"Elə düdük verir, elə toy tutur adam balasına tazı kopolu!" - Bəxtiyar Hidayətin ŞEİRİ

Anadil.az Bəxtiyar Hidayətin şeirini təqdim edir:

Kopolun dünyası nə günə qaldı,
Biri adam oğlu, yüzü kopolu.
Dəyir kopoluya itə daş atsan,
Götürüb dərəni, düzü kopolu!

Gör kimlər özünü kimə tay tutur,
Biri zurna çalır, mini zuy tutur;
Elə düdük verir, elə toy tutur
Adam balasına tazı kopolu!

Yoxdu çörək verən, boldu işverən,
Qabağa kim keçir - arxadan vuran...
Qeyrətdən dəm vurur gözünnəngörən,
Hikmətdən danışır hozu kopolu.

Lap da iradəsi dəmirdi, tuncdu,
Düzünü deyənin məskəni küncdü.
Köpək balığından daha qorxuncdu
Qudurmuş, yoğnumuş bəzi kopolu.

Duyginən namərdin duyuqluğunu,
Fürsət yetişəndə ayıqlığını.
Itirməz heç zaman sayıqlığını
Itirər çörəyi, duzu kopolu

Yaralı Bəxtiyar mən daha susdum,
Özümdən incidim, özümdən küsdüm...
Gedib imkanlıya ilişmə, dostum,
Sındırar başında qozu kopolu!

Anadil.az
Oxunub: 303
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR