Görüm heç üstündə su tapılmasın millətin gözünü yaş qoyanların... - Bəxtiyar Hidayətin YENİ ŞEİRLƏRİ

Anadil Azərbaycanın tanınmış şairi Bəxtiyar Hidayətin 50 yaşının tamam olması münasibəti ilə onun yeni şeirlərini təqdim edir:

XXX


Çox yemək insanı azdan da edər,
Çox su versən güllər solar daha da.
Elə ki, bolluğun içinə düşər,
Görməmiş görməmiş olar daha da.

Dolanır dünyada hərə bir namda
Bir kökdən sözlərdi cami də, cam da.
Təfəkkür qalmasın eyni məqamda,
İy verər qalarsa sular daha da.

Nə var dolanmağa çuğul olmasa,
Bənna xətti tutmaz şuğul olmasa.
Gücün nə xeyri var, ağıl olmasa,
Adamı zibilə salar daha da.

Yaralı Bəxtiyar, yaş oldu əlli,
Həyat həm həyatdı, həm də təsəlli.
Nə əzəli bəlli, nə sonu bəlli -
Düşünən məəttəl qalar daha da.

***

Gərək yurd seçəndə yaxşı seçəsən,
Desinlər halaldı, yaxşı yeri var.
Yamanın yanında yerin olmasın,
Yaxşının yanına yaxşı yeri, var.

Tərlan tora düşdü, qarğa şad oldu,
Qəlbə qorxu doldu, qarğaşa doldu.
Könlümüz qarğaşa-qarğaşa doldu,
İndi ağlamağın yaxşı yeri var.

Zaman elə gedir yarım ay - aydı,
Mənə qış olanda yarıma yaydı.
Bəxtiyar, heç görüm yarımayaydı
Kimin yamanlıqda yaxşı yeri var.

***

Çox uzun danışma, divanə könlüm,
Çox qısa yolları uzun bilərsən.
Həyat nə deməkdi, nə deməməkdi,
Qurda tapşırılsa quzun, bilərsən...

Onda ki, fərqini fərq eləyərlər,
Yurdunu, yuvanı dorq eləyərlər.
Bir müddət yerini morq eləyərlər,
Bundan sonrasını özün bilərsən...

Aclıq əridərsə ürək yağını
Fələk çarpaz çəkər sinə dağını.
Həyat məktəbinin parta ağını
Kəfənin bilərsən, bezin bilərsən.

Yaralı Bəxtiyar, düz yoldu yolum,
Sözün sultanıyam, nəfsimdi qulum.
Mənim gülməyimə allanma, gülüm,
Bilsən həyatımı hüzün bilərsən.

***

Çıxsa irahına bir mərdiməzar,
Olar dərdin sayı saydan yuxarı.
Adam qılığına girsə də hərdən
Çəkməz mehribanlıq aydan yuxarı.

Olsa da namərdin evində bolluq,
Çörəyi zəhərdir, balı da yallıq.
Çay aşağı axıdasan biryolluq,
Gəzəndə gəzəsən çaydan yuxarı.

Bir alçaq bir şərdə yüz xeyir görər,
Beş yerdə kükrəyər, yüz yerdə hürər.
Kasıblardan alar, varlıya verər,
Ötürər aldığı paydan yuxarı.

Nadana nə qədər desən - çatar az,
Çatan da beyninə hələ batar az.
Şəxsiyyət zay olar, vücud nataraz
Bir boğaz olarsa boydan yuxarı.

Bəxtiyar, əsəbin gərgin olmaya,
Boşuna məsrəfin, xərcin olmaya,
Babat dolanasan, borcun olmaya,
Vallah, yaşayarsan bəydən yuxarı.

***

Sözün zirvəsində yerim olsa da,
Həyatın dibinə enmişəm tamam.
Görüm əllərimə fürsət düşməsin,
Bir qəddar adama dönmüşəm tamam.

Getdi boş hörmətlər, yersiz sayğılar,
Qisas hissi oldu həssas duyğular...
O günə qoyubdu maddi qayğılar,
Mənəvi cəhətdən sınmışam tamam.

Əvvəl nə bilirdim naşı bilirdim,
O qədər alçağı kişi bilirdim
Özümü səməndər quşu bilirdim
Bircə qığılcımdan yanmışam tamam...

Çəkdiyim əməklər əmək deyilmiş,
Əzəldən gördüyüm görmək deyilmiş.
Əslində heç bir şey demək deyilmiş, -
Həyat nə deməkdi, qanmışam tamam.

Dünyanın malında gözüm qalmayıb,
Ağız açmağa da üzüm qalmayıb.
Alovum qalmayıb, közüm qalmayıb
Yaralı Bəxtiyar, sönmüşəm tamam...

***

Bu elin, obanın gözündən düşüb
Bu elin, obanın gözü olanlar.
Baxırsan hər yerdə üzə düşübdü
Astarı olmayıb üzü olanlar...

Doğum - 72 düşdü kitaba,
Sabun - 72 girdi hesaba.
Belə məşəqqətə, belə əzaba
Görüm sağ olmasın razı olanlar.

Yük beş-on nəfərin belində qaldı,
Doğruluq yalanın dilində qaldı,
Uşağın-muşağın əlində qaldı
Kəlməsi atalar sözü olanlar.

Nə ümid, nə də ki əlac qalıbdı,
Dar ağacı qalıb, Həllac qalıbdı,
Soyuq adamlara möhtac qalıbdı
Alovu olanlar, közü olanlar

Ürəklər çevrilib daş olmayaydı,
Mərdin bircə dərdi beş olmayaydı,
Yaralı Bəxtiyar, kaş olmayaydı.
Bəzi olmayanlar, bəzi olanlar...

***

Uca görünənin içində, dostum,
Nə qədər leş yeyən kərkəz varıymış.
Nə də bel bağlama qəza-qədərə,
Əlqərəz, onda da qərəz varıymış...

Gör təmiz adını kirlədənləri,
Milləti aldadıb fırladanları,
Halal süd verəni çərlədənləri,
Amma ət verənə çərəz varıymış.

Hər kim öy yıxandı çöllükdə, köydə,
Oğlu çöldə qalsın, qızı da öydə.
Əli boşda qalsın, ayağı göydə
Görsün ki, əvəzə əvəz varıymış

Doğrunun başında yüz cürə iş var,
Oğrular yüz işin başındadırlar.
Sən də yorulmadın, şair Bəxtiyar,
Səndə də manyakca həvəs varıymış.

***

Alverə çevrilib əqidə, məslək,
Hamsı on götürür beş qoyanların.
Görüm heç üstündə su tapılmasın,
Millətin gözünü yaş qoyanların.

Gəliri bol gəlsin, boşuna gəlsin,
Dəyməsin dilinə, dişinə... gəlsin.
Əzrayıl əfəndi tuşuna gəlsin,
Xalqı bəlalara tuş qoyanların

Baxma ki ixtiyar tam əllərində,
Vardır bir xarablıq təməllərində.
Doludur cinayət əməllərində
Millətin cibini boş qoyanların.

Bizə bir şey çatar, tavada qalsa
Salarıq üstündə dava da, qalsa.
Beyni quş beynidi savada qalsa
Bizim qarşımıza quş qoyanların

Çox görmüşük varın yox hissəsini,
Kədərin, bəlanın tığ hissəsini.
Ayağa saldılar çox hissəsini
Bu yurdun uğrunda baş qoyanların...

Doğruluq, düzgünlük bazarda indi.
Hərə əlli cürə azarda indi.
Sümüyü sızlayır məzarda indi
Bəxtiyar, bu yurda daş qoyanların.


Anadil.az




Oxunub: 420
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR