Keçən il dənizdə batan oğlanın bir su pərisindən oğlu doğulub - Xıdır Qazaxbəylinin ŞEİRLƏRİ

Anadil mərhum şair Xıdır Qazaxbəylinin bir neçə şeirini təqdim edir:

XXX

Sinqapur haqqında düşüncələr


Sinqapur,

Sinqapur,

Dəniz şəhəri,

Duzlu küləkləri yosun qoxulu,

Səhərə az qalmış görüşdən dönən

İsti sevgilərin xumarından məst

Gecə qadınları yarıyuxulu...

Tənbəki qoxulu meyxanalarda

Kimsə qaş var deməz gözünün üstə,

Azadlıq, qadınlar, sevgi və şərab...

Bir gözəl əyləşib əlində qədəh

Dəniz quldurunun dizinin üstə...

Burda dənizçilər sevgi içirlər,

Çünki dəniz suyu içməli deyil.

Xəyanət etməyib bəs neyləyəsən

Sevdiyin qadına, ay adam oğlu,

Burda gözəllər var keçməli deyil...

İsti dodaqlardan sevgi boylanır,

Mən burda qəribəm, tənhayam, təkəm..


Sinqapur,

Sinqapur,

ürəyim yanır,

bir gecə sevgi ver, başıma çəkim!..

Budur, günəş doğub, şəhər ayılıb,

Qaranlıq dənizə batıb, boğulub,

Şəhərə qəribə xəbər yayılıb –

Keçən il dənizdə batan oğlanın

Bir su pərisindən oğlu doğulub...

Mənim sevgilərə könlüm meyilli,

Sevgini əbədi bilib qalaram...


Sinqapur,

Sinqapur,

üzümə baxma,

Anam var,

vətən var,

dost var,

düşmən var...

...Yazığam qürbətdə ölüb qalaram.

Meyxana, tənbəki, balıq və sevgi,

Əlvida, əlvida, ay nağıl ölkə...

...Mənim sevgilərə qayıtmağım var,

Sevgindən ölməyə qayıtdım bəlkə...

***

Matador qadına


Qızmış buğaların buynuzu haça,

Qızmış buğaların gözündə ölüm!

Sənin əlindəki qırmızı parça

Bayraqdır, rəngini sevmirlər, gülüm!


Hərəsi bir ölüm, girib min dona,

Üzünü qarsayır burun pərləri.

Afərin,

ayıq ol,

möhkəm dur, sonam!

Qapqara köpüklü qan verə-verə

Qayıtdı köksündə xəncər yerləri.


Sağa dön,

sola dön,

kənara əyil,

Qorun, bu döyüşü izləyən çoxdur,

Əlində bayraq var, qırmızı bayraq,

O qızmış, ağılsız buğanın deyil,

Sənin ölümünü gözləyən çoxdur...


Ölüm hədəsilə doludur sağ-sol,

Büdrəsən adını soruşmayacaq,

Əlində bayraq var, ehtiyatlı ol,

Ağılsız buğalar, qızmış buğalar

Qırmızı rəng ilə barışmayacaq!


Haça dırnaqları ölüm hədəsi,

Atılmaq istəyir üstünə bir də,

Sönür gözlərində dava həvəsi,

Məğlubtək uzanır torpağa birdən...


Yeri korridalar çevrəsi boyu,

Yeri qalib kimi, gözümün nuru!

Qalib gələcəksən,

əl çalacaqlar

Bütün korridalar çevrəsi boyu,

Bircə əlindəki bayrağı qoru!..

_____________________________________________

Xıdır Qazaxbəyli kimdir?

Qazax rayonunun Qazaxbəyli kəndində doğulub. Moskvada Ədəbiyyat İnstitutunda oxuyub, 1990-cı illərdə Yazıçılar Birliyinin Qazax zonası üzrə filialında ədəbi məhləhətçi işləyib, yerli "Göyəzən" və öz təşəbbüsü ilə çıxardığı "Müsbət-mənfi" qəzetlərinin redaktoru olub.

Sonralar Sumqayıta köçüb, daha sonra Albalılıq qəsəbəsində yaşayıb, elə orada da dünyasını dəyişib.


Anadil.az



Oxunub: 3
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR