Turş gilas mürəbbəsi - Mikayıl Bozalın HEKAYƏSİ

Anadil.az Mikayıl Bozalın "Turş gilas mürəbbəsi" hekayəsini təqdim edir:

XXX

(Elman Tovuzun xatirəsinə)

Günün şərqarışan vaxtı idi. Maşın Kürdəmir-Bakı yolu ilə irəliləyirdi. Sürətlə işləyən şüşəsilənlər yağışın suyunu silib çatdıra bilmirdi. Həlim yolu güclə seçə bilirdi. Həm də belə havada yerin sabun köpüyü kimi sürüşkən olduğunu da başından keçirirdi. Ehtiyatı əldən verməmək üçün maşının sürətini bir az da azaltdı. Radioda xoşuna gələn həzin müsiqi səslənirdi.

Yalnız yanlarından ötüb keçəndən sonra Həlim, iki nəfərin yolun sol tərəfində, getdiyi yol istiqamətində dayanıb maşına əl etdiklərini güclə gördü. Əl edənlərin əsgər paltarında olduqlarını zənn etdiyindən nəsə düşünüb, maşının əyləcini basdı.

Maşın yüngülcə ləngər vurduqdan sonra dayandı. Həlim ehmalca maşını yavaş-yavaş geri verdi. Adamlara çatanda sol pəncərənin şüşəsini aşağı saldı və bacardığı qədər sola tərəf mətərisləndi. Əsgərlər başlarını az qala pəncərədən içəri salmışdılar.

- Axşamınız xeyir, qardaş, Bakıya getməliyik. Siz Allah, əgər mümkündürsə, bizi də götürərdiniz. Bakıda sizə rahat olan bir yerdə düşərik.

- Hə, niyə olmur ki, onsuz da yolum Bakıyadır. Keçin…

Həlim sözünü bitirməmişdi ki, arxadan güclü əyləc səsi eşidildi və zərbənin təsirindən onun maşını yolun əks istiqamətinə düşdü. Həlim gözünü açmağa macal tapmamış yaxınlaşmaqda olan yük maşını da gəldiyi sürətlə maşına çırpıldı…

O, gözünü açanda xəstəxanada olduğunu dərk etdi. Əlini başında, çiyinlərində, qollarında, sinəsində və qarnında gəzdirdi. Ayaqlarını da yoxlamaq istədi, amma ha əlləşdisə dikələ bilmədi. Elə bu zaman öndə həkim, onun arxasınca isə tibb bacısı otağa daxil oldular. Həlim özünü toplayıb güclə eşidiləcək səslə dedi:

- Həkim, mən hardayam? Nə baş verib?

- Üç gün əvvəl siz avtomobil qəzasına düşmüsünüz. Hal-hazırda intensiv terapiya şöbəsindəsiniz.

Həlim nə qədər fikirləşdisə, hadisəni olduğu kimi sona qədər xatırlaya bilmədi.

- Həkim, orada iki əsgər də var idi… Onlar necədirlər? Onlara bir şey olmayıb ki?

- Xeyir, salamatdırlar. Narahat olmayın.

- Şükür, çox şükür. Bəs mən necəyəm, həkim?

- Siz qurşaqdan aşağı ciddi zədə almısınız.

- Nə vaxta sağalaram, sizcə?

- Bu suala hələ cavab verə bilməyəcəyəm.

- Yəni…

- Rentgen, analizlərin nəticəsi, kardioqramma və sair... Hələ nəzərdən keçirilməli çox şeylər var.

Həkim otaqdan çıxdı və tibb bacısının da çıxmasını xahiş etdi. Hardasa iki və ya üç saat keçdikdən sonra Həlim belində kəskin ağrılar hiss etdi və bu ağrılar dözülməz dərəcədə sürətlə artmağa başladı.

- Həkim! Həkim!

Qışqırığa tibb bacısı qaçaraq özünü yetirdi.

- Həkimi çağırın, tez gəlsin.

- Bir qədər səbirli olun, həkim indi başqa xəstə yanındadır. Boşalan kimi deyərəm, sizə baş çəksin.

- Həkimi çağırın, mən dözə bilmirəm.

- İndi sizə bir iynə vuraram, bu sizə kömək edəcək.

Tibb bacısı qoluna qoşulmuş sistem borusuna şprisə çəkdiyi bulanıq mayeni yavaş-yavaş yeritdikcə Həlim sakitləşir, sanki süstləşirdi. Beləcə, yuxuya getdi.

O bir də üç saatdan sonra ayılacaqdı.

Həkim yenidən otağa gələndə Həlim hələ ayılmamışdı. Həkim onun budlarını, diz oynaqlarını, ayaq barmaqlarını əlləri ilə yoxladıqdan sonra aparatda hərarətinə və ürək döyüntülərinə nəzər saldı. Sonra yüngülcə Həlimin boğazına toxunaraq alçaq səslə dedi:

- Məni eşidirsinizmi?

Cavab almayınca sualını təkrarladı:

- Məni eşidirsinizmi?

Həlim gözlərini güclə açdl.

- Eşidirəm, həkim.

- Zəhmət olmasa, ayaqlarınızı və barmaqlarınızı tərpətməyə cəhd edin.

Həlim bir xeyli cəhd etsə də ona elə gəldi ki, nə ayaqları, nə də ayaq barmaqları sözünə baxır. Bu hal onu təlaşlandırdı, hətta bir az vahimələndi də.

- Həkim, deyəsən tərpənmir axı?

- Bir də cəhd edin.

Həlimin üstündəki örtüyü qaldıran həkim əlindəki alətlə onun ayaq barmaqlarına vurmağa başladı.

- Bir şey hiss edirsiniz? Ola bilsin, ağrı, yaxud istilik?

- Yox, həkim, hiss etmirəm.

- Hə, hiss etmirsiniz. Başa düşdüm.

- Nəyi başa düşdünüz, həkim.

- Hiss etmədiyinizi.

- Həkim, bu hal nə qədər davam edə bilər?

- Bilirsinizmi, təəssüf ki, hərdən tibbin cavab verə bilmədiyi suallar da olur...

- Yəni demək istəyirsiniz ki...

- Xeyr, mən heç nə demək istəmirəm, tibbin gəldiyi qənaətləri sizə izah edirəm. Hələlik isə çalışın ki, yatasınız. Gecəniz xeyirə.

Aparılan intensiv müalicələrin nəticələri qənaətbəxş olmasa da, Həlim bir an olsun ümidini itirmirdi.

Bu dəfə həkim tək gəlməmişdi, yanında bir neçə başqa həkim də vardı. Onlar Həlimin qurşaqdan aşağı hissələrini diqqətlə nəzərdən keçirir, arabir dinməz-söyləməz halda biri-birlərinə baxırdılar; bəlkə də, bu tibbin özünəməxsus dili idi baxışlarla danışan dili...

- Sizi evə yazmaq qərarına qəldik. Müalicənin davamını evdə alacaqsınız. Biz sahə həkiminin köməyi ilə sizi daim nəzarətdə saxlayacağıq.

- Məni evə yszırsınız? Bu ayaqlarla? Mən necə gedə bilərəm, həkim, siz nə danışırsınız? Yəni, doğrudanmı artıq nəsə etmək mümkün deyil?

- Bilirsinizmi, elə gerçəkliklər var ki, istəməsək belə onu qəbul etməyə məcburuq. Gəlin şükür edək ki, siz ümumiyətlə, sağsınız. Dəhşətli qəza keçirmisiniz. Nəticə daha da pis ola bilərdi.

- Həkim, bu sağ qalmaqdır? Bu yaşamaqdır?

- İnsan hər şeyə öyrəşir. Ehtiyac ən yaxşı müəllimdir. Siz gəzə, işləyə, hətta avtomobil belə idarə edə biləcəksiniz.

- Həkim, siz zarafat edirsiniz? Bu ayaqlarla mən necə gəzə bilərəm axı?!

Həkiim xəstə baxıcısına tərəf dönərək təmkinlə dedi:

- Gətirin!

Həmin andaca xəstə baxıcısı, çox güman ki, öncədən otağın qapısı ağzında hazır qoyulmuş əlil arabasını sürərək düz Həlimin çarpayısına bitişdirdi.
Həlimin bədənini soyiq tər basdı. İçindən nələr keçdiyini nəinki özü, heç Tanrı da bilə bilməzdi.

- Oturdun!

Bu səs xəstə baxıcısını və tibb bacısını hərəkətə gətirdi. Həkim özü də ehmalca onlara kömək edirdi…

Keçən aylar və illər Həlimə çox şey öyrətmişdi. Demək olar ki, xüsusi ayaq hərəkətlərinin vacib olduğu işlərdən başqa qalan hər şeyi Həlim tam müstəqil görə bilirdi. Əl ilə idarə etmək üçün uyğunlaşdırılmış maşınını elə peşəkar idarə edirdi ki, sanki maşın başdan-başa əl ilə idarə etmək üçün imiş.

Nəinki özü, hətta qəzadan az öncə evləndiyi Mehriban xanım da Həlimin bu yaşayış tərzinə öyrəşmişdi. Həlimin yeni həyat tərzi ilə barışmağı bir yana, hətta heç vaxt ana ola bilməyəcəyi fikri ilə də barışmağa başlamışdı.

Mehriban xanımın səhhətində yaranan ağrılardan ağırlaşmalar olana qədər Həlimin evi hər zaman qonaq-qaralı olmuşdu. Qələm dostları, saz-söz adamları üçün bu ev bir səcdəgah yeri idi. Bir də görürdün ki, məclislər gecə yarıdan keçənə qədər davam edir.

Həlim də, Mehriban xanım da qonaqlara elə xoş münasibət bəsləyirdi ki, müsafirlər özlərini sanki evlərindəki kimi hiss edirdilər. Xəstəlik Mehriban xanımı üstələdikdən sonra gah həkimlərin müayinəsinə, gah da analizlər üçün bir xəstəxanadan digərinə qaçmalı olurdu. Bu səbəbdən də gəlib-gedənlərin ayağı bir az çəkilmişdi. İntəhası, ailəyə lap yaxın olan beş-üç nəfər var idi ki, yenə əvvəlki kimi vaxt-bivaxt onlara baş çəkirdilər.

Rəhim də həmin beş-üç nəfərdən biri idi. Adəti üzrə yenə də axşamların birində qapıda peyda oldu.

- Mehriban xanım, siz Allah, məni üzürlü sayın. Sizə narahatlıq verirəm, görün neçə gündür, sizin bişirdiyiniz turş gilas mürəbbəsi ilə çay içmirəm. Bir də gördün, Həlim qoydu qabağına, mürəbbənin axırına çıxdı. Siz bişirən turş gilas mürəbbəsi ilə çay içəndə rəhmətlik anamın mürəbbələrinin tamını hiss edirəm.

- Rəhim qardaş, bu nə sözdür, Həlimin evi elə dostlarının evi deyilmi? Üzünüzə demək olmasın, Həlim sizin xətrinizi lap çox istəyir. Sizə mürəbbə də qurbandı, ev-eşiyimiz də. Bax, bu pəncərənin ağzındakı turş gilasdan hər il beş-altı banka bişirib saxlayıram. İl boyu nə vaxt gəlsəniz sizin payınız ayrıcadı. Andır bu xəstəlik olmasa, mürəbbə bişirmək mənim əlimdə nədir ki…

- Hə, nə yaxşı oldu. Elə Həlimi mahna eləyib arabir turş gilas mürəbbəsi ilə çay içməyə gələrəm. Canınız sağ olsun.

Mehriban xanım təzə dəmlədiyi çaydan hərəsinə bir stəkan gıtirərək yenidən mətbəxə döndü. Bu dəfə əlində turş gilas mürəbbəsinin bankasını gətirdi.

- Siz Allah, istədiyiniz qədər götürün, halal xoşunuz olsun.

Sonuncu turş gilas qonaqlığından çox keçməmişdi ki, bir gün səhər tezdən Rəhimin telefonu zəng çaldı. Telefonda Həlim idi:

- Ay qağa, yengəni saxlaya bilmədim… Getdi.

Həmin anda dünya başına fırlandı, amma inana da bilmədi.

- Həlim, bu nə danışıqdı? Yengəm hara getdi?

- Başın sağ olsun, ay qağa, saxlaya bilmədim.

Rəhim bir müddət telefonda donub qaldı. Handan-hana özünü ələ aldı:

- Gəlirəm.

Rəhim gələndə həyətdə qonşular qaynaşırdı. Hərə bir işlə məşğul idi. Həlim öz əlil arabasında ildırım vurmuş palıd ağacının qırılıb sallanmış budağı kimi hərəkətsiz idi. Rəhim əllərini Həlimin çiyinlərinə qoydu:

- İtirdik… Çox heyf.

Mehriban xanımın qırxından sonra Rəhim ilk dəfə idi ki, Həlimin qapısını açırdı. Oturdular, bir az oyan-bu yandan dərdləşdilər. Həlim söhbətarası padnosda iki stəkan çay və bir də qənddan gətirdu. Onları masanın üstünə qoyub yenidən mətbəxə qayıtdı. Orada xeyli yubanfı.

- Həlim, nə uzaq getdin, gəl çıx görüm. Gedəsi yerim var, tələsirəm.

Həlim əlində bir nəlbəki ilə gəldi, içində də turş gilas mürəbbəsi. Rəhim mürəbbəni görəndə bədənində elə bil ki, qarışqalar yeridi, yerində qurcuqdu.

- Həlim, sən Allah, götür bu mürəbbəni. Mən onunla çay içməyəcəyəm. Götür, qadası.

Həlim onun halını başa düşsə də özünü o yerə qoymayıb dedi:

- Ay qağa, yengənin öz əllləri ilə bişirdiyi mürəbbədi.

- Bilirəm, Həlim, bilirəm. Amma sən Allah, götür bu mürəbbəni.

Bir an Rəhim də, Həlim də susub turş gilas mürəbbəsinə baxdılar. Elə baxdılar ki, elə bil bütün baş verənlərdə bu turş gilas mürəbbəsi günahkardır. Axırda Həlim dinməz-söyləməz mürəbbəni masanın üstündən götürdü və o evdə bir daha o masanın üstünə nəinki turş gilas mürəbbəsi, ümumiyyətlə mürəbbə gəlmədi…

İyunun sonları idi. Rəhim qoltuğunda təzə-təzə çxmaqda olan altı-yeddi kiloluq bir qarpızla Həlimin qapısını döydü.

- Yaxşı gəlibsən, ay qağa, evdə iki pivə də var. Elə ürəyimə düşüb ki.

- Neynək gətir. Onun da şikayətinə baxarıq.

- Ay qağa, istəyirəm sənə bir söz deyəm axı.

- De, Həlim, nə olub ki?

- Turş gilası deyirəm, o pəncərənin qabağında bitən turş gilası. Kəsdirdim..

- Niyə ki, durmuşdu da.

- Ay qağa, onun meyvələrini daha kim bişirəcək… kim yeyəcək?

- Hə, o da var.

Həlimin halı getdikcə pisləşirdi. Özü çalışırdı ki, bunu dost-tanışlardan gizlətsin. Günlərin birində, yenə də dostlarıa qurulan məclisdə Rəhim Həlimin sancıdan qıvrıldığını, nəfəsinin kəsildiyini gördü. Əyilib qulağına pıçıldadı:

- Sən həkimə getməlisən. Belə uzun çəkə bilməz.

- Nə olub ki, mənə? Turp kimiyəm.

- Zarafata salma, sənə əməlli-başlı müalicə lazımdır.

- Nə müalicə, eyy? Nə vaxtdan həkimlər bizdə müalicə edirlər ki? İstəyirsiniz ki, məni öldürüb üstünüzə göndərsinlər?

- Həlim, bax yenə deyirəm, bu andır səni bir gün çox pis yıxacaq. Həkimə get. Nə vaxt desən gəlim aparım.

- Ay qağa, bu həkimlər mənim xəstəliyimin dilini bilməzlər, vallah, bilməzlər.

İki gün sonra Həlimin qardaşı Rəhimə zəng vurdu:

- Əmi, Həlimin halı pisdir, təcili yardımla aparırıq xəstəxanaya.

- Yaxşı, indi mən də çıxıram. On beş-iyirmi dəqiqəyə orada olaram.

Həlim elə ilk gündən intensiv terapiya şöbəsinə götürüldü. Ardıcıl aparılan müalicələr elə də yaxşı nəticələr vermirdi. Xəstəxanamın daxili qaydalarına uyğun olaraq intensiv terapiya şöbəsində yatan xəstələrlə görüş də, telefon əlaqəsi də qadağan olduğundan, Rəhim Həlim haqqında ancaq gizlin olaraq yazılmış qısa göndərişlər vasitəsi ilə məlumatlanırdı.

Bütün çətinliklərə rəğmən Həlim ümiddən düşmür, hər şeyin yaxşı olacağına inanırdı.

Rəhim öz həyat yoldaşının müalicəsi üçün Ankaraya getdiyi cəmi iki gün idi ki, Həlimin qardaşı zəng etdi:

- Əmi, hardasınız?

- Kənardayam, qadası, salamatçılıqdırmı?

- Əmi, Həlimin vəziyyəti pisdir, bir ağsaqqal kimi burada olsaydınız yaxşı olardı.

- Belə tez gələ bilmərəm, amma nə iynə-dərman lazımdırsa, dostlara deyim çatdırsınlar.

- Yox, əmi, düzünü bilmək istəyirsənsə daha heç nə lazım deyil. Həlim getdi. Onu itirdik…



Anadil.az




Oxunub: 305
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR