Pikasso) – 155 milyon dollar;
2014 – “Toy nə vaxtdır?” (Pol Qogen) – 210 milyon dollar;
2015 – “Mübadilə” (Villem de Kuninq) – 300 milyon dollar;
2016 – “Adel Bloh Bauerin portreti II” (Qustav Klimt) – 150 milyon dollar;
2017 – “Salvator Mundi” (“Dünyanın xilaskarı”, Leonardo da Vinçi) – 450 milyon dollar;
2018 – “Uzanmış çılpaq” (Amadeo Modilyani) – 157,2 milyon dollar;
2019 – “Ot tayaları” (Klod Mone) – 110,7 milyon dollar.

Lakin maraqlısı odur ki, bu siyahı hazırlanarkən bir məqam unudulub: Pikassonun ən bahalı əsəri – 1955-ci ildə çəkdiyi “Əlcəzair qadınları” tablosu 2018-ci ildə keçirilən hərracda nə az, nə çox, düz 179,4 milyon dollara satılmışdı...

***

2015-ci ildə Fransa gömrükçüləri Pablo Pikassonun dəyəri 25 mln. avro olan "Gənc qadının başı" ("Tete de jeune fille") rəsmini aşkar edərək götürmüşdülər. Həmin vaxt bu əsəri qadağalara baxmayaraq, İsveçrəyə aparmağa cəhd etmişdilər.

Gömrük işçiləri rəsm əsərini Korsika adasında gəmidə aşkarlamışdılar. Dəyərli əsərin sahibi isə 79 yaşlı məşhur ispan bankiri Ceymi Boten idi. Elə rəsmin aşkarlandığı gəmi də Botenin səhmdarı olduğu şirkətə məxsusmuş. Hərçənd, əsər aşkarlanarkən bankir özü gəmidə deyildi.

Gəminin kapitanı gömrükçülərə yalnız bir sənəd - rəsmin qiymətləndirilmə protokolunu təqdim etmişdi. Protokolda deyilir ki, rəssamın bu əsəri ölkənin mədəni dəyəri kimi tanınıb və İspaniya ərazisini tərk edə bilməz.

Qeyd edək ki, 2012-ci ildə rəsmin sahibi öz kolleksiyasındakı ən qiymətli eksponatı Böyük Britaniyaya aparmaq üçün icazə almağa cəhd edibmiş, lakin onun xahişi İspaniya Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmayıb.



Anadil.az



Oxunub: 240
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR