Həsən Əbluc onun dəfnində "tezliklə mən də yanına gələcəm" dedi və... - 10 MARAQLI FAKT

Anadil.az kinomuzda Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi bir-birindən fərqli, maraqlı obrazlar yaratmış Şahmar Ələkbərov barədə maraqlı faktları təqdim edir.

1
Şahmar Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub. 9 yaşı ailəsi ilə birgə Bakıya köçüb.

Orta məktəbi 15 yaşında bitirən Ş.Ələkbərov öncə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsində təhsil almaq istəyir. Lakin qəfildən fikrini dəyişir və teatra meyllənir. Bunu eşidən anası bərk əsəbləşir. Lakin Şahmar fikrindən döndərmək mümkün olmur.

2
Maraqlıdır ki, teatrda tanış olduğu Kəmalə xanıma elçi göndərərkən gələcək həyat yoldaşının valideynləri də bunu əsəbi qarşılayıblar və qızlarının aktyorla evlənməsini istəməyiblər.

Lakin Şahmarın inadı qırılmır. Dörd ildən sonra yenidən elçi göndərir. Kəmalə xanımın nənəsi əslən şuşalı idi. O, elçi göndərən oğlanın da qarabağlı olduğunu biləndə (Şahmarın atası Cəbrayıldan idi), nəvəsinin “hə”-sini verir. Bu evlilikdən onların əkiz qız övladları doğulur.


3
Şahmarın tələbə yoldaşı, Xalq artisti Tariyel Qasımovun sözlərinə görə, onlar gələcəyin görkəmli sənətkarları ilə bir yerdə sənət təhsili alıblar: "Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində eyni kursda biz 20 nəfər – 10 qız, 10 oğlan olmuşuq. Şahmar Ələkəbərov, Həsən Əbluc, Səfurə İbrahimova, Nurəngiz Gün, Bayram Hacıyev, Yalçın Rzazadə ilə bir kursda oxumuşuq. İçimizdə ən istedadlımız Şahmar Ələkbərov olub, yəni bütüm müəllimlər inanırdılar ki, o gələcəkdə böyük bir aktyor olacaq. Amma həmin kursdan Yalçın Rzazadə kimi müğənni, Həsən Əbluc kimi gözəl aktyor, Səfurə İbrahimova kimi gözəl aktrisa çıxıb. Mən də onların içində olmuşam. Şahmar, mən, Həsən (Həsən Əbluc) dost olmuşuq. Biz tanış olanda hələ İncəsənət İnstitutunda oxumurduq. Mən Bədən Tərbiyəsi İnstitutunda, Həsən Politexnik İnstitutunda, Şahmar isə 10-cu sinifdə oxuya-oxuya Lütfi Məmmədbəyovun dram dərnəyinə gəlirdik, sonra ora xalq teatrı oldu. Orada tanış olmuşuq və dost olduğumuza görə qərara gəldik ki, aktyorluğa gedək. Üçümüz də sənədlərimizi Teatr İnstitutuna verdik və qəbul olduq..."

4
“Sahilsiz gecə” filminin çəkilişlərində Şahmar Ələkbərov amansız xəstəliklə, dil xərçəngi ilə çarpışırdı. Taleyin ona yaşatdığı xəstəliyin şiddətli vaxtlarında belə, dincəlmədən, nəfəs dərmədən ağrılarına tablaşaraq böyük səylə işləyirdi. Elə bil ömrün ona vəfa etməyəcəyini, arzularının gözündə qalacağını duymuşdu. Məhz buna görə də işini böyük səylə, sevgilə, uğurla başa çatdırmışdı.

Lakin "Sahilsiz gecə" böyük qalmaqala səbəb olur. Film Zibeydə adlı bir əxlaqsız qadının həyatından bəhs edirdi. Bu isə yaxşı qarşılanmır. Hətta kinotudiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirlər. Lakin xüsusi təşkil edildiyi şübhə doğurmayan bu təzyiqlər qarşısında Şahmar Ələkbərov geri çəkilmir.

5
"Sahilsiz gecə" filmində baş rola çəkilmiş aktrisa Mehriban Xanlarovanın dediklərindən: “Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu, tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, “Sahilsiz gecə”yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm”.

"Sahilsiz gecə" filmində erməni qadının obrazını yaratmış mərhum Xalq artisti Nuriyyə Əhmədova isə ömrünün sonunda verdiyi müsahibədə film haqqında daha açıq məqamlara toxunub: “Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq, etiraz edib qışqırırlarmış. Sonradan məlum olub ki, bu aksiyanın keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Orada, sadəcə olaraq, qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları, özləri də istəmədən, pis yola düçar edir. O vaxt belə mövzuda film çəkmək çətin iş idi, amma Şahmar bunu bacarmışdı. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı.”

Qeyd edək ki, “Sahilsiz gecə” filmi cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq yığışdırılıb...

6
Şahmar səhhətinin psiləşdiyi zamanlarda fürsət tapıb özünün ssenarisi əsasında Əliağa Vahid haqqında sərbəst film çəkmək arzusunu həyata keçirir. 1990-cı ildə “Qəzəlxan” filmi üzərində işlər gedir. Burda şairin yaşadığı ədəbi mühit, Azərbaycan kəndlərinin adət-ənənələri bütün gerçəkliyi ilə öz əksini tapır. Ş.Ələkbərov xəstə olmasına baxmayaraq, işini böyük məsuliyyətlə apardığından film 1991-ci ildə ekranlara vəsiqə alır. Heyf ki, Şahmar pzü ikihissəli “Qəzəlxan” filminin ekran nümayişinin doğurduğu əks-sədanın, onun xoş təəssüratlarının sevincini yaşaya bilmir. Buna əcəl aman vermir.

7
Ömrünün sonlarına yaxın görkəmli aktyor və rejissor məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevə həsr etdiyi mükəmməl bir ssenarini başa çatdırır. Ancaq bu ssenarini ekranlaşdırmaq ona qismət olmur. Lakin sonralar mərhum rejissor Rövşən Almuradlı 1995-ci ildə bu filmi ərsəyə gətirir. Beləcə, Şahmarın arzusu ölümündən sonra da olsa gerçəkləşir.


8

Bir dəfə böyük sənətkarımız Adil İsgəndərov dəhlizlə gedəndə görür ki, Şahmar Ələkbərov bir neçə cavan kinoaktyorla dayanıb rusca nəyisə müzakirə edirlər. Ədil İsgəndərovu görən kimi onlar özlərini yığışdırıb sakit dayandılar. Ədil əmi onlara yaxınlaşıb, "Şenderoviç, necəsən" deyir. Gənc aktyorlar başa düşürlər ki, Ədil İsgəndərov Şenderoviç deməklə nəyə işarə vurur. Yəni, siz başqa millətdənsiniz ki, öz dilinizdə danışmırsız? Bu onlara dərs olur.

9
Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib. O, yeddi il ölümcül xəstəliklə mübarizə aparıb. Stomatoloqda dili zədələnib, çəkilişlərdə soyuqladığı üçün zədə xoraya çevrilib.

Görkəmli aktyor mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözüb. 1992-ci ilin qışında ailəsi tərəfindən Almaniyanın Hamburq şəhərinə aparılsa da, orada da xəstəliyinə bir çarə tapılmayıb.

Bakıya qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib və çox çəkməyib ki, dünyasını dəyişib.


10

Şahmar Ələkbərov torpağa tapşırıldıqdan sonra Həsən Əbluc onun qəbri üstündə möhkəm ağlayıb və deyib ki, “darıxma, qardaşım, mən də tezliklə gələcəm”.

Və iki ildən sonra Həsən Əbluc rəhmətə getdi...

Hazırladı:
Elçin ŞAHMURAD,

Anadil.az
Oxunub: 289
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR