Yasaq dilin rejissoru... - Əsgər Yusif Nicat haqqında MARAQLI FAKTLAR

Anadil 2022-cil sentyabrın 13-də beyin qansızmasından həyata gözlərini yuman Güney Azərbaycanlı məşhur rejissor Əsgər Yusif Nicatın ölüm ildönümü münasibətilə onun haqqında maraqlı faktları təqdim edir:

XXX

Əsgər Yusif Nicat 1969-cu ildə Təbrizdə doğulub. O, İran Radio ve Televiziya Universitetinin məzunu idi. Kinematoqrafiya fəlaiyyətinə 1989-cu ildə başlayıb.

***

Cəmi 53 il yaşayan Yusif Nicat ömrünün sonlarına doğru “Ev” və “Qolçaq” filmləri ilə gündəmə gəlmişdi. Xüsusilə “Qolçaq” filmi Azərbaycan türkcəsində olduğu üçün 40-cı Fəcr kinofestivalına qəbul edilməmiş və onun nümayişi yasaqlanmışdı. Bu film Təbrizdə yalnız Yusifnejadın ölümündən sonra nümayiş etdirilmişdi.

***

Əsgər Yusif Nicatın 2016-cı ildə çəkdiyi “Ev” adlı bədii filmi İranda kino tənqidçilərinin diqqətini çəkmişdi. Təbrizdə Azərbaycan türkcəsində farsca altyazı ilə istehsal edilən film, ənənəvi həyat tərzi keçirən bir ailədən bəhs olunurdu. Filmin qəhrəmanları ölən atalarını dəfn etmək istəyirlər, lakin öyrənirlər ki, ataları öz cəsədini tibbi araşdırmalar üçün tədqiqat institutuna bağışlamağı vəsiyyət edib.

***

“Ev” filmi “NETPAC” (Asiya Kino İnkişafı üçün Şəbəkə) mükafatı ilə birlikdə, İranın 35-ci Fəcr Film Festivalında ən yaxşı ssenari və ən yaxşı film üçün “Simorgh Zarrin” və “Simin” mükafatlarını qazanmışdı. Filmin uğuru müstəqil Güney Azərbaycan kinosunda yeni səhifə kimi qiymətləndirilir.

***

“Qolçaq” filminin Azərbaycan türkcəsində olduğu üçün İranda keçirilən 40-cı Fəcr Beynəlxalq Film Festivalına qəbul edilmədiyini yazmışdıq. İranın məşhur kinorejissorlarından olan Bəhruz Əfxəmi bu ekran əsəri haqqında demişdi ki, “Qolçaq” heyranedici bir film olsa da, türkcə olduğu üçün Fəcr kinofestivalına buraxılmayacaq: ""Qolçaq" heyrətamiz bir filmdir. Əsgər yusif Nicat daha əvvəl də "Ev" adlı film çəkmişdi. Mən o filmi də çox bəyənmişdim. "Ev" filmi festivala qatılsa da jüri heyəti onu qəribə bir şəkildə görməzdən gəlmişdi. Bəlkə də türkcə bilmədikləri və altyazıları da yaxşı oxumadıqları üçün idi. Bu dəfə daha pis vəziyyət yarandı. "Qolçaq" türkcə dialoqlarla dolu bir filmdir... Mən filmi izlədikdən sonbra rejissora telefon edib dedim ki, ‘təbrik edirəm, yorulmayasan! Çox gözəl bir film çəkibsən, amma ehtimal ki, özün də bilirsən bu şəraitdə festivala alınmaz. Bəzi həssaslıqlar var ki, bu filmi festivalda göstərməzlər. Yusif Nicat özü də tamamən bunun fərqində idi”.

Güney Azərbaycanda isə "Qolçaq"ın Fəcr kinofestivalına buraxılmaması İran rejiminin Azərbaycan türkcəsinə neqativ münasibətinin növbəti təzahürü kimi dəyərləndirilmişdi.

Yasaq dilin rejissoru... - Əsgər Yusif Nicat haqqında MARAQLI FAKTLAR

"Qolçaq" filmi

***

O da maraqlıdır ki, "Qolçaq"ın çəkilişləri zamanı Əsgər Yusif Nicatdan soruşmuşdular: “Sizcə, uğurlu film hansıdır?”

Rejissor sanki ürəyinə nəsə damıbmış kimi həmin suala belə cavab vermişdi: “Xoşbəxt film baxılan filmdir”.

***

Daha bir maraqlı fakt: İranda hər il keçirilən Fəcr kinofestivalına buraxılmayan və yalnız 2024-cü ilin martında nümayişinə icazə verilən "Qolçaq" 2023-cü ildə 42-ci İstanbul Film Festivalında göstərilmiş, üstəlik, filminin yaradıcı heyəti təltif olunmuşdu.

Mərasimdə mərhum Yusif Nicatın həyat yoldaşı, “Qolçaq” kinolayihəsinin sərmayəçisi Səfiyə Aslani da iştirak etmişdi.


42-ci İstanbul Film Festivalında "Qolçaq" filminin yaradıcı heyəti təltif edilərkən

***

Onu da deyək ki, 2020-ci ildə 38-ci Fəcr kinofestivalının 7-ci günündə keçirilən mətbuat konfransında da "türkdilli film" polemikası yaşanmışdı. Mətbuat konfransında kino jurnalisti Əmir Fərzullahi "Atabay" adlı filmin türk dilində çəkilməsinə etirazını bildirmişdi: “İranın rəsmi dili farscadır. Bu necə bir film istehsalıdır ki, iranlı izləyici bir İran filmini İranda farsca alt yazı ilə izləməli olur?”

"Atabay"ın rejissoru Niki Kərimi isə İranda danışılan müxtəlif dillərdə kifayət qədər film çəklimədiyini önə çəkmişdi: “Əslində mən bunu qəbul etmirəm ki, filmlərin dili mütləq farsca olmalıdır. Hətta mənim fikrimə görə, biz İranda mövcud olan müxtəlif dillərdə çox az çalışmışıq. Kim deyib ki, biz hökmən fars dilində film çəkməliyik?”

Atabay filminin ssenaristi və baş rol ifaçısı Hadi Hicazifər isə jurnalistin düşüncəsini “faşist düşüncə” olaraq dəyərləndirmişdi: "Mən səninlə bir türk olaraq danışıram. Filmin yazarı olaraq danışıram. Sənin düşüncən faşist düşüncədir..."

Onun sözünü kəsməyə çalışan və ucadan danışmağa davam edən Fərzullahiyə Hadi Hicazifərin reaksiyası sərt olmuşdu: "Sənin və başqa heç kimsənin türk dilini aşağılamağa haqqı yoxdur. İranın konstitusiyasına görə, türk ədəbiyyatı universitetdə türk dilində tədris edilməlidir. Mən sizə təəssüf edirəm, və tərəddüdsüz deyirəm ki, baxışın faşist baxışdır. Bunu yüksək səslə deyirəm. Bu ortaya çıxan separatçılıq düşüncələri də həmin baxışın məhsuludur.”

***

Yusifnejadın ilk peşəkar ekran əsəri “Yağış röyaları yumur” sayılır. Bu film 2003-cü ildə istehsal edilib və farsca ekranlaşdırılıb. Məhəmmədhüseyn Şəhriyarın həyatına işıq tutan filmdə böyük şairin obrazını məşhur aktyor Məhəmməd Naci canlandırılb.

***

Bəziləri artıq Güney Azərbaycan müstəqil kinosunun yarandığını deyirlər. İranda fars dili yeganə rəsmi dildir. İran kinosu da bu təkdilli sistemin bir parçası olaraq yaransa da, son zamanlar Güney Azərbaycanda türkcə ekran əsərlərinin sayı artmaqdadır. Bunda isə Əsğər Yusifnejadın da xüsusi xidmətlərinin olduğu vurğulanır.

***

Yeri gəlmişkən, Güney Azərbaycanda çəkilən türkdilli filmlər İrandan əlavə Türkiyədə də kino tənqidçiləri tərəfindən geniş rəğbət və alqışla qarşılaşırlar. Vaxtilə "Amerikanın Səsi"nə müsahibə verən tanınmış rejissor Rza Siyami bildirmişdi ki, “son illərdə İranda türkcə film istehsalı düşünüldüyündən daha sürətli və daha güclü bir şəkildə irəliləyib”.


Anadil.az



Oxunub: 355
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR