Babamız xəstələnən günün sabahısı ütümüz xarab oldu... - Sevinc Elsevərin ŞEİRİ

Anadil.az Sevinc Elsevərin adsız şeirini təqdim edir:

***

Babamız xəstələnən günün sabahısı

ütümüz xarab oldu,

tozsoranımızın mühərriki söndü,

ədəbi dillə desək,

ürəyi dayandı...

Babamızı xəstəxanaya,

tozsoranla ütünü ustaya apardıq.

Həkim kişini görüncə başını buladı,

babamız xəstəxanada öldü...

Tozsoranla ütünü gözdən keçirib,

başını buladı usta:

"Bunlar bir də ələ gəlməz" - dedi...

Tozsoranımla ütümü

ancaq babamız təmir edə bilirdi

lalın dilini anası bilən kimi

bilirdi onların dilini.

Kişi yoxdursa, bunlar da yoxdur bilirdim

"yenisini alarsız, ömürləri

bura qədərmiş" - dedi usta.

Kədərimi görüncə

kaş ki, həkim də babamız haqqında

eyni şeyi deyə biləydi,

babalar gedər-gəlməzə getməyəydi beləcə,

kimsə onları əvəz edəydi layiqincə...


Anadil.az
Oxunub: 174
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR