Mənim məmləkətim budumu, bəylər?.. - Allahverdi Təkləlinin ŞEİRİ

Anadil.az Allahverdi Təkləlinin "Mənim məmləkətim budumu, bəylər?" şeirini təqdim edir:


Mənim məmləkətim budumu, bəylər?
Bə niyə qaşları çatıqdı belə?
Bə niyə yanağı batıqdı belə?
Bə niyə üyüşüb üz gətirməmiş,
Qaymağı alınan qatıqdı belə?
Mənim məmləkətim budumu, bəylər?


Axı qumrudusa niyə ötməyir,
Niyə oxumayır qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Mənim məmləkətim budusa, axı…
Mənim məmləkətim budumu, bəylər?


Gözümün tumruca yaşıdı ki, bu,
Qaralır - bir kibrit başıdı ki, bu;
Qapıb tolazlayır kim hara gəldi…
Bəylər, tolamazqı daşıdı ki, bu.
Bir əldən kiçilir yanan şam kimi,
Bir əldən kiçilir, balacalanır…
Dev-dev qalaları qalacalanır.
Mənim məmləkətim budumu, bəylər?
Yoxsa, gözlərimmi alacalanır?


Anadil.az
Oxunub: 280
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR