Yaşılım, yaşılım, hara gedirsən? - ƏN YAXŞI PAYIZ ŞEİRLƏRİMİZDƏN BİRİ...

Anadil mərhum şair Eldar Baxışın şeirini təqdim edir:

XXX

Ağac yaşılım,
hara gedirsən?
hara gedirsən,
yarpaq yaşılım?
Ot yaşılım,
hara gedirsən?
hara gedirsən,
kəpənək yaşılım?

Çəkdiyin bəs deyilmi
kiçik-kiçik danışan Böyük çillədən,
böyük-böyük danışan Kiçik çillədən
boz-boz danışan Boz aydan-
çəkdiyin bəs deyilmi,
Yaşılım,
yaşılım, hara gedirsən?

çiçək qanadından, ot qanadından
palıd qanadından, tut qanadından,
sallana-sallana hara gedirsən?

Yaya güvənirsən? Güvənmə yaya!
Yayın istisinin axırı yoxdu.
Yayın istisi də it günündədir.
atı var,
otu var, axuru yoxdu.
Baxsan bu istiyə, allanacaqsan,
sənə yol verəcək - yollanacaqsan,
böyründən-başından xallanacaqsan.
Yaşılım,
yaşılım, hara gedirsən?

Bu odun-istinin o tərəfində
o sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
ağzını ayırıb səni gözləyir.
O sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sındıracaq səni, əyəcək səni,
düşəcək dalınca canavar kimi,
qurd kimi dağıdıb yeyəcək səni, -
Yaşılım,
yaşılım, hara gedirsən?
Getmə, qayıt geri, başına dönüm!


Anadil.az
Oxunub: 305
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR