Ən qatı nasist cinayətkarlarından biri Nürnberq mühakiməsindən necə qurtuldu? - AĞLASIĞMAZ FAKTLAR

Anadil: 78 il əvvəl bu gün - 1945-ci il noyabrın 20-də Nürnberq şəhərində faşist Almaniyasının ələ keçmiş rəhbərləri üzərində məhkəmə başlanıb.

1946-cı il oktyabrın 1-də başa çatan məhkəmədə 12 nəfər barəsində ölüm hökmü (asılmaqla) çıxarılıb.

Həmin hökm 1946-cı il oktyabrın 16-da icra olunub.

Nürnberq məhkəməsinin ildönümündə tarixçi Yadigar Sadıqlının bu tarixi mühakimədən yayınmağa nail olan məşhur şəxslərdən biri Adolf Ayxman haqqında məqaləsini təqdim edir:

XXX

23 may 1960-cı il. İsrailin Baş naziri David Ben-Qurion parlament (Knesset) qarşısında çıxış edərkən təkcə İsraildə deyil, bütün dünyada bomba effekti yaradacaq məlumatı paylaşır:

"Mən Knessetdə elan etməliyəm ki, bir müddət öncə İsrail təhlükəsizlik qüvvələri ən böyük nasist cinayətkarlarından birini ələ keçiriblər. "Yəhudi məsələsinin qəti həlli" adlandırdıqları hadisəyə, yəni 6 milyon avropalı yəhudinin məhv edilməsinə görə nasizm liderləri ilə birlikdə məsuliyyət daşıyan Adolf Ayxman ölkəmizdə həbs altındadır və tezliklə məhkəmə qarşısına çıxarılacaq".

Demokratik ölkələrdə parlamentin bütün üzvlərinin ayağa qalxaraq baş naziri alqışlaması çox nadir hadisədir. Həmin gün Knessetdə bu hal yaşandı. Müxtəlif partiyalardan olan deputatlar ayağa qalxaraq uzun müddət əl çaldılar və siyasi mənsubiyyətlərindən asılı olmayaraq bir-birlərini təbrik etdilər.

***

Adolf Ayxman 1906-cı ildə Almaniyada, Düsseldorf yaxınlığındakı Solingen şəhərində anadan olub. 1913-cü ildə atasının iş yerini dəyişməsilə əlaqədar ailə Avstriyanın Linz şəhərinə köçür. Bu şəhər sonralar Ayxmanın yaşca daha böyük adaşı Adolf Hitlerin vətəni kimi tanınacaq. Onlar hətta eyni ibtidai məktəbdə oxuyublar, əlbəttə, başqa-başqa illərdə. Təhsildə xüsusi uğurları ilə fərqlənməyən Ayxman həddi-buluğa çatdıqdan sonra müxtəlif yerlərdə işləyir.

1930-cu ilin əvvəllərində Almaniya kimi Avstriyada da millətçilik güclənir və məqaləmizin qəhrəmanını da cəlb edir. Sonralar əsas nasist cinayətkarlarından biri kimi Nürnberq məhkəməsində edama məhkum olunan Ernst Kaltenbrunner ilə tanışlığı bu yöndə əsas rol oynayır. Ayxman 1932-ci ildə nasional-sosialist partiyasının və SS-in Avstriya şöbəsinə daxil olur.

1933-cü ilin iyununda Avstriyada nasist partiyasının fəaliyyətinin qadağan edilməsi səbəbindən Ayxman Almaniyaya gedir. Burada o, SS və SD strukturlarında müxtəlif işlərlə məşğul olur. 1935-ci ilin ikinci yarısında SD Baş idarəsində "yəhudi məsələsi" ilə məşğul olan şöbəyə keçir.

Nasistlərin hakimiyyətə gəldiyi 1933-cü ildə Almaniyada yəhudilərin sayı 523 min idi və onlar əhalinin heç 1%-ni təşkil etmirdilər. Lakin daha yüksək təhsil səviyyəsi və peşəkarlıqlarına görə həm elm, mədəniyyət və incəsənətdə, həm də iqtisadiyyatda əhəmiyyətli rolları vardı.

Bəzi yanlış təsəvvürlərin əksinə olaraq, nasistlər hakimiyyətə gələn kimi Almaniyadakı yəhudiləri ölüm düşərgələrinə doldurmaqla, öldürməklə məşğul olmadılar. Onlar əvvəlcə yəhudiləri ölkədən köçməyə vadar etməyə üstünlük verirdilər. Buna görə də ilk aylardan başlayaraq antisemit qanunlar qəbul edildi. Bu siyasətin zirvə nöqtəsi 1935-ci ildə qəbul edilən və "Nürnberq qanunları" kimi tanınan qanunverici aktlar oldu.

Ölkəni tərk etmək istəyən yəhudilər buna görə öz əmlaklarının bir hissəsindən dövlətin xeyrinə imtina etməli idilər. Bu "xərac"ın həcmi ildən ilə daha da artırdı. Əgər 1933-cü ildə əmlakın 25%-dən imtina tələb olunurdusa, 1938-ci ildə bu rəqəm artıq 90%-ə çatırdı. Başqa sözlə, insanlar yalnız canlarını götürüb gedirdilər.

1938-ci ilin martında Avstriya, oktyabrda Çexoslovakiyanın Sudet vilayəti, 1939-cu ilin martında isə Çexiya Üçüncü reyxə birləşdirildi. Bu ərazilərdəki yəhudilər də Almaniyanın yurisdiksiyası altına düşdülər və eyni diskriminasiyaya məruz qaldılar. Nasitlərin hakimiyyətə gəlməsindən İkinci dünya müharibəsinin başlanmasına qədərki dövr ərzində 404 min yəhudi Almaniya, Avstriya və Çexoslovakiyanı tərk etdi.

Əlbəttə, bu yazdıqlarımı həmin dövrdə yəhudilərə qarşı zorakılıq baş verməməsi və heç bir yəhudinin burnunun qanamaması kimi anlamaq doğru deyil. Təkcə "Büllur gecə" adını alan hadisələr (1938-ci ilin 9-10 noyabr tarixində həyata keçirilən yəhudi talanları) zamanı ən azı 91 nəfər öldürüldü. Amma hər halda bütün bunlar sonrakı illər baş verəcək kütləvi qətliamla müqayisədə çox kiçik idi.

Adolf Ayxman bütün qısnama siyasətində fəal işirak edir. Avstriyanın birləşdirilməsindən sonra o, SD-nin Vyanada yəhudilərlə məşğul olan şöbəsinə keçirilir. 1939-cu ilin aprelində Praqada peyda olur və yenə eyni işdə - yəhudilərin təqibində iştirak edir. Bu dövrdə onun rütbəsi də artır. SD-də xidmətə bizim gizir rütbəsinə analoq olan oberşarfürer rütbəsilə başlayan Ayxman İkinci dünya müharibəsini unterşturmfürer (leytenant) rütbəsində qarşılayır.

***

İkinci dünya müharibəsinin başlanması ilə nasistlərin yəhudi məsələsinə yanaşması dəyişir. 1939-cu ilin sentyabrın 1-dək Polşada 3,3 milyon yəhudi yaşayırdı və indi onların böyük əksəriyyəti almanların əsarəti altına düşdü. Bu dövrdən etibarən almanlar emiqrasiya əvəzinə deportasiya siyasətinə başladılar.

İşğal edilən Polşa üç yerə bölündü. Bir hissəsi Almaniyaya, bir hissəsi isə SSRİ-yə çatdı. Üçüncü hissə isə bilavasitə Almaniyaya birləşdirilməyən, lakin onun tərəfindən idarə olunan general-qubernatorluq idi. Almaniyanın nəzarətinə keçən ərazilərdə yaşayan yəhudilər bu general-qubernatorluğa göndərilirdilər.

Bu işlərlə birbaşa Adolf Ayxman məşğul olurdu. O, 1939-cu ilin dekabrın 19-da İmperiya Baş Təhlükəsizlik İdarəsinin (Reichssicherheitshauptamt - RSHA) IV idarəsinin (gestapo) yəhudilərlə məşğul olan B-4 şöbəsinə rəis təyin edildi. Müharibənin sonuna qədər rütbəsi oberşturmbannfürerə (polkovnik-leytenant) qədər yüksəlsə də, vəzifəsi dəyişmədi.

SSRİ-yə qarşı müharibənin uğurlu başlanğıcı alman əsarətində olan yəhudilərin sayını xeyli artırdı. Bir çox tarixçilərin fikrincə, nasist rəhbərliyi məhz 1941-ci ilin yayından etibarən yəhudiləri Avropadan köçürmək əvəzinə qırmaq fikrinə gəldi. Həmin ilin ikinci yarısında işğal olunan sovet ərazilərində 1 milyona qədər yəhudi öldürüldü. Bununla yanaşı, qırğın siyasətinin rəsmiləşdirilməsi 1942-ci ilin yanvarında Berlində Vanze gölü yaxınlığında keçirilən konfransa aid edilir.

Vanze konfransında nasistlərin evfemizmlə "Yəhudi məsələsinin qəti həlli" adlandırdıqları, dünyanın isə sonralar genosid və ya Holokost kimi qəbul etdikləri siyasətin yolları və vasitələri müəyyənləşdirildi. 1,5 saat davam edən və çox hissəsi RSHA rəhbəri Reynhard Heydrixin çıxışından ibarət olan tədbirdə cəmi 15 nəfər iştirak edirdi. Onlardan biri də Adolf Ayxman idi.

Konfrans Avropadakı bütün yəhudilərin, hətta həmin vaxt Almaniyanın işğal etmədikləri ərazilərdəki yəhudilərin Şərqi Avropaya köçürülməsini və orada ya birbaşa öldürülməsini, ya da ölənə qədər ağır işlərdə istismarına qərar verir. İştirakçılara paylanan sənəddə Avropa yəhudilərinin ümumi sayı 11 milyon göstərilirdi. Burada hətta Albaniyadakı 200 yəhudi də yer almışdı.

Vanze konfransından sonra yəhudilərin genosidi daha təşkilatlanmış şəkil aldı. İndi bütün dövlət strukturları, işğal orqanları, hərbi qüvvələr bu işin həyata keçirilməsinə prioritet tapşırıq kimi baxmalı və yardım etməli idilər. Ölüm konveyerinin əsas təşkilatçısı və icraçısı isə Adolf Ayxman idi.

O, bu işi heyrətamiz punktuallıqla və soyuqqanlıqla yerinə yetirirdi. Sanki insanları ölümə deyil, hansısa zavoda məhsul istehsalı üçün xammal göndərirdi. Hətta müharibənin gedişatının dəyişməsi də onda tərəddüd yaratmırdı. 1942-ci ilin payızından başlayaraq Almaniyanın uğradığı ardıcıl məğlubiyyətlər savaşın uduzulmasına şübhə yeri saxlamır. Amma bu, Ayxmanı durdurmur.

Müharibənin sonlarında Üçüncü reyxin durumu fəlakətli şəkil alır. Yanacaq və digər resurslar çatışmır. Buna baxmayaraq, Ayxman inadla öz işini həyata keçirir. O, bəzən öz rəhbərlərindən də çox şövq nümayiş etdirir. Durumun ümidsizliyini anlayan Henrix Himmlerin Macarıstan yəhudilərinin deportasiyasını dayandırmaq əmrinə etiraz edir. O, illərdir Berlində gizlənən 18 yəhudini 1945-ci il martın 27-də, müharibənin sonuna 40 gün qalarkən ölüm düşərgəsinə göndərir. Nəticədə Fransadan SSRİ-yə qədər uzanan ərazidə yaşayan 6 milyon yəhudinin Holokost qurbanı olmasında xüsusi rol oynayır.

Polşa ərazisində yerləşən ölüm düşərgələrində - Auşvits-Birkenauda 1,1 milyon, Treblinkada 800 min, Belzeçdə 600 min, Sobiborda 250 min, Xelmnoda 300 mindən çox, Maydanekdə 60 min olmaqla - 3 milyondan çox yəhudi öldürüldü. Qalanları isə digər düşərgələrdə və ya düşərgələrə göndərilərkən qatarda sıxlıqdan, susuqzluqdan, istidən öldülər, müxtəlif ərazilərdə güllələndilər, "ölüm marşı" adını alan piyada marşlarda can verdilər.

***

Müharibədən sonra bir müddət gizlənən Adolf Ayxman 1950-ci ildə Rikardo Klement adına olan saxta sənədlərlə Argentinaya gedir. İki il sonra Avstriyaya gəlir, burada yaşayan arvadı ilə yenidən, bu dəfə Rikardo Klement kimi nikah bağlayır, onu və üç oğlunu götürərək Argentinaya qayıdır. Ayxman-Klement burada müxtəlif işlərdə çalışandan sonra Mercedes-Benz zavoduna düzəlir.

Ayxmanın tapılması və mühakimə olunması İkinci dünya müharibəsindən sonra yaradılan bir çox yəhudi təşkilatları və eləcə də, İsrail dövlətinin xüsusi xidmət orqanlarının başlıca vəzifələrindən biri idi. Onu dünyanın müxtəlif yerlərində, amma daha çox Cənubi Amerikada və Yaxın Şərqin müsəlman ölkələrində axtarırdılar. Bu axtarışlar 1950-ci illərin sonlarına qədər uğursuz oldu.

Ayxmana zərbəni özünün böyük oğlu Nikolas vurdu. Tanış olduğu Silviya adlı alman qıza atasının Üçüncü reyxə böyük xidmətlərindən danışır. Silviyanın atası isə yəhudi idi, nasist düşərgələrindən keçmişdi. Lotar German adlı bu şəxs qızından eşitdiklərini və onun tanışının Ayxman soyadı daşımasını (atadan fərqli olaraq oğlanlar öz soyadlarını daşıyırdılar və Rikardo Klement onların ögey atası sayılırdı) nəzərə alaraq söhbətin Adolf Ayxmandan getdiyini anlayır. Daha sonra o, Rikardo Klement adlı şəxsin əslində Ayxman olduğu qənaətinə gəlir.

Lotar German başqa şəxslərin köməyilə bu qənaətlərini İsrailin xüsusi xidmət orqanlarına, Mossad adlı kəşfiyyat qurumunun rəhbəri İsser Harelə çatdırır. Bundan sonra Argentinaya Mossad agentləri göndərilir və Ayxmanın yaşadığı ev izlənilir. Lakin Klementin Ayxman olduğunu müəyyənləşdirmək asan olmur. İsraillilərin əlində Ayxmanın elə də çox fotosu yox idi, üstəlik 15 il vaxt keçmişdi.

1960-cı il martın 21-də əhəmiyyətli hadisə baş verdi. Həmin gün Rikardo Klementin evə əlində gül dəstəsilə gəlir və evdə şadyanalıq keçirilir. Yəhudilər Ayxmanın tərcüməyi-halını araşdırırlar və məlum olur ki, düz 25 il əvvəl Ayxman cütlüyü ailə qurub. Bununla da onların axtardıqlarını tapmaları qənaəti güclənir.

Aprelin 3-də bazar günü Mossad agenti evinin həyətində olan Ayxmana yaxınlaşaraq onu söhbətə tutur, buralarda ev tikmək üçün ərazi almaq istədiyini söyləyir. Bu zaman əlində tutduğu çantada gizlədilən fotoaparatla şəklini çəkir. Ayxmanın Mossadda olan şəkillərinin birində o, sol profilindən çəkilmişdi. İndi də söhbət zamanı agent onu başını döndərməyə sövq edərək sol tərəfdən şəklini çəkir. Ayxmanın köhnə və Klementin yeni şəkillərindəki sol qulağının quruluşunu müqayisə edən israillilər onların eyni adam olduğuna əmin olurlar.

***

Argentina hökumətinin nasist cinayətkarlarına isti münasibəti sirr deyildi. Həmin dövrə qədər Buenos-Ayres onların təhvil verilməsilə bağlı müxtəlif ölkələrdən 60-a qədər sorğuya mənfi cavab vermişdi. Məsələn, müharibə illərində Xorvatiyanın lideri olan Ante Paveliçlə bağlı Yuqoslaviyanın istəyi rədd edilmişdi.

Buna görə də İsrail Adolf Ayxmanın təhvil veriləcəyinə ümid etmirdi. Güman olunurdu ki, Argentina ya rəsmən imtina edəcək, ya da Ayxmanı xəbərdar edərək yerini dəyişməsinə, yenidən qeyb olmasına şərait yaradacaq. Cəlladı, əlbəttə, öldürmək də olardı. Amma İsrail hökuməti onun üzərində keçiriləcək məhkəmə vasitəsilə İkinci dünya müharibəsi zamanı yəhudilərin başına gətirilənləri bütün çılpaqlığı ilə ortaya qoymaq niyyətində idi. Buna görə keçmiş oberşturmbannfüreri oğurlamaq qərarı verildi.

Əməliyyatı hazırlamaq və həyata keçirmək üçün İsser Harel də daxil bir qrup Mossad agenti Buenos-Ayresə yola düşdülər. Ayxmanı bir müddət izləyən agentlər onun hər iş günü eyni vaxtda avtobusla evə qayıtdığını təsbit etdilər və məhz bu zaman oğurlamaq qərarına gəldilər. Çünki evinin yerləşdiyi Qaribaldi küçəsi o zaman paytaxtın ucqarında yerləşirdi və axşam saatlarında burada nadir hallarda adam olurdu.

İlk cəhd mayın 9-a təyin edildi. Ancaq Mossad agentləri əməliyyat yerinə yollanan zaman polis tərəfindən saxlanıldılar. Bərk təlaşa düşsələr də, polis onlardan sadəcə qəzaya düşən motosikletçini xəstəxanaya çatdırmağı istədi. Boyun qaçırmaq heç cür mümkün deyildi və həmin gün əməliyyat təxirə salındı.

Növbəti cəhd iki gün sonra, mayın 11-ə planlaşdırıldı. Mossad əməkdaşları Qaribaldi küçəsində Ayxmanı iki avtomobildə gözləyirilər. Bunlardan birində oğurlanan Ayxman aparılacaq, digəri isə polis və ya başqaları tərəfindən təqib olduqda yolu kəsərək birinci atomobilin uzaqlaşmasına şərait yaratmalıydı.

Ayxman həmişə axşam saat 8-ə qalmış 202 saylı avtobusdan düşür və evinə tərəf yollanırdı. Mayın 11-də isə belə olmadı. Mossad agentlərinin izlədikləri müddət ərzində ilk dəfə olaraq o, 8-ə qalmış gələn avtobusdan düşmədi. Bu, pis əlamət idi. Əməliyyat iştirakçıları onun artıq xəbərdar olduğunu güman edir və dağılışmağı məsləhət bilirdilər. Lakin əməliyyatın operativ rəhbəri Rafi Eytan gözləməyi əmr etdi.

Saat 20.05-də 202 saylı növbəti avtobus gəldi və Adolf Ayxman düşdü. Bu zaman əməkdaşlar özlərini guya xarab olan avtomobili düzəldirmiş kimi göstərirdilər. Ayxman əl fənərı ilə yoluna işıq salaraq (may ayı cənub yarımkürəsində payız sayılır və hava tez qaralır) onların yanından keçərkən hücum edərək əl-qolunu, ağzını bağladılar və avtomobilin arxa oturacağında, iki nəfərin dizi üstündə uzadaraq hadisə yerindən uzaqlaşdılar.

Mossadçılar Ayxmanı əvvəlcədən kirayə tutduqları bir evə gətirdilər. Özünə qəsd ehtimalını aradan qaldırmaq üçün onu çılpaq soyundurdular və üst-başını axtardılar. Yəhudilərin gümanının əksinə olaraq 6 milyon yəhudinin qatili heç də möhkəm adam çıxmadı. Dindirmə başlayandan 10-15 dəqiqə sonra suallar qarşısında çaş-baş qalan əsir, əsl adının Adolf Ayxman olduğunu təsdiq etdi. İndi onun İsrailə aparmaq olardı.

O dövrdə İsraillə Argentina arasında sərnişin aviareysləri yox idi. Lakin Ayxmanın oğurlanması qərara alınanda çıxış yolu düşünülmüşdü. Həmin il mayın 25-də Argentina May inqilabının 150 illiyini qeyd edirdi. Bu münasibətlə dünyanın bir çox ölkəsindən Buenos-Ayresə hökumət nümayəndələri gələcəkdi.

İsrailin xarici işlər naziri Qolda Meir Argentinaya necə gedəcəyini düşünən zaman milli "El Al" aviaşirkəti onu pulsuz aparmağı təklif etdi. Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, onlar biznes işləri üçün Buenos-Ayresə uçmalı idilər və naziri də özlərilə apara bilərdilər. Qolda Meir təklifi məmnuniyyətlə qəbul etdi. Əslində isə uçuşun xərcini Mossad öz üzərinə götürmüşdü və məqsəd geri qayıdarkən Ayxmanı İsrailə gətirmək idi. Əməliyyat o qədər məxfi idi ki, bunu hətta xarici işlər naziri də bilmirdi.

Mayın 20-də Adolf Ayxmanın bədəninə narkotik maddə yeridilərək yarıhuşsuz vəziyyətə gətirildi. O, El Al aviaşirkətinin xəstələnmiş pilotu kimi geyindirilərək təyyarəyə mindirildi. Sənədləri yoxlayan Argentina sərhədçilərində heç bir şübhə yaranmadı.

Cənubi Amerikadan köhnə dünyaya uçan təyyarələr adətən qitənin ən şərqində yerləşən Resifi şəhərində enərək yenidən yanacaq doldurur və havaya qalxaraq Atlantik okeanının üzərindən uçurdular. Amma yəhudilər hər hansı bir sürprizlə üzləşməmək üçün Cənubi Amerikanı bacardıqca tez tərk etməyə çalışırdılar.

Bu səbəbdən El Al təyyarəsi birbaşa Seneqalın paytaxtı Dakara uçdu. O, burada yerə enərkən çənlərində yanacaq demək olar ki, qalmamışdı. Dakarda yanacaq doldurulduqdan sonra uçuş davam etdirildi. Təyyarə Tel-Əvivdə yerə enərkən tarix 21 may 1960-cı il idi.

***

İsrail həbsxanasında Adolf Ayxmanın mühafizəsi xüsusi diqqətlə seçilir. Onu xeyli əziyyətlə oğurlayıb gətirəndən sonra əsəblərini cilovlaya bilməyən mühafizəçi tərəfindən öldürülməsi heç yerinə düşməzdi. Buna görə də mühafizəçilər elə seçilirdi ki, qohumları Holokost qurbanı olmasınlar. Yəhudilər arasında beləsini tapmaq isə asan deyildi. Ayxmanın yeyəcəyi xörəyi hazırlayan şəxs əvvəlcə mühafizəçilərin gözü önündə özü xörəkdən yeyir və zəhər qatılmadığı aşkar ediləndən sonra dustağa verilirdi.

Argentina hökuməti Ayxmanın oğurlanmasından hiddətlənərək onun geri qaytarılmasını tələb etdi və BMT-yə İsraildən şikayət göndərdi. İsrail xarici işlər naziri Qolda Meir Argentinadan rəsmən üzr istəsə də, əməliyyatda dövlət strukturlarının iştirakını inkar etdi. Ayxmanı guya yəhudi könüllülərinin oğurladığını və sonradan dövlətə təhvil verdiklərini söylədi.

Oğurluqdan 11 ay sonra, 1961-ci aprelin 11-də məhkəmə başladı. Gülləkeçməz şüşə arxasında oturan müttəhimin taktikası sadə idi və Nürnberq məhkəməsindəki müttəhimlərin taktikasından fərqlənmirdi: maksimum dərəcədə öz iştirakını inkar etmək, bu mümkün olmayan yerdə isə sadəcə əmrə tabe olduğunu bildirmək.

Məhkəmə Ayxmanla yanaşı nasizm, Holokost üzərində qurulan proses idi. İkinci dünya müharibəsi illərində yəhudilərin başına gətirilənlər ən çılpaq şəkildə məhz bu prosesdə işıqlandırıldı. Bu zaman şahidlərin və dinləyənlərin özlərini saxlaya bilməyərək hönkürməsi, bayılması, əsəb sarsıntısı keçirmələri adi hal idi. Dünyanın Holokost barədə təsəvvürlərinin formalaşmasında Ayxman üzərində məhkəmənin müstəsna rolu oldu.

“The New Yorker” jurnalının müxbiri kimi prosesdə iştirak edən Hanna Arendt sonralar öz təəssüratları əsasında "Şərin banallığı. Ayxman Qüdsdə" adlı kitab yazdı. Bu əsərdə o, Eyxmanın heç də "fövqəlyaramaz" olmadığını, yəhudilərə şəxsən nifrət bəsləmədiyini, sadəcə ona tapşırılan işi yaxşı yerinə yetirməyə və təşəkkür qazanmağa çalışan bir bürokrat olduğunu göstərirdi. Arendtə görə, bu işin milyonlarla insanı ölümə göndərməkdən ibarət olmasının Ayxman üçün əhəmiyyəti yox idi.

Ayxman üzərində məhkəmə belə bir heyrətamiz faktı ortaya qoydu ki, milyonlarla insanı öldürmək üçün aşırı fanatik, sadist və ya psixi xəstə olmaq lazım deyil. Bunun üçün rəhbərliyin tapşırığını kor-koranə icra edən, vəzifə borcunu müticəsinə yerinə yetirən məmur olmaq yetərlidir.

Məhkəmədə açılan faktlar Qərbi Almaniya cəmiyyətinə də sarsıdıcı təsir göstərdi. Məlum oldu ki, milyonlarla insanın qətli sadəcə Hitler və 5-6 əlaltısının işi deyil. Burada yüzminlərlə sıravi alman da iştirak edib. Bundan sonra Holokost haqqında materiallar məktəb dərsliklərinə salındı, problem daha realist araşdırıldı.

1961-ci il dekabrın 15-də məhkəmə hökmünü elan etdi: Ayxman yəhudilərin genosidi ilə yanaşı qaraçılar, polyaklar və slovenlərə qarşı cinayətlər, Nürnberq prosesində cinayətkar elan olunan 3 təşkilatın (gestapo, SS, SD) üzvlüyü də daxil ümumən ittihamın 15 maddəsi üzrə təqsirli bilinərək edam cəzasına məhkum edildi.

Vəkillərin apelyasiya şikayətini araşdıran Ali məhkəmə hökmü qüvvədə saxladı. Ayxmanın özünün, arvadının və qardaşının prezident İshaq Ben-Zviyə müraciəti 1962-ci il mayın 31-də rədd edildi. Bundan bir neçə saat sonra, iyunun 1-nə keçən gecə Adolf Ayxman asılaraq edam olundu.

Cəsədin harada dəfn ediləcəyi də problem idi. Altı milyon soydaşlarının qatilinin İsrail torpağında dəfni yəhudilər üçün yolverilmız idi. Buna görə də cəsəd yandırıldı və külü İsrail ərazi sularından kənarda Aralıq dənizinə səpildi.

***

Ayxmanın oğurlanmasından 40 il sonra, 2000-ci ildə Argentina prezidenti Fernando de la Rua öz ölkəsinin nasist cinayətkarlarına qucaq açmasına görə Holokost qurbanlarından üzr istədi. İsrail yalnız 2005-ci ildə Ayxmanın oğurlanmasında Mossad əməkdaşlarının iştirakını etiraf etdi. Əməliyyat iştirakçılarının siyahısı 2007-ci ildə açıqlandı.

2006-cı ildə ABŞ-da bəzi sənədlərin üzərindən məxfilik statusu götürülərkən aydın oldu ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Qərbi Almaniyanın Federal Kəşfiyyat Xidməti 1958-ci ildən Eyxmanın gizləndiyi yer barədə məlumata malik olublar. Amma onun o zaman Almaniya kansleri Konrad Adenauerin katibliyində işləyən Hans Qlobkenin Holokostda iştirakı barədə ifadə verə biləcəyi ehtimalına görə, bu informasiyanı gizlətmək qərara alınıb...



Anadil.az



Oxunub: 165
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR