Vedinin yanı dağlar... - Fərman Kərimzadənin ŞEİRİ

Anadil: Bu gün Azərbaycan yazıçısı Fərman Kərimzadənin (1937 – 17.3.1989) doğum günüdür. İndiki Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində doğulan F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” kimi məşhur romanların müəllifidir. O, “Axırıncı aşırım” bədii filminin isə ssenarisini yazıb.

Mərhum yazıçını ehtiramla anır və onun Naxçıvandan keçib dədə-baba yurdu Vedibasarı ziyarət edərkən yazdığı şeiri təqdim edirik:

XXX

Hanı qəbirlərin, Sarı dolama,

Onlar ki, əbədi yatmalıydılar.

İgid yurdumuzda minib atlara

İqlimdən-iqlimə çapmalıydılar.


Şahpəri nənəmin atlı başdaşı,

Babamız Kərimin çatlı başdaşı,

Suçu Məhəmmədin saplı başdaşı

Burdan ayaq tutub haraya getdi?


Qaşıqçı Usubun qisməti buymuş,

Aşıq Muxtar səssiz, sözsüz uyumuş,

O nə düyün imiş, o nə toy imiş.

Yatanlar oyanıb oraya getdi.


Bu daş ümmanında daşmı az idi?

Gözdən bura axan yaşmı az idi?

Bəyəm görülməyə işmi az idi?

Daşlar bostan kimi uraya getdi.


Yatanlar elindən düşəndə uzaq,

Qəbirlərdə onlar sakit yatacaq?

Əbədi məskəndən düşərək qaçaq

Bu eldən o elə haraya getdi.


Vedinin yanı dağlar,

Ürəyi, canı dağlar.

Burda bir el yatırdı,

Siz deyin, hanı dağlar.


Hanı qəbirlərin, Sarı dolama,

Onlar ki, əbədi yatmalıydılar.

İgid yurdumuzda minib atlara

İqlimdən-iqlimə çapmalıydılar...




Oxunub: 380
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR