Kinomuzun "Qırçı Məhəmməd"i... – Fazil Salayev haqqında MARAQLI FAKTLAR

Anadil.az "Unudulmuş unudulmazlar" silsiləsindən Azərbaycan kinosunun "Qırçı Məhəmməd"i, epizodik rolların mahir ifaçısı Fazil Salayevi xatırlayır.

***
Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandır. Evin yeganə uşağı olub.

***
Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil rəssam olmaq arzusunda imiş. Odur ki, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır.

Rəsssamlıq məktəbinin sonuncu kursunda aktyorun atası İdris Salayev oğlunu həmyerlisinin qızı Fəridə xanımla nişanlayır. Nişan gününədək gələcək xanımının üzünü görməyən Fazil evlənənədək isə onunla cəmi bir dəfə onunla qarşılaşır. Valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələrkən Fəridəni ilk dəfə orda görən Fazil Salayev gələcək qaynatasının xasiyyəti tünd olduğundan onunla danışa bilməyib.

***
Rəssamlıq təhsili aldıqdan sonra "Azərnəşr"də tərtibatçı-rəssam kimi işləməyə başlayır, lakin bu sənətin ona görə olmadığını anlayıb aktyorluq həvəsinə düşür. Baxmayaraq ki, atası bunu qətiyyən istəmirmiş.

Bununla belə, Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə qəbul olunur. Məşhur italyan aktyoru Totoya oxşamaq istəyirmiş. Elə dostlarının bir çoxu da onu Totoya bənzədirmişlər.

Aktyorluqla bərabər Fazil Salayev bir müddət rəsm müəllimi kimi də fəaliyyət göstərib. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə də rəsm dərsi keçib.

***
Həyat yoldaşı Fəridə xanım da aktyor olmasını istəmirmiş: Teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı aləmi idi. Hədsiz istedadlıydı. O açıq-saçıq, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc...Nə təhər deyərlər çox fərqimiz vardı".

***
Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynayıb. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edib. Cəmi bir il sonra isə aktyor "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər", "Bir cənub şəhərində", "Dərviş Parisi partladır" kimi filmlərdə yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.

***
Mərhum xalq artisti Yaşar Nuri: "Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, "filan roldakı aktyor" kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı "filan aktyor" idi. "Muskomediya"da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun "ölməyinə" iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onu "Şərikli çörək" filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı".

Kinomuzun "Qırçı Məhəmməd"i... – Fazil Salayev haqqında MARAQLI FAKTLAR


***
F.Salayev "Azddrama"dan niyə küsmüşdü?

Teatrşünas İsrafil İsrafilovun dediyinə görə, bunda içki faktoru əsas rol oynayıb: "Tamaşalara, məşqlərə sərxoş gəlirdi. Teatrın rəhbəri Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onu komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu "Azdrama"dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi "Muskomediya", necə deyərlər, onu göydə tutdu..."

***
Fazil “Molla Cəbi” tamaşasında Əliağa Ağayevlə tərəf müqabil olub. Əliağa Ağayev deyirmiş ki, "Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Onun ifasına valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı”.

***
Bir dəfə Fazil evə sərxoş gəlir. Xanımı görür ki, Fazil özü gedib yata bilməyəcək. Onu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, “papa letit, papa letit”. Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş.

***
Xalq artisti Rafiq Əzimovun dediklərindən: "O dövrdə çox komik aktyor var idi, lakin Fazil kimisi yox idi. Fazil təkcə səhnədə yox, həyatda da çox şən, deyib-gülməyi sevən biri idi. Əhvalımızı açmaq, bizi güldürmək üçün həmişə məzəli söhbətləri hazır olardı. Şən, zarafatcıl olması gendən gələn bir şey idi. Babası Bakıda “Lotu Cəfər” adı ilə tanınırdı. O da camaat arasında çox məzəli, şən insan kimi yadda qalmışdı. Fazilin dayısı da kinostudiyada çalışırdı, dublyaj şöbəsinin müdiri idi".

***
Aktyor Məmməd Əlili Fazil Salayev ilə «Vah» filmində bir yerdə çəkilirmiş. Çəkilişlərin birində fasilə vaxtı oturub söbət edirlər, söhbət zamanı Məmməd Əlili 1911-ci ildə Cəfər Cabbarlı ilə tanışlığından danışır. Deyir ki, "mən İrandan gəlmiş ilan oynadan Dərviş Rzanın yanında şagirdlik edirdim. O ilan oynadar, müxtəlif gözbağlayıcılar (fokuslar) göstərərdi, həm də məzəli sözlərlə, lətifələrlə camaatı güldürərdi. Mən də bəzi məqamlarda ona lazım olan ləvazimatları təqdim edər, mərəkənin axırında da əlimdə papaq camaatdan əzbərlədiyim məzəli şeiri deyərək pul yığırdım. Məni ona anamın qohumu Lotu Cabbar tapşırmışdı".

Fazil isə deyir ki, Lotu Cabbar onun ana tərəfdən yaxın qohumudur. Hər ikisi hansı tərəfdən qohum olduqlarını ayırd edirlər, bir-birinin qohumlarını tanıyırlar.

***
Jurnalist Seymur Elsevər: "Deyilənə görə cavanlığında çaydan savayı dilinə bir şey vurmayan Fazil yavaş-yavaş içkiylə yoldaşlığa başlamışdı. Sənətinə, talantına qiymətə, xoş sözlərə möhtac aktyor fikir-xəyaldan bir anlığa da olsa ayrılmaq üçün elə hey içirdi. Bir yandan da atasının ölümü, dünyaca sevdiyi anasının xəstələnməsi və nəhayət qəfil onu yaxalayan "zob" dərdi..."

***
Dostları onu uşaq kimi saf, təmiz biri olaraq xatırlayır. Ən yaxın dostları Yaşar Nuri ilə Səməndər Rzayev imiş.



***
Fazil Salayev 1978-ci il iyun ayının 20-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 47 yaşlı aktyorun həmin vaxt üç qızı vardı və onlardan heç biri hələlik ailə qurmamışdı.


Elçin ŞAHMURAD,

Anadil.az
Oxunub: 744
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR