Qoşalülə gurultusuyla seyrəldi sıralarımız... - Solouxinin şeiri Xədicə İsmayılın TƏRCÜMƏSİNDƏ

Anadil Xədicə İsmayılın çevirməsində rus şairi Vladimir Solouxinin (1924 - 1997) "Qurdlar" şeirini təqdim edir:

XXX

Biz qurduq,
Sayımız,
itlərin sayından
az
Qoşalülə gurultusuyla
Seyrəldi sıralarımız
hər il bir az

Ah zarsız,
şivənsiz
keçər edamlarımız
Amma yenə də varıq,
Qanuna sığmaz
varlığımız

Biz qurduq,
sayımız tək-tük
Bəlkə də cinsin nadir nüsxələrindən
Əslində elə biz də itdik
Tabe olmaq
istəməyənlərindən

Sizə bir boşqab yal verərlər
Biz ac gəzərik şaxtalı çöllərdə
Orda ağaclar da bizim
Ulduzlar altda
qarlı təpələr də

Yanvarın don vuran gecələrində
Onlar sizi buraxarlar evlərə;
Biz isə
vurnuxarıq
Taleyin daralan çəmbərində

Siz dəlikdən baxarsınız
Biz gəzərkən özgürcə meşələrdə
Əslində siz də canavardınız
Amma
cinsindən dönənlərindən

Vaxt vardı,
siz bozdunuz,
Cəsur idiniz
əvvəllər,
Əldən alıb yal yeməkdən
Keşikçi köpəyə dönənlər!

Yalmanıb xidmətçi olmağa
Razısız
bir quru çörəkçün
Heyhat,
bir xalta, bir zəncir
Mükafat olmalı köpəkçün.

Titrəyin,
əsin qəfəslərinizdə
Çünki ov zamanı gələndə
Biz qurdların
hamıdan çox
Nifrətimiz var
itlərə.


Anadil.az
Oxunub: 481
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR