Tarixi qarşıdurma: ABŞ ilə Türkiyə arasında XAŞXAŞ BÖHRANI

Anadil tarixçi Yadigar Sadıqlının "Xaşxaş böhranı, Billi Heys və "Gecəyarı ekspresi"" məqaləsini təqdim edir:

XXX

1960-cı illərdə narkomaniya ABŞ cəmiyyətinin əsas problemlərindən birinə çevrilir. 1968-ci ildə Narkotiklər və təhlükəli maddələr üzrə büro (BNDD) yaradılır. Həmin ilin prezident seçkiləri kampaniyasında Respublikaçılar partiyasından namizəd Riçard Nikson qalib gələcəyi təqdirdə narkotiklərə mübarizəyə ciddi diqqət ayıracağını vəd edir.

Seçkilərdə Nikson qalib gəldi və 1969-cu il yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başladı. 1970-ci ildə Konqres “Narkotik maddələrdən sui-istifadə və bununla mübarizə haqqında” Qanun qəbul etdi. Növbəti ildə Niksonun işlətdiyi “narkotiklərlə müharibə” populyar ifadəyə çevrildi. 1973-cü ildə BNDD əvəzinə Narkotiklərlə mübarizə idarəsi (DEA) yaradıldı.

ABŞ administrasiyası narkotiklərlə təkcə ölkə daxilində mübarizə aparmırdı. Xaşxaş əkən bir çox ölkələrdən əkinin qadağan edilməsi istənilirdi. Ən çox xaşxaş əkən ölkələrdən biri də Türkiyə idi. Nikson hələ 1969-cü ilin yanvarında, səlahiyyətlərinin icrasına başlayar-başlamaz baş nazir Süleyman Demirelə bununla bağlı məktub göndərmişdi. Niksonun müşaviri Patrik Moynihen həmin il eyni məqsədlə Türkiyəyə gəldi. Ankaraya yenicə səfir təyin olunan Uilyam Hendli xarici işlər naziri İhsan Sabri Çağlayangil və Demirellə görüşərək kəndlilərə kompensasiya ödənilməsi şərtilə xaşxaş əkininin qadağan edilməsini istədi.

Amma Demirel hökuməti bu istəklərə müsbət yanaşmadı. Qadağa kəndlilərin gəlirlərini azaldar və hökumətin reytinqinin düşməsinə səbəb ola bilərdi. Zatən kəndlilər əsasən Demirelin Ədalət partiyasına səs verirdilər. Dövlət katibinin müavini Elliott Riçardsonun 1970-ci ilin aprelində Ankara səfəri də bu səbəbdən nəticəsiz oldu.

Bununla belə, Ankara gərginliyə yol verməmək üçün xaşxaş əkinini məhdudlaşdırmağı qərara aldı. Əkin sahəsinin 50,6 min hektardan 13 min hektara düşürüləcəyi açıqlandı. Yalnız dörd vilayətdə xaşxaş əkininə icazə verilirdi. Eyni zamanda nəzarət gücləndirilirdi, cəzalar ağırlaşdırıldı. Amma bu addımlar əks effekt verdi.

Vaşinqtonda hesab etdilər ki, Türkiyəyə bir az da hədə-qorxu gəlinərsə, əkin tam qadağan oluna bilər. İyulun 21-də Konqresdə çıxış edən ədliyyə naziri Con Mitçell ABŞ gəncliyini zəhərləyən narkotikin 80 faizinin Türkiyədən gəldiyini söylədi. O, Türkiyəyə qarşı embarqo tətbiq olunmasını və hətta ticarəti tamamilə dayandırmağı təklif etdi.

Tarixi qarşıdurma: ABŞ ilə Türkiyə arasında XAŞXAŞ BÖHRANI


Bu çıxış Ankarada ciddi narazılıq doğurdu. Ertəsi gün ABŞ səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağrıldı, amerikalı nazirin çıxışının “hayret ve üzüntü ile karşılandığı, en kısa zamanda bir açıklama beklenildiği” bildirildi. Demirel özü də bəyanatla çıxış edərək Mitçellin çıxışının ölkəsinin suverenliyinə təhdid olduğunu bildirdi. Türkiyə siyasi palitrasının həm sağ, həm sol cinahından ABŞ-nin ünvanına kəskin fikirlər səsləndi.

Ankaranın reaksiyası nəticəsiz qalmadı. Vaşinqtondakı səfir Melih Esenbel Dövlət departamentinə dəvət edildi və Nikson administrasiyasının Türkiyəyə hər hansı məhdudiyyət tətbiq etmək niyyətində olmadığı bildirildi.

Türkiyədə yetişdirilən xaşxaşdan əldə olunan heroinin amerikalı gəncləri zəhərlədiyini deyən ABŞ rəsmiləri tam haqsız deyildilər. Bununla belə, Türkiyədə əldə olunan narkotiki həcmi şişirdilirdi. Məsələnin, sanki Türkiyədə xaşxaş əkini qadağan olunan kimi problem həll olunacaq şəklində təqdim edilməsi də yanlış idi.

Bununla yanaşı, Türkiyənin də xaşxaş əkinini tam nəzarətə ala bilməməsini, ölkədə yetişdirilən məhsuldan qeyri-leqal yolla xeyli heroin əldə olunmasını qeyd etmək lazımdır.

***

1971-ci il martın 12-də Türkiyə Cümhuriyyəti Baş Qərargah rəisi Memduh Tağmac, Quru qüvvələr komandanı Faruk Gürler, Hərbi dəniz qüvvələri komandanı Celal Eyicioğlu və Hərbi hava qüvvələri komandanı Muhsin Batur prezident Cevdet Sunaya memorandum (12 mart muhtirası) göndərdilər.

Üç maddədən ibarət sənədin birinci maddəsində yazılırdı: “Parlamento ve Hükûmet süregelen tutum, görüş ve icraatı ile yurdumuzu anarşi, kardeş kavgası, sosyal ve ekonomik huzursuzluklar içine sokmuş, Atatürk'ün bize hedef verdiği çağdaş uygarlık seviyesine ulaşmak ümidini kamuoyunda yitirmiş ve Anayasa'nın öngördüğü reformları tahakkuk ettirememiş olup Türkiye Cumhuriyeti'nin geleceği ağır bir tehlike içine düşürülmüştür”.

İkinci maddədə vəziyyətdən çıxış yolu kimi bitərəf texnokrat hökumətin yaradılması təklif olunurdu. Üçüncü maddədə isə bildirilirdi ki, əgər hərbçilərin tələbi yerinə yetirilməsə, onlar idarəçiliyi bilavasitə əllərinə alacaqlar.

Tələb qəbul olundu, Demirel hökuməti istefa verdi. CHP üzvü Nihat Erim isə hərbçilərin istəyi ilə partiyadan çıxaraq texnokratlardan ibarət 33-cü Cümhuriyyət hökumətini qurdu.

Seçkilərin nəticələrinə əsasən iqtidara gələn və iqtidardan gedən siyasi partiyalardan fərqli olaraq, Erim hökumətinin elektoral qayğıları yox idi. Buna görə də xaşxaş məsələsində daha sərbəst davrana bilərdi. İqtidara gəlməsindən üç ay sonra, iyunun 30-da xaşxaş əkini qadağan edildi. Bunun müqabilində ABŞ 10 il ərzində hər il 3,5 milyon dollar yardım edəcəkdi.

***

1973-cü il payızında Türkiyədə parlament seçkiləri keçirilirdi. Kəndlilərin rəğbətini qazanmağa çalışan bütün partiyalar iqtidar olduqları halda xaşxaş əkininə yenidən icazə verəcəklərini vəd edirdilər. Oktyabrın 14-də keçirilən seçkilərdə Bülent Ecevitin rəhbərlik etdiyi CHP səslərin 1/3-ni toplayaraq birinci yer tutdu və dördüncü yeri tutan Milli Selamet Partiyası ilə koalisiyada 37-ci Türkiyə hökumətini qurdu.

1974-cü il iyulun 1-də hökumət Afyon (adının mənası tiryək deməkdir), Burdur, Dənizli, Isparta, Kütahya, Uşak ve Konya olmaqla 7 vilayətdə sərt nəzarət altında xaşxaş əkininə icazə verdi. Buna cavab olaraq, iki həftə sonra ABŞ Konqresi əsasən hərbi sahəni əhatə edən embarqo haqqında qərar qəbul etdi.

Ecevit hökuməti basqını və qınaqları azaltmaq bir sıra addımlar atdı. Xaşxaşın kəndli tərəfindən çərtilməsi qadağan idi. Məhsul çərtilməmiş şəkildə fabriklərə təhvil verilməli idi. Yalnız fabriklərdə əldə olunan narkotik maddələr leqal tibb ehtiyacları üçün sərf ediləcəkdi. Bu məqsədlə, Afyon Bolvadində alkoloid fabrikinin əsası qoyuldu.

ABŞ Konqresi 1975-ci ildə üç dəfə sənəd qəbul edərək Türkiyədə xaşxaş əkininə qadağanın bərpa edilməsini istədi. Bu istəyin yerinə yetirilməməsinə baxmayaraq, həm Ankaranın xaşxaş yetişdirilməsinə nəzarət yönündə atdığı addımlar, həm də başqa hadisələr iki ölkə arasındakı xaşxaş böhranını yavaş-yavaş səngitdi.

Türkiyəni əsas heroin mənbəyi kimi təqdim edən Riçard Nikson Uotorgeyt qalmaqalı üzündən 1974-cü ilin avqustunda istefa verdi. Həmin il Türkiyənin Kiprin şimalını tutmasına ABŞ-nin reaksiyasından narazı qalan Yunanıstan NATO-nun hərbi təşkilatında iştirakını dayandırdı. Belə vəziyyətdə Türkiyəni də narazı salmaq alyansı ciddi surətdə zəiflədərdi. Nəticədə, xaşxaş böhranı sona çatdı.

Amma bu böhran bir nəfərin taleyinə ciddi surətdə təsir etdi. Həmin adam Billi Heys adlı amerikalı gənc idi.

***

Billi Heys 1947-ci ildə Nyu Yorkda doğulmuşdu. 1960-cı illər ABŞ gənclərinin çoxu kimi narkotikə həvəsi vardı, amma onun daha yüngül növü olan həşişlə meyl edirdi. Billi 1970-ci ildə turist kimi Türkiyəyə gəlir və burada ABŞ-dən qat-qat ucuz olan həşiş alaraq özü ilə aparmaq istəyir. Amma oktyabrın 7-də hava limanında yoxlamadan keçərkən 1,8 kq həşişlə yaxalanır.

Məhkəmə qarşısına çıxarılan Heys narkotik maddələr əldə etmək və saxlamaq ittihamı ilə 4 il 2 ay müddətinə həbs cəzasına məhkum edilir. Əlbəttə, həsəd aparılacaq aqibət deyil, amma o zamanın Türkiyə həbsxanalarında vəziyyət nə qədər pis olsa da dözmək olardı. Əgər qarşıda daha ağır aqibət gözləməsəydi.

Həbs müddətinin bitməsinə bir neçə həftə qalarkən vəkili Heysə xəbər verir ki, daha yuxarı instansiya məhkəməsi onun əməlini qaçaqmalçılıq kimi tövsif edərək ömürlük həbs cəzasına məhkum edib. Bu, 1974-cü ilin payızına təsadüf edir. Həmin vaxt Ecevit hökuməti xaşxaş əkininə icazə vermiş, ABŞ də embarqo tətbiq etmişdi. Buna görə də ehtimal olunur ki, Billi Heys sadəcə iki ölkə arasındakı böhranın qurbanı idi.

Vaşinqton ABŞ vətəndaşını qurtarmaq üçün bir sıra cəhdlər etdi. Amma 7 il ABŞ-də səfir işlədikdən sonra xarici işlər naziri təyin olunan Melih Esenbel bu cəhdlərə mənfi cavab verdi.

1975-ci ilin mayında Konstitusiya məhkəməsi narkotiklərlə bağlı cinayətlərə görə verilən cəzalarda cüzi yumşalmalar edir. Heysin də cəzası 30 ilə endirilir və o, İmralı adasındakı həbsxanaya göndərilir. Oktyabrın 2-də Heys qayıqla buradan qaça bilir və Yunanıstana keçməyi bacarır. Yunanlar da onu iki həftə sorğu-suala tutduqdan sonra amerikalılara təhvil verirlər.



Ölkəsinə qayıdan Heys başına gələnlər haqqında “Gecəyarı ekspresi” adlı kitab yazır və həmin kitab əsasında 1978-ci ildə eyni adlı film çəkilir. Heysin rolunu Bred Devis oynayır. Filmi daha həyəcanlı etmək üçün rejissor Alan Parker və ssenarist Oliver Stoun Türkiyə həbsxanalarını kitabda olduğundan daha dəhşətli təsvir edirlər. Onların uydurduqları səhnələr arasında Heysin onu zorlamaq istəyən Həmid adlı nəzarətçini öldürməsi var. Halbuki özünün qəddarlığı ilə seçilən həmin nəzarətçini hələ 1973-cü ildə başqa bir keçmiş dustaq azadlığa çıxandan sonra öldürüb. Həmid onu döyərkən ailəsini də söyürmüş.

Billi Heys verdiyi müsahibələrdə filmdə çox şişirtmələrə yol verildiyini dəfələrlə söyləyir və bütün türklərin mənfi təsvir olunmasından təəssüfünü ifadə edir. 2007-ci ildə Türkiyəyə gələn Billi Heys “kitaba görə deyil, kitab əsasında çəkilən filmə görə” türk xalqından üzr istəyir.


Billi Heys Nyu Yorkda Türkiyə Cümhusiyyətinin yaranmasının ildönümünü qeyd edir (29 oktyabr 2014-cü il).

“National Geographic” kanalı “Xaricdə yaşanan müsibətlər” sənədli serialı çərçivəsində 2010-cu ildə “Gerçək gecəyarı ekspresi” adlı film çəkdi. Burada Billi Heys Türkiyə həbsxanalarında yaşadıqlarını daha gerçək şəkildə danışır.


Anadil.az




Oxunub: 412
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR