Kinomuzun "Yastı Salman" haqqında BUNLARI BİLİRDİNİZMİ?

Anadil "Böyük dayaq" filmində yaratdığı "Yastı Salman" obrazı ilə yaddaşlarda qalan aktyor və müğənni Firudin Mehdiyev haqqında maraqlı faktları təqdim edir.

***
Firudin Mehdi oğlu Mehdiyev 1927-ci il dekabrın 31-də Quba qəzasının Xızı kəndində doğulub. İkinci Dünya Müharibəsi başlayarkən 14 yaşında olan yeniyetmə Firudin həmin vaxt Bakıdakı leytenant Şmidt adına maşınqayırma zavodunda fəhlə işləmək məcburiyyətində qalır.

Aktyor kimi ilk addımlarını da zavodun dram dərnəyində atıb.

***
Həmin dərnəyə görkəmli aktyorumuz Ağadadaş Qurbanov rəhbərlik edirmiş.

Bir gün o, yeniyetmə fəhlələrə müraciət edərək Mirmehdi Seyidzadənin “Qızıl quş” əsərini tamaşaya hazırladıqlarını, ancaq Bəbir xan rolunu oynamağa uşaq tapmadıqlarını deyir, kimin həvəsi və bacarığı olsa bu işi üzərinə götürməsini itəyir.

Yeniyetmə Firudin Ağadadaş Qurbanovun çağırışına cavab olaraq, tamaşada oynamaq istədiyini bildirir. Görkəmli aktyor onu yoxladıqdan sonra Firudində aktyorluq istedadını duyur və tamaşaya dəvət edir.

***
Zabitlər evindəki uğurla başa çatan tamaşadan sonra Ağadadaş Qurbanov bir neçə yeniyetmə fəhlə ilə bərabər Firudin Mehdiyevin də Teatr texnikumuna qəbul olunması təşəbbüsünü qaldırır. Bu təşəbbüs baş tutur. Bununla da F.Mehdiyev böyük sənətə uzanan yolda ilk addımlarını atır.

***
Teatr texnikumunda oxumağa başlayan F.Mehdiyev eyni zamanda Milli Dram Teatrının köməkçi heyətinə daxil olur, arabir səhnəyə çıxır.

***
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdıqlarından: "1944-cü ilin bir günündə cavan rejissor Şəmsi Bədəlbəyli Milli Dram Teatrında gəlir. Onun xahişi ilə bütün cavanları toplayırlar. Şəmsi müəllim qayıdır ki, “Musiqili Komediya Teatrını təşkil etmək istəyirik. Mənə səsi olan, oxumağı bacaran aktyorlar lazımdır”.

Bundan sonra Lütfi Məmmədbəyov, Məlik Dadaşov, Müxlis Cənizadə, Arif Babayev kimi sonralar kino və teatr sənətimizdə özünəməxsus yer tutacaq gənclərlə yanaşı Firudin Mehdiyev də Musiqili Komediya Teatrına dəvət olunur. Tezliklə o, aparıcı rollarda çıxış etməyə başlayır.

***
F.Mehdiyevin bütün baş rolları əzbər bildiyindən xəbərdar olan Ş.Bədəlbəyli 1945-ci ildə böyük aktyorumuz Lütfəli Abdullayev xəstələnincə Firudinə "Sabah tamaşada sən oynayacaqsan" deyir...

Tamaşa müvəffəqiyyətlə keçir və bu debütdən sonra Lütfəli Abdullayev gündüz tamaşalarında özü çıxmır, rollarını ifa etməyi Firudinin öhdəsinə buraxır.

***
Yenə Rafael Hüseynovun yazdığına görə, o vaxtlar İncəsənət işləri idarəsində rəhbər vəzifə tutan, Mircəfər Bağırovla yaxın olduğundan sözünün dalı da, qabağı da kəsən İbrahim Zeynalov (sonraların məşhur sənətkar qardaşları Teymur və Tofiq Mirzəyelərin atası) günlərin birində, yaxşı tanıdığı, əslən qubalı olduğunu bildiyi Firudini çağırır ki, “Qubada dram teatrı açılır, sən gərək orada işləyəsən”.

Firudin yalvarır ki, “axı mən burada işləmək istəyirəm, olarmı getməyim Qubaya?”.

Cavab sərt olur: “Mütləq getməlisən! Getməsən səninçün yaxşı olmayacaq. Sabaha qədər fikirləş”.

Firudin evə gəlib anası ilə məsləhətləşir. “Ay oğul, çox da müharibə qurtarıb, görmürsən tuthatutdur. Səni də göndərərlər Sibirə, başıma haranın daşını salaram onda! Necə deyirlər, o cür də hərəkət elə”, - anası oğluna deyir.

Lakin könülsüz qəbul etdiyi bu təklif onun sənət taleyində dönüşə çevriləcək, ata-baba yurdu olan Qubanın yerli teatrı F.Mehdiyevin yaradıcılıq yolunu müəyyənləşdirəcəkdi...

***
Quba teatrında Fikrət Əmirovun “Gözün aydın”ı tamaşaya qoyulmalıymış. Əslən qubalı olan Mərkəzi Komitənin o vaxtkı birinci katibi Mircəfər Bağırovun xüsusi nəzarəti və nəvazişi altında olan həmin teatra cavan bəstəkarın özünü də ezam edirlər ki, tamaşanın hazırlıqlarında bilavasitə işitirak etsin, lazımı köməklərini göstərsin.

Fikrət Əmirov biləndə ki, Firudinin musiqi təhsili yoxdur, təəccüblənib: “Sənin həm gözəl səsin, həm də incə musiqi duyumun var, Teatr texnikumu təhsili azdır, sən gərək yaxşı musiqi savadı alasan”, – deyib.

Başlanğıc üçün Fikrət Əmirov Firudinə özünün “Gülüm” romansını öyrədir ki, işdi-şayəd sabah onu hardasa, kimlərəsə təqdim etmək istəyəndə ehtiyatında yalnız xalq mahnıları deyil, sanballı bəstəkar əsəri də olsun”.

“Gözün aydın”ın Quba teatrında premyerasından sonra Fikrət Əmirov Firudin Mehdiyevi Üzeyir Hacıbəylinin yanına aparır. Orada gənc Firudin “Gülüm” romansını oxuyur.

Üzeyir bəy qəbuluna gətirilmiş cavan oğlanın bircə ağız oxumasını eşidən kimi onun qabında nə olduğunu görüb dərhal qərar verir və musiqi məktəbinə düzəldir. Sonra da Konservatoriyada özünün hazırlıq qrupuna götürür.

Beləcə, vokal imkanları və geniş diapazonlu səsi kəşf edilən Firudin Mehdiyevin timsalında Azərbaycan gələcəyin yeni parlaq sənətkarını qazanır.

***
Tenor səsə sahib olan Firudin Mehdiyev Konservatoriyada ölməz Bülbülün sinfini bitirir və 1957-ci ildən Opera və Balet Teatrında çalışmağa başlayır.

***
Rafael Hüseynovun yazdqılarından: “Fikrət Əmirov, Süleyman Ələsgərov, Şəmsi Bədəlbəyli Firudindəki istedadı görüncə ona yol açmışdılar, arxa durmuşdular, şərait yaratmışdılar.

Birinci dəfə ifasını dinləyəndə Qara Qarayev onu bağrına basmışdı, Bülbülün əlini sıxmışdı ki, “afərin, yaxşı tələbə yetişdirmisən. Operamızın gözəl səsə, mükəmməl biliyə malik belə gənc ifaçılara çox ehtiyacı var”.

Həbib İsmayılov, Kamil Rüstəmbəyov kimi usta rejissorlar ilk təmasdanca onun milli kinomuz üçün tapıntı olduğunu hiss etmişdilər”.

***
F.Mehdiyev 1977-ci ilin 10 yanvar tarixində “Əməkdar artist” fəxri adına layiq görülüb. O, bu adı 50 yaşı münasibətilıə almışdı.

1997-ci ildə Opera və Balet Teatrında sənətkarın 70 illik yubileyi keçirilərkən Firudin Mehdiyev “Əməkdar artist” kimi təqdim olunanda izdiham təəccüblənibmiş ki, bu boyda sənətkar niyə hələ də “Xalq artisti” deyil?

***
Firudin Mehdiyev Dövlət Konservatoriyasında dərs deyib və Azərbaycan musiqi tarixinin bir çox məşhur simalarının – Mobil Əhmədov, Yaşar Səfərov, Adil Məlikov, Anatollu Qəniyev, Lütfiyar İmanov, Elmira Rəhimova, Oqtay Ağayev və digərlərinin yetişməsində mühüm rol oynayıb.

Yetirmələrinin az qala hamısı Xalq artisti olan sənətkar isə dünyadan elə Əməkdar artist olaraq köçüb.

***
F.Mehdiyev 5 operetta, 9 oratoriya, operalar, vokal simfonik poemalar, simfoniyalar, mahnı və romanslar bəstələmiş, librettolar yazmışdı.

***
1962-ci ildə Həbib İsmayılovun rejissorluğu ilə çəkilən “Böyük dayaq” filmində uğurla yaratdığı Yastı Salman roluna baxmayaraq sonralar filmlərə çəkilməyib. Onun 60-80-ci illərdəki kino yaradıcılığı “Arşın mal alan” (1965) və “Sevil” (film-opera, 1970) filmlərində əsas qəhrəmanların ariyalarının səsləndirilməsi ilə bitib.

Onun kinodan uzaqlaşması opera sənətinə üstünlük verməsi ilə bağlı olub.

***
Rejissor Əbdül Mahmudov danışır: "Firudin Mehdiyev xarakterik rolları yarada bilən aktyor idi. Böyük aktyorlar üçün də rolun böyüyü-kiçiyi olmur... O, improvizə etməyi bacaran, yüksək intellektli bir aktyor idi. İmprovizə etməyi bacaran aktyor rejissorun ona verdiyi tapşırığı, obrazda görmək istədiklərini öz əlavələri ilə dolğunlaşdırıb göstərməyi bacarır. Soruşursunuz ki, Firudin müəllim filmlərə niyə az çəkilib? O, opera səhnəsinə çox bağlı adam idi. Yadımdadır ki, bizim rejissorlardan biri onu öz filmində çəkmək istəyirdi. Firudin müəllim ssenarini də, təklif olunan rolu da bəyənsə də razılaşmamışdı ki, teatr iki aylıq qastrola gedir, mən kollektivi yarı yolda qoya bilmərəm. Hərçənd başqa birisi olsaydı, rejissorun qarşısında tələb qoyardı ki, mənim çəkiliş qrafikimi elə qur ki, qastrol tamaşalarımı da oynayım, filmə də çəkilim".

***
1990-cı ildə Firudin Mehdiyev yenidən kinoya qayıdıb. Həmin il o, rejissor Əbdül Mahmudovun (“Gecə qatarında qətl” filmində əsas rollardan birini ""Şef") canlandırıb.

Vaqif Mustafayevin 1997-ci ildə ekranlaşdırdığı “Hər şey yaxşılığa doğru” filmində isə sənətkar Qara eynəkli qoca rolunu oynayıb.

***
Ömrünün sonlarında Bakı Bələdiyyə Teatrında da çalışan F.Mehdiyev 1 fevral 2006-cı ildə, 78 yaşında vəfat edib.

***
Görkəmli sənətkarın iki övladı – oğlu Ramiq Mehdiyev və qızı Aidə Abutalıbova da ataları kimi sənət yolunu seçiblər.

Aidə xanım pianoçudur və vaxtilə atasını da çox müşayiət edib. Ramid Mehdiyev isə musiqi istedadının olmasına baxmayaraq, kinorejissorluq və rəssamlıqla məşğul olub.

Kinomuzun "Yastı Salman" haqqında BUNLARI BİLİRDİNİZMİ?


Elçin Şahmurad,

Anadil.az
Oxunub: 836
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR