Cənnətdən qovulmuşun naləsi şən nəğmədir! - Məşhur fransız şairinin SONETİ

Anadil şair, tərcüməçi Mahir N.Qarayevin çevirməsində məşhur fransız şairi Pol Verlenin (1844 - 1896) sonetini təqdim edir:

XXX

Yazdığım bu şeirlər sizədir, yalnız sizə:

O şirin xəyalların hərdən-hərdən güldüyü,

Hərdən də ağladığı iri gözlərinizə!

Bir də saf qəlbinizdi sizdə könül verdiyim!


Müqəddəs ruhunuza üz tutub yazıram mən,

Hazıram ürəyimi sizə hədiyyə edim!..

Amma dərdim böyükdür! Məni daim izləyən

Canavar sürüsütək artır qorxum, dəhşətim!


Mənim bütün həyatım qana bulaşıb, nədir?!

Çəkdiyim bu dəhşətli iztirabın yanında

Cənnətdən qovulmuşun naləsi şən nəğmədir!


Və sizin kədəriniz bu nalənin önündə

Günortalar uçuşan qaranquşlara bənzər

Göy üzündə, gözəl bir sentyabr günündə!


Anadil.az
Oxunub: 314
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR