Kinomuzun "Cəbiş müəllim"i: daşnaklar onu ailəsilə birgə diri-diri yandırmaq istəyibmiş - MARAQLI FAKTLAR

Anadil "Bizim Cəbiş müəllim"ndəki Cəbiş müəllim obrazı ilə tanınan aktyor Süleyman Ələsgərov haqqında maraqlı faktları təqdim edir:

***
Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub.

***
S.Ələsgərov səhnəyə ilk dəfə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrına müsabiqə yolu ilə aktyor götürülüb.

***
Unudulmaz aktyor sənətə gəlişi barədə deyib: “1928-ci il idi. Dağıstanda pioner düşərgəsində idik. Biz cərgəyə düzülmüşdük. Mən sıra ilə onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməli idi. Növbə mənə çatanda “desyat”, dedim. Məndən sonra dayanan oğlan “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinnadsat” sözünü təkrar elətdirsə də, oğlan əvvəl dediyin təkrar etdi. Onun qəribəliyi ürəyimə yatdı.

Həmin gündən onunla dost olduq. O oğlan Əliağa Ağayev idi. Sonra uzun müddət görüşə bilmədik.

Tibb Universitetində oxuyurdum. Bir gün Əliağa ilə təsadüfən rastlaşdıq və hal-əhval tutduq. O, “Əcəb həkim olmaq sevdasına düşmüsən. Sən ki kinoyla, teatrla maraqlanırdın?” – deyə soruşdu. Birdən dedi ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyi deyirdi. Söz verdim ki, gələrəm. Elə o vaxtdan dərnəyə gedib-gəldim. Bizimlə rejissor İbrahim Rəhimli məşğul olurdu. Bir müddət sonra bizə rol verdi. Düz 3 il təbliğat-təşviqat briqadasında işlədik. Sonra da dənizçilərin qarşısında çıxış etdik. Belə-belə dərsdən ayrıldım. Həkim olmaq fikrini birdəfəlik başımdan atdım. Briqadada işləmək mənə əl verirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabına idi. Sonra bu sənətin aşiqi oldum.
9 mart 1936-cı ildə Gənc Tamaşaçılar Teatrına getdim" ("Mədəniyyət" qəzeti, 6 iyun, 2020).

***
S.Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.

Kinomuzun "Cəbiş müəllim"i: daşnaklar onu ailəsilə birgə diri-diri yandırmaq istəyib - inanılmaz faktlar

***
S.Ələsgərov Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Yeri gəlmişkən, o, həmin teatrda fasiləsiz olaraq düz altmış üç il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında belə səhnədə canlı, dinamik və təravətli görünürmüş.

***
Xalq şairi Səməd Vurğunu ekranda ilk dəfə canlandıran S.Ələsgərov olub. Belə ki, 1961-ci ildə “Komsomol poeması” əsasında İsgəndər Coşqunun yazdığı dram əsərində S.Vurğun rolunu məharətlə ifa etdiyi üçün Respublika Lenin komsomolu mükafatı laureatı olub.

***
Aktyor-rejissor Əbdül Mahmudov yazır ki, rejissor Həsən Seyidbəylinin əsas ustalıqlarından biri düzgün aktyor seçimi etməsində idi: "Çox qəribədir ki, Cəbiş müəllim roluna ilk sınaq çəkilişlərindən başlayaraq, məhz Süleyman Ələsgərovu yazmışdı, bir növ gözü onun üstündə idi. Aktyor ona qədər Azərbaycan televiziyasında uşaq verilişində “Huşsuz əmi”ni oynayırdı".

***
Lakin maraqlı burasıdır ki, filmin çəkilişləri boyunca H.Seyidbəyli bir dəfə də olsun aktyorun ifası haqqında xoş söz deməyib. Bu da S.Ələsgərovu əndişələndirirmiş. Yalnız çəkilişlər bitdikdən sonra rejissor ona "Əhsən, qiyamətsən!" deyib. Aktyor bu sözlərdən sonra rahat bir nəfəs alıb.

***
Çəkiliş zamanı H.Seyidbəyli unudulmaz aktyora bircə onu deyirmiş ki, "Süleyman, ehtiyatlı ol ha. Ehtiyatı əldən versən, sənin bu Cəbiş müəlliminin reallıq dozası azalacaq. Cəbiş dünyagörmüş, xeyirxah, nikbin ruhlu bir insandır. Onu səfeh kimi deyil, sadəlövh kimi təqdim etmək gərəkdir. Onun hərəktələrindəki qeyri-adilik isə məhz sadəlövhlüyündən, həyatsevərliyindən, işgüzarlığından irəli gəlir".

Kinomuzun "Cəbiş müəllim"i: daşnaklar onu ailəsilə birgə diri-diri yandırmaq istəyibmiş - MARAQLI FAKTLAR


***
Aktyorun qızı Sevil Ələsgərovanın bir neçə il əvvəlki müsahibəsindən: "Atam mənfi rollar oynayıb, ancaq bunlar sayca çox azdır. Məsələn, Cəfər Cabbarlının “Yaşar” tamaşasında İmamyar rolunu oynayıb. Deyəsən, elə mənfi rolu yalnız İmamyar olub. Bilirsinizmi, onun üz cizgilərində elə bir nur var idi ki, sanki müsbət obrazlar üçün doğulmuşdu. Təbii ki, bu kimi məqam da rejissorların diqqətindən qaçmırdı. Ancaq hər zaman deyirdi ki, aktyor mənfi, müsbət fərqi yoxdur, bütün rolları oynamalıdır".

***
H.Seyidbəyli "Bizim Cəbiş müəllim"in çəkilişləri zamanı S.Ələsgərova "qızını gətir, onu da çəkək" deyib. Lakin aktyor qətiyyətlə etiraz edib: "Qızımı sənətə cəlb etməyin".
S.Ələsgərovun etirazının səbəbi sadə idi: özü də deyirmiş ki, aktyorluq çətin sənətdir və sövladının bu çətinliklərlə üz-üzə qalmanı istəmir.

***
Maraq üçün deyək ki, "Bizim Cəbiş müəllim" filmində Cəbiş müəllimin uşaqlarını H.Seyidbəylinin öz övladları canlandırıb.

***
Süleyman Ələsgərovun özü Cəbiş müəllim obrazı barədə deyib ki, bu film çəkilənə qədər müharibə adlanan fəlakətin bütün sarsıntılarını, ağrılarını yaşamışdı: "Erməni quldurlarının 1918-ci ildə Bakıda törətdikləri vəhşiliklər dumanlı şəkildə olsa da yaddaşımda qalıb. Atamı, anamı, bacımı və məni onlarla günahsız adamlarla bir yerdə opera teatrının köhnə binasına yığıb qapısını bağlamışdılar. Məqsəd hamını acından öldürmək, yaxud diri-diri yandırmaq idi. Təsadüfən sağ qaldıq. Böyük Vətən müharibəsinə isə elə ilk çağırışdan getmişəm. Müharibə çox dəhşətli bir şeydir. Mətləbdən uzaqlaşmadan demək istərdim ki, “Bizim Cəbiş müəllim” filmi də müharibə dəhşətlərinin bir qismini özündə qabarıq şəkildə göstərir”.

***
İlk dəfə evləndiyi qadından bir müddət sonra S.Ələsgərov ikinci dəfə ailə qurub. Leyla adlı həmin xəmin xanımın atası qızını ona vermək istəməyib. Bildirib ki, övladının aktyorla evlənməsinə qarşıdır. Üstəlik, qızını başqa biri ilə evləndirmək istəyir. İşi belə görən Leyla xanım anasının köməyilə S.Ələsgərova qoşularaq qaçıb.

Maraqlıdır ki, sonralar qayınatası aktyoru həddən artıq yüksək qiymətləndirirdi.

***
Leyla xanım 1985-ci ildə gözlənilməz şəkildə dünyasını dəyişir. Belə ki, toyda həyat yoldaşı ilə birgə rəqs edərkən halı qəfil pisləşir və elə aktyoruhn qolları arasında vəfat edir.

Bu itki S.Ələsgərovu bərk sarsıdır və uzun müddət özünə gələ bilmir. Heç kimlə kəlmə kəsmir, təsəllini həyat saatlarca sevimli xanımının şəkilləri ilə danışmaqda tapır.

***
Leyla xanım olduqca zabitəli və qısqanc bir qadın imiş, Elə bu səbəbdən də "Bizim Cəbiş müəllim" filmində həyat yoldaşının Şəfiqə Məmmədova (Cəbiş müəllimin arvadı) ilə yataq səhnəsinə çəkilməli idilər.

Leyla xanım bunu öyrənəndə möhkəm əsəbiləşib. Nəticədə S.Ələsgərov H.Seyidbəylidən həmin səhnənin çəkilməməsini istəyir. Lakin əsl səbəbi deyə bilmədiyindən başqa bəhanə tapır: bildirir ki, bu səhnə müəllim adına xələl gətirə bilər. Rejissor onunla razılaşır və həmin səhnə ssenaridən çıxarılır.

***
Leyla xanım hətta filmdə əri üznü qırxarkən Ş.Məmmədovanın arxadan yaxınlaşaraq onu qucaqlaması səhnəsindən də xoşlanmayıb. Lakin artıq gec idi: "Bizim Cəbiş müəllim" ekranlara çıxmışdı.

***
O da maraqlıdır ki, ölümündən bir gün əvvəl halı dəyişən S.Ələsgərov qızını yanına çağıraraq "Ananı niyə qapıda saxlamısan, burax gəlsin içəri" deyib...
Bu, aktyorla həyat yoldaşı arasında dərin sevginin son ifadəsi idi.

***
Filmdə Süleyman Ələsgərov üzünü qırxan zaman arxadan Şəfiqə Məmmədovanın onu qucaqlaması da aktyorun xanımının xoşuna gəlməyib. O, buna etiraz edərək deyib: “Bu səhnəni başqası ilə əvəz etmək olmazdı?”

***
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə, səhər saatlarında, daha dəqiq desək, 6-ya 10 dəqiqə işləmiş Bakıda vəfat edib.


Elçin ŞAHMURAD,

Anadil.az
Oxunub: 530
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR