"Mən büllur külqabıyam..." - Əlisəmid Kürün ŞEİRİ

Anadil.az şair Əlisəmid Kürün "Mən büllur külqabıyam..." şeirini təqdim edir:


Mən büllur külqabıyam
Hərracda satılacam
bir azdan

Taleyi çat atmış
büllur bir şairin
çat atmış büllur külqabısı
satılacaq hərracda.

O nakam şairin
nəyi var - bölünüb,
nəyi var - satılıb
bir az aşağı,
bir az yuxarı.
Ömrün payızında
onu satdı arvad-uşağı.

Mən büllur külqabıyam -
Məni satan qazanacaq,
məni alan sevinəcək…

Mən - şahidəm.
Əldən salsalar məni
çilik-çilik olacam.

Mən - şəhidəm!
Kül acıyam.
Yanmış əlyazmaların
kül qoxusu var canımda.

Mən büllur külqabıyam.
Məni ortaya qoyub
satacaqlar hərracda.
Bir mən satılacam,
bir də satılacaq
qəm çəkmiş şairin
toz basmış,
nəm çəkmış əlyazmaları.

Anadil.az
Oxunub: 188
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR