Kədər səni alanda daha artıq hiss edirsən şərabın müdrikliyini... - Basyonun HAYKULARI

Anadil Rasim Qaracanın tərcüməsində yapon ədəbiyyatının klassiki Matsuo Basyonun (1644-1694) haykularını təqdim edir:

***
Harda qalmısan, ququ quşu?
Yadına sal, baharın necə nəfəs dərdiyini
Gavalılar çiçək açmağa başlayanda.

***
Söyüd ağacı başını əydi və yuxuya daldı,
Mənə elə gəlir ki, onun ruhudur
Budağındakı bülbül

***
Kədər səni alanda daha artıq hiss edirsən
Şərabın müdrikliyini
Yalnız kasıbçılıqda anlayırsan
Pulun ilahiliyini

***
Qulaq kəsilirəm dolunun səsinə
Təkcə mənəm burada dəyişməyən,
Bu qoca palıd ağacı kimi.

***
Uzaqlarda tətrik səsi
Boş yerə özünü yorur. İndiki zamanda
Şairlər yaman çoxalıb.

***
Şair Sempunun xatirəsinə
Sənin məzarına
Müqəddəs lotos yarpaqlarını deyil
Bir dəstə çöl otu gətirdim.

***
Dosta uğurlu yol arzusu

Eh, unutmadınsa əgər sən şairi,
Sayo-no Nakayama dağlarında öz-özünə de:
Bax elə buradaca o kölgəyə çəkilmişdi!

***
Şıq-şıq səs gəldi birdən
İçimdə dil açdı kədər…
Şaxtalı gecədə bambuk.

***
Pəncərəmdən baxdı ay
Nur saldı dörd bucağına
Mənim bu darısqal komamın.

***
Qürbətdə

Nazik alov dilimi, -
Lampanın yağı donub.
Ayılırsan…
Kədər, kədər!

***
Avaragor qarğa, baxsana!
Hanı sənin köhnə yuvan?
Qaysı gül açdı hər tərəfdə
.
***
Kəpənəklərin uçuşu
Oyandırır sakit zəmini
Günəşin istisində
.
***
Seyrinə dalmışıq ayın.
Nəhayət
nəfəsimizi ötürürük! -
Bulud keçib gedir.

***
Vıyıldayır payız küləyi!
Yalnız çöldə gecələdiyiniz zaman
Başa düşəcəksiniz şerlərimi.

***
Səhər açılmış sarmaşıqlara
Uçur kədər dolu vızıltıyla
Yarımcan mğmığa.

***
Təlaş içərisində
Xrizantem şehi içən bu kəpənək
Bir payız daha yaşamaq istəyir.

***
Çiçəklər soldu.
Toxumları tökülüb düşür
Sanki göz yaşlarıdır…

***
Sərt külək əsib, əsib
Bambuk meşəsində gizləndi
Bir az sakitləşdi elə bil.

***
Kohnə qobu
Suya atıldı qurbağa
Səssizlikdə ləpələrin marçıltısı.

***
Nə qədər
qar gördük indiyədək,
Ancaq
elə buz ürəkli oldular
hər zaman -
Yamyaşıldır qayın ağaclarının yarpaqları!

***
Diqqtlə bax!
Quşəppəyi çiçəklərini görəcəksən
Çəpərin altında !

***
Oyan, oyan artıq!
Gəl mənə yoldaş ol,
Yatmış kəpənək

***
Qərbi əyalətə getmiş dosta

Qərb
və ya şərq
Eyni bədbəxtlik hər tərəfdə
Külək hər yerdə
eyni cürə üşüdür

***
İlk qar düşdü səhər erkən.
Azacıq əydi
Nərgiz yarpaqlarını

***
Bir az şərab içdim,
Ancaq yuxum daha da qaçdı…
Gecə yağan qar.

***
Su elə soyuqdur ki!
Uyuya bilmir qağayı,
Dalğalar üzərində
ləngər vuraraq.

***
Çatırdayıb partladı bardaq:
Gecə donmuşdu içərisindəki su.
Diskinib ayıldım birdən.

***
Şəhərdə yeni il bazarı.
Heç olmasa bir dəfə gedə bilsəydim!
Özümə tənbəki çubuğu alardım.


Anadil.az
Oxunub: 306
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR