Uzaqlar maraq yeridi... - Rəfail İncəyurddan ÜÇ ŞEİR

Anadil: Bu gün tanınmış şair Rəfail İncəyurdun 70 yaşı tamam olur.

Rəfail müəllimi yubileyi münasibətilə təbrik edir və bir neçə şeirini oxucularla bölüşürük:

XXX

Ömür

Uzaqlar maraq yeridi,
Bilmirsən nədi, nəyi var.
Koması saray qoxulu
Köylünün də köy öyü var.

Gedirsə rifah davası,
Yalandı tamah tovası.
Hər qazanın öz havası,
Hər havanın öz iyi var.

Bu yarışdan hamı umur,
Bu yarışda heç kim udmur.
Bir gün ömrün: “Bu da son tur,
yarış bitti” – deməyi var!..


Sabah duası


Ayələrin ən gözəli budu ki,
nə yaşasan sağlam yaşa, ağrıma.
Bundan gözəl nə arzu var dünyada,
bundan gözəl nə gəlsin ki, ağlıma?!

Sıralanıb ömür olan günlərin
dan yerinə həyat eşqi saçılsın.
Ehtiramla anılasan hər axşam,
sabahların xeyirliyə açılsın.

Deyirəm ki, doğmaların hər zaman
ünvanında örnək yeri olaydın...
Unut getsin unutmalı nə varsa,
Salam, canım!
Salam, gözüm!
Günaydın!


Yoxluq


Kəndin ortasına düşüb gedirəm,
Yolların gördüyüm adamı yoxdu.
Bağı yerindədi, dağı yerində,
Hayıf ki, o dadı, o tamı yoxdu...

Gedirəm, heç almır yolu gözlərim,
Çəkir sağ tərəfə solu gözlərim.
Həsrətlə, hicranla dolu gözlərim
Axtarır anamı, atamı... yoxdu!..

Hər yan göz oxşayır, hər şey maraqlı,
Həyət cazibədar, ev - təmtəraqlı.
Di gəl ki, dədəmin qara çıraqlı,
Qoyunlu-quzulu o damı yoxdu.

Hər addım başında fikir çənlənir,
Təpər üz döndərir, qəhər cəmlənir.
Dilimdən asılan səssiz cümlədir -
Çağırdım cavanlıq nidamı... yoxdu!..

Könül harayının səsi beyində,
Gör nələr çırpınır hələ küyündə...
Görmədim yaddaşın dərinliyində -
Hanı gəzdiyin mən? Odamı yoxdu?!


Anadil.az



Oxunub: 351
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR