Hans Kristian Brannerin "Gəmi" hekayəsi Saday Budaqlının TƏRCÜMƏSİNDƏ

Anadil tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının çevirməsində görkəmli Danimarka yazıçısı Hansı Kristian Brannerin "Gəmi" hekayəsini təqdim edir:


XXX


Atam vəfat eləyəndə mənim on iki yaşım var idi. Onun xəstəxanada yatması üçün anamla aralarında çox söhbətlər olmuşdu, ancaq hər dəfə də buna imkan eləyə bilmirdilər: gah vaxt olmurdu, gah pul. Bazar günləri atam, ümumiyyətlə, yataqdan durmurdu, elə iş günləri də evə gələn kimi balaca otaqdakı divana uzanıb, ayaqlarını adyalla örtürdü. Sonra dərindən nəfəs alırdı, çünki uzanmaq ona xoş gəlirdi. Yeməyi ona sinidə verirdilər, biz dörd uşaq isə yemək otağında kirimişcə otururduq, ancaq başa düşmürdük ki, qarnı ağrıdığına görə atam niyə həmişə beləcə uzanmalıdı. Bizə anam bu cür izah eləyirdi: atanızın qarnı ağrıyır. Bu bizə gülməli görünürdü, yadımdadı, öz aramızda qərara gəlmişdik ki, atamız az işləyib, çox uzanmaq üçün özündən xəstəlik uydurub. Səhərlər yerindən çətinliklə dururdu, dikəlməmişdən qabaq sakitcə bir xeyli arxası üstə uzanıb pəncərəyə baxırdı. Çətin ki, orada nəsə görəydi, çünki uzağı seçmirdi, pensnesi isə yatağın böyründəki tumbanın üstündəydi. Pensnesini çıxaranda, biz uşaqlar onun göz qapaqları qızarmış gözlərinə baxmamağa çalışırdıq. Hər halda, indi xatırlayıram ki, səhərlər beləcə uzanıb pəncərəyə baxdığı çox olmuşdu. Anam yır-yığış eləmək üçün, adətən, saat altıda dururdu, səkkizdən sonra yaxasında iri önlük yataq otağına gəlirdi və hövsələsiz halda ayağının birini qoyub o birini götürürdü.

– Vilhelm, səndən soruşmaq istəyirəm: duracaqsan, ya beləcə uzanacaqsan? Əgən indi qalxmasan, kontora vaxtında çatmayacaqsan.

Atam həmişə itaətkarcasına dururdu, ancaq ləng geyinirdi. Biz uşaqlar bu kələyi öz təcrübəmizdən bilirdik, məktəbə getmək istəməyəndə biz də özümüzü belə aparırdıq. Əslinə baxanda, böyük adamın özünü belə aparması gülməliydi. Anamzın ona olan münasibətini hiss eləyirdik, ancaq anamız heç vaxt atamız haqqında, onun xəstəliyi haqqında bizimlə danışmırdı.

O, payızda xəstələndi. Hava tez qaralırdı və biz dördümüz də toranlıqda onun otağına girib, lampa yandırılana qədər yanında otururduq. Məktəbdə dərslərimizi necə oxuduğumuzu, ümumiyyətlə, nə ilə məşğul olduğumuzu soruşmağı çox xoşlayırdı. Bizim isə bu barədə danışmaqdan zəhləmiz gedirdi. Həmişə başımızı sığallamağa cəhd göstərməsi, təntənəli tonda danışması bizə heç də yüngüllük gətirmirdi. Səsi tez-tez qırılırdı, deyərdin, bu saat ağlayacaq. Bunda təəccüblü heç nə yoxdu, çünki yanımızda dəfələrlə ağlamışdı. Ona görə yanında qorxa-qorxa otururduq, az qala, heç nə danışmırdıq, yalnız bir şey arzulayırdıq: bacaqdıqca burdan tez getmək. Hər halda, toranlıqda atamızın yatağı qarşısında necə oturduğumuzu, əllərinin, üzünün tədricən ağardığını, otaqdakı əşyaların isə bozarıb, çökən qaranlığa qarışdığını yaxşı xatırlayıram.

Bir dəfə məktəbdən qayıdanda qapının ağzında məktub gördük. Məktubda yazılmışdı ki, atam anamla xəstəxanaya gedib və biz də xalamgilə gedib, orada qalaq. Məktub bizi çox sevindirdi: günümüz hər dəfə vərdiş etdiyimiz axarından çıxanda, bunu bayram kimi qarşılayırdıq. Xalamın bizə kökə bişirdiyi, anamın arxamızca gəlmədiyi və gecəni orada qaldığımızı da xatırlayıram. Xalam dördümüzə də eyni otaqda yer saldı, biz qaranlıqda danışıb güldük və həmişə olduğundan gec yatdıq. Səhəri gün isə məktəbə getmədik, xalam səhər tezdən bizi maşınla xəstəxanaya apardı. İlk dəfəydi avtomobilə minmişdik, hər şeyi qurdalayır, qışqırır, rahat oturmurduq. Xəstəxananın qəribə qoxusu, uzun koridorlar, ətrafda hər şeyin ağlığı bizi dərhal sakitləşdirdi. Əlimizdəki şapkaları bərk-bərk sıxıb, bir-birimizdən aralanmamağa çalışırdıq.

Atamın başqaları ilə bir yerdə yatdığı böyük otağa girdik. Hamı qırrmızı adyalların altında ağ çarpayılarda uzanmışdı. Qırmızı adyalları görəndə qorxudan quruyub qaldım. Düşündüm ki, adyalların altındakı adamların qanları axır. Anam orada yoxdu, atamı isə dərhal görmədik, sonra çarpayısının qoyulduğu pəncərəyə yaxınlaşdıq. Bir-birimizə sıxılıb, aralıda dayandıq, xalamız isə irəli gedib ona tərəf əyildi, bir az keçmiş atam başını yastıqdan dikəltdi, gülümsədi, başını tərpətdi, onda biz ehmalca yaxınlaşıb, qanqırmızı adyalı dövrəyə aldıq. Adyal elə hamardı, sanki altında adam yoxdu. Atamın burnu isə böyümüşdü, ağzı uzanmışdı, dodaqları bir-birinə elə kip sıxılmışdı, hətta ağzı bağlı olanda da onların arasından dişləri görünürdü. Atam nəsə deməyə çalışdı, ancaq heç nə anlamadıq, onda atam susub yalnız dinməzcə gülümsədi. Ancaq onun təbəssümü də bizi qorxudurdu, çünki dişləri əvvəlkindən də uzun olub, at dişinə oxşayırdı. Biz tezcə buradan getmək istəyirdik. Onun əli adyalın altından çıxıb nəsə axtarmağa başladı. Bir növbəylə yaxınlaşıb, onun əlini sıxası olduq. Ancaq əlini necə sıxdığımı xatırlamıram, çünki qorxudan, ümumiyyətlə, heç nə hiss eləmirdim. Atam nəsə mızıldamağa başladı, anladığım həmişə eşitdiklərim idi: nə vaxtsa hər şey düzələcək, Fures çayının sahilində evimiz, yelkənli qayığımız olacaq, mənim üçün çəpiş alacağını deməyi də unutmadı. Bunları bizə o qədər vəd eləmişdi ki, ona artıq qulaq asmırdıq. Dediklərinin olmayacağını artıq bilirdik. Bunları mızıldadığı yerdə gözləri öz-özünə yumuldu və dodaqlarının altında dişləri qabardı. Xalam bizi aparmağa tələsdi. Ancaq atam getməyimizi hiss elədi, çünki qapıdan çıxanda onun başını yastıqdan necə qaldırdığını, uzun dişlərini ağardıb başını tərpədərək gülümsədiyini gördük.
Günün sonuna yaxın atam öldü. Bu haqda yalnız səhər xəbər tutduq və dərhal çaşqınlıq içində kirimişlədik. Əslində, biz indiyə qədər atamızın öz xəstəliyini şişirtdiyini düşünürdük, həm də bir yana qalanda, qarın ağrısına görə necə ölmək olar? Bunun xərçəng olduğunu bizə başa saldılar. Bir həftə dayımın şəhər ətrafındakı evində qaldıq, hətta bizi məktəbə getməyə qoymadılar. Ancaq ürəyimizdə bir ağırlıq var idi və xərçəng deyilən dəhşətli xəstəliyə görə bir-birimizə yaxın olmağa çalışırdıq. Dördümüz də bağın başında dayanıb xəstəlikdən danışırdıq, bacım isə yerdən alma götürüb, üstündəki qəvhəyi ləkəni göstərdi. O bunun xərçəng olduğunu fikirləşirdi. Adamın içində belə ləkə ola bilərdimi? Yəqin, çox alma yeyənlərdə olur. Yox, elə deyil və biz almanı atdıq, çünki onsuz da heç nə başa düşməmişdik.

Amma tezliklə atamızı da, onun necə öldüyünü də unutduq: bu günlər ərzində bir xeyli təzə şey olmuşdu. Dayım hamımıza təzə paltar və təzə çəkmə, qardaşıma, üstəlik, velosiped, mənə isə təkərli çəpiş aldı. Başa düşürdük ki, bunları bizə atam öldüyünə görə hədiyyə eləyirlər. Atam sağ olanda, mənə diri çəpiş alacağını vəd vermişdi. Ancaq öz vədini yerinə yetirmədi. Atam öləndən sonra isə mənə təkərli çəpiş verdilər; çəpişin əsil dərisi, buynuzu, sarı gözlərində isə qara zolaq vardı. Hər şey təfərrüatı ilə yadımdadır. Bir səhər yuxudan duranda çəpişin çarpayımın yanına bağlandığını gördüm. Bax, məni o vaxt bu daha çox maraqlandırırdı. Çəpişin sarı gözləri doğma atamın gözlərindən daha çox yadımda qalıb. Bəs onun gözləri necə idi? Parıldayan və işığı əks etdirən pensneni yaxşı xatırlayıram. Ancaq atam pensneni çıxaranda göz qapaqları qırmızı olan koruş gözlərinə baxmaqdan qorxurdum. Ümumiyyətlə, atamı sözün əsl mənasında son vaxtlar həqiqi mənada xatırlamağa başlamışam: bəzən səhər tezdən yerimin içində uzanıb onun necə adam olduğunu təsəvvür eləməyə çalışıram. Mən bunu istəmədən edirəm. Səhər çağı xatırlamaq üçün yaxşı vaxt deyil.

Atam uğursuz adamlardandı. Yalnız indi, böyüyəndən sonra başa düşürəm ki, onun həyatında lap əvvəldən heç nə düz getməyib. Cavanlığında dənizçi olmaq istəyib, ancaq bir ya iki il sonra babam onu dənizdən ayıraraq, kömrüyə qoyub. Atam evlənəndə isə anam öz valideynlərinin təkidiylə onun kömrükdən ayrılıb, şəxsi işə pul qoymağa məcbur edib. Bu iş gəmiləri ərzaqla təhciz etməkdən ibarətdi. Bunun üçün atamın limanda ambarı olub və xarici gəmilər gələndə, onları qarşılayaraq ərzaq satıb. Mən onda hələ lap balaca olmuşam. Biz uzun, ağ krujevalı pərdələri, qırmızı ağacdan qədimi mebeli olan böyük mənzildə yaşayırdıq. Anam həmin mebeli öz evlərindən cehiz olaraq gətirmişdi. Atam siyahasını üstündə gəzdirdiyi gəmiləri gözləyirdi, gəmilər haqqında ona telefonla xəbər verirdilər. Mənə elə gəlir ki, atam öz rəsmi paltarını geyinib, istənilən dəqiqə gəminin göyərtəsinə qalxmağa hazır idi. Onun əynindəki əsil kapitan paltarı deyildi, axı atam kapitan vəzifəsinə qədər xidmət etməmişdi, ancaq göy mahud parçadakı lövbərli düymələr və furajkası onu kapitana oxşadırdı. Atam paltarını geyinib gedirdi, sonra qayıdıb nəsə yazır, öz siyahasının, cədvəllərinin üstündə işləyirdi. Ancaq mən nə biləydim, bəlkə, bütün bu çalışıb-çabalamaları boş yerə idi, intəhası, mənə elə gəlirdi ki, mühüm hadisələrin astanasındayıq: bax, o, hansısa bir gəmidə olub, bax, o, başqa gəmilərlə də sövdələşib. Belə görünürdü ki, anam onunla birlikdə gəmilərin haqq-hesabını aparmaq fikrindən uzaqdı. Bir dəfə atam süfrə arxasında gəmilərdən söhbət salanda, anam sərt şəkildə onun sözünü kəsdi, bu qədər ət götürməsə daha yaxşı olar dedi. Atam götürdüyü tikəni tələsik qaba qaytardı və üzündə qəribə bir ifadə yarandı. Ümumiyyətlə, onun iri sifəti qırışların içində itib-batmışdı, çünki həmişə üz-gözünü büzüşdürürdü; indi isə qırışlar daha da dərinləşdi, üzünün dərisi sallandı, tikəni geri qoyanda gözlərində qorxu sezildi. O daha gəmilər barədə danışmadı, hamımız bir müddət dinməzcə oturduq, böyük bacım isə pörtdü, sanki bu saat hirslə çımxıracaqdı. Ancaq, əlbəttə, səsini çıxarmadı, çünki anamızdan qorxurdu. Biz uşaqlar fikirləşirdik ki, atam üz-gözünü qırışdırıb, təkəbbürlə öz gəmilərindən danışanda, anamın dediyi sözdən birdəncə ağlasa, bu çox gülməli olardı. Anamın sözlərində nəyin qanqaraldıcı olduğunu anlamırdıq, ancaq atam bir dəfə qalxıb başqa otağa keçdi; onun yemək qoyulmuş boşqabı eləcə süfrədə qaldı, salfeti isə əlində tutmuşdu. Salfeti gözlərinə sıxmış vəziyyətdə orada necə oturduğunu təsəvvür elədik. Anam heç nə olmamış kimi çörəyini yeyirdi, ancaq biz gülməməkdən ötrü bir-birimizə baxmamağa çalışırdıq.

Bax, mənim atam belə adamdı – mülayim və hövsələsiz. Onun qəfil niyə göz yaşlarına boğulduğunu, ya təmtəraqlı tonda danışmağa başladığını heç vaxt anlaya bilmədik. Bizim gülməyimizin gəlmədiyi şeyə, atamın şaqqanaq çəkib gülməyi də vardı, birdən isə durduğu yerdə özündən çıxıb bizi hətta cəzalandırırdı. Uşaqlarını bir dəfə də olsun bərk vurmamışdı, ancaq necəsə cəzalandıranda da tezcə peşman olur, bizi dizinin üstündə oturdurub ovundururdu, bu da döyməkdən betərdi. Biz atamızın gəmilərinə, üz-gözünü qırışdırmağına, tez mütəəssir olmasına gülür, bunun üçün bir az da xəcalət çəkirdik.

Bəlkə, nahaq yerə “biz” deyirəm, axı atam nəyisə başqa cür eləyəndə uşaqlar gülür, ya xəcalət çəkirdilər. Mən onlardan balaca idim, demək olar, heç nə başa düşmürdüm, hamı güləndə mən də gülürdüm, sadəcə, onlarla razılaşırdım. Əslində, mən riyakar idim, çünki ürəyimin dərinliyində atamla, onun dənizçi formasıyla fəxr eləyir, gəmilər haqqında söhbətlərinə qulaq asmağı xoşlayırdım. Sadəcə, bunu etiraf etməyə cürət eləmirdim. Məndən böyük üç uşaq məktəbə gedəndə, qapını aralayıb, atamın öz siyahası və cədvəllərilə əlləşdiyi küncdəki böyük otağa boylanırdım. Anam bunu mənə qadağan eləsə də o olmayanda, özümü saxlaya bilmirdim. Çünki atamın elə də məşğul olmadığını çoxdan duymuşdum. Çox vaxt, ümumiyyətlə, işləmirdi, əlində müşahidə borusu, ya çoxlu gəmi şəkilləri olan qalın kitab pəncərə qarşısında oturmuş olurdu. Bəzən gözümü qapının yarığına söykəyib bir az beləcə dayanırdım. O, demək olar, həmişə məni səsləyir, dizinin üstündə otuzdurub kitabdakı şəkilləri göstərir, gəmilərin quruluşunu izah eləyirdi. Ancaq mən onunla birlikdə pəncərənin qarşısında oturub müşahidə borusu ilə limana, dənizə və limana girib-çıxan gəmilərə baxmağa üstünlük verirdim. Atam bu gəmiləri tanıyırdı, hətta uzaqdan müşahidə borusu ilə bapbalaca görünəndə belə, onların necə adlandırıldığını, hansı ölkədən gəldiklərini bilirdi. Onun dizinin üstündə oturub, qırışlarla şırımlanmış iri sifətinə, yaxşı görmək üçün qıyılmış gözlərinə, ortadan qanad kimi hər iki tərəfə ayrılmış saçlarına altdan yuxarı baxır, hərdən alçalan, hərdən qırılan səsini eşidirdim. Səsi hirslənəndə qırılırdı, hirslənməyi də tez-tez olurdu, axı aşağıda, limanda kiçik yedək gəmiləri dala-qabağa gedir, göyərtəli, kayutalı – sanki bir evin üstünə o birini qoymuşdular – qırmızı, qara borulu iri gəmiləri öz arxalarınca çəkib aparırdılar. Otağın divarlarından isə gəmilərin şəkli asılmışdı, şkaf gəmilərdən bəhs edən kitablarla və xəritə qovluqları ilə doluydu. Xəritələr o qədər böyükdü ki, onları döşəməyə sərmək lazım gəlirdi. Anamın çöl qapısının qıfılını necə açdığını çox vaxt eşitmirdim, bəzən otağa girib nə ilə məşğul olduğumu görməyə macal tapırdı. Atamın dizinin üstündə oturduğuma görə nə vaxtsa mənə hirsləndiyi yadıma gəlmir. Qapının ağzında dayanıb atamın nə etdiyilə maraqlanırdı. Demə, atam, doğrudan da, nələr etməyisə unudubmuş. Bir an sonra stolun arxasında oturub, kağızları xışıldadırdı, mənsə imkan tapıb aradan çıxırdım. Anam heç nə deməsə də, bundan sonra bir neçə gün atamın otağına boylanmağa cürət etmirdim.

Havneqadedə əvvəlkindən xeyli kiçik olan başqa mənzilə köçəndə doqquz yaşım vardı. Amma bəzi dəyişiklikləri çoxdan hiss eləmişdim. Dəyişiklik ondan başlamışdı ki, biz dördümüz otağımızı boşaltmalı olmuş, ora bizimlə bir süfrə arxasında nahar eləyən tanımadığımız bir tələbə köçmüşdü. Onun adı Pansioner idi. Atam ilk-əvvəl onu çənəsinin altına salmış, yorulmadan gəmilərdən danışmağa başlamışdı. Ancaq Pansioner qısa cavablarla kifayətlənmişdi. Anam göz-qaş eləyəndən sonra isə atam susmuşdu. Xörəklər indi daha ləzzətli olmuşdu, anam gözlərilə əmrlər verir, ən yaxşı, ən böyük tikələr Pansionerə çatırdı, biz dördümüz isə, az qala, kartofla kifayətlənirdik. Qabağımıza boşqab qoyanda anam bizi də mənalı baxışlarla süzürdü, ona görə də susurduq. Ancaq Pansionerin bizdə niyə qaldığını anlaya bilmirdik. O, “məşğul olduğuna görə” bizə səs salmaq olmazdı. Anamda otaqda hərlənəndə bu səssizliyi qoruyurdu. Hətta birlikdə şəhərə çıxanda, küçədə düz qabağına baxıb mənim nə dediyimə qulaq asmırdı. “Hə”, “yox” desə də, məni eşitmirdi.

Axşamlar bəzən Erik dayım gəlib küncdəki böyük otaqda atamla söhbət eləyirdi. Onda qapını kip örtürdülər, ancaq orada nəsə hesabladıqlarını, kağızların xışıldadığını eşidirdik. Erik dayı bir ucdan suallar verir, atam isə cavabında mızıldayırdı. Onda Erik dayı sualını daha sərt təkrar eləyirdi. Bizim müəllim də özünü belə aparırdı. Sonra Erik dayı bağlı qapı arxasında anamla bir xeyli pıçıldaşırdı. Axşamlar isə qaranlıqda yerimizdə uzanıb qardaşımla birlikdə anamla atamın nə danışdıqlarını eşidirdik. Anam yalnız sakitcə bir neçə söz deyirdi və onun ayağının birini götürüb, birini qoyduğunu, atamın otaqda gəzişə-gəzişə hey danışdığını təsəvvür eləyirdik. Onun səsi alçaq və xırıltılı idi, ancaq hərdən yüksəlirdi, deyirdin, indicə ağlayacaq. Bir axşam onun, doğrudan da, ağladığını eşitdik, ancaq göz yaşı, deyəsən, ona az kömək elədi. “Vilhelm, – anam dedi, özünü ələ al”. O biri gün bu hadisəni darvazanın ağzında dördlükdə müzakirə elədik. Böyük bacım, məsələnin nə yerdə olduğunu, ancaq bunu deyə bilməyəcəyini söylədi. “Hamısının günahı atamdadır, – sözünü belə bitirdi, – onu görməyə gözüm yoxdur!” Gözləri hirsindən alışıb-yaırdı, ancaq atamım hansı günahın sahibi olduğunu, nəyə görə ona nifrət etdiklərini anlaya bilmirdim. Uşaqlar isə özlərini elə aparırdı, guya hər şeyi başa düşürdülər. Mən nəsə soruşmağa cəsarət eləmirdim.
Qısası, biz Havneqadedən Nyuxavna köçəsi olduq. Orda vur-tut üç kiçik otaq, bir də qapının altında balaca hücrəydi. Bizim bütün mebelimiz və başqa əşyalarımız üçün bura darısqaldı. Ancaq onların bir hissəsin qabaqcadan aparmışdılar: furajkalı və portfelli iki nəfər gəlib, hər şeyi siyahıya almışdı. Anam onları mənzildə gəzdirib hər şeyi görmələri üçün bizim əşyaları göstərirdi. Axırda atamın küncdəki otağına gəldilər. Atam həmin vaxt mənim oynadığım yemək otağında var-gəl eləyirdi. Ancaq mən onunla danışmaq istəmirdim – onun sifətində qəribə ifadə varıydı. Bir neçə gündən sonra furqonla gəlib, bizim əşyalarımızı apardılar. Atam pəncərənin qarşısında dayanıb əşyaları necə daşıdıqlarına baxırdı. Gəmi şəkilləri olan qalın kitabları, kağız və xəritələr olan böyük qovluqları da apardılar. Mən fikirləşdim ki, yəqin, bunlar daha atama lazım deyil, onsuz da, limandakı anbar satılıb, atamın artıq öz kontoru olmayacaq, tamam başqa işlə məşğul olacaq – balıqçı gəmisində hesablayıcı. Bu ad mənə çox xoş gəlirdi.

Yeni mənzilə köçən kimi, atamın dərhal kefi duruldu, dil boğaza qoymadan danışır, planlar qururdu. Qapının ağzındakı kiçik otağı isə elə düzəldik ki, kayuta oxşasın və tavandan yaşıl gəmi fənəri asdıq. Atam boş vaxtlarında orada oturur, yenə gəmilərin siyahasını tutur, istiqamətlərini müəyyənləşdirirdi. Axı yeni naviqasiya soraq kitabçası nəşr etmək fikrindəydi, qarşısına məqsəd qoymuşdu ki, dənizə çıxanların hamısı o kitabçadan istifadə eləsin. Ona görə biz burada müvəqqəti yaşayırdıq, atamın sorğu kitabçasıyla bağlı fikri həyata keçəndə, körpü və yelkənli qayıqla birlikdə Fures çayının sahilində çoxdan gözaltı elədiyi evi alacaqdı. Evdən, qayıqdan danışanda anam, demək olar, hər dəfə onun sözünü kəsirdi, qardaşımla bacım isə bir kəlməsinə belə inanmadıqları üçün israrla susurdular. Ancaq mən nahardan sonra çox vaxt atamın kayutunda oturub, onun yelkənli qayıq haqqında söhbətlərinə qulaq asırdım: qayığı ikimiz birlikdə təhciz edəcəkdik və hər detalını da özümüz düşünüb tapacaqdıq. Qayığın şəklini çəkmək üçün atam bir vərəq kağız çıxarırdı. Bir müddət sonra qayıq onun əlinin altında üçdorlu, cürbəcür yelkənləri, ipləri olan əsl gəmiyə çevrilirdi. Atam hər detalın adını deyib, onun necə düzəldildiyini mənə izah eləyirdi. Əvvəl atama qulaq asır, sonra mənə vəd etdiyi çəpişdən söz salırdım. Əlbəttə, əlbəttə, mənim keçim olacaqdı, ona tövlə də tikəcəkdi, hələ dartdığı araba da olacaqdı. Atam hətta keçinin, arabanın, həmin arabanın içində oturmuş mənim də şəklimi çəkirdi. Amma söhbət həmişə gəminin üstünə qayıdırdı. Hərdən söhbətin şirin yerində anam gəlib çıxırdı, onda atam tələsik öz soraq kitabçasına girişirdi, ya da harasa zəng eləməyə başlayırdı. Qardaşımla bacım göl kənarındakı evə inandığıma görə məni məsxərəyə qoyurdular, onda mən də özümü inanmırmış kimi göstərməyə başlayırdım. Ancaq evimizin, ən azından, keçim olacağına gizlincə inanırdım.

Biz köhnə evdə yaşayırdıq, divarları əyilmişdi, tavanı aıçaq, koridoru dardı, döşəməsi laxlayırdı, gizlənpaç oynamaq üçün çoxlu qaranlıq künc-bucağı da vardı. Atamın kayutunun pəncərəsindən limana girən iri gəmiləri daha görə bilmirdik, amma şxunların körpüdə uzun cərgəsini görürdük. Hərdən pəncərənin önünü duman tuturdu, onda yalnız addım səslərini, kimlərinsə danışığını eşidirdik, bir də dumanda zorla sezilən dor ağaclarının meşəsini görürdük. Ancaq bayırda gün çıxanda, tavana suyun əks etdirdiyi uzun işıq zolaqları düşürdü, onlar titrəyir, dalğalar kimi ləpələnirdilər, adama elə gəlirdi ki, üzən gəminin əsil kayutunda oturmusan. Bir sözlə, əla yerdə yaşadığımızı düşünürdüm. Amma qardaşımla bacım hirslənirdilər, künc-bucaqda xısınlaşır, öz sirlərini məndən gizlədirdilər. İntəhası, atama hirsləndiklərini, hər şeydə atamı günahlandırdıqlarını bilirdim. Qardaşım bir dəfə süfrə başında yoldaşlarını ad gününə dəvət etmək istəmədiyini dedi. Səbəbini izah etmədi: istəmir, vəssalam. Ancaq atamın dərhal üz-gözü qırışdı, səsi titrədi, bir neçə saniyə sonra isə həmişəki kimi salfet götürüb öz kayutuna getdi. Anam, deyəsən, heç nə sezmədi və heç nə soruşmadı, di gəl, əlbəttə, başa düşdü ki, qardaşım qaldığımız mənzildən utandığına görə dostlarının bizə gəlməsini istəmir. Üstəlik, qonşu binada musiqi çalınan yeməkxana var idi, axşamlar hay-küydən anam yata bilmirdi. Doğrudur, heç vaxt şikayətlənmirdi, ancaq bizim bundan xəbərimiz vardı və nəyisə anamın dediyi kimi dərhal eləməyəndə böyüklər mənə çox hirslənirdilər. Demək, anam əgər gecələr yatmırdısa, biz ona bacardığımız qədər kömək eləməliydik. Bir axşam isə böyük bacım göz yaşları içində evə qaçıb gəldi, çünki hansısa kişi qapının ağzında ona nəsə demişdi. Bacımın on dörd yaşı tamam olmuşdu, hündür, gombul qızıydı və hansısa kişinin qapının ağzında nəsə deməyilə ondan nəyin əksiləcəyini başa düşmürdüm. Ancaq bacım anamın otağında hey ağlayır, heç cür sakitləşə bilmirdi. Atam bu vaxt öz kayutunda vurnuxurdu, sonra anam onunla bir xeyli söhbət elədi və bu söhbətdən sonra atam dalbadal bir neçə gün öz sorğu kitabcası ilə məşğul oldu, yanına gəlmək istəyənləri də otağından qovdu.

Ancaq sorğu kitabçasıyla məşğuliyyətin bir nəticəsi olmadı və Erik dayı yenidən işə qarışmalı oldu. Bir gün qəfil bizdə peyda oldu, məncə, əvvəldən anamla danışmışdılar, çünki dayım atamın yanına keçməmiş dəhlizdə necə pıçıldaşdıqlarını eşitdim. Kayutda dərhal hündürdən hirsli səslər eşidildi, onların dalaşdığını düşünmək olardı. Yalnız anam işə qarışandan sonra onlar Havneqadedə olduğu kimi, yenə kağızlarla, rəqəmlərlə məşğul oldular. Hər şey bunula da bitdi. Mən belə başa düşdüm ki, atam şirkətdə başqa adamla sorğu kitabçası çap etmək istəyib, ancaq həmin adam onu aldadıb və mətbəənin sahibinə bir yığın pul borclu qalmışıq.

Sorğu kitabçası hadisəsindən sonra biz uzun müddət lap kasıbladıq. Həmin dövr yağışların kəsmək bilmədiyi qış mövsümü və yaş küçələrlə yadımda qalıb. Şər qarışanda süfrə arxasında oturub sıyıq, ya ayran aşı yeyirdik. Anam nəyə görəsə özünü yad kimi aparır, yalnız yeməyimizi verirdi, atam isə daha gəmilərdən danışmır, ümumiyyətlə, susur, tezcə süfrədən durub öz otağına gedirdi. Anamın qohumları bizə köhnə paltarlar verirdilər, anam onları çitəyir, yamaq vururdu, həftədə üç dəfə isə tikiş öyrənmək üçün axşam kursuna gedirdi. Həmin dövrdə zəng çalınanda qapını dərhal açmağa tələsmirdik, əvvəlcə kimin gəldiyini bilmək üçün pərdələrin arasındakı yarıqdan baxırdıq: mağazalardan tez-tez kuryerlər, ya da furajkalı adamlar gəlirdi. Onların haqq-hesab dalınca gəldiklərini yaxşı bilirdik və böyük bacım hirslənirdi ki, niyə atamın özü çıxıb onlarla danışmır. Ancaq atam heç vaxt onların qarşısına çıxmırdı, öz kayutunda oturub, çap hərflərilə yazılı böyük vərəqlərdə qırmızı karandaşla qeydlər eləyirdi. Vərəqələr korrektura adlanırdı. Korrektura anamın qohumlarının onun üçün tapdıqları yeni iş idi. Onunla atam çox əlləşirdi, hətta ona mane olmasınlar deyə qapını bağlayırdı. Buna baxmayaraq, bizə zəng edib soruşurdular ki, onu axı nə vaxt təhvil verəcək. Onda atam başını lap itirirdi və son anda anam köməyə çatırdı. Atamın bu işin öhdəsindən gələ bilməməsinin səbəbini mən yaxşı bilirdim: o, qapını evdəkilərin üzünə bağlayanda heç də korrektura oxumurdu. O, gəmi düzəldirdi.

Bunu necə öyrəndiyim yadımda deyil, ancaq gəmini ilk dəfə görəndə o, yarıya qədər hazır idi. Gəmini gördüyümü atam bildi və gəmi bir müddət hər ikimizə məxsus oldu. Atam mənə and içdirdi ki, anama, uşaqlara bu barədə heç nə danışmayım, qoy hər şey hazır olanda onlara sürpriz eləsin. Ancaq hər dəfə evdə tək olanda mənə icazə verirdi, kayuta girib onun necə işləməyinə baxım. Gəminin uzunluğu bir qulac olardı. Atam onu əsl gəminin çertyoju əsasında hazırlayırdı. O, üç dor ağacı düzəltmişdi, gəmi iplərini nazik tilov ipindən eləmişdi və onu xırda tali* vasitəsiylə dartırdı. Gəminin hazırlanması uzun qış ayları ərzində başa çatdı. Lampanın stola düşən yumru işiğı və nazik iplər, xırda ağac parçası tutmuş atamın əlləri hələ də gözümün qabağındadır. Bu əllərdə xəstəlikdən xəbər verən nəsə vardı, dırnaqlarının ətrafının dərisi çatlamışdı. Xırda detalları inamsız halda götürdüyündən, onları tez-tez əlindən salır, hər şeyi təzədən başlamalı olurdu. Lampanın işığı üzünə düşəndə, pensnenin altından baxan iti baxışlarını görürdüm. Saçları isə sanki ağ qağayı qanadlarıydı. Əvvəl saçları qara idi, ancaq bu qış onların qəfil ağardığını gördüm. Sonra xırda detalları ona verməyimi istədi, ancaq nəsə dərhal alınmayanda, əsəbiləşib məni də, gəmini də, özünü də söyürdü. Doğrudur, dərhal susub, böyür-başına boylanırdı. Hətta evdə heç kim olmayanda da biz pıçıltıyla danışırdıq, qapını isə hər ehtimala bağlayırdıq ki, gəmi hazır olana qədər bundan heç kim xəbər tutmasın.

Atamın hətta bu arzusu da həyata keçmədi, özü də mənim ucbatımdan. Günlər uzandıqca, mənim səbrim daralırdı, mənə elə gəlirdi ki, atam heç vaxt bu işi sona çatdırmayacaq. Mən gəmini Sortedam gölünə buraxmaq istəyirdim, ancaq atamın fikri başqaydı. O, sadəcə, bəzək kimi bir gəmisi olmasını istəyirdi. Axıra yaxın gəmi elə mürəkkəb, elə zərif alındı ki, onu ələ götürməyə də ehtiyatlanırdın, qorxurdun, nəyisə sınar. Mən artıq onun hazırlanmasında iştirak etməyə cəhd göstərmirdim, bütün bunlar mənə mənasız bir iş kimi görünürdü. Bir il ərzində böyümüşdüm, böyüklərin danışdıqlarını, pulun nə demək olduğunu, anamın zabitəli susqunluğunun nəyi ifadə etdiyini artıq başa düşürdüm. Mən sinif yoldaşlarımın evinə gedirdim, onların atasının başqa cür olduğunu, atama oxşamadıqlarını görürdüm, onların atası hər şeyin qayğısına qalırdı, evi dolandırırdı, hər şeyi həll eləyirdi. Sinif yoldaşlarımın ata deyəndəöz ataları ilə fəxr etdikləri, eyni vaxtda ondan bir az çəkindikləri hiss olunurdu.

Məktəbdə başqa uşaqların cib xərcliyi, təzə paltarı, təzə çantada təzə kitabları olurdu. Mənimsə paltarlarım yalnız anamın tikdiyi köhnə-köşküldü, didilmiş dərsliklərim mənə böyüklərdən qalmışdı, köhnə çantama başqa uşaqlar lağ eləyirdi. Hamısı da ona görəydi ki, mənim belə fərsiz atam varıydı, oturub talaşalarla qurdalanırdı, özünü də elə göstərirdi, guya korrektura oxuyub pul qazanır. Təbii ki, biz bir-birimizi sevirdik, onun tez-tez təkrar elədiyi kimi mehriban dostlarıydıq və nə bilim, özgə də nələriydik. Ancaq mən atamla fəxr eləmək, bir az da ondan qorxmaq istəyirdim. Bir sözlə, yazda atamın kayutundan ayağımı kəsib, künc-bucaqda o biri uşaqlarla birlikdə xısınlaşmağa, qeybətə başladım. Hərdən həvəslənirdim, onlara gəmidən danışmaq istəyirdim. Ancaq pul daxılı ilə bağlı əhvalat olana qədər özümü birtəhər saxladım.

Qardaşımla ad günlərimiz may ayının eyni gününə düşürdü. İstədiyimiz şeyi almaq üçün hər ikimizin qırmızı pul daxılı var idi. Mən akvariumdan, qardaşım velosipeddən ötrü pul yığırdı. Qardaşım çoxdan pul yığırdı, daxılı, demək olar, dolmuşdu. Həmin il artıq velosiped ala bilərdi. Bir neçə dəfə birlikdə Store Kongensgade küçəsinə gedib vitrindəki velosipedlərə baxmışdıq. Ancaq ad günü ərəfəsində anamız ikimizi də öz yataq otağına çağırdı. Öyrəndik ki, bizə paltar almaq və təhsil haqqını ödəmək üçün yığdığımız pulları almağa məcburdu. Anam dedi ki, bunsuz keçinməyə ümid eləsə də, başqa cür mümkün olmadığına kədərlənir. Bizim vəziyyətdə hamı ona kömək eləməlidir.

Svenlə dayanıb bir-birimizə baxırdıq. Qəhər boğazımı göynədirdi. Qardaşım Sven əllərini cibinə soxdu, başını yırğalayıb söydü. Mən də özümü soyuqqanlı göstərib, onun kimi söymək istədim.

– Anama yazığım gəlir, – o dedi, – anamın günahı yoxdu.

– Hə, yazıqdı, – mən də onun sözünə haqq verdim, – onun heç bir günahı yoxdu. Ancaq hər şeydən xəbərim var, – bacımı yamsılayaraq dedim, – sadəcə, sizə danışmaq istəmirdim.

Sirr pərdəsinin bir ucu qaldırılmışdı, bir az sonra isə Sveni kayuta aparıb, gəminin saxlandığı yazı stolunun yeşiyini açdım. Açarın boş mürəkkəbqabında saxlandığını bilirdim.

Sonra gəmini stolun ortasındakı altlığın üstünə qoydum. Bu gəmi bizə akvarimla velosipedin hesabına başa gəlmişdi. O indi, demək olar, hazır idi. Hətta adını da karandaşla yazmışdı. İda – anamın adı idi. Yadımdadı, ovsunlaşmış kimi bir xeyli dinməzcə gəmiyə baxdıq.

– Demək, belə, – nəhayət, Sven dilləndi. – Demək, bütün günü bu zibilin üstündə işləyir.

Sven hirslə üz-gözünü turşutdu, əllərini cibinə soxdu, gözləri qəribə tərzdə bərəldi. Gəmini axı mən ona göstərmişdim, az qala, gəmiyə görə öz akvariumumu unutmuşdum. Məni həyəcan bürüdü. Bu həyəcana ümidsizlik, qəzəb və təkəbbür qarışmışdı. Gəmini ştativdən götürüb havada gəzdirməyə başladım.

Sven bir az arxada dayanıb mənə tamaşa edirdi. E-he-y, dənizdə tufan qalxıb, dalğalar kükrəyir, gəmi əyilir, yırğalanır, burnu dalğalara qərq olur, yenə qalxır, bütün yelkənlər dəhşətlə titrəyir.

Sven isə elə tamaşa eləyirdi ki, sanki atam da, gəmi də, mən də onun üçün heç bir məna kəsb etmirdik. O belə baxdığı üçün gəmi dalğalara daha qəzəblə baş vururdu, mən hətta stolun üstünə dırmaşıb, gəmini başımın üstünə qaldırdım. Dor ağacı tavana toxundu.

– Bax, – dedim, – indi aşacaq.

Qardaşım əllərini cibinə soxub dayanmışdı.

– Bacarmazsan, – dedi.

– Bacararam!

– Bacarmazsan.

Və gəmi əlimdən düşdü. Bilmirəm, onu tulladım, ya əlimdən saldım. Ancaq bilirəm ki, onu havada tutmağa çalışdım. Heç nə alınmadı, əksinə, onu itələdim, gəmi yuxarıdan ağzı üstə yerə dəydi, iki dor ağacı xırçıldadı. Ürəyim dayandı. Oy-oy-oy! Ancaq gəmi artıq döşəmədə bir yığın talaşa qırığına, ip yumağına çevrilmişdi. Gəmi sınmışdı, tamam sınmışdı. İlahi, ilahi!

Sven kənarda dayanıb tamaşa eləyirdi.

– İndi payını verəcək! – Svenin səsini eşitdim. – O səni öldürəcək.

Hə, məni öldürəcək. Heç bir çıxış yolum yoxdu. Ağzıüstə döşəməyə yıxıldım, öskürüb gözlərim yaşarana qədər güldüm. E-he-y! Qəzaya uğrayan gəmini yenə coşqun dalğaların qoynuna atdım, buşpriti** yazı stolunun kənarına vurub xıncım-xıncım elədim, sonuncu dor ağacını, gəmi iplərini qırdım. Mən eyni vaxtda hıçqırır, gülür, ağlayırdım. Yadımdadı, sonra anamızın səsini eşitdik – bizi mətbəxə çağırırdı. Qardaşım Sven gəminin qırıqlarını əvvəlki yerinə qoymağıma kömək elədi. Yeşiyi tezcə bağlayıb, açarı mürəkkəbqabına qoyduq.

– İndi danışsan, özündən küs! – Sven pıçıldayıb, öz qısa, yoğun boynunu mənə göstərərək, kefini pozmadan kayutdan çıxdı. Axı gəmini o məhv etmişdi. O, gəmini görüb, məhv etdi. Birdən qardaşıma qarşı nifrət hiss elədim.

Atam zəng elədi ki, təcili iş olduğuna görə kontorda ləngiyir, axşam gec gələcək. Bütün günü əl-ayağım key kimiydi. Qorxumdan quruyub qalmışdım, arzulayırdım ki, hər şey tez qurtarsın, gəlib məni döysün. Naharda boğazımdan çörək keçmədi, udquna-udquna qalmışdım.

– Sənə nə olub, İohannes? – anam soruşdu. – Xəstələnməmisən?

Doğrudan da, xəstələnmişdim, özümü tezcə yatağa çatdırmaq istəyirdim. Soyunanda güzgüdə özümə baxdım. Rəngim ağarmışdı, bəlkə, doğrudan, xəstələnmişdim, bəlkə, bu xəstəlikdən öləcəkdim? Üzümü divara çevirdim, ədyalı başıma çəkib ölməyə hazırlaşdım. İlahi, bircə tez öləydim.
Aydın gecəydi. Suyun tavandakı parıltısını get-gedə sezməyə başladım. Gözümü bir xeyli bu parılrıdan çəkmədim və birdən qonşu otaqdan atamın səsini eşitdim. Onun nə vaxt qayıtdığını eşitməmişdim, ancaq onun səsiydi, otaqda var-gəl edən də o idi. Mən büzüşüb qımıldanmırdım. Addım səslərinin haçan kayutda eşidiləcəyini, onun haçan oturacağını, stulun ayağının döşəməni haçan cızacağını gözləyirdim. Ancaq əbəs yerə. O, qonşu otaqda xırıltılı, alçaq səslə hey danışırdı. Sözləri ayırd eləyə bilmirdim. Bəlkə, heç oraya getməyəcək, bəlkə, həyatda hər şeyi, elə gəmini də unudub, bəlkə, heç vaxt kayuta girməyəcək?

Ancaq yox, kayuta girdi. Çox-çox sonra, ləpələrin tavandakı parıltısı itib, küçənin qatı qaranlığı ağ pərdələrin arasından içəri süzüləndə, onun kayuta necə keçdiyini eşitdim. Bilmirəm, yuxuydu, ya gerçək, ancaq mən hər şeyi eşitdim: addım səslərini, stulun ayağının döşəməni cızmasını, açarın qıfılın içində dönməsini. Sonra heç nə olmadı. Bir xeyli müddət heç nə sükutu pozmadı. Sonra yenə otaqda var-gəl eləyən adamın addım səsləri eşidildi.
Oyananda atam çarpayımın böyründə oturmuşdu. Yuxuda bilirdim ki, burda oturub, ancaq bacardıqca oyanmamağa çalışırdım. Hətta oyananda da, özümü o yerə qoymayıb, dizimi qarnıma yığaraq, gözlərimi bərk-bərk yummuşdum.

– Yohannes... Yohannes, yatırsan?

Hə, yatırdım. Ancaq bir az sonra onun əlləri ehtiyatla boynuma, saçlarıma toxundu. Bu vaxt yerimdən elə dik atıldım, adyal üstümdən yerə düşdü.

– Ata!

– Yohannes, oğlum!

Mənim planım artıq hazır idi: heç nəyi boynuma almamaq. Ancaq onun qaranlıqda hərəkətsiz halda böyrümdə oturduğunu görəndə, bütün planım taxta parçaları kimi bircə anın içində uçub-dağıldı. Özümə “ağla” deyə əmr edib ağladım, sanki məni qamçı ilə döymüşdülər.

– Ata, mən günahkar deyiləm... əlimdən saldım... qəsdən olmadı...

Onun əlləri hələ də ehtiyatla boynumu, saçlarımı sığallayırdı... Bu mehribançılıqdan qışqırmaq istəyirdim, qışqırmamaq üçün ağlayırdım. Ağlaya-ağlaya, o məni döymədi, deyə fikirləşirdim və döyməməsi üçün də lap bərkdən ağlayırdım.

– Bağışla! – göz yaşları içində udqundum. – Bağışla, ata.

Ancaq “bağışla” deyəndə lap hönkürdüm. Kiriyə bilmirdim. Qoy mənimlə nə istəyirsə etsin.

Atamın əlləri saçlarımda gəzir, elə bil nəsə axtarır, ancaq tapa bilmirdi. Hərdən-hərdən öskürürdü və bu öskürəyin arasından onun xırıltılı, titrək səsini eşitdim:

– Məndən üzr istəmə, Yohannes. Mən hər şeyi bilirəm. Gərək mən üzr istəyəm. Axı bunu sən... Ola bilsin... Bu səfeh gəmi barədə düşünmə. Belə boş şeyə görə kədərlənməy dəyməz. Doğru demirəmmi, Yohannes? Ancaq uşaqlara heç nə demərik. Onlara nə dəxli? Bu bizim gəmi idi, səninlə mənim, səninlə birlikdə bunu sirr kimi saxlayaraq. Razılaşdıq?

Elə hey “səninlə birlikdə” deyə təkrarlayırdı: birlikdə olacağıq, bir-birimizi sevib dostluq eləyəcəyik. Az sonra isə mənə alacağı çəpişdən, arabadan yenə söz saldı: hökmən alacaq, qoy elə fikirləşməsin ki, öz vədini unudub. Mənim növbəti ad günüm olanda, bax onda... Ancaq yelkənli qayıq və körpü barədə daha heç nə demədi. Axırda mənə, doğrudan da, aldığı kiçik Danimarka bayrağı gətirdi. Alaqaranlıqda ağ xaçı və yuxarısı qızıl suyuna çəkilmiş ağacı sezdim. Bayrağı çarpayının ayaq tərəfinə qoymuşdu ki, oyanan kimi onu dərhal görə bilim.

O gedəndə, içimdə nəsə bir boşluq, xəcalət və inamsızlıq hiss elədim. Belə şeyə görə dostlarımın atası onları yaxşıca çırpardı, bununla da hər şey qurtarıb gedərdi. Dostlarım ata deyəndə qürrələnir, eyni zamanda, bir az da qorxu hiss eləyirdilər. Bəs mən?

_________________________

*Tali – yükqaldıran mexanizm
**Bbuşprit – gəminin burnunda irəli uzanan tir

_________________________

Hans Kristian Banner kimdir?

1903-cü ildə Odrup şəhərində anadan olub;

1936-cı ildə "Oyuncaq" romanı ilə ədəbiyyata gəlib;

"Sahildə oynayan uşaq" (1937), "Qadın arzusu" (1941), "Atlı" (1949) romanlarının, hekayə məcmuələrinin və bir çox pyesin müəllifidir;

Qızıl dəfnə çələngi və Şimal Şurası mükafatlarına layiq görülüb;

1966-cı ildə Kopenhagendə vəfat edib.


Anadil.az
Oxunub: 308
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR