Qırğız kinosu - Aygün Aslanlının YAZISI

Anadil Bişkek Beynəlxalq Kinofestivalı barədə azərbaycanlı kinoşünas Aygün Aslanlının məqaləsini təqdim edir:

XXX

Bişkek Beynəlxalq Kinofestivalı Qırğızıstanın Mədəniyyət, İdman və Gənclər siyasəti Nazirliyi və Bişkek şəhər meriyasının dəstəyilə keçirilir. Əsas dəstəkçilərdən əlavə xeyli sayda özəl tərəfdaşları da olan festival, kinematoqrafçıların birləşməsi, yeni müştərək kinolayihələrin yaradılması, dünya kino ictimaiyyətinin diqqətinin Bişkekə yönəldilməsi üçün effektiv istehsalat meydançasına çevrilmək məqsədi güdür.

Birinci buraxılışı 2023-cü ilin noyabrında keçirilən festival, Qırğızıstanın simvollarından biri hesab olunan məşhur yazıçı Çingiz Aytmatovun 95 illik yubileyinə, bu il 11-15 iyun tarixlərində baş tutan ikinci festival isə Qara-Qırğız muxtar vilayətinin yaradılmasının 100 illiyinə ithaf edilib.

Beş gün davam edən və təxminən, iyirmi ölkədən iki yüzə yaxın kinematoqrafçının iştirak etdiyi festivalın proqramı kifayət qədər zəngin idi. “Beynəlxalq” və “Mərkəzi Asiya” müsabiqəsi ilə paralel festival çərçivəsində milli filmlərin retrospektiv proqramı, ustad dərsləri, kinonun müxtəlif sahələrinə aid mütəxəssislərin apardığı seminarlar və müzakirə panelləri, pitçinq bölməsi təqdim olunmuşdu. Həmçinin, festival günlərində qonaq ölkə qismində İran filmləri həftəsi də keçirildi.

Bu, necə deyərlər, məqalənin rəsmi hissəsi idi. İndi də əsas məsələ – festivalların əsas obyekti və bəzəyi olan filmlər haqqında.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü və dəstəyi ilə iştirak etdiyim II Bişkek Beynəlxalq Kinofestivalında baxdığım ilk film qazax rejissoru Asxat Kuçençerekovun “Övladlıq” (“Baurına salo”) tammetrajlı bədii debütü oldu.

Film Mərkəzi Asiya bölgəsinin köçəri əhalisi arasında qədim dövrlərdən bu günə qədər qorunan bir ənənədən bəhs edir: birdən çox uşağı olan ailələr yeni doğulan övladlarını könüllü şəkildə uşaqsız qohumlarına verə bilirlər. (Yeri gəlmişkən, Azərbaycanda da belə hallara rast gəlmək mümkündür).

Qırğız kinosu - Aygün Aslanlının YAZISI

“Övladlıq”

Filmin qəhrəmanı yeniyetmə Yersultan, nənəsi ilə yaşayır, məktəbdən boş qalan vaxtlarında duz gölündə işləyərək valideynlərinin yanına getmək üçün pul yığır. Ancaq bir gün Yersultan təsadüf nəticəsində həqiqəti – ata-anasının ardınca çox uzaqlara getməyə, ya da pula ehtiyacı olmadığını öyrənir.
Rejissor Asxat Kuçençerekov da eyni taleyi yaşayıb. Sözügedən mövzuya da məhz buna görə müraciət edib. Müəllif, balaca qəhrəmanı vasitəsilə övladlıq olduğunu öyrənəndə özünün keçirdiyi hissləri çatdırmağa çalışır. Odur ki, filmboyu övladını asanlıqla başqalarına verən ata və ananın emosional vəziyyəti tamaşaçıya naməlum qalır. Onlar üçün Yersultan qonşu uşaqlarından biri, oğullarının dostu, lazım gələndə kömək etdikləri həmkəndliləridir. Mərkəzdə sadəcə Yersultan, onun duyğuları, sarsıntıları var.

Film kənd həyatının durğun ritmi, bu qədim ənənə ucbatından normallaşmış laqeydliklə səsləşən temporitmdə həll olunub (operator Janarbek Eleubek). Qəhrəmanın nənəsi ilə hüzurlu həyat keçirdiyi epizodlar isti, öz ailəsinin yanında yaşadığı epizodlar isə soyuq tonlarla göstərilib. Balaca aktyor Yersultan Yermanov rolunun öhdəsindən məharətlə gəlir.

II Bişkek Beynəlxalq Kinofestivalının “Mərkəzi Asiya” müsabiqəsində təqdim olunan “Baurina salu” filmi “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktyor” nominasiyalarında qalib seçilib. Bundan əvvəl film, “Asiya oskarı” adlandırılan “Asia Pacific Screen Awards”da “Ən yaxşı gənclik filmi” nominasiyasında qalib gəlib, həmçinin “Ən yaxşı debüt” kateqoriyasında Qazaxıstan Kinotənqidçilər Assosiasiyasının təsis etdiyi müstəqil “Tənqidçilərin seçimi” mükafatına layiq görülüb.

Xatırladaq ki, Asxat Kuçençerekov kinoda fəaliyyətinə Sergey Dvortsevoyun “Zanbaq” (baş rol) və “Ayka” filmlərində aktyor kimi başlayıb.

Digər bir qazax rejissoru Yerlan Nurmuhambetovun yapon rejissoru Sano Sindzyu ilə birlikdə çəkdiyi “Balaca samuray” da real hadisələrə əsaslanır.

1941-ci ildə Masao Miura adlı 13 yaşlı oğlan Saxalin adasında qalmış ailəsinə qovuşmaq üçün yapon-sovet sərhədini keçmək istəyəndə, SSRİ sərhədçiləri tərəfindən yaxalanır. Məhkəmə onu casusluqda ittiham edərək iki illik məhkum edir. Həbs müddəti bitəndən sonra isə o, məhkəmə qərarı ilə Cənubi Qazaxıstana icbari əməklə məşğul olmağa göndərilir.


“Balaca samuray”

“Balaca samuray” filmi Miuranın (Sano Fuminobu) Qazaxıstanın ucqar bir kəndində keçən həyatını təsvir edir. Amma bu xətt filmin üzdə olan qatıdır. Əslində, “Balaca samuray” özünüdərk, keçən vaxt, həyatın, onunla paralel hisslərimizin də dəyişdiyini göstərməyə çalışan pritçadır. Bu baxımdan, film dramaturji peripetiyası ilə diqqət çəkir. Başlanğıcda Miuranın, hələ davam edən repressiyaların fonunda onu sevən, qayğısına qalan insanların taleyi üçün get-gedə artan narahatlıq, gərginlik su kimi axaraq (həm məcazi, həm də hərfi mənada – qəhrəmanlar çaydan qayıqla yola çıxaraq okeana çatmağa çalışırlar) sınaqlarla dolu meditativ yol hekayəsinə çevrilir.

Qırğızıstan Kinematoqrafçılar İttifaqının mükafatı ilə təltif olunan “Balaca samuray” filmində digər əsas rolları məşhur qazax rejissorları Aktan Arım Kubat, Darejan Omirbayev, 2018-ci ildə Kann kinofestivalında “Ən yaxşı qadın roluna görə” mükafat almış Samal Yeslyamova canlandırır.

Festivalın “Mərkəzi Asiya” proqramına art-haus filmlərlə yanaşı kommersiya filmləri də daxil edilmişdi. Kinoşünas Gülbara Tolomuşova bunun qırğız kommersiya filmlərini də tanıtmaq məqsədi daşıdığını dedi. Belə filmlərdən biri festivalın tərəfdaşlarından “Etno Media” şirkətinin xüsusi mükafatına layiq görülən “Boşetunmay” idi.

Rejissor Amantur Ormukovun “Boşetunmay” filmi narkotikə qurşanan və satışı ilə məşğul olan dörd insanın hekayəsini danışır. Bir məqamda onların hekayələri kəsişir. Ümumi ssenaridə gözlənilməz heç nə olmasa da, ritmik montaj, dinamik vizual həll sayəsində film tamaşaçını ekran qarşısında saxlaya, ona emosional təsir edə bilir.

Yeri gəlmişkən, filmin adı Viktor Tsoyun eyniadlı mahnısından götürülüb. “Boşetunmay”, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində SSRİ-də narkomanlar arasında marixuananın gizli adı olub və “Satılma!” deməkdir.

II Bişkek kinofestivalının böyük maraqla gözlənilən filmlərindən biri də Nepal rejissoru Min Bahadur Bhamın “Şambala” filmi idi. Dünya premyerası bu il Berlin kinofestivalında baş tutan film Bişkekdə beynəlxalq müsabiqədə iştirak edirdi və “Ən yaxşı operator işi” kateqoriyasında (qazax operatoru Əziz Jambakiyev) mükafat qazandı.

Himalay dağlarında yerləşən və hələ də poliandrik (çoxərlilik) ailə sistemini saxlayan kənddə Pema adlı gənc qız üç qardaşa ərə gedir. Böyük qardaş Taşi – Pemanın əsl əri – təsərrüfatla məşğul olur, ortancıl qardaş Karma buddist rahibdir və toydan sonra monastıra qayıdır. Ailənin kiçiyi Dava isə hələ məktəbdə oxuyur. Bir dəfə Taşi, məhsulunu satmaq üçün həmkəndliləri ilə birlikdə uzun müddətə şəhərə gedir. Əri gedəndən sonra Pema hamilə olduğunu öyrənir. Kənddə uşağın Taşidən olmadığı barədə dedi-qodular gəzməyə başlayır. Bu dedi-qodular uzaq diyarlardakı Taşinin də qulağına çatır və o geri qayıtmır. Pema Taşini tapmaq, ona günahsız olduğunu demək üçün ortancıl qardaş Karmadan kömək istəyir və onunla birlikdə yola çıxır.

Şambala buddizmdə mükəmməl, təmiz ruhların köçdüyü ali şəhərin adıdır. Filmin adından başa düşüldüyü kimi, Pemanın səfəri mənəvi kamilliyə aparan yola çevrilir. Yolun əvvəlində Karmadan (“karma”, tale, alınyazısı deməkdir) bir addım da ayrılmayan Pema yavaş-yavaş öz gücü və inadkarlığı sayəsində Karmanı dəyişir, bir müddətdən sonra isə ona ehtiyacı qalmır.

Pemanı canlandıran aktrisa Tinli Lhamo soyuqqanlı ifası ilə bir qadının, eyni zamanda, həm cəmiyyətin qınağı, sevdiyi insanın qərəzləri qarşısında çarəsizliyini, həm də gücünü məharətlə ötürə bilir.

Filmin vizual həlli uzun, statik və hərəkətli, dinamik kadrların növbələşməsi üzərində qurulub. Beləcə, müəlliflər Himalayın geniş, səssiz təbiəti fonunda bir qadının çırpınışlarını təsvir vasitəsilə çatdırmağı bacarırlar.

Berlin kinofestivalında iştirak edən tənqidçilər “Şambala” filminə, əsasən, müsbət rəylər veriblər. Ancaq düzü, bu film məni gözlədiyim qədər həyəcanlandırmadı. Bəlkə, çoxərlilik ənənəsi, bir qadının günahsızlığına oxu hədəfə vurub-vurmadığı ilə qərar verilməsi qərblilərdə ekzotik maraq doğura, hətta onları valeh edə bilər. Amma mənim kimi tez-tez bu tip hadisələrlə bağlı xəbərlər oxuyan ölkələrin insanları üçün real həyatda günahkar qalıb Şambalada bəraət almaq nəinki təsəlli deyil, əksinə, məyusluq yaradır, heç Himalay dağlarının əsrarəngiz mənzərələri də həyəcan vermir.


/Qaynaq: Kinoyazar/


Anadil.az






Oxunub: 196
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR