Məmməd İsmayıl Ukraynadakı savaşa şeir həsr etdi: "Orda o uşağın yetim gözüylə..."

Anadil görkəmli şair Məmməd İsmayılın Ukraynaya Rusiya hücumu başladıqdan sonra yazdığı şeiri təqdim edir:

XXX

Ömrünün iyirmi doqquz yaşında,

Atam Ukraynada şəhid olub

İkinci Dünya savaşında…

Onun yatdığı,

Şəhidliyə çatdığı torpaqdı - Ukrayna torpaqları…

Müqəddəsdən müqəddəsdi

Ataların yatdığı torpaq!

Müqəddəsim mənim - Ukrayna,

Necə hay verim hayına?!



İndi Ukraynanın göylərində

işğalçılara qarşı üsyan edən

Şəhid ataların müqəddəs ruhudu.

Qisas qiyamətə qalmaz deyərlər,

İştə alınan qisas budur!


Dünya ekranlarında göz yaşları

sel olub axan uşaqlar…

Kimsə bilməsə də mən bilirəm

Atadan yetim qalan hər uşaqla

Dünya da yetim qalır…

Orda, Ukraynada yetimlərin fəryadı

Ürəkləri dağlar.

Ağlayan o uşaq deyil ki, mənəm -

Orda o uşağın yetim gözüylə

Səksən il əvvəlin Məmmədi ağlar.


Anadil.az
Oxunub: 374
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR