Burada da dövlət idarələri ilə yaradıcı insanlar arasında problemlər var, amma... - Aygün Aslanlının BİŞKEK GÜNDƏLİYİ

Anadi kinoşünas Aygün Aslanlı Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi qismində iştirak etdiyi Bişkek Beynəlxalq Kinofestivalı barədə təəəssüratlarını təqdim edir:

XXX

Bu gün II Bişkek Beynəlxalq Kinofestivalının bağlanışı olacaq. Beş gündür, hər gün, ən azı, 3-4 tammetrajlı bədii filmə baxırdım.

Biz, Mərkəzi Asiyanın kinematoqrafiyası ilə, ələlxüsus da, onun müasir dövrü ilə yaxından tanış olmadığımıza görə, proqram göndərilən kimi “Mərkəzi Asiya” müsabiqəsini izləmək qərarına gəlmişdim. Bu müsabiqəyə Türkmənistan da daxil olmaqla, bölgənin bütün respublikalarından art-hausla yanaşı müxtəlif janrlarda çəkilmiş kommersiya filmləri də daxildir. Amma qırğız kinoşünası Sultan Usuvəliyev retrospektiv bölməsini o qədər təriflədi ki, özümü saxlaya bilmədim və müasirliyi klassikaya qurban verdim, Melis Ubukeyevin “Çətin keçidlər” (1964) və Tolomuş Okeyevin “Alova səcdə et” (1971) filminə baxdım və böyük həzz aldım. Hər iki film Qırğızıstanda Sovet hökumətinin qurulmağa başladığı dövrdən bəhs edir. “Alova səcdə et” filminin ikinci adı “Urkuya”dır, ilk qırğız komsomolçu qadını və kolxoz sədri Urkuya Saliyevadan bəhs edir. “Kolxoz”, “komsomol” sözlərini eşidəndə yadımıza düşən ilk şeylərdən biri də sərhədsiz pafosdur, elədir? Lakin “Urkuya” filmi sənədli üslubda operator işi, aktyor oyunu, finalı ilə həmin dövrə aid sənət nümunələrinə xas pafosdan azaddır. Aktrisa Tattıbuu Tursunbayevanın Urkuyası filmlərdə görməyə alışdığımız yekrəng, düz komsomolçu deyil, qadın olduğunun fərqinə varan, unutmayan, vəzifəsini icra edərkən də bunu ön planda saxlayan bir obrazdır. Məhz bu xüsusiyyətlərinə görə, vaxtilə Moskva filmi bəyənməyib və ona ən aşağı kateqoriya verib, buna baxmayaraq film öz dövründə bir neçə əhəmiyyətli mükafata layiq görülüb.

Yeri gəlmişkən, qırğızların çox usta operator və montaj məktəbi olub və bu ənənənin davamını müasir filmlərdə də görmək mümkündür.

Bu günlər ərzində maraqlı insanlar tanımaq imkanım da oldu. Onlardan Prodüserlər Gildiyasının sədri Erke Cumakmatova ilə söhbətimiz xüsusi yadımda qaldı, çünki Erke xanımın fəaliyyət sahəsini öyrənən kimi Qırğızıstanda kino sahəsində vergi güzəştlərinin olub-olmadığını soruşdum. Erke eje (qırğızlar qadına “eje” deyə müraicət edirlər) dedi ki, sırf kinoya aid güzəştlər yoxdur, amma Yaradıcı Sənaye Assosiasiyası fəaliyyət göstərir. Hazırda Assosiasiya “Yaradıcı Sənayelər Parkı” adlı xüsusi vergi rejimi üzərində işləyir. Layihə qəbul olunarsa, sadəcə kinematoqrafçılar yox, yaradıcı fəaliyyətlə məşğul olan hər kəs vergi güzəştlərindən faydalana biləcək.

Bişkek Kinofestivalında müşahidə etdiyim və həsəd apardığım məqamlardan biri də Mərkəzi Asiya bölgəsinin kinematoqrafçıları arasındakı sıx əməkdaşlıq, dəstək oldu; bir-birilərinin yaradıcılığını izləyirlər, filmlərini müzakirə edirlər, səhvləri-düzləri açıq deyirlər və bundan incimirlər. Təbii ki, burada da hər şey ideal deyil, burada da dövlət idarələri ilə yaradıcı insanlar arasında problemlər var. Amma kinematoqrafçıların sırf sənət naminə gənc, yaşlı demədən bir-birilərinə dəstək olmaları bürokratiyanın təsir gücünü qismən də olsa azaldır. Ah, keşkə…

_______________________________________

Anadil-in QEYDİ:

1-15 iyun tarixlərində II Bişkek Beynəlxalq Kinofestivalı keçirilir. Bu il festival Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyinə həsr olunub. 1936-cı ildə muxtariyyətin əsasında Qırğızıstan SSR – indiki respublika yaranıb.

Bişkekdəki Toktoqul Satılqanov adına Milli Filarmoniyada keçirilən açılış tədbirində Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov, digər rəsmilər, MDB və digər ölkələri təmsil edən kino xadimləri iştirak ediblər.

Edil Baysalov bildirib ki, festival ənənəyə çevriləcək. Festivalın müsabiqə proqramında 30-dan çox filmin göstərilməsi nəzərdə tutulub. Tədbirlər sırasına ustad dərsləri, mükafat fondu olan pitçinqin təşkili, “retrospektiv” nümayiş, panel diskussiyaları da daxildir.



Anadil.az



Oxunub: 199
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR