"Narahatçılıq ağıl üçün ən dəhşətli zəhərdir" - Yamomotonun hekayəsi Saday Budaqlının TƏRCÜMƏSİNDƏ

Anadil.az tanınmış yazıçı Saday Budaqlının tərcüməsində yapon yazıçısı Süqoro Yamomotonun (1903 - 1967) "Bizim məhəllədən tramvay keçir" hekayəsini təqdim edir:


Məhəlləmizə tramvayla gəlmək olar. Bu yeganə yoldur. Ancaq nə rels var, nə naqillər, heçvaqon da yoxdur. Tramvayın yalnız sürücüsü var, intəhası, tramvayın özü olmadığı üçün, təbii ki, sərnişin də, oturacaqlar da yoxdur. Qısası, sürücü Roku-tyandan və bir neçə əşyadan savayı hər şey təxəyyülün məhsuludur.

Roku-tyan və anası Okuni daha geniş, daha qələbəlik olan qonşu küçədə yaşayırlar. Atası ölüb, ya onlardan ayrılıb, bir sözlə, Roku-tyanın atası yoxdur və qonşulardan onu görən olmayıb.Okuninin balaca yeməkxanası var, müştərilər üçün özü tempura* bişirir. Amma düzünü deyim ki, müştərilərinə ən asan başa gələn tərəvəz tempurası verir.

Okuni qırx yaşlarında dolu, enlisifət qadındır. Hamıya, hər şeyə şübhə və inamsızlıqla baxır, dodaqları mollyuskanın çanağı kimi həmişə kip sıxılmış olur. Şabalıdıya çalan saçlarını boynunun arxasında düyünləyir.

Okuninin əynində ağ önlük bağlanmış və tərtəmiz yuyulmuş pambıq parçadan kimano olur. Tempura qızartdığı kürənin üstündən asılan dəsmal qışda da, yayda da onun çiynindən sallanır.Dəsmal və ağ önlük müştərilərdə təmizkarlıq təəssüratı yaratmalıdır.

Okuni danışmağı sevmir. Hətta qonaqlarına dil-ağız eləmir, yəqin, belə hesab edir ki, qonaqpərvərliyin ən yaxşı göstəricisi bişirdiyi tempuraların dadıdır. Deyəsən, bütün fikri bişirdiyi yeməyin yanındadır. Əslində isə, çubuqları əlində qeyri-ixtiyari hərləyə-hərləyə macal tapıb Roku-tyan və Tanrının mərhəməti, tezliklə baş verəcək möcüzə haqqında düşünür, çünki təzəliklə peyda olan, deyilənə görə, şikəstlərə şəfa verən cindarla tanış olub.Tempura bişirə-bişirə bu fikirləri başında saf-çürük eləyir.

Okuni axşam yemekxananı bağlayır, yatağı salır, yatmaq üçün hazırlıqlarını görüb, lampa və ətirli çubuq yandırır, oyuncağa oxşayan kiçik təbili götürərək Roku-tyanla birlikdə ailə mehrabının qarşısında oturur. Okuni fikirləşir ki, əlbəttə, ayinə uyğun iri təbil olsa yaxşıydı, ancaq hər dəfə beləsini almağa çəkinir: əksəriyyəti onun yeməkxanasının daimi müştərisi olan qonşular axı nə deyərlər, həm də doğrudanmı Tanrının mərhəməti təbilin ölçülərindən asılıdır? Qaydalara uyğun olmadığını bilsə də, Okuni bu səbəbdən hələ də oyuncaq təbildən istifadə edir.

– Nammö renqö**, – Roku-tyan anasından tez dillənib, mehrabın önündə təzim eləyir. – İlahi, bağışla ki, səndən həmişə eyni şeyi xahiş edirəm. Yazıq anama ağıl ver! Nammö renqö.

Nəhayət, Okuni də təbili döyəcləyib dua etməyə başlayır.

Okuninin öz doğma balasına görə dua etdiyini deməyə ehtiyac varmı?! Və Roku-tyanın onu qabaqlayaraq tamamilə sağlam olan anasına hər dəfə Tanrıdan şəfa diləməsinə necə təəccüblənməyəsən.

Yox, yox, Roku-tyan anasını hirsləndirmək istəmir. Onun dualarında məsxərə, ya nəsə gizli bir eyham yoxdur. Anasının başqalarının yanında ona görə xəcalət çəkdiyini, Tanrıdan ona şəfa dilədiyini, сadu yazdırdığını, ara həkimlərinəgetdiyini gözəl anlayr. Və öz duaları ilə sanki anasına məsləhət verir: mənə görə narahat olma, doğru sözümdür, buna heç bir ehtiyac yoxdur.

“Nəyə görə mənim üçün bu qədər narahat olursan, ana? Məgər korluq çəkirik?” – Roku-tyan hər gün təkrar edir. “Doğrudur, oğlum, hər şeyimiz var, heç nədən narahat deyiləm”, – Okuni ona cavab verir, ancaq sifətindən yenə əzab oxunur. Bu da Roku-tyanı əsəbiləşdirir, onu özündən çıxarır. Heç bir səbəb olmadan dərd çəkən anasına yazığı gəlir, Tanrıya dua edir ki, anasına kömək etsin, ona ağıl versin.

– İlahi, – anası nəfəs dərmək üçün duasını kəsəndə, Roku-tyan deyir, – öz xahişlərimlə, bəlkə də, sənin zəhləni tökürəm, ancaq buna baxmayaraq sənə yalvarıram: anama rəhm elə. Nammö renqö.

Okuninin əzabdan ürəyi sıxılır. Neçə illərdir hər axşam Tanrıya beləcə dua eləyirlər və hər dəfə də oğlunun sözləri ürəyini ağrıdır, gözləri yaşla dolur. Oğlu necə də qayğıkeş və xeyirxahdır! Necə də gözəl danışır. Təki bax elə indi, bu dəqiqə ağlı yerinə gələydi. Ah, buna necə də inanmaq istəyərdi!

Roku-tyan rəhm dolu baxışlarını anasının üzündən çəkmir. Və nədənsə qorxmuş uşağa təsəlli verirmiş kimi ona deyir: “Bəsdir, ana, axı niyə narahat olursan? Hər şey yaxşı olacaq, əzizim”.

Roku-tyanın dünyada ən çox sevdiyi adam anası və küçəmizdə yaşayan qoca Xansuke ilə onun pişiyi Toradır. Əlbəttə, bunu tərsinə də demək olar: Roku-tyanı bu iki nəfər və pişik sevir. Başqa adamlar ona mehribanlıq göstərmirlər. Ona sataşırlar, öz kobud zarafatları ilə Roku-tyanın tramvay sürməyinə maneçilik törədirlər. Onların ucbatından həmişə əsəbi olur.

Onlar pis adamlardı, əsasən də, uşaqlar, “tramvay axmağı” deyib onu əsəbiləşdirirlər. Belə baxanda, bəlkə də, haqlıdırlar, ancaq Roku-tyan məgər ən çalışqan, ən vicdanlı tramvay sürücüsü deyil?..

Roku-tyan yuxudan duran kimi ilk olaraq tramvaya göz gəzdirməyə tələsir. Vaqonlar depodadır, depo isə evin arxasındakı cığırda.

Bapbalaca mətbəxin küncündə, zirzəmiyə açılan deşiyin ağzını örtən qapağın yanında köhnə naringi yeşiyi var, onun içinə səliqəylə lüləksiz susəpən, itiağız kəlbətin, vintaçan, yağa batmış fəhlə əlcəkləri və əski parçaları qoyulub. Bütün bu əşyalar həqiqətən mövcuddur. Bundan başqa Roku-tyanın təsəvvüründə sükan, vizit kartı, qol saatı və furajka var. Lüləksiz susəpən oğlanın təsəvvüründə yağqabını əvəz edir.

Roku-tyan yağqabını, kəlbətini və vintaçanı götürüb tramvaya baxmaq üçün depoya yollanır. Əslində orada heç nə yoxdur, ancaq oğlan deponun divarlarını və relslərin üstündə dayanmış tramvayı aydın təsəvvür eləyir. O, fikirli-fikirli çiyinlərini çəkir, dodaqlarını marçıldadır, çənəsini sığallayıb, vaqonların yanında gəzişir, yumruğu ilə onları döyəcləyir, əyilib tramvayın altına baxır.

– Biabırçılıqdır, – Roku-tyan başını yırğalaya-yırğalaya donquldanır. – Bu mexaniklər hara baxırlar? Avaralar! Mən bu fərsizlərə göstərərəm!

Tramvaya göz gəzdirəndən sonra Roku-tyan yuyunur, səhər yeməyi yeyib, işə getməyə hazırlaşır. Doğrudur, Okuni yeməkxanaya ərzaq almağa getdiyi günlərdə anasını gözləməli olur. Okuni bazara, adətən, günaşırı gedir, ancaq bəzən bir neçə gün dalbadal getməli olur. Onda Roku-tyan hirslənir, özünə yer tapa bilmır, anasının dalınca danışır, çünki gecikməsinin əməkhaqqına hökmən təsiri olacağını düşünür.

İşə getməzdən əvvəl Roku-tyan mətbəxə qaçır, naringi qutusunu içindən furajkasını götürüb başına basır. Sonra yağa bulaşmış əlcəkləri əlinə keçirir, sükanı və vizit kartını götürür. Bütün bu əşyalardan gerçək olanı əlcəklərdir, qalanı təxəyyülün məhsuludur.

Roku-tyan sürücünün yerində oturur, vizit kartını ön şüşədəki çərçivəyə qoyur və sükanı nəzarət ucluğuna taxır. Sonra sağ əli ilə əyləc çarxının dəstəyini sıxır, əyləcin düzgün işləyib-işləmədiyini yoxlamaq üçün onu bir neçə dəfə sağa-sola fırladır. Roku-tyan bütün bu əməliyyatları hər gün dəqiq ardıcıllıqla və elə ciddi-cəhdlə edir ki, hətta peşakar sürücü belə ona həsəd aparardı.

– İndi getdik, – Roku-tyan mızıldayıb, tramvayı işə salır. Bu vaxt əyləci sıxan sağ əli dəstəyi azca döndərir, əyləc çarxı isə rahatca geri fırlanır.

Məhəllədə Roku-tyana “Tramvay səfehi” deyirlər. Ancaq Roku-tyan heç də səfeh deyil. Qanacaqsız adamların dedklərinə baxmayaraq, onu diqqətlə müayinə edən həkimlər gicbəsər, ağıldankəm olmadığı qərarına gəliblər. Roku-tyan vaxtında ibtidai məktəbə gedib və onu altı il sonra bitirib. Həmin müddətdə bir dəfə də dərs hazırlamayıb, idmanla məşğul olmayıb, uşaq oyunlarında iştirak etməyib. Sinifə girdiyi ilk gündənaltı il ərzində Roku-tyan tramvay şəkli çəkib, evə qayıdanda isə sürməyi öyrənib.

Adamlar onu axmaq adlandırırdılar; doğrudan da, Roku-tyanın tramvayı mövcud deyil, naqilə qoşmaqdan tutmuş tramvayın depoya qayıtmasına qədər hər şey yalnız onun təxəyyülündə baş verir.

Bəs uydurulmamış, gerçək tramvay sürənlər necə adamlardı? Budur, həmin tramvaylardan biri kifayət qədər qələbəlik olan küçədən şimala burulur, körpünü keçib, tramvayların, avtobusların, yük maşınlarının və avtomobillərin şütüdüyü mərkəzə tərəf irəliləyir. Onların hamısı həqiqətən mövcuddur və heç bir şübhə ola bilməz ki, əsl sürücülər tərəfindən idarə olunur. Ancaq biz buna qeyd-şərtsiz olaraq inanmalıyıqmı?

Bax həmin həqiqi sürücülərdən biri indi doğrudan da öz tramvayını idarə eləyir, ancaq, əslində, onun fikri, düşüncəsi gördüyü işdən çox-çox uzaqdadır. O, dünən axşam arvadı ilə ağızlaşaraq meyxanaya gedib, orada isə durduğu yerdə heç nədən təhqir olunub. Bu düşüncələr ona qüssə gətirir və qüssəsi tədricən hirslə əvəzlənir. Fikrində arvadına ağzına gələni deyir və onu təhqir edən adamı pivəxanada əməlli-başlı döyür. Bütün bu qanqaraçılığı işi ilə əlaqələndirir, tarmvay sürücüsü olmaq qərarına gəldiyi günü yamanlayır. Hirs-hikkə gözünü dumanlandırır və hiss etmədəndayanacağı ötüb-keçir. Dayanacaqda düşmək istəyən sərnişinlər acıqlarını konduktorun üstünə tökürlər, o da var-gücüylə zəngin düyməsini basır. Öz diqqətsizliyinə görə hirslənən sürücü tramvayı qəfil saxlayır.

Başqa peşə sahiblərinin arasında da bu cür nümunələrə az rast gəlinmir – onların, demək olar, əksəriyyəti öz işindən razı deyil. Yəqin, sözdə nə deyirlər-desinlər, çoxu ürəyində öz işini sevmir, öz işindən zəhləsi gedir, hətta ona nifrət eləyir.

Deyəcəksiniz ki, bu adamları Roku-tyanla müqayisə etmək olmaz. Axı bütün varlığıyla öz təsəvvüründəki tramvayına sadiqdir və onu onu fəxrlə, ləzzətlə sürür.

Tramvayla bax elə indi öz küçələrindən keçir. Sürəti azaldıb, əyləci bərk-bərk sıxır.

– Tak, tak, tak, – əvvəlcə yavaş-yavaş, qatar sürətini artırdıqca isə tez-tez təkərlərin səsini yamsılayır. Relslərin qovuşuğunda təkərlər başqa cür taqqıldayır:

– Taka-tak, taka-tak.

Vaqonlar başqa tramvay xətti ilə kəsişəndə, taqqıltı bir az da qəlizləşir, axı eninə uzanan relslərin üstündən dörd cüt təkər keçməlidir – əvvəl başdakı, sonra arxadakı vaqonun təkərləri.

– Taka-ka-tak, taka-ka-tak, taka-ka-tak, taka-ka-tak.

Birdən kimsə fikirli halda tramvayın yoluna çıxır. Roku-tyan sağ ayağının pəncəsini yerə döyəcləyib, zəngi basır:

– Çırınq, çırınq, çırınq!

Yoldan keçənin biri siqnallara fikir vermədən tramvayın düz üstünə gəlir. Yəqin, başqa şəhərdən gəlib, Roku-tyanı tanımır, nə relsləri, nə də oğlanın sürdüyü tramvayı görür.

Roku-tyan hirsindən pörtür. Tramvayı tez əyləməyə çalışır.

– Ehtiyatlı ol! – qışqırıb sürəti sol əli ilə tez-tələsik sıfıra endirir, sağ əli ilə də var gücüylə əyləc çarxını fırladır.

– Dzzz... – əyləcin qıcırtısını yamsılayır.

Axır ki, tramvay yoldan keçənin lap yaxınlığında dayanır.

– Hara baxırsan, maymaq! – gərginlikdən pörtmüş sifətini pəncərədən çıxarıb fikirli adamın üstünə qışqırır. – Az qalmışdı tramvayın altına düşəsiniz.

Sonra onun üzünə baxıb ciddi tərzdə əlavə eləyir:

– Relsin üstü ilə getmək qadağandır. Nədi, bunu bilmirdin, kəndçi?!

Yoldan ötən adam ağzını açıb çaşqın haldaRoku-tyanın həyacanlı sifətinə baxır və tələsik kənara çəkilir. Roku-tyan hirslə onun arxasınca donquldanır:

– Başıxarab! Yolu hardan gəldi keçir!

Sonra sağ biləyini qaldırıb əyləci buraxır, ikinci sürətə keçir və əyləc çarxının fırlanan dəstəyini tutur. Tramvay yavaş-yavaş yerindən tərpənir.

– Tak, tak, tak, tak, – təkərlər taqqıldayır.

Burada yaşayanlar Roku-tyana çoxdan fikir vermirlər. Onlar üçün Roku-tyan görməyə öyrəşdikləri şəhər mənzərəsinin bir parçasıdır. Roku-tyan da onlara fikir vermir. Başqa uşaqlar onu maraqlandırmır, yalnız sataşdıqları vaxt onları nifrətlə süzür.

Roku-tyan üç reys eləyib dincəlmək üçün evə gəlir, sonra üç reys də eləyib iş gününü başa vurur. Doğrudur, iş gününün qurtaracağı vaxt müəyyən deyil və Roku-tyanın öz kefindən asılıdır. Beləcə, Xansukenin evində yaşayan pişik Tora ilə yolda qarşılaşıb, Roku-tyan tramvayı saxlayır, pişiyi əlinə götürüb, Xansukenin evinə aparır.

Tora iri, kök pişikdir. Yumru başı futbol topu boydadır. Xansukenin evində artıq yeddi ildir yaşayır və pişiklərə yaxşı bələd olanların fikrinə görə onun, ən azından, on iki yaşı var. Təbii ki, buradakı pişiklərin arasında o, bir nömrəlidir.

– Necəsən, Tora? – Roku-tyan onu əlinə götürəndə soruşur. – Sən bu gün yük maşınını, ya tramvayı saxladın?

Pişik miyoldamaq istəyirmiş kimi, sadəcə, ağzını açır, ancaq heç bir səs çıxarmır. Yəqin, sevgi macəralarında və hərgünki qanlı döyüşlərdə səs tellərini əməllicə zədələyib, ona görə səsini ən zəruri hallarda çıxarır.

– Neçə maşın əyləmisən? – yenə pişikdən soruşur. – Üç, ya beş? Bəs bu gün tempura yemisən?

Pişik yenə ağzını səssizcə açır, gözlərini qıyıb xoruldayır. Tempuranı soruşanda Roku-tyan heç də anasının yeməkxanasını demir, bütün növ əsl tempuraların bişirildiyi “Temmatsu”nu nəzərdə tutur.

– Yaxşısı budur, evə gedək, – Roku-tyan tramvayı döndərir. – Başqa tramvaya soxulmasan yaxşıdır: nəzarətçi səni cərimələyər. Pişiklərin tramvaya minməyi qadağandır. Ancaq mənim tramvayıma minmək olar. Di bərk dayan, mən sürəti artırıram: tak, tak, tak, tak...

Tramvay artıq köhnədir, ona görə hərdən nasazlıq baş verir. Roku-tyan narazı halda tramvayı saxlayıb, sürücü oturacağından düşür. Roku-tyan çiynində oturan pişiyi sakitləşdirib, tələsmədən vaqonların böyür-başına fırlanır, üzünü turşudub tramvayın altına göz gəzdirir, qoşquları yoxlayır, sonra yuxarıya baxır, görsün, tramvayın qolları naqillərə yaxşı birləşibmi.

Hərəkətləri o qədər təbiidir ki, onu ilk dəfə müşayiət eləyən adam bunların yalnız təxəyyulun məhsulu olduğuna çətin inanar. Hətta Roku-tyan vaqonların ətrafında elə məsafədən fırlanır ki, deyərsən, həqiqətən tramvaydır. Bu azmış kimi, tədricən sizə elə gəlir ki, Roku-tyanın qovşaqları və təkərləri necə döyəclədiyini, doğrudan da, eşidirsiniz.

– Of, bu mexaniklərə nə deyəsən! – Roku-tyan donquldanır. – Tramvay köhnə olduğuna görə kim haqq verib ki, xaltura eləsinlər. Eybi yox, qoy depoya qayıdaq, mən onlara göstərərəm!

Roku-tyan öz sürücü yerinə qayıdır, tramvay yerindən tərpənir.

– Getdik, – çiynində özünə yer eləmiş pişiyə deyir. – Tak, tak, tak, tak...

Roku-tyanın yaşadığı küçədən cənubda hamının “Qəpik-quruşa göyərti” adlandırdığı tərəvəz dükanı var. Məncə, belə adlanması, göyərti və tərəvəzin başqa dükanlardan burada, az qala, üç dəfə ucuz olmasına görədir. Hətta bu dükana uzaqdan da müştərilər gəlir.

Göyərti dükanı ilə kiçik çəkməçi emalatxanasının arasından,gölməçələrdən ibarət, yüz metr uzunluğunda bir dalan başlayır. Dalan, tükü tökülmüş qoca it kimi, orda-burda təkəmseyrək kol-kos bitmiş gilliyə çıxır. Buraya qırıq fincanlar, paslı konserv bankaları, kağız qırıntıları atılıb. Bir az aralıda qoca, əyri-üyrü palıd ağacları ucalır. Onların yanından sıx kolluqlarla əhatələnmiş, çirkab sularının töküldüyü enli arx keçir. Qısası, pis qoxular səltənəti.

Roku-tyan arxa dirənən dar cığırla gilliyi adlayır. Neft ləkələrinin parıldadığı tünd yaşılımtıl durğun suda qırıq fincanlar, yemək çubuqları, köhnə dəmir qablar və başqa zir-zibil üzür: burada it-pişik ölüsünə də rast gəlmək olur. Arxın üfunət qoxusu qış-yay adamı boğur.

Roku-tyan arxın üstündən tullanır. Burdan sanki sərhəd xətti keçir: arxın şərq tərəfi qələbəlik olan qonşu məhəlləyə, qərb tərəfi isə bizim küçəyə çıxır. Onun müxtəlif tərəflərində yaşayan adamlar heç vaxt sərhəddi keçmirlər.

Bizim küçədə kasıblar, necə deyərlər, daimi işi olmayan lütlər məskunlaşıb. Bura cinayət mənbəyidir. Burda kimlərə rast gəlməzsən: müflis olanlar, ev yaranlar, avaralar, qumarbazlar. Şərq tərəfin sakinləri lazım olanda da biz tərəfə keçməməyə çalışırlar, ona görə yox ki, buradakı adamlardan qorxurlar; çox ehtimal, bizim küçə onlara yad, mövcud olmayan aləm kimi görünür.

Küçəmiz bayaq xatırlatdığım nazik palıd ağaclarından başlayır, vur-tut yeddi uzun barakdan və görünüşü ilə anbardan fərqlənməyən beş yarımuçuq evdən ibarətdir. Evlər necə gəldi səpələnib: bəzisinin damı bir-birinə söykənib, bəzisi sanki qonşusundan qorxduğundan aralıda tək dayanıb.Arxada isə Seyqandzi məbədinin bambuk basmış və aşağıdan görünməyən qəbiristanlığının yerləşdiyi onbeşmetrlik qaya yüksəlir. Küçəmizin üstündən asılan nəhəng qaya ona sığınmış evləri daha miskin göstərir.

Açıqlıqda oynayan uşaqlar Roku-tyana fikir vermirlər. Burada həmişə nəsə qıran, qurudan və yığan qocalar, qarılar da ona tərəf boylanmırlar. Onlar üçün arxın şərq tərəfindəki adamlar kimi, Roku-tyan da mövcud deyil. Burada qəribə nə var ki: məgər gündəlik həyatımızda belə şeylərlə həmişə rastlaşmırıq? Qələbəlik küçədə, teatrda, kinoda, müəssisələrdə başqa adamın varlığını hər birimiz yalnız o bizimlə birbaşa ünsiyyətə girəndəgerçək olaraq dərk edirik. Qalan bütün hallarda isə başqa aləmin adamları kimi bir-birimizdən uzağıq, sanki eyni məkan və zaman hüdudlarında mövcud deyilik.

– Bax belə, – Roku-tyan pişiyə deyir. – İndi sənin evinə çatacağıq.

O, ikimərtəbəli baraklar sıralanmış dar, əyri dalana girir. Doğrudur, onları şərti olaraq ikimərtəbəli adlandırmaq olar: ikinci mərtəbələr alçaq çardaqdı, orada belini dikəldə bilməssən. Yalnız çardaqlar yox, barakların divarları da müxtəlif tərəflərə əyilib. Elə bil bəzi evlər dinməzcə bir-birinə təzim edirlər, bəziləri isə çimçəşərək üzünü yana çevirib.

Pişik yerə tullanıb, hörməli qapının arxasında yoxa çıxır. Qapı heç də onların üzünə açılmayıb. O çoxdan beləcə qalıb – indi onu nə geniş açmaq olar, nə də bağlamaq.

– Öz Toranızı qarşılayın! – Roku-tyan qışqırır.

Köhnə, dəfələrlə kağız yapışdırılan arakəsmə azca aralanır və yarıqdan əlli yaşlarında kişinin arıq sifəti görünür. Bu – Xansukedir. O, başını yuvasından çıxaran hürkmüş heyvan kimi ətrafa boylanır.

– A, bu sənsən, Roku-tyan, – Xansuke astadan deyir. – Deməli, pişiyi gətirmisən?

– Aha!

– Əziyyət çəkmisən, sağ ol, – Xansuke gülümsəyir, ancaq hər ehtimala arakəsməni lap aralamır.

Roku-tyan olmayan furajkasını çıxarıb, alnını ovxalayır.

– Necədir, axşamlar yenə dua eləyirsən? – Xansuke ciddi tərzdə soruşur.

– Neyləyəsən, başqa əlac yoxdur, – Roku-tyan cavab verir.

– Hə, ananın yaşayışı çətindir, – Xansuke köks ötürür.

– Yox, yox, narahat olmayın, hər şey qaydasındadır. Axı ona özüm göz-qulaq oluram.

– Doğru sözə nə deyəsən, – Xansuke karıxmış halda gözünü yayındırır.

Roku-tyan olmayan furajkasının günlüyünü sığallayır.

– Bəs sizin işləriniz necə gedir? – Xansukedən soruşur.

– Yavaş-yavaş, – Xansuke təbəssümünü gizlədib mızıldayır. – Desəm, hər şey yaxşıdır, yalan olar, ancaq buna da şükür.

– Be-lə, – Roku-tyan sözü uzadır.

Tora Xansukenin arxasından boylanır. Roku-tyana baxıb, ağzını geniş açır. Yəqin, miyoldamaq istəyir, ancaq yenə səsi çıxmır. Və pişik Xansukenin arxasında yoxa çıxır.

– Hə, belə-belə işlər, – Xansuke barmağı ilə burnunu ovuşdurub donquldanır.

Və sanki yalnız ikisinə məlum olan bu işarədən sonra Roku-tyan furajkasını gözünün üstünə basıb, əlini yelləyərək uzaqlaşır.

– Sağ ol, – Xansuke onun arxasınca qışqırır. – Anana salam de.

Axşam Okuni və Roku-tyan yatmazdan əvvəl ailə mehrabının qarşısında otururlar. Lampanın işığı titrəyir və yanan ətirli çubuqdan tüstü qalxır. Okuni balaca yastı təbili əlinə götürür. Roku-tyan anasını qabaqlayıb mehrabın önündə təzim edir.

– Nammö renqö, – Roku-tyan sadəlövhcəsinə deyir, sanki Tanrı doğrudan da burada, mehrabdadır. – Səndən həmişə eyni şeyi xahiş etdiyimə görə məni bağışla. Yazıq anama ağıl ver! Nammö renqö!

Anası təbili döyəcləyib dua eləyəməyə başlayır.

Amma Roku-tyan birdən onun sözünü kəsir və mehrabın önündə yenə təzim edib deyir:

– Toranın evində yaşadığı Xansuke dayı da anam sarıdan narahatdır.

Okuni təbili yana çəkib, key-key Roku-tyana baxır. Uşaq başını yırğalayıb onu sakitləşdirməyə çalışır:

– Narahat olma, anacan! Narahatçılıq ağıl üçün ən dəhşətli zəhərdir! Hər şey yaxşıdır, anacan! Hər şey qaydasında olacaq!

Okuni yenə mehraba tərəf çevrilir, təbili astaca döyəcləyib, dua etməyə başlayır...


_____________
*xəmirə bükülüb qızardılmış klevet, balıq tikələri, ya tərəvəz)

**Budda tanrısına müraciət




Anadil.az
Oxunub: 204
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR